bufetçisi (yəqin ki, xozeyini) suvadaq qızıldişli, güləşsifətli şəkili Ələsgərdi. Mehriban adamdı, kafenin daimi müştəriləri də ziyalı nisbət adamlardı, dava-dalaş olan yer deyildi. Neçə il əvvəl Gəncə Teatrı Bakıda qastrol səfərində olarkən kollektiv bu mehmanxanaya düşmüşdü. Məmməd Burcəliyev məni də onunla tanış etmişdi (İndi pulum çatmasa ömrümdə ilk və bəlkə də son dəfə nisyə oturmağa cürət etmişdim). İçəridə xeyli müştəri vardı. Ələsgər görünür, güclü intuisiyaya malik imiş. Salam verdik, əleyk aldıq, maraqla soruşdu:
– Kişini dəfn elədüz?
– Bəli.
– Allah rəhmət eluya, yaxşı kişiydi.
Piştaxtanın yaxınlığındakı masanın ətrafında iki boş stul vardı.
– Əyləşin bir stul da tapdırım, – yanındakı yaşlı rus xidmətçisinə göstəriş verdi, beş dəqiqəyə üçüncü stul da gəldi.
Yarım litr araq, iki porsiya da sosiska dedim – pulum ancaq buna çatardı. Ələsgər tez həll elədi.
Əliağa Vahidə rəhmət oxuya-oxuya döşəndik yeməyə, bərk ac idik. Fikirləşdim üstünü hərə öz evində görər.
– Öləndə də belə öləsən, – dedi Sərdar.
– Heç ölməmək daha yaxşıdır, – dedim mən.
– Dəxli yoxdur, ölməməyin də axırı ölümdür, – dedi Əli.
– Bir dəqiqə olar? – Ələsgər mənə müraciət elədi.
Ayağa durub yaxınlaşdım – Sizə iki şüşə araq göndərirlər küncdəki stoldan, amma xahiş eliyirəm boylanmayın. Məsləhətdir, bura gələn adamdır.
– Gücümüz çatmaz.
– Sizinmi?!
– Birinin əvəzinə sosiska göndər, o birini saxla hələ, lazım gəlsə üç yüz elə.
Stola iri boşqabda çoxlu sosiska gəldi.
Əli boşqaba baxdı, gözlərini zillədi üzümə: "Yemək bol olarsa basılmaz bədən" – dedi.
– Düz tapmısan.
– Orada nəyisə tənzim edirsən?
– Bəli.
– İnsafı əldən qoyma.
– Arxayın ol.
Sərdarı deyə bilmərəm, Əli nəyisə duymuşdu, amma onu da bilirdi ki, "amansızam". Özü qoymuşdu bu adı mənə.
İçki qurtardı, gözlərini sosiska dolu qaba dikdilər. Elə bu anda xidmətçi qadın dayaz boşqabda üç kiçik stəkan araq gətirdi, Əli dedi: Klassik tənzim eləmisən, pedaqoji baxımdan da yaxşıdır.
Çox normal vəziyyətdə idik. Onlar çıxdılar, mən hesablaşmaq üçün Ələsgərə yaxınlaşdım.
– Ha indi bunlardamı şairdi? – dedi.
– İkisi də şairdir, yaxşı şairlərdir.
– O ölənə çatmazlar.
– Bunlar hələ çox cavandırlar.
– Yəni deyirsiniz çatarlar?
– Bəli.
– Mən sizə inanıram, – dedi. O ki qaldı şota, o oğlan yenə araq göndərdi, sabah da gəlib yeyib-içə bilərsiniz. Maadam ki, yaxşı şairlərdir, dəvət eləyin gəlsinlər, ikisi də yaxşı oğlana oxşayır.
Ələsgər vaxtilə mənimlə də zarafat eləmişdi. Həmin teatr qastrolu zamanı "Həmyerlilər"ə baxmışdı. Burcəliyevlə çörək yeyəndə demişdi:
– Niyə pisləyirsiniz yerlipərəstliyi? Burcəliyev mənim yerlimdir, ona hörmət eləyirəm, sizi mənimlə tanış eləyib, sizə də bəqədr qüvvə hörmət edəcəyəm, burada nə var axı?..
Bilirdim ki, zarafat eləyir. Axırda dedi ki, "Allah sizi güldürsün, yamanca güldürdünüz məni, yaxşı tamaşadı".
O ki qaldı bizi qonaq eləyən gəncə, təxminən 30 ildən sonra bildi ki, stol arxasında əyləşənlərin biri Əli Kərim imiş, biri də Sərdar Əsəd. Mən Əlinin adını çəkən kimi soruşdu: "Qaytar ana borcunu"? Gözləri işıqlandı, sevindi elə bil. Həmin oğlan indi ahıl kişidir, babadır, adlı biznesmendir, ilk sponsorluq elədikləri isə biz bəndələr olmuşuq.
Əli və Sərdar küçədə məni gözləyirdilər. Söhbətimiz yenə Vahid haqqında oldu. Onun fəxri xiyabanda dəfninə nail olanların hərəkətlərini dönə-dönə təqdir etdik və ayrıldıq. Mən hədsiz yorğunluğumu indi hiss etdim. Hələ işıqdı, həm də Əli Sərdarla birgə idi. Mən arxayın mehmanxanaya üz qoydum…
Neçə il keçmişdi o gündən. Kaş elə həmin gün olaydı. Sərdar, Əli, mən, oturaydıq Ələsgərin kafesində… Onun parıldayan qızıl dişlərinin və təbəssümünün işığında… Sonralar ilk görüşdə Sərdara həssas yanaşmadığım üçün özümü çox danlayacağam. Belə söyləyirdilər ki, Əlinin ölümündən xeyli sonra günlərin birində Sərdar Əlinin portretini görkəmli bir yerə qoyub özünü öldürüb. Bunun nə dərəcədə həqiqət olub-olmadığını bilmirəm, ancaq bunu həqiqətən olmuş kimi qəbul edib içimdə bugünə kimi yaşadıram, çünki bu hadisəni uydurmağa heç bir lüzum olmayıb.
Keçmişdən, xatirədən bu günə, gerçəkliyə qayıdıram və Əlinin yeznəsinin səsini eşidirəm: "A kişilər, qoyun adamımızı aparıb öz ana yurdunda rahat dəfn edək".
Rəsul müəllim gəldi. Yaşlı nəsildən həmin yas mərasimində olanlardan bircə o yadımda qalıb. Ona tərəf gedirəm, Əli ilə münasibətlərimizi bilir. Kədər qarışıq qəzəblə deyir:
– Alınmır hələ.
Rəsul müəllimdən başqa fəxri xiyaban məsələsi ilə daha kimlərin məşğul olduğu yadımda deyil. Onlar bir tərəfdən yuxarıların dəqiq işləyən, hər şeyə "olmaz" deməyi "ustalıqla" bacaran bürokratiyası, digər tərəfdən, Göyçaydan gələn qohumların təzyiqi arasında qalmışdılar.
Fəxri xiyaban məsələsi baş tutmadı.
Və nəhayət, qərara alındı ki, Əli Kərim Göyçayda dəfn olunsun.
Əbədiyyətə gedən yol
O dövr üçün çox uzun bir maşın korteci Bakını tərk etdi.
Rəsul muəllim Məmməd Arazı, Tofiq Bayramı və məni öz maşınına götürmüşdü. Əlinin yeznəsinin "Qoyun Göyçayda rahat dəfn edək" sözləri də məni rahat buraxmırdı. Görən oradasa da rahat dəfn edə biləcəkdikmi? Əlbəttə, adi qəbristanlıqda bu mümkün idi. Lakin Əlini qətiyyən adi qəbristanlıqda dəfn eləməyə qoymaq olmazdı. Ancaq rayon bürokratiyası mərkəzinkindən heç də geri qalmır, "Mərkəzdən icazə yoxdur!" – deyib daha artıq sitallıq göstərir. Mən belə işlərin çox şahidi olmuşdum. Rayon bürokratiyası daha köntöy, daha qanmaz olur. Bircə Rəsul müəllimə arxayın idik. Mənim konkret arzum o idi ki, Əli rayon mərkəzindəki bağlardan birində dəfn olunsun, Göyçaydan keçənlər onun məzarını ziyarət edə bilsinlər. Bu mümkün olan bir işdi. Fikrimi Rəsul müəllimə söylədim.
– Yaxşı fikirdir, görək ayrı hansı variantlar olacaq – dedi.
Bilmirəm haradan mənim beynimdə belə bir fikir yaranmışdı ki,