olma. İndi gedirəm, səhər tezdən yenə gələrəm, – deyib Mehinbanu qızını öpüb ayağa qalxdı.
Gülnisə uşaqları geyindirdi. Əli balacanı qucağına alıb Mehinbanu ilə onlara getdi.
* * *
Həştərxana ipək, pambıq, buğda, balıq və başqa mallar daşıyan “Talmud” ticarət gəmisi səhər tezdən Bakı limanında körpüyə yan aldı. Sahildə dayanıb gözləyən hamballar palanlarını dallarına alıb göyərtəyə qalxdılar. Sonra gəmi heyəti aşağı endi. Qoca Seyid Sadıq da onların arasında idi. O, çiynində balaca xurcun sahil küçəsində Olqiniskiyə (indiki Çaparidze küçəsi) döndü, üzüyuxarı qalxıb ”Qapan dibi”nə gəldi.
“Qapan dibi” adlanan yer İçərişəhərin Qala qapılarının xaricində Qoşa Qala qapısı ilə Tək Qala qapısı arasındakı düzəngahlıq idi. Ta qədim zamanlardan Bakının ətraf kəndlərindən, uzaq mahallardan bura mal gətirib satırdılar.
“Qapan dibi” Bakının mərkəzində gəlmələrin təsirinə məruz qalmayıb, özünün köhnə ruhunu, təbiətini saxlamış bir yer, avropalaşmış şəhərdə şərq bazarlarının gözəl bir nümunəsi idi. Burada gövdəsini yerə sərmiş, boyunlarını əzəmətlə dik tutmuş dəvələr mürgüləyər, iri buynuzlu kəllər, yanı üstə uzanıb kövşək vururdular. Dəvə qatarlarının zəng və zınqırov, kəl arabası təkərlərinin cırıltılı səsləri bu yerin nəğməsinə çevrilərdi, bənzərsiz, təkrarsız nəğməsinə…
Seyid Sadıq kisələrin arası ilə gəzə-gəzə meyvə, şabalıd albuxara, kişmiş, qaysı qurusu və başqa şeylər alıb xurcuna – bayram münasibətilə qızları, nəvələri üçün həştərxandan aldığı hədiyyələrin yanına qoydu. Xurcunu çiyninə qaldırmaq istəyəndə bir kəndli ona yanaşıb salam verdi:
– Ağa Seyid, – dedi, – sizə zəhmət olar, verin mən aparım, – xurcunu alıb öz çiyninə atdı, yanındakı kişiyə buyurdu, – Qulammirzə, bir yarım saatlığa malımın üstündə gözün olsun, indi gəlirəm.
Seyid Sadıq təəccüblə kişiyə baxır, onu tanıya bilmirdi.
Kişi gülümsədi:
– Ağa, siz məni tanıya bilməzsiz. Hardan yadınızda qalsın. İki il bundan qabaq, bax bu dəvəm böyük xəstələnmişdi. Onu siz sağaltdınız öz duanızla. Mən ömür boyu bunu yadımdan çıxartmaram. Özünüz bilirsiz, dəvə, mal-qara kəndlinin dirəyidir. Dəvəm olmasa arvad-uşağı dolandıra bilmərəm. Sizin sayənizdə dəvəm xilas oldu.
– Hə yadıma düşdü. Deyəsən, Novxanıdansan.
– Elədir ki, var ağa. Əgər başqa bazarlığınız yoxdursa, icazə verin xurcunu aparım evinizə.
– Zəhmət çəkmə ay kişi. Otur malını sat. Ağır deyil, özüm apararam.
– Xeyr, xeyr, heç elə şey olar? – deyib kişi yola düzəldi.
Onlar söhbət edə-edə Tək Qala qapısından içəri girdilər. Kişi evin qapısında xurcunu divara söykəyib geri qayıtdı. Seyid Sadıq həyətdə arvadını axtarırdı. Kişi dənizdən qayıdanda arvad onu küçə qapısında gülərüzlə qarşılayar, çuxasını, papağını alar, qulluq göstərərdi. O, təəccüblənib evə getdi. Evdə də heç kəs yoxdu. Nigaranlıqla ucadan çağırdı:
– Zübeydə, Rübadə hardasınız? – nədənsə o nəvəsini həmişə “Rübadə” çağırardı.
Rübabə babasının səsini eşidib mətbəxdən çıxdı:
– A, gəlmisən, baba?! Səfərin necə keçdi? – qayğıkeşliklə soruşdu.
Seyid Sadıq sualı sualla qarşıladı.
– Nə olub, niyə səs-səmiriniz gəlmir? Bəs nenən hanı?
– Evdə deyillər, bibigilə gediblər.
– Üçü də birdən? Xeyir ola? Bilmirdilər, mən bu gün gəlməliyəm?
– Bilirlər. Bibi xəstədir, ona dəyməyə gediblər.
Qocanın əhvalı pozuldu. Döşəyin üstündə oturub nəvəsini sorğu-suala tutdu. Rübabənin gətirdiyi çay, çörəyi yeməyib qızıgilə tələsdi.
… Bir həftə sonra Seyidxanım otuz yaşında ikən üç uşağını yetim qoyub vəfat etdi.
Ələkbərin evi matəm içində idi. Başsağlığı verməyə gələn qohum-əqrəba, dost-tanış yuxarı başda səssiz oturub təsbehini çevirən ağ saqqallı, beli bükülmüş qoca Seyid Sadığa ürək ağrısı ilə təsəlli vermək istəyirdilər, ancaq deməyə söz tapmırdılar.
Baba ilə nənə Seyidxanımın da uşaqlarını Mirkazımınkılarla birlikdə tərbiyə etməyə başladılar.
* * *
Seyidxanımın əri Ələkbər, yeznəsi, dövlətli Bakı taciri Ağa Cavad, Haşımovun İranla ticarət əlaqələri yaradan xüsusi agenti idi. İrana tez-tez gedib-gəldiyindən bacısı Şərəbanı xanımın məsləhətilə özü də yavaş-yavaş tacirlik edirdi. Dənizkənarı küçədə bir baqqal dükanı açmışdı.
Ağa Cavad beş-altı il əvvəl vəfat etmişdi. O, qardaşı Haci Hacıbaba ilə şərikli idi. Onlar Qoşa Qala qapısı yanındakı böyük mülkün və eləcə də Bakının başqa yerlərində yaxşı gəlir gətirən bir neçə binanın sahibi idilər. Ağa Cavadın ölümündən sonra qardaşı Hacı Hacıbaba onun uşaqlarının və cavan arvadının qəyyumu oldu. Qardaşının mal-dövlətinə başqası sahib olmasın deyə iki-üç il sonra dul qalmış Şərəbanı xanımı Hacıbabaya ərə verdilər. Hacı Hacıbabanın övladı yoxdu, ona görə də Ağa Cavadın qızı Xədicə ilə oğlu Ağa Kazım mal-dövlətin yeganə varisiydilər. Hacı Hacıbaba qardaşı uşaqlarını çox sevir, tərbiyələrinə xüsusi fikir verirdi. Onları avropalılar kimi böyüdürdü. Hər uşaq üçün ayrıca dayə, quvernatka tutmuşdu. Rus, fars, fransız dillərini öyrənmək üçün evə xüsusi müəllimlər dəvət etmişdi.
Qoşa qala qapısı yanındakı binanın birinci mərtəbəsində kontor, dəftərxana, mühasibat, ümumiyyətlə, ticarətlə əlaqədar otaqlar yerləşirdi. Yuxarı mərtəbələrdə həm bir neçə varlı kirayəşin, on dörd otaqlı mənzildə isə özləri yaşayırdılar.
Xədicəni on dörd yaşında məşhur tacir Məmmədbağırın oğluna ərə vermişdilər. Onların on iki ticarət paraxodu vardı. İlbəil gəlirləri artırdı.
Hacı Hacıbaba, anası Şərəbanı və dayısı Ələkbər Ağa Kazımı çox əzizləyirdilər. Nə desəydi, dərhal yerinə yetirirdilər. Bundan istifadə edən Ağa Kazım tez-tez Rusiyaya, Avropaya, İrana, Türkiyəyə səyahətə çıxır, hər dəfə qayıdanda xaricdə gördüyü adətləri, bəzi yenilikləri burada həyata keçirməyə çalışırdı. Ona görə də Hacı Hacıbaba demişkən gəlirlərinin çoxu boş-boş yerlərə sərf olunurdu.
… Seyidxanımın vəfatından bir neçə ay sonra Ələkbər bacısının və Hacı Hacıbabanın məsləhətilə, həm fikrini dağıtmaq, həm ziyarət və həm də ticarət etmək məqsədilə Kərbəlaya yola düşdü. İndi altı ay sürən Kərbəla ziyarətindən xeyli vaxtdı qayıtmışdı, işlərini sahmana salıb bacısıgilə görüşməyə getdi.
Şərəbanı xanım başdan-başa xalı döşənmiş, Avropa üsulunda bəzədilmiş böyük otağın yuxarı başında, divanda