Сабир Азери

Dalanda


Скачать книгу

epigraph>

      Alim-sosioloq dostum Tacid Xasiyevin unudulmaz xatirəsinə ithaf edirəm.

Sabir Azəri

      Ortaboylu, arıq, çox fikirli görünən bir kişi, əlində köhnə, iri, qara portfel dəniz kənarında o başa-bu başa gəzişirdi. Axırda boş-boşuna veyillənməkdən, bir də onun kimi sahildə hey vurnuxan, çığırışan qağayıların səsindən bezib, evə getməyi qərara aldı. Üstəlik də hava qaralmışdı, sahildəki işıqlar xeyli vaxtdı ki, yanmışdı; sarımtıl işıqda sahildə gəzişən adamların üzləri də sapsarı, ölü rənginə çalırdı və bu ölü rəngli sifətlər də onu bir yandan sıxırdı.

      Onu ən çox yorub əldən salan isə eyni bir sualı beynində günortadan bəri dolandırması idi. Lap bezmişdi bu sualın əlindən: «Kimi aldadırıq? Yəni anlamırıq ki, yalnız özümüzü aldadırıq? Axı, niyə aldadırıq? Nəyin naminə aldadırıq?..»

      O, xiyabanları, sonra maşınların sel kimi axdığı Neftçilər prospektini keçdi. Qız qalasının yanından ötəndə ayaq saxladı. Adəti idi, hər burdan ötəndə dayanıb Qız qalasına tamaşa edər və hər dəfə də ürəyindən keçərdi ki, bu qalanı tikənlər heç yaxşı iş görməyiblər, çünki onu görəndə adamın ürəyini qüssə bürüyür, dərhal yadına gözəl, amma taleyi çox uğursuz bir qız düşür. Ona elə gəlirdi ki, o qız dayanıb qalanın lap zirvəsində, indicə özünü atacaq aşağı və dəyəcək asfalta; nədən ki, indi dəniz qaladan xeyli aralı idi.... Bu anlarda qışqırmaq, hamını köməyə çağırmaq istəyirdi. Nədənsə səsi batırdı. Qışqırmaq nədir, heç pıçıldaya da bilmirdi, eləcə yazıq-yazıq, altdan-yuxarı, sonra da ətrafına boylanır və çox vaxt da ətrafında deyib-gülən, harasa tələsən adamlar görürdü. İstəyirdi bu deyib-gülən, harasa tələsən adamları saxlasın, qalanın başındakı o gözəl, o dümağ paltarlı (niyəsə həmin qızı yalnız ağ paltarda, buludların arasında süzən göyərçin kimi, qanadları gərili təsəvvür edirdi) qızı göstərsin və yalvarsın ki, bir dayanın, bir ora baxın…

      Bu gün də belə oldu və yenə fikirləşdi ki, yox, Qız qalasını tikənlər yaxşı iş görməyiblər. Gərək adamı bədbinləşdirən, əl-qolunu bağlayan, ümidini üzən abidələr qoyulmasın. Axı, kimə, nəyə lazımdır belə abidələr? Məyər insanların bu dünyada dərdi azdı, hələ üstəlik yadlarına da dərdli əhvalatlar salırıq?!

      Bax, bu yerdə, düşüncələrinin bu məqamında, yəni həmin o «Niyə? Kimə?…» suallarından sonra halı daha da xarablaşır, təzədən əsəbiləşir və titrəməyə düşürdü. Çünki yenə səhərdən onu üzən sualı təkrar etməli olurdu: «Kimi aldadırıq? Axı, niyə aldadırıq? Nəyin naminə aldadırıq?»

      O, hər bu sualdan sonra yerişini bərkidirdi…

      Yenə elə oldu. İçərişəhərin ensiz küçələri ilə yeyin-yeyin, az qala qaça-qaça getdi. Öz dalanlarına təzəcə çatmışdı ki, fışıltı qopdu. Bircə onu gördü ki, dalandan tünd qırmızı rəngli «Jiquli» çıxıb düz üstünə şığıyır…

      Qırmızı «Jiquli»dəki adamlar – cavan oğlan və qız donub qalmışdı, maşından düşə bilmirdilər.

      Qızın alnı qabaq şüşəyə dəyib qanamışdı, şüşə də ortadan çatlamışdı. Qız alnının isindiyini hiss etdi, əlini alnına aparanda və barmaqlarını qıpqırmızı görəndə qışqırdı, oğlan bu qışqırıqdan özünə gəldi, dəsmalını çıxarıb tələsik qızın alnının qanını sildi və səsi titrəyə-titrəyə dedi:

      – Qorxma, bekar şeydir.

      Qız doğrudan da sakitləşdi. Lakin bu, bir an çəkdi, sonra təzədən uçunmağa başladı.

      – Görən öldümü?– Oğlan çiynini oynatdı.– Diri olsaydı qalxardı, heç qımıldanmır da.

      – Bə indi neyləyək? Bəlkə aradan çıxaq?– İndi də qız çiynini oynatdı. Yanaqlarından süzülüb ağzına dolan göz yaşlarını dili ilə yalayıb dedi:– Ələ keçsək xaric məsələn batdı, bütün arzularımızın üstündən qara bir xətt çəkildi.

      Oğlan maşını işə salanda bir qadın peyda oldu. Qadın yerdə uzanmış adamı və onun başının yanında göllənmiş qanı görüb, dalı-dalı çəkildi və çığırdı:

      – Ay haraaay, bizim Qafarı öldürüblər!

      Qadın əlinin işarəsiylə «Jiquli»dəki oğlanı başa saldı ki, maşını dala çək, oğlan həyəcandan açarı yerə salmışdı, əvvəlcə onu çətinliklə tapdı, sonra zor-bəla maşını geri verdi. Gözləri necə torlanmışdısa da gündə azı on kərə girib-çıxdığı dalan ona çox ensiz göründü…

* * *

      …Qafar Vəlizadə o biri otaqdakı danışıqları zorla eşidirdi. Danışan yoğun səsli kişi idi. Dayan, dayan, tanıdı, qonşuları akademik Mürşüdov idi. «Bacı, bir xatadı, olub – deyirdi.– Sırf təsadüfdü, vallah, gərək bağışlayasınız. Marks deyib ki, həyat təsadüflərlə doludur. Bu da sırf təsadüfdür. İş adam başına gələr. Şükür allaha, arada ölüm-itim yoxdur. Gərək hər şeyi bağışlayasız qonşuluğa. Nahaq deməyiblər ki, ən yaxın qohum sənin qonşundur».

      Fəridə ağlayırdı. Bir ara ortaya sükut çökdü. Sonra təzədən akademik Mürşüdovun səsi gəldi: «Sizdən bir balaca xahişim var. Hələlik heç yana xəbər verməyin. Həkim üçün də narahat olmayın, çağırmışam. Bakının ən məşhur professorudur, neyroxirurqdur, əlləri qızıldır, ərinizi beş-on günə qaldırıb qoyacaq ayaq üstə. Onu bəyənməsəniz başqasını gətirərəm. Bilirsiz də mən akademikəm, maşallah, tanışlar istənilən qədərdir. İnanın, tezliklə hər şey yaxşı olacaq…»

      Fəridə ona küt-küt baxırdı, elə bil kişinin danışdıqlarını ya başa düşmür, ya da heç eşitmirdi. Akademik Mürşüdov ürəklənib əlini cibinə saldı, bir qalaq pul çıxarıb qımışa-qımışa ona uzatdı: Fəridə yuxudan ayılan kimi oldu və bağırdı:

      – Çıxın gedin! Tez olun, əkilin, gözüm görməsin sizi!

      Akademik Mürşüdovun əli uzanıqlı qalmışdı. Fəridə bir də qışqırdı:

      – Gedin, deyirəm sizə! Çıxın gedin!

      Bu vaxt dalanda «QAZ-24» göründü. Ortayaşlı, qıvraq bir kişi, əlində diplomat maşından düşüb həyətə girdi, tələsə-tələsə yuxarı qalxdı.

      Mürşüdov pulu cibinə qoyub dedi:

      – İndicə haqqında danışdığım professor budur. Cərrahiyyədə tayı-bərabəri yoxdur.

      Fəridə ara qapının ağzını kəsdi.

      – Sizin həkiminiz mənə lazım deyil, özüm çağırtdırmışam.

      – Çağırtdırmısınız?– ikisi də birdən soruşdu.

      – Hə.

      – Haçan!? Kimi?..– professor nigarançılıqla Mürşüdova baxdı, Mürşüdov özünü tez ələ aldı, hətta gülümsədi də.

      – Bacı, neylək,– dedi,– çağırtdırmısınız lap əcəb eləmisiniz. İcazə verin, hələlik professor baxsın. Elə bilin o qardaşınızdır.

      – Xəstə yanına gəlib ona ilk yardım göstərmək hətta düşmənin də borcudur, o handa qala sovet həkimi ola.– Professor sumkasını açdı.

      Fəridə ara qapını aralayıb, ərinə tamaşa edəndə gördü ki, Qafarın sağ qolu çarpayıdan yerə sallanır, elə bildi ki, ölüb, qışqırıb özünü onun üstünə saldı.

      Onlar yenə nigarançılıqla baxışdılar. Professor pıçıltıyla dedi ki, «təcili yardım»ı içəri buraxmaq olmaz, sən yeri, dalanı kəs.

      Akademik Mürşüdov bayıra çıxdı.

      Professor Mürşüdov Qafarın biləyini Fəridənin əlindən zorla aldı və nəbzini yoxladı. Sevinmiş dedi:

      – Bacı, qorxmayın, nəbzi vurur. Qaydasınca vurur.

      – Nəbzi vurur? Doğru sözündür?– Fəridə az qala professoru qucaqlayacaqdı. Əyilib qulağını ərinin sinəsinə söykədi, ürək döyüntüsünü eşitmədi. Hönkürdü.–Yalan deyirsən! Məni aldadırsan, kişi keçinib.

      – Vallah, yalan demirəm, bacı, bir əlini bəri ver– Professor Mürşüdov Fəridənin barmaqlarını aparıb Qafarın nəbzinin üstünə qoydu.– Hiss edirsən?

      – Yox, heç nə hiss etmirəm.

      – Çünki