küçənin o tərəfinə keçdi və birinci mərtəbənin qapısındakı zəngi basdı. Qapını uca boylu, gülər üzlü bir qadın açdı. Ağ saçları onun simasına nuranilik verirdi.
– Sizə nə lazımdır? – deyə o soruşdu.
– Orada, karvansaranın yanında bir centlmen mənə dedi ki, kirayə üçün sizdə otaq tapılar.
Qadın mehribanlıqla gülümsədi. Gəncin özünü itirməsi, onun həyəcandan parlayan gözləri, həmçinin paltarı və hərəkətləri əyalətdən olduğuna işarə edirdi.
Qadın:
– Hə, içəri gəlin, – dedi. – Məndə otaq vardır. Ona baxa bilərsiniz.
Bu tamamilə ayrıca olan, pəncərələri küçəyə baxan balaca bir yataq otağı idi. Yaxşı, sadə və rahat idi.
Yucin:
– Bu otaq mənim xoşuma gəlir, – dedi.
Qadın yenidən gülümsədi.
– Həftədə iki dollar verəcəksiniz, – dedi. Yucin çamadanını döşəməyə qoyaraq:
– Olsun, – dedi. – Mən bu otağı tuturam.
– Siz şam etmisinizmi? – deyə qadın soruşdu.
– Xeyr, ancaq mən bir az sonra gəzməyə, şəhərə baxmağa çıxacağam, yeməyə bir şey taparam.
– Getməsəydiniz, mən sizə yemək verərdim, – deyə qadın təklif etdi.
Yucin ona təşəkkür etdi və qadın yenə gülümsədi. Gör Çikaqo əyalətlə necə rəftar edir – onun küçələrini əlindən alır.
Yucin pəncərəni açdı, dizi üstə durdu və pəncərə önünə söykəndi. Ona hər şeyin qeyri-adi göründüyü küçəyə baxdı. Vitrinlər işığa qərq olmuşdu. Adamlar tələsirdilər – onların addımları necə də gurultu ilə səslənir! Şərqə, qərbə – hara baxsan, hər yerdə eyni şey, hər yerdə böyük, əzəmətli, heyrətamiz şəhər! Bura nə yaxşıdır! İndi Yucin bunu bilir. Bütün bunların xatiri üçün bura gəlməyə dəyərdi. Necə olmuş ki, o, Aleksandriyada bu qədər qala bilmişdi! O burada işə düzələr, mütləq düzələr. O tamamilə əmin idi. O bunu bilirdi.
O vaxtlar Çikaqo yeni gələnlərə həqiqətən bir aləm imkan və ümidlər verirdi. Burada nə qədər yenilik, hələ toxunulmamış şeylər var idi – hər şey yaradılma mərhələsində idi. Uzun cərgələrlə düzülmüş evlər və mağazalar, əksəriyyəti müvəqqəti binalardan – bir və ikimərtəbəli baraklardan ibarət idi, lakin bəzi yerlərdə yaxşı gələcəyin müjdəsini verən üç və dörtmərtəbəli kərpic binalar nəzərə çarpırdı. Göl ilə çay arasında – Şimal və Cənub tərəflərdə – yerləşən ticarət mərkəzi özündə Yaxın Qərbə xidmət edən mağazalar burada toplaşmışdı. Burada nüfuzlu banklar, kontorlar, böyük pərakəndə satış mağazaları, otellər var idi, burada milyonlarla insanların gəncliyini, xəyallarını, təbii arzularını təcəssüm etdirən insan axını daim qaynayırdı. Siz buraya düşən kimi hiss edirsiniz ki, Çikaqo qarşısıalınmaz coşğunluq, ümid və arzular mənbəyidir. Bu, hər bir mütərəddid qəlbə həyat qüvvəsi axıdan şəhər idi, gəncləri şirin xəyala dalmağa məcbur edir, yaşlılara isə təlqin edirdi ki, yaxşılığa doğru dəyişilə bilməyən heç bir ağır vəziyyət yoxdur.
Bütün bunların arxasında, əlbəttə, mübarizə gizlənmişdi. Gənclik – ümid və qaynar qüvvə – çox güclü çarpışma yaradırdı. Burada gecikmədən işləmək, daim hərəkətdə olmaq, təşəbbüs göstərmək lazımdır. Şəhər hər kəsdən onda olan ən yaxşı keyfiyyətləri tələb edir, bu keyfiyyətlər olmadıqda ondan sadəcə üz çevirirdi. İstər nə isə axtaran gənclər, istərsə də yetkin adamlar bunu öz üzərində sınayırdı. Burada tənbəlliyə yer yoxdur.
Yucin özünə yer eləyən kimi bunu anladı. O mürəttiblik sənətindən əl çəkdi. Bu məsləhət olunmuşdu. O, rəssam yaxud buna bənzər bir sənət sahibi olmaq istəyirdi, lakin bu işə necə başlamaq haqqında heç bir təsəvvürü yox idi. Hər şeydən yaxşı qəzet işinə düzəlmək idi, lakin təcrübəsizləri ora çətin ki, qəbul etsinlər. Axı o tamamilə köməksizdir. Doğrudur, onun şəkil eskizləri bacısı Mirtlə xoş gəlirdi. Lakin Mirtl nə anlayırdı? Əgər o bir yerdə öyrənərsə, onu öyrədəcək bir adam tapılarsa, bəlkə də… Hələlik isə işləmək lazımdır…
Hər şeydən əvvəl, şübhəsiz, qəzetlərdə, özünə yol açmaq istəyən hər kəsi cəlb edən bu gözəl müəssisələrdə taleyini sınadı. Lakin səs-küylü redaksiyalar, bədii şöbələrin qaşqabaqlı müdirləri və təkəbbürlü redaktorları Yucini qorxudurdu. İş başında duranlardan biri Yucinin ona göstərdiyi üç-dörd şəkil eskizini maraqlı hesab etdi, lakin onun qanı qara idi. Yox, ona heç kəs lazım deyil. O belə də dedi: “Yox,bizə heç kəs lazım deyildir”. Yucin kədərlə düşündü ki, onu bu sahədə, yəqin məğlubiyyət gözləyir.
Bu oğlanın bütün fəlakəti onda idi ki, onun istedadı hələ mürgüləyirdi. Həyatın gözəlliyi və onda olan valehedicilik artıq Yucini öz hakimiyyətində saxlayırdı, lakin o bunu hələ cizgilər və boyalarla təsvir etmək iqtidarında deyildi. O aramsız olaraq səs-küylü küçələrdə dolaşır, vitrinlərin yanında uzun-uzun dayanır, çayda üzən qayığa, göldə yırğalanan gəmiyə saatlarla baxırdı. Bir dəfə gündüz Yucin gölün sahilində durduğu zaman üfüqdə bir yelkənli gəmi göründü. Bu onun həyatında gördüyü ilk gəmi idi. Onda gözəllik hissi coşdu. O, hasarda oturdu, gəmi gözdən itənə qədər onun arxasınca baxdı. Deməli, böyük göllər belə olur! Bəs böyük dənizlər – Atlantik, Sakit, Hind okeanları necə olmalıdır. Ah, dənizlər! Bəlkə bir vaxt o, Nyu-Yorka getdi, orada dənizləri görər. Burada da dəniz onun qarşısındadır – lakin kiçik miqyasda – və o necə də gözəldir!
İnsan yaşamaq üçün vəsaitlə təmin olunmamışsa, vaxtını göl sahillərində, bərələr və vitrinlər qarşısında xəyallar içərisində keçirərək, heç bir şey etmədən yaşaya bilməz. Yucinin isə vəsaiti yox idi. O, ata evini tərk edərkən müstəqillik əldə etmək qərarına gəlmişdi. O, dolanmaq üçün əmək haqqı almaq istəyirdi. O istəyirdi ki, işinin pis gətirmədiyini evə yazmaq imkanı əldə etsin. Onun əşyaları gəlib çıxdı, anasından mehriban məktub və bir qədər pul gəldi. Bu, cəmisi on dollar idi. O bu pulu geri qaytardı – o yeni həyata bu cür başlamağı düşünməmişdi. O, hesab edirdi ki, öz qazancı ilə yaşamalıdır, hər halda bunu sınamağı qərara almışdı.
On gün keçdi, Yucinin sərmayəsi olduqca azaldı, – onun bir dollar yetmiş beş sent pulu qalmışdı – nə cür iş olur-olsun, işləmək lazım idi. İndi rəssamlıq, hətta mürəttiblik yeri haqqında düşünməyə belə dəyməzdi. Mürəttib, həmkarlar ittifaqının üzvü olmalıdır, Yucin isə ittifaq üzvü deyildi, bunun üçün də rast gələn hər bir işdən yapışmaq lazım idi. O öz xidmətini təklif etməklə bu mağazadan o mağazaya getməyə başladı. İş haqqında soruşduğu miskin emalatxanalar o qədər xoşagəlməz idi ki, Yucin daxilən iyrənirdi. Lakin o öz vasvasılığını boğdu. O nə iş olursa olsun, qəbul etməyə, çörəkçi, şirniyyat yaxud parça-mal mağazasında kontorçu olmağa da razı idi.
Bir dəfə o bəxtəbəxt böyük bir dəmirçi dükanına daxil oldu. Onun müraciət etdiyi adam ona baxdı.
– Mən sizə