İndi yoxdursa, insan yalnız Keçmişlə və Gələcəklə Yaşayırsa, mənimki – Keçmişdir.
Keçmiş – xatirələr, anımlar, Gələcək – ümidlər, gümanlardır, hər ikisi real olduğu qədər qeyri-real, gerçək olduğu qədər sirabdır, ilğımdır, mirajdır.
Beləysə, gerçəkdən olmuşların anımlarıyla yaşamaq doğrulub-doğrulmayacağını bilmədiyin ümidlərə qapılmaqdan üstün deyilmi?
Xatırlayıram,
neçə belə axşamın arxasında
ömrün uzaq sahilində
dağ kimi
qalaq-qalaq yığılmış illərin
arxasında
qalan günləri…
Atamındır bu sətirlər:
Xatirələrin yaxını
ağrıdan olur,
göynədən olur.
Uzaqları
daha mülayim, sakit.
Bunlar da…
… Anıram…
“Anarı, xoş gördük!
Səninlə az danışdıq və deyəsən məndən incidin. Yox, incimə, oğlum. Mən indi sənə uşaq kimi yox, yetkin bir gənc kimi baxıram. Odur ki, istəyirəm mən olmayanda sən evin kişisi olasan, ananın, bacılarının qayğısına qalasan. Yaz görüm nə var, nə yox? Təzə nə yazırsan?
Mən işləməyə başlamışam, ara-sıra xırda şeirlər də yazıram. Bura işləmək üçün yaxşıdır. Ancaq adam darıxır, yaman darıxır. Mən də güc vuracağam işləməyə.
… Daha nə yazım. Elə maraqlı bir şey yoxdur.
Özün necəsən? Bakıda nə təzə əhvalat var?
Hələlik. Öpürəm size.
Mənim yaxşı balam, istəkli oğlum. Təranə ilə aran necədir? Bax, onu incitsən, mən burda hiss edəcəm və işləyə bilməyəcəm ha.
Rəsul.
Peredelkino”.
“Salam, əziz oğlum!
Necəsən?
Bakıda təzə nə var? Sizə ingilislərin “Hamlet”i haqqında kitabçanı göndərirəm. Maraqlı şeylər var burda.
Anari, üç dəfə zəng eləmişəm, səni evdə tapa bilməmişəm. Ayrıldığımız vaxt sənə dediyim sözləri, yəni sən düz başa düşməmisən? Mən sənə öyüd-nəsihət vermək istəmirdim və istəmirəm. Ağıllı, şüurlu oğlansan, sənə təkrar söz demək lazım olmasın gərək. Ancaq o son sözlərimi bir də dəqiqləşdirməyə məcburam. Mən dedim, özünü elə apar ki, elə bil mən evdəym. Əlavə eləmək lazımdırmı ki, sən əsas fikrini və vaxtının çoxunu, dərslərinə, yaradıcılığa verməlisən.
Əmin və sakit olmaq istəyirəm ki, sən yüngülməcəz bir gənc kimi, yox, insan kimi aparacaqsan özünü.
Öpürəm səni, Məktub yaz.
Səni istəyən atan.
Peredelkino”.
Bu məktubların hər ikisi əllinci illərin əvvəllərində, mənim 14-15 yaşım olanda yazılıb. Atamın otuz ilə yaxın bir müddətdə mənə müxtəlif yerlərdən və müxtəlif yerlərdə yazdığı və indi qırx dördü əlimdə olan məktublarından ilkləridir. Onları və sonrakı məktubları cüzi ixtisarlarla verirəm.
“Anar, salam!
Doğrudur sənin təbiət gözəlliyindən xoşun gəlmir, ancaq burda olsaydın sən də Soçinin dağlarına, yollarına, dənizə baxıb heyran qalardın.
Mən “x” işarəsi ilə göstərdiyim otaqda oluram. Qabaq tərəfimiz dəniz, böyrümüz və arxa tərəfimiz yaşıl parkdır. Burda qəribə ağaclar var. Dünyanın hər yerindən gəlmə ağaclar buranın parklarına, küçələrinə ayrıca bir görkəm verir. Əsas küçələrdən biri təxminən 150-200 metrə boyunca hər iki tərəfdən çinar ağacları ilə hasarlanmışdır. Göyçaydakı çinarlar yadındadırmı? Bunlar daha da qollu-budaqlıdırlar.
Burda adamlar indidən dənizdə çimirlər. Havalar bir az yağışlıq idi, indi düzəlib.
Hələlik bu qədər.
Dərslərin necə gedir? Ciddi çalışırsanmı? Ani bala, unutma ki, yay zamanı arxayın, yaxşı istirahət edə bilməyimiz sənin indiki çalışmağından asılıdır. Kitab-filan oxuma, ancaq və ancaq dərslərinə güc ver. Öpürəm səni. Məndən hamıya, nənələrinə, bibilərinə, Ənvərə, Oğuzgilə salam de.
Rəsul.
29 /IV.54 Soçi”.
“Anarım!
Buralar elə gözəldir ki, söyləməklə təsvir etmək olmaz. Buradakı mənzərələrin gözəlliyini heç olmazsa bir qədər verə bilmək üçün gərək Ayvazovski, Levitan və Şişkinin üçünün talant və həvəslərini bir yerə yığıb onlara Puşkin şeirinin oynaqlığını, Füzulinin riqqət və həsrətini, Lermontovun hərarət və ehtirasını və…-in quruluğunu əlavə edəsən – çünki burda quru ağaclar, otsuz daşlar və adamda nifrət oyadan bəzi vücudlar da var. Yalnız belə bir əməliyyat nəticəsində bəlkə də bugünkü Soçi, xüsusilə mən istirahət elədiyim sanatori haqqında bir təsəvvür oyatmaq olar.
Ani bala, işin necə oldu? Dərslərin necədir? 4-lər ləğv olunubmu? Futbol aləmində nə var? Bizimkilər uduzurlar, ya hələ yox?
Kağız yaz. Öpürəm səni.
Rəsul.
18/V.54 Soçi”.
“Anar!
Məktubunu almamışam. Yəqin ona görə ki, sən bu məktubu hələ yazmamısan. Gündüzlər beş saat yatıb, altı saat böyrü üstə uzanandan sonra vaxtın qalsa, mənə məktub yaz.
Buralar yaxşıdır. Dincəlirəm. Teleqramın üçün çox sağ ol.
Rəsul.
19/V.54 Soçi”.
Dərd adamı dəyişdirir. Müdrikləşdirməsə belə hər halda sinnini bir xeyli artırır. Dərdin bir günü – dərdsiz-qəmsiz yaşamanın yüz ilinə bərabərdir.
1981-ci ildə yüz gün ərzində dünyada ən əziz iki adamımı itirdim; Aprelin 1-də dünyanın yalan günündə, şux zarafatlar günündə – atam vəfat etdi və indiyəcən bu həqiqətin gerçəkliyinə inandıra bilmirəm özümü. İyulun 10-da anam öldü.
İkisi də mənim gözlərimin qabağında can verdilər.
Atam yarım saatın içində keçindi.
Aprelin 3-də onu torpağa tapşırdıq və dəfn gününün sabahısı ayın 4-də-Moskvadan gəlmiş həkimlər anamın son qəti diaqnozunu dedilər: ümidsizdir, – dedilər, – möhləti bir həftədən bir aya qədərdir, – dedilər.
Bu hökm verilən saatdan sonra üç ay altı gün yaşadı.
Atam anamın nicatsız xəstəliyindən xəbərsiz getdi.
Anam atamın vəfatını bilmədi, düz yüz gün bu xəbəri ondan gizlətdik. Daha doğrusu, doxsan səkkiz gün – axır iki günü huşu özündə deyildi, heç nə dərk etmirdi.
Bir gün
bir saat,
bir an
ayrıla