Rövşən Yerfi

Üzdəniraq ada


Скачать книгу

nəfəri çəkinmə-dən ikinci və hətta üçüncü dəfə növbəyə durub balanda alırdılar.

      Az keçməmiş rəisin müavinləri də yeməkxanaya gəldilər. Onların gəldiyini görən çöldə dayanan zabitlər də içəri daxil olub zal boyunca nizamla düzüldülər.

      Balandanın iyindən içəridə çox dayana bilməyən müavinlər yeməkxananın hər tərəfinə göz gəzdirib çölə çıxdılar.

      Cəbrayıl qapının qarşısında əlində balanda ilə dolu miski tutan məhkumun qarşısını kəsmişdi:

      – Qaytar, qaytar geriyə. Baraka yemək aparmaq olmaz, rəis tapşırıb.

      – Cəbrayıl müəllim, kəndçimçin aparıram, xəstədir, gələ bilmir.

      – Xəstədir, getsin sançasta. Ya da get növbətçidən icazə al, sonra apar. Sən bilirsən ki, yeməkxanadan yemək daşımağa ancaq üzdəniraqlara icazə verilib. Sən, üzdəniraq deyilsən?

      – Cəbrayıl müəllim, bu nə sözdür, – məhkum incidi, – nə olar qoymayın, Allah canınıza dəyməsin, – miskini stollardan birinin üstü-nə qoyub, burnunda mızıldanıb çölə çıxdı.

      Cəbrayıl zala daxil olandan hər şeyə nəzər yetirən Şəfiyə məsləhət verdi:

      – Bax, belələrini görəndə, sən də qarşısını al. Səni daha da tez tanıyarlar.

      – Bəlkə, doğrudan xəstə olanı var?

      – Xəstələri biz tanıyırıq, kim xəstədir. Bu xörək daşıyanların çoxu şusturyaklık edir. Başdanxarabın birisi oturur barakda, belələri-ni göndərir ki, get mənimçün balanda gətir.

      – Yeməyə hamı gəlmir?

      – Xeyir. Əvvəllər on faizi gələrdi, indi çöldə yaşayış çətin-ləşdiyi üçün yarıya qədəri gəlir.

      Bayaqdan bütün zal boyu var-gəl edən dəstə rəisi mayor Nuru müəllim onların bərabərinə çatanda Şəfiyə dedi:

      – Məsəl var, atı atın yanına bağlarsan həmrəng olmasa da, həmxasiyyət olar. İndi nəbadə bunun xasiyyətlərini öyrənəsən, – Cəb-rayılı göstərirdi, – işini öyrən, amma xasiyyətini yox.

      – Xasiyyətim nə qədər təhlükəli olsa da, ayağı sürüşkənlikdə sizə çatmaram.

      – Gördün? – Nuru Şəfiyə sual etdi, – bu hələ mədəni forması-dır.

      – “Körpə” hardadır, gözə görünmür, – Cəbrayıl maraqlandı.

      – Sən bilərsən. Gül kimi uşağı korladın, vələdüzna etdin. İndi nə bilim, kim qucağına alıb?

      – Indi şəbədə edirsən, vaxt gələcək rəis olacaq, yalmanacaq-san. Niyə də olmasın? Yuxarıda adamı da var, yetərincə pulu da var, nə olsun ki, özəl universitet bitirib…

      – “Körpə” kimdi? – Şəfi soruşdu.

      – “Körpə” səhər iclasda gördüyün uzun, arıq leytenant var idi ha, – Cəbrayıl eyni zamanda onun yerişini yamsıladı, – Rahib, hə onun aya-masıdı. Bir ildir işləyir. Təzə gələndə ona da mən hamilik etdim, fırıl-dağın biridir, “körpə” olmasına baxmayaraq. Hə, qardaş burda hamının ayaması var. Darıxma, bir-iki günə sənə də ayama tapacaqlar, – ətrafdakı rəislərə işarə edib sadaladı, – alkaş, qaqaş, bozdar, masya, zır-zır. Nuru da ki, xəbərin olsun, obşakdır. Bizim obşakımız. Amma, ağlına başqa qafiyəli söz gəlməsin ha…

      Nuru tez cibindən iri bir təsbeh çıxarıb onun kürəyinə zərblə çırpdı:

      – Ay səni, “çort”…

***

      Saat ikidə məhkumların naharı bitdi. Axıra qalmış son beş-on nəfər də nəzarətçilərin hay-küyü ilə çölə çıxarıldı və yeməkxananın qapısı bağlandı. Zabitlər hərə öz otağına çəkildi. Şəfi də Cəbrayılla otağa qayıtdı. Yerində rahatlanıb oturandan sonra əlini mədəsinin üs-tünə aparıb Cəbrayıldan soruşdu:

      – İşçilər burada naharı necə edirlər?

      – Baxır da, kimə necə sərf edir, – Cəbrayıl hazırlıq görərək, qarşısına düzülmüş kitab-dəftəri bir qırağa yığaraq stolun üstünü sah-manladı, – çöldə, qapıdan əlli metr aralıda yeməkxana var, imkanlı oğlanlar naharı orada yeyirlər.

      – Xərci nə qədərdir?

      – Ay ərzində eləyir təqribən maaşın otuz faizi.

      – Çox deyil?!

      – Az da deyil. Bu belə. Adam var yeməyini əlində evdən gəti-rir. Ya imkanı azdı, ya mədəsi xəstədir. Bəzisi də dustaqdan nəsə alıb yeməyi ayıb sayır. Ancaq, məncə bu ağılsızlıqdır. Uçastkovu öz sahə-sindən dolanır, yol polisi sürücüdən alır. Mən də dustaqla işləyirəm, dustaqdan da dolanmalıyam. Dustaq da bizim kimi insandır, nə olsun məhkum olunub. Əhmədə tapşırmışam, hər gün görüşə gələn ərzaqdan mənə nahar hazırlasın. Niyə də yeməyim? Düz demirəm? Görən Əhməd bu gün nə hazırlayıb?

      Cəbrayıl qapıya tərəf getmək istəyirdi ki, Əhmədin köməkçisi əlində ağzıbağlı tava otağa daxil oldu

      – Bəh, bəh, bəh… Nədi ə, bişirdiyiniz?

      – Rəis, kartof qızartmasıdır, – məhkum cavab verdi.

      – Əla, əla, belə yeməyi heç şah da yemir. Şəfi, yaxın otur, başla, yoxsa mədəmizdə şirə qalmayacaq.

***

      Cəbrayıl naharını qurtardıqdan sonra, əvvəl çarpayıya uzanıb dincəlmək istədi, lakin qolundakı saatına baxıb qərarını dəyişdi:

      – Gün yarını keçdi, bir iş görmədim, gedim fırlanım görək nə var, nə yox.

      O, otaqdan çıxdı, üç dəqiqə keçmədi, bir məhkumu qabağına qatıb geri qayıtdı:

      – Əlivi çıxar cibindən, özün də düz dayan, – yerində əyləşdi, qələmini götürüb stolun üstündəki kağıza qeyd etməyə başladı.

      – Adın, soyadın, maddən? Yaxşı, adam üçün neçə dəfə keçər-lər? Deyilib ki, barakda siqaret çəkmək olmaz. Şəxsən rəis göstəriş verib.

      – Cəbrayıl müəllim, vallah, barakda çəkmirdim, elə yandırıb çölə çıxmaq istəyirdim ki, gəlib tutdunuz, – məhkum yalvarışlı səslə Cəbrayılın sözünü kəsdi, – keçin taxsırımdan.

      – Xeyr, keçməz. Çox keçmişəm, axırıncı iki xəbərdarlığımı tarixi ilə bax bura da qeyd etmişəm, – qarşısındakı dəftərlərdən birini vərəqləyib göstərdi, – məhkumla tərbiyəvi mövzuda söhbət apardım, görürsən, xeyri nə oldu? Sən necə vardın elə qalmaqda davam edirsən. Odur ki, səndən bu dəfə rəisin adına raport yazıb cəzalandırılmağını xahiş edəcəyəm. Axırıncı dəfə şizoda nə vaxt olmusan?

      – Bir il qabaq.

      – Deynə darıxmışam da, elə sənə lazımmış havavı dəyişəsən.

      – Cəbrayıl müəllim, mən şizodan qorxan oğul deyiləm. Şizonu biz dustaqlar üçün tikiblər də… Amma, baxır nədən ötrü, bir siqaretə görə orda yatmağa dəymir. Düz deyirsiz, mənə çox hörmət etmisiniz, qabağınızda xəcalətliyəm.