Лев Гумилев

Qədim türklər


Скачать книгу

qoşunun başında Xorasana tərəf hərəkət etdi.

      Ümumi düşmən əzildikdən sonra müttəfiqlər özləri düşmənə çevrildilər. Xaqanlıqla İran arasında mövcud olan və ümumi düşmənlə haqq-hesabı çürütmək zərurətindən arxa plana keçən münaqişə fikir ayrılığı indi bütün çılpaqlığı ilə aşkara çıxdı. Məlum oldu ki, münaqişə kifayət qədər dərindir, hətta tərəflər barışmaz mövqe tuta bilərlər. Lakin biz növbəti fəsli həmin münaqişəyə həsr edəcəyik. Hələlik isə evtalitlərin üzərinə qayıdaq.

      Silah və qəddarlıq gücünə Orta Asiyada hegemonluğu ələ alan eftalitlər fəth etdikləri ölkələrdə populyarlıq qazana bilməmişdilər.

      VI əsr Orta Asiya üçün iqtisadi və mədəni yüksəliş dövrü idi. Şəhərlər böyüyür və zənginləşir, əkinçilik, sənətkarlıq və ticarət tərəqqi edirdi. Soqdiyalılar həmin dövrdə təcrübəli və bacarıqlı tacir-dəllallar kimi tanınmışdılar. Onlar qədim karvan yollarından istifadə edərək İranla Aralıq dənizi arasında daimi əlaqə yaratmışdılar. Lakin jujanların yolkəsənliyi və eftalitlərin arasıkəsilməz müharibələri ticarət əlaqələrinə mane olurdular. Çölü və Soqdiananı birləşdirən türkyutlar ticarət üçün geniş imkanlar açmışdılar. Bunun müqabilində Soqdiya tacirləri türkyut xanlarının təbəəliyini qəbul etmişdi. Belə loyal təbəələr onlara sərfəli idi. Bu yolla Orta Asiya xaqanlığın ayrılmaz tərkib hissəsinə çevrilirdi. Yaranmış vəziyyət eftalitlərin qisas cəhdlərinin qarşısını kəsdi və onları dağlara çəkilməyə məcbur etdi. Eftalitlərin qalıqları bizim zəmanəyə qədər həmin yerlərdə yaşamaqdadırlar.

      IV fəsil

      İPƏK VƏ KARVAN YOLU

      Karvan ticarəti. Eftalitləri və Şimali Çin hökmdarlıqlarını darmadağın etdikdən sonra türkyutlar yalnız siyasi deyil, həm də iqtisadi qüdrətə nail oldular. Çünki Qərblə Şərqi birləşdirən böyük karvan yolu onların əlinə keçdi.

      Bu yol Çanyandan başlanır və Nanşyanın ətəkləri ilə zirvələrdən gələn sellərin suvardığı çoxsaylı vadilərdən keçirdi. Yolun bu hissəsi asan idi. Lakin bunun ardınca səhradan Xami vadisinə qədər, oradan isə Turfandakı Lyukçun çökəyinə qədər davam edən çətin keçid başlanırdı. Hər iki vadi və yaxınlıqdakı ərazilər müstəqil Qaoçan knyazlığının tərkibinə daxil idi. Burada çinli hərbi köçkünlərin ailələri yaşayırdılar. Onlar özlərinin yeni vətənlərinə tamamilə uyğunlaşmışdılar.

      Qaoçanda karvan yolu iki yerə ayrılırdı. Onun bir qolu Tyan-Şanın cənub yamacı boyunca Qaraşardan, Kuçu və Aksudan keçir, sonra isə Çu və Talas vadiləri ilə gedib İsfara çatırdı. O biri – şimal qol da Qaoçanda başlayır və Urumçudan, Manasdan, Kurkara-usudan və İren-Şabiqan dağlarından keçərək Cənubi Cunqariya ilə İli çayının vadisinə və oradan da cənuba, Orta Asiyaya gedirdi. Bundan əlavə Tyan-Şanda aşırımlardan keçərək, Qaraşardan Yulduz vadisi vasitəsi ilə İli vadisinə çıxan başqa bir karvan yolu da vardı, lakin çətinliyinə görə ondan nadir hallarda istifadə edirdilər.40

      Orta Asiyada karvanlar dincəlirdilər. Ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafəni qət etmək 150 gün çəkirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım idi.

      Ticarət olduqca gur və gəlirli idi, lakin o, natural təsərrüfat şəraitində yaşayan xalq kütlələrinə deyil, zinət şeylərinə daha çox ehtiyac duyan yuxarı təbəqəyə xidmət edirdi. Çinlilər İrandan istisnasız olaraq öz imperatriçələri üçün qiyməti çox baha olan məşhur sürmə alırdılar. Babilistan xalıları da nadir mal sayılırdı. Nəhayət, Çinə əsil və süni Suriya daş-qaşları Qırmızı dənizdən çıxarılmış mərcan, mirvari, Suriya və Misirdən parçalar, Kiçik Asiyadan narkotik maddələr gətirilirdi. Lakin ən mühüm ticarət malı ipək idi. O, Avropaya Avqustun hakimiyyəti illərindən gətirilməyə başlamışdı. Bizansın ipəyə ehtiyacı hədsiz idi, sarayın və əsilzadələrin ehtiyaclarından başqa barbarlarla əlaqələrdə, ən başlıcası isə muzdlu qoşun tutulmasında ipəkdən valyuta kimi istifadə olunurdu.

      Yustinianın dünya hakimiyyəti iddiası Bizans hökumətini anqlo-saks krallığı da daxil olmaqla bütün Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlamağa məcbur edirdi. Hədiyyə verməyə, lazımi adamları ələ almağa, muzdlu qoşun tutmağa hədsiz miqdarda ipək tələb olunurdu. Ticarət sayəsində Yustinian az qala bütün Aralıq dənizi hövzəsini onun hakimiyyətinə tabe edən dünya siyasəti aparmağa nail olmuşdu. İpək Bizansda qızıl və bahalı daşlarla eyni səviyyədə qiymətləndirilirdi.

      Lakin Bizansı bu son dərəcə qiymətli malla təchiz edən yol Şimali İrandan keçirdi, Sasani hökuməti isə karvan ticarəti üzərində nəzarəti qətiyyən əldən buraxmaq istəmirdi. Xam ipəyin böyük bir hissəsini istehsal üçün özlərində saxlayan iranlılar hazırladıqları məmulatları istədikləri vaxt özləri qoyduqları qiymətə Qərbi Avropa ölkələrinə sata bilirdilər.

      Bizans imperiyasının tənəzzülünə can atan farslar, təbii ki, onun mal dövriyyəsinin artmasına deyil, ipəyin qiymətinin bahalaşmasına çalışırdılar ki, bu vasitə ilə Bizansdan daha çox pul qoparsınlar, onu siyasi və hərbi baxımdan zəiflətsinlər. Mal dövriyyəsinin artması İran üçün sərfəli deyildi, çünki qiymətlər nə qədər yüksək olsa da Bizans ipəyi Avropa bazarında satmaqla ziyanını ödəyirdi, əldə edilən gəlir isə hərbi potensialı artırmağa imkan verirdi. Ona görə də farslar ipək ticarətinə ciddi məhdudiyyət qoyur, həm də buna yalnız yüksək qiymətlər vasitəsi ilə deyil, Qərbə aparılan ipəyin miqdarının məhdudlaşdırılması yolu ilə nail olurdu.

      Təbii ki, Bizans bu şəraitlə barışa bilməzdi, çünki ipəyə dəyərindən artıq pul verməklə o, düşmən İranın güclənməsinə imkan yaradırdı. Müharibələr arası fasilələrdə Konstantinopol sarayı kədər hissi ilə nə qədər qızılının düşmənin cibinə axdığını hesablamalı olurdu. Lakin iqtisadi asılılıqdan qurtarmaq təşəbbüsləri faydasız qalırdı. Təxminən 531-ci ildə Yustinian Afrika tacirlərinin vasitəçi rolunu öz öhdələrinə götürmələri və ipəyin Bizansa Hind okeanından gətirilməsi haqqında Efiopiya kralı ilə razılığa gəlmək istədi. Lakin iranlılar Hindistan limanlarında elə nüfuza malik idilər ki, efiopiyalıların ipək inhisarını onların əllərindən almaq cəhdi səmərəsiz qaldı. 532-ci ildə bağlanan sülh isə ipək ticarətinin əvvəlki qaydalarını bərpa etdi.

      İranla 540-cı ildə başlanan yeni müharibə Yustinianı xüsusi fərmanla ipəyin qiymətini aşağı salmağa vadar etdi, lakin fars tacirlərindən ipəyi həmin qiymətə almaq qətiyyən mümkün deyildi. Nəticədə xammal olmadığından Suriyadakı ipəktoxuma manufakturaları iflasa uğradı. 570-ci ildə Yəməni ələ keçirən Xosroy Ənuşirvan bizanslıların Qırmızı dəniz və Hind okeanı vasitəsi ilə şərqə çıxan yollarını qəti olaraq kəsdi. Elə həmin dövrdə də tarixi oyuna yeni oyundaş – türkyut xaqanlığı qoşuldu. Yuxarıda qeyd olunduğu kimi, türkyutlar Çindən xərac şəklində hər il xeyli ipək qoparırdılar. Çadırlarını bahalı ipəklərlə bəzəmələrinə baxmayaraq xanlar aldıqları parçanın hamısından istifadə edə