Seyid Cəfər Pişəvəri

Zindan xatirələri


Скачать книгу

yazıb, cəmiyyətdə narazılıq yaratmaqda təqsirləndirilmişdir”. S.C.Pişəvəri isə ona qarşı qurulmuş çoxsaylı “Divan məhkəməsində” irəli sürülən heç bir ittihamı boynuna almamışdır.

      Ölkənin təhlükəsizliyinə və istiqlaliyyəti əleyhinə fəalliyyətdə suçlanan, Cinayət Məcəlləsinin 1-ci və 5-ci maddələri ilə 10 il həbsə məhkum edilmiş S.C.Pişəvərinin son istintaqı 1318-ci ilin isfəndin 12-də (1940-cı il martın 4-də) olmuşdur.

      Son istintaqda ittihamçı Əhməd Asim, Təhlükəsizlik İdarəsindən Həsən Səmii, Polis idarəsindən Məhəmmədəli Aştiyani, “vəkil” Hüseyin Şəhidi iştirak etmişlər. Əvvəl müttəhimə (S.C.Pişəvəriyə) özü haqqında danışmağı əmr etmişlər (kimdir, nəçidir, harada anadan olub, ailə tərkibi, savad dərəcəsi, keçdiyi həyat yolu, həbsə alınma səbəbləri və s.). S.C.Pişəvəriyə son sözünü demək icazəsi verilir. O, üzünü onu istintaqa çəkənlərə tutaraq deyir8:

      “Heç bir dəlil sübut olmadan mən günahsızı 10 ildir həbsdə saxlayırlar. Gördüyünüz kimi mən bu müddətdə bu günə düşmüşəm… cavanlığımı əldən verdim!…”.

      Özümü müdafiə etmək niyyətim yoxdur. Fəqət ədalətli hökm çıxarmağınızı istəyirəm”. Sonra yenə vərəqdəki əvvəlki sorğu-sual təkrarlanır:

      – Adın?

      – Mir Cəfər.

      – Soyadın?

      – Pişəvəri.

      – Atanın adı?

      – Mir Cavad.

      – Doğulduğun il?

      – 1313 (hicri).

      – Hazırda neçə yaşın var?

      – 47.

      – Yaşadığın mənzilin sahibi?

      – Moid Əl-Məmalik.

      – Yaşadığın son adres?

      – Tehran, Bəxşe Həsənabad, Çaharrahe Vezarəte Cəng, İntixabiyyə küçəsi(nömrə yoxdur).

      – Ailə həyatın?

      – Həyat yoldaşım Məsumə Rəhmani, oğlum Dariyuş Mircəfər oğlu.

      – Həbsə alındığınız tarix?

      – 6 dey, 1309-cu il (dekabr 1930).

      – Həbsə alınma səbəbi?

      – Kommunistlik, rejim əleyhinə olmam, İran əleyhinə xaricilərlə əlaqə, dövlətə qarşı olanlarla əməkdaşlıq etmək və s…

      Həbs müddəti qurtarmasına baxmayaraq istintaqın müddəti yenidən uzadılır.

      Növbəti son istintaq isə 1 ordibeheşt 1319-cu ildə (aprel 1940) yenidən davam etdirilir.

      Həbsin müddəti artıq qurtardığına görə S.C.Pişəvəri 2 ordibeheşt 1319-cu ildə (1940-cı il 23 iyun) həbsdən azad olsa da, 3 il müddətinə Kaşan şəhərinə sürgün edilir.

      S.C.Pişəvərinin istintaq zamanı onu mühakimə edənlərə ideoloji xətt haqda verdiyi cavabları diqqəti cəlb edir. Bu sual-cavabdan bəzi parçaları oxucuların da diqqətinə çatdırmağı vacib saydıq.

      “Sual:

      – Siz yenə kommunist əqidəsində qalırsınızmı?

      Cavab:

      – Əvvəlcə demişəm, indi də deyirəm, xeyr, daha mən bu əqidədə deyiləm.

      Sual:

      – Səbəbi nədir?

      Cavab:

      – Əvvəllər kommunistlər və onların əqidəsi haqda mən yetərincə məlumata malik deyildim. Bu haqda 7-8 il mütaliə etdim və mənə sübut oldu ki, bu əqidənin İranda ayaq tutması çox tezdir. Kommunistlər fəhlə sinfinə arxalanırlar, onların dayağı bu sinifdir, bu sinif isə İranda yox dərəcəsindədir. Təsəvvür etmirəm ki, heç 100 il bundan sonra da fəhlələr bir sinif kimi formalaşıb ortaya çıxsın və cəmiyyətimizin əksəriyyətini təşkil edə bilsin. Digər tərəfdən, kommunistlər ateist olmalıdırlar, İran isə dindar və müsəlman ölkə olduğundan burada ateist olmaq mümkünsüz işdir.

      Daha sonra mən Bakıda olarkən oradakı kommunist rəhbərlərin çoxunun Arazın bu tayından gələnlərə yaxşı münasibət bəsləmədiklərini, bizə inanmadıqlarını gördüm. Mühüm işlərdən və vəzifələrdən bizi kənar saxlayırdılar. Yeri gələndə təhqirdən belə çəkinmədiklərinin şahidi oldum. Bu yanaşma onların əvvəl dediklərinə zidd hərəkətlər idi. Bu, məni məyus etdi və tədricən onlardan uzaqlaşdırdı… Moskvadakı rəhbərliyin soyuq münasibəti məni lap ruhdan saldı…”

      S.C.Pişəvəri 1319-cu il ordibeheştin 1-də (22 aprel 1940) son istintaqdan sonra həbsdən azad edilsə də, Kaşan şəhərinə sürgün olunur. Onun Kaşana sürgün olunması ilə bağlı doktor Salamulla Cavid xatirələrində yazır:

      “…S.C.Pişəvəri, Məmi Nünəkərani (Dehqan) və mənim tanıdığım başqa yoldaşlarım uzunmüddətli həbsdən sonra Kaşana sürgün edilmişlər. Onları sağ-salamat görməyimə çox sevindim. Bizi burada da izləyirdilər…9

      Mərkəzdən göstəriş alan Kaşan polisi və Təhlükəsizlik İdarəsinin rəisi S.C.Pişəvəri və onunla həmfikir olanlara burada da rahatlıq verməmişdi. Onları vaxtaşırı idarəyə çağırtdırır, sorğu-suala tutur, və onlardan şübhələndiklərini bildirir. Kaşandakı sürgün həyatı haqda S.C.Pişəvəri sonralar yazırdı: “…1319-cu ildə 10 illik həbsdən sonra Kaşana sürgün edildim. Bu sürgün mənə həbsxanadan da pis oldu. Lakin ruhdan düşüb məyus olmurdum. Bir xaraba həyəti olan evdə gün keçirirdim. Kimsə ilə söhbət etmək belə mənə qadağan olunmuşdu. Sürgün olunmuş yoldaşımın 10 yaşlı uşağı ilə belə salamlaşmağa, danışmağa icazə vermirdilər. Sürgündəki 22 nəfər yoldaşımla birgə məni yenidən həbs etdilər10. Yalnız Şəhrivər hadisəsindən (müttəfiq qoşunlarının İrana daxil olmasından) sonra azad olub Tehrana yollandım”.

      ZİNDAN XATİRƏLƏRİ DƏFTƏRİNDƏN

      Hadisələr və təsadüflər selinin yüksəkliklərə qaldırdığı “qəhrəman” gözlənilməz bir fırtına nəticəsində batıb aradan getdi. O, əvvəldən tərəqqipərvər olmamışdır. Bulanıq suda balıq tutan və boşqab dibi yalayan bəzi adamların iddiasının əksinə olaraq, bir çox siniflər ilk gündən onun səmimiyyətinə və işlərinə şübhə ilə bədbin nəzərlərlə baxmış, əllərinə fürsət düşən zaman müxalif olduqlarını bəyan etməkdən çəkinməmişlər.

      Kütlə və tərəqqipərvər adamlar yanılmamışlar. Ziyalı təbəqə və təcrübəli şəxslər də işin nə ilə qurtaracağını və bu saxta islahatın mahiyyətini qabaqcadan bilirdilər. Onlar müxtəlif yollarla diktatorun qarşısını almaq istəyirdilər. Lakin təəssüflər olsun ki, qüdrət və hərbi güc mütərəqqi qüvvələrin əlindən çıxmışdı. Digər tərəfdən isə bir dəstə məqampərəst ziyalı özlərini diktatora yapışdıraraq, bir sıra aldadıcı işlər görürdülər. Əməldə isə bu işlər diktatorun adına tamam olurdu. Buna görə də onun hakimiyyəti və qüdrəti gündən-günə artırdı. İranlıların böyük bədbəxtliyi də həmin zəmin üzərində yaranırdı. Çünki diktatorun11 nüfuzu artdıqca, tamahı da artıb sırtıqlaşırdı.