Мамед Саид Ордубади

Qılınc və qələm


Скачать книгу

birinci saatında Gəncə ruhanilərindən gördüyüm təhqirləri tamamilə unutdum. Əxi Fərruxun əqidəsi xalqların dostluğunu qurmaq əqidəsidir. Bu əqidə haqqında hərtərəfli məlumat yığdım. Bunun Şimali və Cənubi Azərbaycanda inkişaf etdirilməsinə çalışmaq lazımdır. Bu əqidəni daşıyanlar arasında qardaşlıq əlaqəsi mövcuddur. Ona görə də bunlar özlərinə “Əxi” adı veriblər. Sənin barəndə cənab Əxi Fərruxla danışdım. Sənin şeirlərindən də ona oxudum. O, sənin gələcəkdə zəki və məşhur bir şair olacağına inandı və mənə böyük ümidlər verdi.

      Dostum İlyas! Mənim başıma gələn fəlakət sənin mətanətini qırmasın. Zəmanə bu məhvər üzərində uzun zaman davam edə bilməyəcəkdir. Bu günlər Zəncandan köçüb Bəlx şəhərinə gedirəm, oradakı şairlərlə görüşmək istəyirəm. Hərgah yolun düşərsə, bizim məhəlləmizə get, anamı axtar tap, ona təsəlli ver. O mənim şeir və musiqi sənətimdən bir həzz apara bilmədi; onu daima mənim səbəbimə təhqir etdilər. Məktubumun cavabını yazıb öz təzə şeirlərinlə bərabər Yəquba tapşır. Yazdığım rübailəri də sənin üçün göndərirəm. Fəxrəddinə salam.

      Zəncan, Məhsəti Gəncəvi”.

      Məhsəti xanım da öz ikinci məktubunu anasına yazmışdı.

      Əmir İnanc məktubları oxuyub Hüsaməddinə acıqlandı:

      − Məmləkət idarə edən adam sizin kimi olmaz! Ölkənin qadın və qızlarından başlamış gənclərinə qədər siyasi məsələrlə məşğuldurlar. Bəs siz nə işdəsiniz?! Bu nə deməkdir? “Zəmanə bu məhvər üzərində çox da davam edə bilməyəcəkdir”. Bunu kim deyir?! Şair və xanəndə bir qadın… Get bu saatda adına məktub gələn İlyası və məktubda adı çəkilən Fəxrəddini hüzurumda hazır et!

      Hüsaməddin baş endirib getdi. Əmir yenə də qızı Qətibəni yanında əyləşdirib onun saçlarını oxşamağa davam etdi. Qətibə, Məhsəti xanımın məktub göndərdiyi gənc İlyasla çox maraqlanırdı. O, Məhsəti xanım kimi şöhrətli bir şairənin, öz gözəlliyilə bütün Şərq ölkələrində məşhur olan bir qadının adi adamlara məktub göndərməyəcəyinə əmin idi. Buna görə də gözəl Qətibə İlyası cürbəcür simalarda təsəvvürünə gətirir və ona müəyyən bir şəkil verməyə çalışırdı. O, İlyası gah bir qəhrəman kimi düşünür, gah sakit və aciz bir tələbə kimi xəyal edirdi, lakin yenə də bu təşbihin üzərində dayanmayaraq öz-özünə deyirdi: “Yəqin ki, o çox gözəldir. Gözəl və mərifətli bir gənc olmasaydı, Məhsəti xanım ona məktub göndərməzdi”.

      Bu düşüncələrdən sonra Qətibə yenə də İlyasa verdiyi şəkilləri öz qəlbində araşdırır, bir-bir təhlil edir və deyirdi: “Qəhrəmanlıq o qədər də qiymətli bir şey deyildir. Dünyada pəhləvanlar çoxdur. Pəhləvanlarda axmaqcasına bir qorxusuzluq vardır. Məncə, qəhrəmanlıq bambaşqadır. İnsanlar öz güclü qolları, qılınc və nizələri sayəsində özlərini qəhrəman hesab etsələr də, həqiqi qəhrəmanlıq bu deyildir. Qəhrəmanlıq kişinin mətanəti, ağlı, fərasətilə ölçülür. Kişinin bir qadın kimi gözəl olması da faydasızdır. Kişinin gözəlliyi ona aid xüsusiyyəti azaldır. Məncə, ağıllı qızlar kişiləri gözəl olduqları üçün deyil, kişi olduqları üçün sevməlidirlər”.

      Qətibə bundan sonra:

      “İndi İlyas gələcək, bağışlanmaq üçün atamın ayaqlarına düşüb ağlayacaqdır”, − deyə − düşünürdü, – “Hərgah o ağlarsa və yalvararsa, qəhrəman deyildir. Əbəs yerə Məhsəti xanım kimi məşhur bir qadın onun adına məktub göndərmişdir”.

      Qətibə bunları düşündükdən sonra atasına müraciət etdi:

      − Ata, indi haman oğlan bura gətirilərsə, sən onu öldürəcəksənmi?

      − Birisi sənin baban xəlifənin hökmranlığına qarşı xəyanət düzəldərsə, sən özün ona nə edərsən?

      Qətibə bir az düşünərək yavaşdan dedi:

      − Mən onun özünü görməmiş və nə cür gənc olduğunu bilməmiş heç bir söz deyə bilmərəm.

      Qətibənin bu sözündən həm Əmir, həm də Qətibənin anası Safiyə xatun qəhqəhə ilə güldülər. Qətibə isə utandı və başını aşağı salıb heç bir söz demədi. Bir azdan sonra Hüsaməddin daxil olub Əmirə baş əydi və:

      − İlyası tapıb gətiriblər, − dedi.

      Əmir:

      − Get yanıma gətir! – dedi. Qadınına müraciət edərək, − Siz də durub gedin, − dedi.

      Safiyə xanım durub getdi. Qətibə isə Əmirin yanında qaldı.

      İlyası Əmirin otağına gətirdilər. O, qapının qabağında durub nə baş əydi, nə də salam verdi. Bu, Əmirə təsir etdi. O, acıqlı bir vəziyyət aldı və soruşdu:

      − Məmləkətdən sürgün edilmiş Məhsətinin fikirlərini Gəncədə intişar edən gənc şair İlyas sənsənmi?

      İlyas başını qaldırıb:

      − Hazırda mən öz fikirlərimi intişar etmək üçün özümə köməkçi axtarıram. Başqalarının fikrini yaymağa vaxtım yoxdur, − dedi.

      − Sən nə ilə məşğulsan ki?

      − Mən öz şerimi və öz əqidəmi intişar etməklə məşğulam.

      Əmir İnanc acıqlı bir surətdə gülərək dedi:

      − Hələ tezdir. Çox gəncsən. Əqidə intişarı ilə məşğul olmağının vaxtı deyil.

      − Əqidə daşımayan şeir şairin simasını göstərə bilməz.

      − Elə isə nə üçün Məhsəti xanımın fikirlərinə tərəfdar çıxmırsan?

      − Məhsətinin şeir və musiqi aləmindəki fikirlərinə tərəfdaram.

      − Onda sən onun hökumət əleyhinə olan fikirlərinədəmi tərəfdarsan?

      − Mən Məhsətinin hökumət əleyhinə olduğunu indicə eşidirəm. Lakin Əmir burasını da bilməlidir ki, Məhsətinin buna haqqı var.

      − Onun hökumət əleyhinə olmasına nə kimi bir səbəblə haqq qazandıra bilərsən?

      − Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. Hökumət onu nə üçün sürgün etdi? Yalnız və köməksiz bir qadını xalqa incəsənət öyrətdiyi üçün sürgün etmək onda hökumətə qarşı mənfi bir əqidə oyandırmazmı? Əqidələr belə doğur, Əmir həzrətləri! Hökumət bir nəfər xətibin haqsız tələblərini razı salmaq üçün böyük bir şəhərin məhəbbətini itirdi. Bir məhəlləni kökündən qazdırıb atmaq, xalqın ürəyində höku-mətə qarşı nifrət, haqsızlığa qarşı üsyan fikrindən başqa bir əqidə yarada bilməzdi. Mən də şairəm, mən də öz xalqımın iradəsini ifadə etməyə çalışıram.

      Əmir İlyası diqqətlə dinlədikdən sonra:

      – Əgər bu “xalqın iradəsi” sözünü bir də təkrar etsən, səni də Məhsətinin getdiyi yerə göndərəcəyəm.

      − Məni haman yerə getməyə məcbur etmək lazım deyil. Həyat bu məhvər üzərində davam edərsə, siz sürgün etməsəniz də, xalq