və məkan əlaqələrini öyrənir, həqiqətin aşkara çıxarılmasını öz qarşısına məqsəd qoymur. Riyazi məntiqin inkişafında formal məntiqin rolunu da danmaq mümkün deyildir. Burada fəlsəfi məntiqin iki aspektini (1.Dünyagörüşü məsələsi, 2.Metodoloji funksiyası) qeyd etməmək həqiqətdən uzaqlaşmaq olardı. Simvolik məntiqin əsas xüsusiyyəti mülahizələrin məzmununa görə deyil, ardıcıllığına görə nəticə çıxarmasıdır.
Riyazi məntiq formal məntiqin bir çox problemlərini əhatə edə bilsə də, onu tamamilə əvəz edə bilməz, çünki riyazi məntiqin “dili“ hər cür məzmundan təcrid olunmuş formallaşdırma dilidir, ənənəvi məntiq isə təfəkkür fenomenini məzmunlu analiz metodunun köməyilə tədqiq edir. Ənənəvi məntiq təfəkkürün formalarını konkret tədqiqat obyekti kimi öyrəndiyindən, bu elmi bir çox kitablarda formal məntiq kimi də verirlər. Onun əsas işi formallaşdırma metodu deyil, adi canlı dildə ifadə olunan adi anlayışlardır. Riyazi məntiq təfəkkürün forma və qanunlarının məzmununu və spesifik xüsusiyyətlərini heç vaxt aşkara çıxara bilməz.
Formal məntiq idrak haqqında, dəqiq desək, idrakda təfəkkürün rolundan, əhəmiyyətindən bəhs edən elmdir, odur ki, onun metodoloji aspektini gözdən qaçırmaq bizi yanlışlığa aparıb çıxara bilər. E.Voyşvillo da riyazi məntiqi formal məntiqin inkişafının yeni mərhələsi adlandırır. Bununla da formal məntiq qnoseoloji və ümumfəlsəfi məsələlər dairəsindən kənarda qalır.
Beləliklə aydın olur ki, müstəqil fəlsəfi elmlərdən olan məntiq – təfəkkürün nəzəriyyəsidir. Bu keyfiyyəti riyazi məntiqə aid etmək yanlış fikirdir. Riyazi məntiqin predmeti məntiqi sistemlərin məzmunudur. Məhşur gürcü alimi L.Qokielinin “Məntiqiliyin təbiəti haqqında (Tbilisi, 1958) monumental tədqiqat əsərində belə bir fikir çox maraqlıdır. O, riyazi məntiqi öz metod və predmetinə görə riyazi elmlərə, məntiqi isə, hesablama xarakterinə malik olmadığına görə, fəlsəfi elmlərə aid edir. Biz məntiqə aid yazılmış bir çox əsərlərdə zidd fikirlərə də təsadüf edirik. D.Qilbert və V.Akkermanın “Nəzəri məntiqin əsasları“ əsərinin rus dilinə tərcüməsinin müqəddiməsində S.Yankovski riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Bəzən də bu elmə riyaziyyatın və məntiqin hissəsi kimi baxırlar. Alman alimi Y.Qünter də riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Onun “məntiqin məqsədi – məntiqiliyin izahıdır, logistikanın (r. məntiqin – M.İ.) məqsədi isə hesablamaların qurulmasıdır” fikrilə tam razılaşmaq olar. Alimin belə bir müddəası də doğrudur ki, “məntiqin metodu – anlayışların təhlilidir, logistikanın metodu – simvolların sintezidir”. Bu fikirdən çıxan nəticə odur ki, məntiq fəlsəfi elmlərə, logistika isə riyaziyyata daxildir. Aydın olur ki, məntiqilik məntiqi əlaqələr, anlayışlar, hökmlər, əqli nəticələr və başqa fikir formaları arasında mövcuddur, lakin bu əlaqələri insan simvolik işarələrlə ifadə edə bilir, bu isə hər iki elmin qarşılıqlı əlaqə və qarşılıqlı təsirini aşkara çıxarır.
Xarici ölkə alimlərindən Q.Karrinin “riyazi məntiq fəlsəfi zəmindən azaddır" fikrilə isə heç cür razılaşmaq olmaz, çünki bütün elmlər fəlsəfə ilə əlaqəlidir və ona əsaslanır. Fəlsəfənin riyazi məntiqin formalaşması və inkişafında əhəmiyyətini iki aspektdən: 1.Dünyagörüşü, 2.Metodoloji izləmək olar. Fəlsəfi analizsiz formallaşdırma metodunun tətbiqinin mahiyyətini dərindən aşkara çıxarmaq mümkün deyil. Bütün elmlərin fəlsəfi məsələləri olduğu kimi, riyazi məntiqin də fəlsəfi problemləri vardır. Örnək üçün bircə misal gətirək. Klassik və konstruktiv yönlər arasındakı fərqin fəlsəfi əhəmiyyətini öyrənməyin riyazi məntiq elminin inkişafında böyük əhəmiyyəti vardır. Riyazi məntiqdə tədqiqatın ən güclü silahı olan formallaşdırma metodu isə fəlsəfi təfəkkürün nəticəsidir. Yekun olaraq deyə bilərik ki, formal məntiq predmetinə görə formal, tədqiqat metoduna görə məzmunlu xarakter daşıyır. Lakin riyazi məntiq isə həm predmetinə, həm də tədqiqat metoduna görə formaldır.
Riyazi fizika, kimya, dilçilik, statistika və digər elmlər riyazi metodlardan istifadə etsə də bu metod fizikanın, kimyanın, dilçiliyin, statistikanın bütün tələblərini əhatə etmir, edə də bilməz. Eynilə də riyazi məntiq predmetinə görə məntiq, metodlarına görə riyaziyyat olsa da, formal məntiqin bütün problemlərini, sahələrini əhatə etmir, onu heç vaxt əvəz də etməyəcəkdir.
Bir qədər də formal və dialektik məntiqin qarşılıqlı əlaqəsinə müraciət edək. Dialektik məntiq dialektik təfəkkür və dialektik metod nəzəriyyəsi kimi yüz ildən çoxdur ki, mövcuddur. Bu elm məntiqi biliklərin inkişafında ən yüksək mərhələdir və elmi-nəzəri idrakın günbəgün artan bütün tələblərinə cavab verə bilir. Dialektik məntiqin prinsip və metodları bu gün iqtisadiyyata, biologiyaya, kimyaya, fizikaya və digər xüsusi elmlər sahəsinə daha sürətlə nüfuz edir, onun müddəa və prinsipləri əsasında sosial həyatın bütün sahələrində mövcud olan külli miqdarda faktların dərindən ümumiləşdirilməsi və gələcək inkişaf yollarının proqnozlaşdırılması həyata keçirilir. Elmi biliklərin müasir səviyyəsi fikirlərimizin predmet və hadisələrin dialektik tələbinə nüfuz etməsilə xarakterizə olunur. Dialektik məntiq təfəkkürü həqiqətə nail olmağın silahı kimi öyrənir. Sosial gerçəkliyin elə bir sahəsi yoxdur ki, orada dialektik məntiqin metodlarından, prinsip və qanunlarından istifadə olunmasın. Lakin bu o demək deyil ki, burada həll ediləsi problem yoxdur. Bu sahədə öz həllini gözləyən bir sıra problemlərin zəruriliyini göstərə bilərik: 1.Dialektik məntiqin predmeti, problemləri və onun başqa fəlsəfi elmlər arasında yeri; 2.Dialektik məntiqin qanunlarının, forma və kateqoriyalarının xüsusi məzmununun aşkara çıxarılması məsələləri; 3.Dialektik məntiqin bir tərəfdən formal məntiqə, digər tərəfdən riyazi məntiqə münasibəti problemləri; 4.Dialektika ilə dialektik məntiqin qarşılıqlı əlaqə və təsirinin aşkara çıxarılması; 5.Təfəkkürdə məntiqiliyin xüsusiyyətlərini müəyyən etmək problemləri və s.
Elmi biliklərin çağdaş inkişaf səviyyəsi fikrin, əşyaların və hadisələrin dialektik təbiətinə daha dərindən nüfuz etməsini tələb edir. Müxtəlif elmlərin nümayəndələri, alimlər öz araşdırmalarında daim əksliklərin vəhdəti və mübarizəsinin başqaları ilə əvəz olunması proseslərilə qarşılaşırlar. Elm öz xarakterinə görə daha çox dialektik forma kəsb edir. Belə şəraitdə hadisə və proseslərin obyektiv dialektikasını təhlil etmək, başqa sözlə, dialektik tədqiqat metodlarına yiyələnmək bacarığı tələb olunur. Məsələn, fizika elmi hissəciklərin qarşılıqlı əlaqəsinin ziddiyyətli təbiətini nəzərə almadan inkişaf edə bilməz. Assosasiya və dissosasiya (birləşmə və dağılma), kimyəvi birləşmə və qarışıq – atom və subatom formalarının hərəkəti və s. prosesləri öyrənmədən kimya elminin mövcudluğundan danışmaq mümkün deyildir. Orqanizm və mühitin qarşılıqlı əlaqəsinin, irsiyyət və dəyişkənliyin, səbəbiyyət və qanunauyğunluğun qarşılıqlı əlaqəsini təhlil etmədən bioloji biliklərin inkişafından danışmaq ağlasığmazdır. Müasir elmlərdən kibernetika çox sürətlə inkişaf edən elm sahələrindəndir. Onun inkişafını düzünə və əks əlaqə, səbəb və fəaliyyət, inikas, siqnal və bu kimi fundamental dialektik anlayışlardan kənarda təsəvvür etmək olmaz. Vurğulamaq yerinə düşər ki, bugün dialektik məntiqin problemlərinin nəzəri cəhətdən işlənməsi sahəsində müəyyən nöqsanlar da vardır: Birincisi, dialektik