Şimali Altay tayfalarının başçıları idilər. Onların indi türkləşmiş xələfləri şorlar, kumandinlər, lebedinlər və başqalarıdır. Təsadüfi deyil ki, İstemi xaqanın adı türk yox, uqor mənşəlidir və çox güman ki, ruh-əcdadın adıdır. Çinlilər onun qoşunlarının sayını 100 min nəfər göstərirlər, lakin bu rəqəm döyüşçülərin həqiqi sayına deyil, sərkərdənin rütbəsinə işarədir. İstemi xanın «Bahadır-cabqu»28 tituluna uyğun gələn bu rütbə orduda ən yüksək hərbi rütbə sayılırdı. İstemi öz yürüşünə 552-ci ildən sonra başlamışdı. Çünki həmin il abarlar hələ müstəqil tayfa idilər. Bumının dəfninə hədiyyələr göndərmişdilər29 və çox güman ki, bunu 553-cü ilin payızında, jujanların qəti məğlubiyyətindən sonra etmişdilər. Yürüşün ən çox ehtimal olunan vaxtı 554-cü ilin baharıdır. Həmin dövrdə jujanlarla haqq-hesab çürüdülmüşdü, otun bol vaxtı idi. Təbiidir ki, bu sonuncu amilin süvarilər üçün mühüm əhəmiyyəti vardı.
Hərəkət sürətindən göründüyü kimi türkyutlar güclü müqavimətə rast gəlməmişdilər. 555-ci ildə qoşunlar «Qərb dənizinə» çatmışdılar. Bu ad altında Xəzər deyil, Aral dənizini nəzərdə tutmaq lazımdır. Çünki Firdovsi İranın sərhədlərini aşağıdakı şəkildə göstərirdi: «Çindən Ceyhunun (Amu-Dəryanın) sahillərinə və Çaçanın (Daşkəndin) o tayından Gül-zariuna (Sır-Dəryaya) qədər».
Bu sitat əsasında biz 555-ci ilin dəqiq sərhədlərini müəyyənləşdirə bilərik. O, Daşkəndin şimalından gedir, sonra Sır-Dəryanı şimala dönən yerdə kəsib keçir və get-gedə genişlənərək Amu-Dəryanın aşağılarına və Aral dənizinin cənub sahillərinə çatırdı. Soqdiana və Buxara həmin dövrdə eftalitlərin hakimiyyəti altında idi. Türkyutlar onlarla qarşılaşmışdılar.30 Beləliklə, il yarım ərzində türkyutlar bütün Mərkəzi Qazaxıstanı, Yeddisuyu31 və Xarəzmi32 özlərinə tabe etmişdilər.
Lakin getdikcə vəziyyət daha da çətinləşdi. Aral dənizinin şimal sahillərində türkyutlar xuni (xio-nit)33, var34 və oqor35 tayfalarının müqavimətinə rast gəldilər. Yalnız 558-ci ildə bu tayfalar məğlub edildi və türkyutlar itaətdən boyun qaçıranları da qabaqlarına qatıb qova-qova Volqa sahillərinə çıxdılar. Qovulanlar var və xun tayfalarının qalıqları idilər. Sayları təxminən 20 min nəfərə çatırdı. Sonralar bu tayfalar vahid xalq —avar xalqı36 kimi formalaşdılar.
Türkyutlar Volqanı keçmədilər, yalnız Uralyanı düzənlikləri itaət altına almaqla kifayətləndilər. Bununla da İsteminin qərb yürüşü başa çatdı. Dörd il ərzində əldə olunanlar xaqanlığın qarşısında yeni siyasi vəzifələr qoydu.
Bütün Asiya düzənliyini tutan vahid dövlətin meydana gəlməsi Çin, Bizans və İran diplomatiyası üçün mühüm əhəmiyyətə malik amil idi.
VI əsrin 50-ci illərinin sonunda Qara dəniz sahillərindəki siyasi vəziyyət çox gərgin və mürəkkəb idi. Bu da Bizansın uzaqgörən və incə siyasəti sayəsində mümkün olmuşdu. Dnepr və Donun aşağı hissələrini kuturqur adlı bolqar xalqı tuturdu. Onlarla qohum olan uturqurlar isə Kubanda yaşayırdılar. Kuturqurların Frakiyaya basqınlarından zərər çəkən Bizans hədiyyələr və səfirliklər vasitəsi ilə uturqurları onlara qohum olan kuturqurların üzərinə qaldırırdılar. Yustininanın hiyləgər siyasəti bu iki qohum tayfanı az qala biri-birini son nəfərə qədər qırmağa gətirib çıxardı.
Uturqurlardan şərqdə, Kuma rayonunda və Dağıstanda çox döyüşkən sabir tayfası yaşayırdı. Sabirlər Bizans-İran müharibəsində əvvəlcə İranın tərəfində, sonra isə ona qarşı fəal iştirak edirdilər. 552-ci ildə onlar Aqvaniyanı tutdular, lakin 554-cü ildə artıq farslara məğlub oldular.
Kuban sahillərində Bizansın sadiq müttəfiqi olan alanlar yaşayırdılar. Yunanlar yeni barbar xalqın – avarların meydana çıxdığını ilk dəfə onlardan eşitdilər.
Avarlar Qara dəniz sahillərində. Türkyut basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları güclü düşmən təqib edirdi, qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü, varlı və çoxsaylı xalqlar kəsmişdilər. Avarlar öz sürülərini və doğma ölkələrini itirmiş qaçqın dilənçilər idilər. Onların necə və nəyə görə həm xilas olmağının, həm də qalib gəlməyinin səbəbini dövrün siyasi şəraitini diqqətlə nəzərdən keçirməklə müəyyənləşdirmək olar.
Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada eftalitlərin fəallaşması və İsteminin diqqətini yayındırmaları (İstemi deyirdi: «Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər») avarlar üçün xilas yoluna çevrildi.
İstemi eftalitlərə qarşı fəal mübarizəyə yalnız 561-ci ildə – Xosroy Ənuşirvan Yustinianla sülh bağlayıb diqqətini şərqə yönəldəndən sonra başladı. Orta Asiyada həlledici sülh yalnız 571-ci ildə bağlandı və yalnız bundan sonra türkyutlar təzədən qərbə üz çevirə bildilər. Lakin yaranmış fasilədən çox bacarıqla istifadə edən avarlar artıq İstemi üçün əlçatmaz idilər.
Türkyutlardan uzaqlaşan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alanların başçısı Sarosiydən37 Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər. Sarosiy avarlara yardım əli uzatmaq qərarına gəldi və onların elçisinin Lazikə gətirilməsini təmin etdi. Buradan isə həmin elçi Konstantinopola göndərildi, lakin Bizans sarayında onu könülsüz və inamsız qəbul etdilər. Lakin buna baxmayaraq Yustinian Vladimirin başçılığı ilə cavab elçiliyi göndərdi. Vladimir avarlara hədiyyələr gətirdi və onlara imperiyanın düşmənlərinə qarşı (həmin dövrdə əsas düşmən İran sayılırdı) birlikdə mübarizə aparmağı təklif etdi. İttifaq 558-ci ildə bağlandı. Lakin avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər.
Onların ilk qurbanları sabirlər oldu. Sabirlər yeni «var» xalqını hələ V əsrdə məğlub olduqları həqiqi Asiya avarları (abar) kimi qəbul etdilər. Bu anlaşılmazlıq onların sıralarında başı pozuqluq yaratdı və avarların qələbəsini təmin etdi. Beləcə kiçik linqvistik səhv məlum rol oynadı. Sabirlərin ardınca Bizans imperiyasının sadiq müttəfiqləri olan uturqurlar və Donun aşağı sol sahillərində yaşayan zallar da avarların əlinin suyunu daddılar. Sonra Donu keçən avarlar antlara basqın etdilər və bu xalqı soyub quru yerdə qoydular.
Avarları Qafqazda bir müddət alanlar müdafiə etmişdilər. Qara dəniz sahillərində isə həmin vəzifə kuturqurların üzərinə düşdü. Mənbələr avarlarla kuturqur arasında ittifaq haqqında birbaşa məlumat verməsələr də, hadisələrin gedişi və dolayısı mənbələr onların müttəfiqliyini ehtimal etməyə əsas verir.
551-ci