çox zaman gözlərini yumub, simləri az qala birər-birər dənləyirdi, asta-asta, narın-narın, həzin-həzin çalırdı. Həmin bu vaxtlarda “AdıPünhanların” elmindən başı çıxanlar Bəhmənə bir sirr açdılar:…başı çıxanlar, o cümlədən Çürüyün qardaşlığı Xızr Abı, Bəhmənin “xoruz təki dikə qalxıb banlamağını”, “danqırhadanqır çalmağını” xoşlamayan qocalar – Çürüklə Xızr Abı cavan aşığın barmaqlarına, “səsinə-ürəyinə” necə vuruldularsa, ona hətta AdıPünhanların gizlin Elm uğrunda nələr çəkdiklərini, bu Elm üstündə “Rusun nə qədər adam qırdığını” danışdılar, sonra isə Elmdən dərs dedilər və bununla İsfəndiyar kişinin özünün də yaddaşını təzələdilər.
Oğlanları gedəndən sonra, axşamlar evdə darıxanda qoca hərdən sazı köynəkdən çıxarırdı. Eyni ilə Bəhmən kimi, kürəyini qovağın gövdəsinə söykəyib, eyni ilə Bəhmən kimi narın-narın “dınqıldadırdı”, vaxtilə Çürüyün danışdığı və ən yaxın adamlarına “şərh” elədiyi məxfi “Elm dastanı”ndan bir beyti öz ürəyinə yatan şəkildə, “qol-qanadını sındıra-sındıra”, xırıltı ilə oxuyurdu:
Gəl, ey Şeşpayi-bəhrim,
Qalmadı tabanım, təhrim.
Düşmən gəlib məni kəməndə salar,
Şah babamın gözü yolda qalar.
Nə deməkdi bu “Şeşpayi-bəhr?” Bu, sirr idi. Əmma qoca hər dəfə yalnız bu beyti oxuyurdu və hər dəfə gözləri dolurdu. “Gəl, ey Şeşpayi-bəhrim! Şah babanın gözünü yolda qoyma, gəl!” – deyirdi.
Bir axşam, həmişəki qayda üzrə, araba yağı ilə çəkmələrini silib, gödəkcəsi çiynində, təsbehi əlində, idarədə vaxt keçirib evə qayıdandan sonra yenə sazı götürdü. Ancaq çalmadı. Bir tərəfini iri, uzun taxt, o biri tərəfini yorğan-döşək yığını və taxıl çuvalı tutmuş otağın yuxarı divarında, uşaqların əli çatmayan yerdən mıx vurub sazı ordan asdı.
– Tilsimləndi bu saz. Bəhmən gələnə qədər köynəkdən çıxmıyacaq, – dedi.
Sazın necə, niyə “tilsimləndi”yini isə deməyib evdən çıxdı.
Qovaqdan xeyli solda, eynilə “köhnə dudman” kimi, dirəklərin aralarına dolana-dolana uzanan ağac budaqlarından hörülmüş alçacıq “mal damı”nın qabağında qara inəklə keçənilki, builki balalarının gözləri üç cüt fanar kimi parıldayırdı. Ağcaqanadın əlində əsir heyvanlar tez-tez ayaqlarını yerə döyə-döyə, fısqırışa-fısqırışa gözlərini qocaya dikib imdad istəyirdilər. İsfəndiyar kişi damın dalına fırlanıb ordan bir qucaq quru-taqqanaq təzək gətirdi, kom-kom çayırları qaralan geniş, hamar həyətin üzərini bütün qapamış sıx yarpaqlı budaqların altında, bir neçə yerdə təzək yandırdı, kürəyini qovağın gövdəsinə söykəyib oturdu.
Təzəklərin acı tüstüsü budaqların altına yayıldıqca qocanın başının dövrəsində ağcaqanadların vızıltısı azalırdı. Heyvanların fısıltıları, ayaq tappıltıları kəsilirdi. Pəncərə arxasında piltəsi aşağı çəkilmiş yeddilik lampanın solğun işığında cərgə ilə dirəkləri bozaran balkonda qaranquşlar hərdən yuxulu-yuxulu civildəşirdilər. Qovağın başında, nədənsə, yuvasına hər il tək gəlib, tək də gedən hacıleylək dimdiyini şaqqıldadırdı. İsfəndiyar kişi uzun illərdən bəri alışdığı bu səslər içində, qəmli-qüssəli, yenə də oğullarını düşünürdü. Cavanların ikisini də birdən sinəsinə sıxan pəhləvanı, iri, ağdəstə bıçaqla Rəhmanın çəkməsinin boğazını kəsən feldşerin həyəcanlı, qayğılı qışqırtısını xatırlayırdı.
Oğullarını müxtəlif yaşlarında, min-milyon vəziyyətlərdə – evdə, süfrə başında, səhər-səhər su quyusunun üstündə qurşaqdan yuxarı soyunub bir-birinin boynuna, kürəyinə vedrədən sü töküb şappır-şuppur yuyunan yerdə, “köhnə dudman”da körük basan, çəkic vuran yerdə və sair vəziyyətlərdə xatırlaya bilərdi.
Bəs niyə pəhləvandan başqa yalnız Hacı ilə bağlı görürdü? Niyə yenə ürəyi ağrıyırdı?
Bu gün heç bir dəfə də çəkic vurmadı. Körüyü basa-basa, taqətsiz əyilib kətilə çökdü. Elə bil hardasa, nə isə müsibət baş vermişdi. Ya da elə bil nə isə olmalı idi, necə deyərlər, sümüyü duymuşdu. Bəlkə idarəyə qayıtsın, ancaq gecə yarıya qədər tay-tuşları ilə otursun, o yandan-bu yandan söz-söhbət eşitsin, fikri-xofu dağılsın?
Pəncərələrin arxasında lampanın işığı artdı. “Yük yeri” ilə, yəni yorğan-döşək yığılan künclə taxtın arasında kölgələr dolandı. İndi ya Pəri, ya da Tubu “çökək cəm”də qayınatasının “axşam qisməti”ni – “gözünə azca süd qatılmış qatığı” gətirib, “gecən xeyrə qalsın” deyib, “lap axşamdan yatmalı” idilər ki, səhərin alatoranında “öhö, öhö” eşidəndə, oyana bilsinlər, İsfəndiyar kişi isə, hələ bir xeyli də oturmalı idi.
Kənddə arvadların arasında xısın-xısın söhbət gəzirdi: “Yazıq dəmirçi bir-birindən cavan gəlinlər içində qalıb”. “Gün işığında gəlinlərin üzünə baxmır, deyir yanaqlarının solğunluğunu görmək istəmirəm”. “Qaranlıq qarışanacan idarədə oturub, evə gedəndə də elə həyətdə oturur, içəri baş salammır”. “Belə getsə üzüləcək kişi”. İdarənin qabağında, dəhlizində arvadlar arxasınca baxıb xısın-xısın danışanda, İsfəndiyar kişi onların məhz belə sözlər dediklərinə şübhə eləmirdi. Deyilənlərin hamısı doğru idi. Əmma neyləmək olardı? Bəlkə bu həyat tərzini dəyişmək lazımdı? Necə, nə yolla? Oğlanları gedəndən sonra dəmirçixanaya qayıtmaq istədiyini deyəndə, idarə heyətində heç kəs razı olmadı. Kolxoz sədri, Çeteze ləqəbli Çeteze İskəndər dedi: “Yetmiş yaşında, əlinə çəkicmi götürəcəksən, a kişi?!” Sovet sədri Qılınc Qurban təpindi: “Bizi biabır eləmə, sən Allah, İsfəndiyar kişi!” Kəndə başqa yerdən dəmirçi gətirmək istədilər. Əmma İsfəndiyar kişinin fikri qəti idi. “Həm cəmaata azdan-çoxdan xeyrim dəyər, həm də özümün başım qarışar”, – dedi və elə ordan birbaş “köhnə dudman”ın qapısını açmağa getsin? Bundan başqa neyləmək olardı? “Başım qarışsın” deyib, bütün gecəni də səhərə qədər dəmir döysün?!
Qoca tamam səbirsizləşib, yerində qımıldanıb, kəndin işıqlarına baxdı. Burda, bu sallaq budaqların altında, acı təzək tüstüsü altında saatlarla oturmaq da adamı lap təngə gətirir. Bəlkə durub sovet sədrinin yanına getsin, yerli hökumətin əli ilə oğlanlarının “polevoy poçt”una məktub yazdırsın, xəbər tələb etsin? Yaxud, bəlkə elə bu dəqiqə durub dəmiryol vağzalına getsin, rayona yola düşsün, voyenkom Talıbovun öz əli ilə məktub yazdırsın?..
Qoca bu fikirlərə necə qapıldısa, qaranlıqda bir yanının üstünə çökə-çökə, tərəddüdlə, dayana-dayana gəlib salam verib, beş addım aralıda, su quyusunun dikdirinin kənarında oturan adama diqqət yetirmədi. Yalnız feldşer ayağa qalxıb, həmişkitək yorğun və xəcalətli səslə: Gecən xeyrə qalsın, – deyəndə qoca onu gördü.
– Hacı?.. Ay oğul, sənsənmi? Çoxdanmı buradasan? Dayan görüm!..
Feldşer dayanmadı.
– Yaman