sevir, Əlinin varlığı ilə fəxr edirdi. Bu ağır gündə ağsaqqal kimi qabağa düşməyi də özünə borc bilirdi… Fikrim yenə geriyə qayıtdı.
1959-cu ilin yayı. Bakıda idim, hər gün Əli Kərimlə görüşürdük. Bir gün gözlərində sevinc dedi:
– Rəsul müəllim bizi bağa çağırıb, sabaha, istirahət gününə.
Ertəsi gün getdik Buzovnaya. İlk dəfə görürdüm əyri, lakin çox təmiz küçələri. Əli dedi ki, bir saat çimərlikdə gəzinək. Əyri küçə ilə sahilə enməyə başladıq. Burada kiçik, ilk baxışda bəlkə də əhəmiyyətsiz görünə bilən bir hadisə oldu, indi bunu xatırlamağı mümkün hesab edirəm. 37 il keçib artıq. Şərti olaraq "sol" səki ilə biz sahilə tərəf gedirdik, yenə şərti olaraq "sağ" səki ilə dəniz səmtindən qarasaçlı, olduqca gözəl bir qız irəliləyirdi. Mən buna bəlkə də əhəmiyyət verməzdim, yadımda saxlamazdım, şəhərdə adamın qarşısına onlarla, bəlkə də daha çox gözəl çıxır. Məsələ burasındadır ki, qız birdən dayandı gözlərini Əliyə zillədi, hiss etdim ki, Əli də dayanıb, çevrildim, onun bənizi dümağdı, sanki kino lenti saxlanmışdı, bir anlığa. Əli ilə qızın dayanıb baxışmaları isə on-on iki saniyə çəkdi… Sonra kinolent hərəkətə gəldi. Xəbər aldım:
– Əli, kim idi o qız?
– Soruşma, – dedi.
Nə qədər yalvardımsa, heç nə demədi. Sonralar da dəfələrlə təkid etdim, axırda "sirri-xudadır," – dedi.
Bunda mən qeyri-təbii heç nə görmürdüm. Çox az adam tapılar ki, evlənənəcən cəmi elə bircə "ilk məhəbbəti" olsun. Evlənənə qədər əflatuni ilk məhəbbətlərin sayı bəzən çox olur, yaşıdın qonşu qızı sevirsən qəlbində, fikirləşirsən, böyüyüm, əlim çörəyə çatsın, qəlbimi açaram ona, alaram onu, həm də baxışlarından hiss edirsən ki, sənə laqeyd deyil… Bir də görürsən qapınızın yaxınlığında "Gəlin atladırılması" çalınır, qəhərlənirsən və əlvida birinci ilk məhəbbət… Bir də görürsən aranızda beş-altı yaş fərq olsa da cavan və gözəl müəllimənə vurulmusan, hətta o sənin baxışlarından da nəsə hiss edir… Qərəz, özünün əsl ilk məhəbbətini tapana qədər bu illüzor ilk məhəbbətlər davam edir. Əli isə anadan şair doğulmuş həssas bir cavandı…
Günəşli gündü, amma külək əsirdi. On beş ilə yaxındı ki, Bakıya gəlib-gedirdim. Xəzərin maviliyini, təmizliyini ilk dəfə gördüm, Xəzərin əsl dəniz gözəlliyini ilk dəfə duydum.
Burada Əliyə məxsus bir xüsusiyyəti də müşahidə etdim. Əlinin həyat yolu – orta məktəb, ali məktəb, kiçik kollektivi olan redaksiya. O, cəmiyyətin müxtəlif təbəqələri ilə, demək olar ki, az mülaqatda olmuşdu. Ona elə gəlirdi ki, yüksək mənsəb sahibləri tamamilə ayrı biçimli adamlardı. Birdən həyəcanla dilləndi:
– Nazir bizə tərəf gəlir.
Baxdım. Gələn mədəniyyət naziri Məmməd Qurbanov idi. Sayma-seçmə əzəmətli peyvənd bir şəxsiyyət idi. Gəncə Vilayət Komitəsinin orqanı "Gəncə kommunisti" qəzetində bir yerdə işləmişdik, yekə çıxmasın o, redaktor əvəzi, mən məsul katib müavini. Redaktorumuz qəzetin 2-ci nömrəsi çapdan çıxmamış dəli olmuşdu, ona görə də Az. KP Gəncə Vilayət təbliğat-təşviqat şöbəsinin müdiri olan M.Qurbanov redaktor vəzifəsini də aparmalı olmuşdu. Yaxşı mənada kitablardan gələn adamdı – nəfsi bütöv, hər mənada təmiz. Qəzeti buraxmaq üçün gecələr bizimlə bərabər ya redaksiyada, ya da mətbəədə olurdu. Əsas iş bilən və iş görən iki-üç nəfərdik. Redaktor bunu görür və qiymətləndirirdi. Nazir olandan sonra da "köhnə qvardiya" nı yaddan çıxarmırdı, mənimlə, yazı-pozumla maraqlanırdı. Hərdən şəhərə gələndə teatrda rastlaşırdıq. Demokratik adamdı, elə üz vermişdi ki, mən ona cəncəl və qəliz suallar verməkdən belə çəkinmirdim. Bir gəlişində teatr direktorunun kabinetində soruşdum:
– Məmməd müəllim, nə üçün rayonlarda mədəniyyət şöbə müdirlərinin əksəri qadındır?
– Bu ki, yaxşı göstəricidir, – dedi, – qadınların rəhbər vəzifələrə irəli çəkilmələrinə məncə sevinmək lazımdır.
– Yaxşı bəs bunların nə üçün əksəri duldur?
– Məsələn?
Mən şəhərimiz də daxil olmaqla beş rayonun adını çəkdim və əlavə elədim ki, "bu hələ mən bildiklərimdir",
– Mən buna qəti fikir verməmişəm, – dedi.
– Amma raykom katibləri yaxşı fikir verirlər.
Kimsə yavaşca pıçıldadı: "çərəzdir". Yaxşı ki, eşitmədi, yoxsa lap ağ olardı.
İndi onun bizə tərəf gəldiyini görüb mən də ona tərəf getdim.
Çox isti görüşdük. "Yazılarını oxuyuram," – dedi. Rəsul müəllimgilə gəldiyimizi bildi, görünür xoşuna gəldi, gördü ki, "əlimiz böyüklər ətəyindədir". Əli ilə tanış etdim. Adını çox eşitdiyini söylədi. Ayrılanda dedi:
– Nə işin olsa gəl.
Nazirin mənimlə belə görüşü Əliyə çox xoş təsir bağışlamışdı, üzünün işığı xeyli artmışdı. Dedi:
– Sənin yaşın çox olar.
– Mən səndən bir yox, on bir yaş böyük olaram, çünki mən on üç yaşımdan işləyirəm, yaxşı adamlar da görmüşəm, amma pis adamlara daha çox rast gəlmişəm.
– Belə olması yaxşıdır, ya pis?
– Yaxşı tərəfi də var, pis tərəfi də.
Mən hələ çox əvvəllər qət eləmişdim ki, Allah Əlini yalnız şeir yazmaq üçün yaratmışdır. Bizim borcumuz bəqədr-qüvvə ondan muğayat olmaqdır, bunu da bacara bilmədik…
Nəhayət, vaxt tamamında getdik Rəsul müəllimin bağına. Evin üst qatında, yarı açıq aynabənd kimi bir yerdə qarşılandıq. Müxəlləfatdan nikel tərəssüd borusu yadımda qaldı. Rəsul müəllim bu boru ilə ətrafı seyr eləməyi xoşlayırdı. Nigar xanım, əgər xatirəm yanılmırsa özü xörək hazırlayırdı. Mən Nigar xanımı birinci dəfə idi ki, yaxından görürdüm. Gəncəni keçmiş məhəllələrinin adları ilə xəbər alırdı: "Ozan", "İmamlı", "Şərəfxanlı", "Zərrabi", "Şahsevən", "Sofulı", "Zaqorodnı"…
Yemək masası arxasında müasir ədəbiyyatın vəziyyətinə aid çoxlu söhbətlər etdik. Söhbətlər də çox rəvan keçdi. Şər qarışana qədər də aşağıda göylükdə oturduq və nəhayət, vidalaşdıq…
İndi maşın Əlinin nəşini aparan kortecin içində Göyçaya tərəf şütüyür. Yenə müsəlmansayağı düşünürəm: "Yenə o bağ olaydı". Bəlkə ona görə ki, "Qızıl gül olmayaydı"nın müəllifi ilə bir yerdə idik. Əli də Mikayıl Müşfiqi çox sevirdi, onda cavan ölmüş şairlərə xüsusi və qəribə bir münasibət vardı: Puşkin, Lermontov, Müşfiq… Maşına bir sükut çökmüşdü. Əlinin sabahkı dəfni və Vahidin dəfninin xatirəsi beynimdə bir Fəxri xiyaban mövzusu formalaşdırmaqdadır. Satira olmalıdır. Təəssüf ki, bugünə qədər yaza bilməmişəm.
Mən belə şərəfli məsələnin şərəfsizləşdirilməsinin acısını hələ də içimdə çəkirdim. Bəzən