yazır. O bu dövrdə İranın görkəmli şairi, “Əfsanə şairi” kimi tanınmış Nima Yuşiclə görüşür (1942), H.Ə.Sayə və Həbib Səmai ilə tanış olur. M.Baharın sədrliyi ilə keçirilən İran yazıçılarının I qurultayında iştirak edir. “Sədayi-Xuda” (“Allahın-Haqqın səsi”) (1942) və “Stalinqrad qəhrəmanları” poemaları (1946) çap olunur.
Cənubi Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixində ən parlaq səhifə olan “21 Azər” (1945-1946) hərəkatı da məhz bu illərdə qələbə çalır, Milli Hökumət qurulur. Əfsuslar olsun ki, 21 Azər hərəkatının nəticəsi olan Milli hökumət bir il sonra irticaçı İran hökuməti və onun xarici ölkə havadarları tərəfindən devrilir, xalqın hərarətinə təzəcə qızındığı azadlıq günəşi söndürülür. Ölkədə demokratik islahatlar ləğv olunur, danışan dillərə qıfıl vurulur, Azərbaycan türklərinə qarşı milli zülm daha da güclənir, zorakı assimilyasiya siyasəti genişləndirilir. Belə ağır ictimai-siyasi şəraitdə Şəhriyar kimi vətənpərvər yazarlar da susmayıb ittihamnamələr yazır, milli ayrı-seçkiliyə qarşı çıxırlar. Məhz bu dövrdə, o, məşhur “Heydərbabaya salam” mənzuməsini yazaraq bütün mənfi təmayüllərə sarsıdıcı zərbə vurur. “Heydərbabaya salam” mənzuməsi əlyazma şəklində yayıldıqca, söz ustalarını doğma ana dilində mövcud rejimin şovinist siyasətini ifşa edən yeni əsərlər yazmağa səfərbər edir.
1952-ci ildə Şəhriyarın anası Kövkəb xanım Tehrandakı Hezartəxtab xəstəxanasında vəfat edir və atasının uyuduğu müqəddəs Qum şəhərindəki məzarlıqda dəfn olunur. Bu hadisə ona yenidən sarsıntı yaşadır. Duyduğu üzüntüləri “Ey-vay anam!” qəsidəsində dilə gətirir. Bu itkidən sarsılan, eyni zamanda “Heydərbabaya salam” mənzuməsini və “Ey tehranlı” həcvini yazandan sonra üzləşdiyi təzyiq və basqılardan bezən Şəhriyar Tehranı tərk edərək Təbrizə qayıdır. Qayıdışını “Şatır oğlan” qəzəlində belə poetikləşdirir:
Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,
Qaçmışam Təbrizə, qoy yaxşı-yaman bəllənsin6.
1949-cu ildə Baş nazirin əmri ilə Kənd təsərrüfatı peşə və sənət bankında mühasibat uçotu şöbəsinin müdirliyindən kənar olunması və bu azmış kimi, dörd aylıq maaşını da ala bilməməsi şairə mənfi təsir göstərir, onu mənəvi böhran yaşamağa sürükləyir. O, Təbrizə qayıdaraq Ziraət bankında işə girir (1953). Ziraət bankından kreditlə pul götürüb Ərk qalası yaxınlığındakı Məqsudiyyə məhəlləsində kiçik bir ev alır. 28 il ilk sevgisinə sadiq qalan şair yaxın dostlarının, qohum-qardaşlarının təkidi ilə, nəhayət, evlənməyə razılıq verir. 1953-cü ilin avqustunda bibisi Səyyarənin kiçik qızı Əzizə xanımla nikah bağlayır. Yeri gəlmişkən, onu da deyək ki, şairin ailəsi böyük olub. Dörd qardaşı – Seyid Rəzi, Mürtəza, Rza, Ələkbər, bacıları – Ələviyyə, Səriyyə, Mirzadə, Ağazadə (Azadə), Tahirə, Böyükxanım və Kübraxanım, bibiləri – Xədicə Sultan, Sara, Sitarə, Səyyarə, xalaları – Xanım və Fatimə onun doğmaları idilər. Şəhriyarın Əzizə xanımla izdivacından dörd övladı dünyaya gəlir. Bir-birinin ardınca doğulan Şəhrizad (1955), Əbülhəsən (o, 1956-cı ildə doğulduqdan az sonra vəfat edir), Məryəm (1957) və Hadi (1959) onun nisgilli könül dünyasına sevinc gətirir.
1954-cü ildə ata-baba yurdu Xoşginaba gedir, qohum-əqrəbadan sağ qalanları ilə görüşür. Doğma yurduna illərdən sonra dönüşü, real həyatda gördükləri və anası Kövkəb xanımın dünyasını dəyişməsindən yana duyduğu üzüntülərin təsiri ilə “Heydərbabaya salam” poemasının II hissəsini yazır.
Sonralar – 1969-cu ildə mübariz ruhlu şair Bulud Qərəçurlu Səhəndin aramsız təkidi və xahişi ilə yenidən Tehrana gedir, onun qonağı olur. Burada Tehranın görkəmli ədəbi simaları ilə görüşür. 1972-ci ildə 50-ci illərdən bəri möhkəm dostluq etdiyi Böyük Nikəndişlə birlikdə Tehrana gedən Şəhriyar yenə Səhəndin evinə düşür. Səhənd Şəhriyar, C.Heyət, Sahir, Coşqun, Savalan, Sönməzin və b. iştirakı ilə təntənəli şeir məclisi keçirir. Həmin gecədə Tehranda ezamiyyətdə olan Quzey Azərbaycanın tanınmış şərqşünas alimi Rüstəm Əliyev də iştirak edir. Odlu-alovlu şair Səhənd “Heydərbabaya salam”a cavab olaraq yazdığı “Hörmətli ustad böyük Şəhriyara” şeirini böyük coşqunluqla söyləyir. Məclisdə “Türkün dili” şeirini oxuyan Şəhriyar bu görüşü uzun müddət unuda bilmir. 1976-cı ildə Doktor Cavad Heyətin təkidi və yardımı ilə Tehranda bir evdə yerləşir. Əyalı Əzizə xanım təklifə əvvəlcə qəti etiraz etsə də, sonradan, bəlkə də, həssas şair qəlbini incidə biləcəyini düşünərək razılıq verir. Lakin bu gediş şairə uğur gətirmir. Dalbadal ağrılı-acılı hadisələrlə ona sürprizlər edən Tehran bu dəfə ən qiymətli varlığını – Əzizə xanımı əlindən alır. Ürək infarktından 40 yaşına çatmamış dünyasını dəyişən Əzizə xanımı Tehranın “Behişti-Zəhra” qəbiristanlığında dəfn edirlər. Bu itki şairin belini bükür və o, sevimli xanımına “Əzizə can”, “Bir gəlin”, “Yar qasidi” ağı-mərsiyələrini yazaraq ələm və iztirablarını ifadə edir. Bu ağır, üzücü hadisə ilə bağlı yaşadığı fərdi kədər, qüssə Şəhriyarı son nəfəsinədək müşayiət etsə də, o özünü toplamağa, günün reallıqları, zamanın ab-havası ilə yaşamağa, xalqının haqq səsinə səs verməyə çalışır. 1965-ci ildə Kənd təsərrüfatı bankından istefaya çıxan şair bütün qüvvə və diqqətini yaradıcılığa yönəldir. Əsərləri kütləvi tirajla çap olunur. İİR-in Maarif Nazirliyi 16 isfəndi “Şəhriyar” günü elan edir. Bu illərdə şairin dostlarının sırasına H.Ə.Sayə, Nadir Nadirpur (1965), Seyid Əbülqasım Şirazi (1967), Firudin Moşiri və b. daxil olur. Xidmətlərini yüksək qiymətləndirən Təbriz Universiteti Şəhriyara ”Fəxri ustad” dərəcəsi verir və Şiri-Xurşid zalında onunla təntənəli görüş keçirilir. Təbrizə qayıtdıqdan (1977) sonra doğma xalqının etiraz səslərini, ictimai narazılığı həssaslıqla duyan Şəhriyar “Zaman səsi” (1979) şeirini yazır. Şair bu əsərlə mürği-səhərtək yeni inqilab günəşinin doğmaqda olduğunu, hərəkatın artıq başlandığını soydaşlarına xəbər verir.
O, İran İslam İnqilabını böyük sevinclə, coşqun duyğularla qarşılayır, keçirdiyi hiss və həyəcanlarını inqilabi ruhlu “İnsansaz inqilabımız”, “Allah boyağı” adlı şeirlərində ifadə edir. Ustad şair “Heydərbabaya salam”dan sonra Güney Azərbaycan ədəbiyyatında yeni bir cığır açır və bu əsər Azərbaycan türkcəsinin üfüqlərini genişləndirir.
Əlbəttə, Şəhriyar inqilabın xalqa milli istiqlaliyyət, dinclik və səadət gətirəcəyinə inanırdı. Nəticə ona və heç kəsə bəlli olmasa da, xalqının düşünən beyni kimi inqilab tufanının coşmasını, mövcud despot quruluşunun əvəzinə, demokratik dövlət qurulmasını diləyirdi. Bu istəyində o, tamamilə haqlı idi.
Lakin 1979-cu il inqilabı da Güney Azərbaycan xalqına bütövlükdə istiqlaliyyət gətirmədi, vəd olunan mükəlləfiyyətləri vermədi. Tehranda və Təbrizdə klassiklərin, çağdaş yazarların əsərləri çap olunmağa, məktəblərdə doğma türkcə qismən keçilməyə başlandı. Şəhriyar, H.Sahir, G.Səbahi, Səhənd, Y.Şeyda, Savalan, S.Saleh, Sönməz, H.Tərlan və başqaları əsərləri ilə dövrün salnaməsini yaradır, dövri mətbuat, “Yoldaş”, “Varlıq”,