Карл Генрих Маркс

KAPİTAL. Siyasi iqtisadın tənqidi


Скачать книгу

öz real varlığından fərqli bir fantastik forma almalı olmur. Bunlar ictimai dövrana natural xidmətlər və natural mükəlləfiyyətlər kimi daxil olur. Burada əməyin bilavasitə ictimai formasını heç də əmtəə istehsalı əsasında qurulan cəmiyyətdəki kimi əməyin ümumiliyi deyil, onun natural forması, onun xüsusiyyəti təşkil edir. Əmtəə istehsal edən əmək kimi, biyar əməyi də vaxtla ölçülür, lakin hər bir təhkimli bilir ki, öz ağası üçün işləyərkən öz şəxsi iş qüvvəsinin müəyyən qədərini sərf edir. Onun keşişə verməli olduğu əşər keşişdən aldığı xeyir-duadan müqayisə edilməz qədər aydın bir şeydir. Beləliklə, orta əsrlərdə insanlar bir-biri ilə qarşılaşdıqda onların üzündəki xarakterik maskalar hər necə qiymətləndirilsə də, insanların öz əməyində onların ictimai münasibətləri hər halda burada şeylərin, əmək məhsullarının ictimai münasibətləri cildinə girməyib məhz insanların öz şəxsi münasibətləri kimi meydana çıxır.

      Ümumi əməyi, yəni bilavasitə ictimailəşmiş əməyi tədqiq etmək üçün bu əməyin bütün mədəni xalqların tarixi başlanarkən təsadüf etdiyimiz ibtidai formasına qayıtmağımıza ehtiyac yoxdur. Öz istehlakı üçün taxıl, mal-qara, iplik, kətan, geyim şeyləri və i. a. istehsal edən kəndli ailəsinin patriarxal kənd istehsalı bizə daha yaxın bir misal verir. Bu müxtəlif şeylər həmin ailəyə öz ailə əməyinin müxtəlif məhsulları kimi qarşı durur, lakin bu şeylər bir-birinə əmtəə kimi qarşı durmur. Bu məhsulları yaradan müxtəlif işlər: tarlanın becərilməsi, mal-qaraya baxılması, əyiricilik, toxuculuq, dərzilik və i. a. öz natural formasında olan ictimai funksiyalardır, çünki bunlar, əmtəə istehsalında olduğu kimi, təbii surətdə meydana gəlmiş öz əmək bölgüsü olan ailənin daşıdığı funksiyalardır. Cins və yaş fərqləri, habelə ilin fəsillərinə görə təbii əmək şəraitinin dəyişilməsi ailə üzvləri arasında əmək bölgüsünü və ayrılıqda hər bir ailə üzvünün iş vaxtını tənzim edir. Lakin fərdi iş qüvvələrinin vaxtla ölçülən məsrəfi burada artıq lap əvvəldən həmin işlərin özünün ictimai tərifi kimi meydana çıxır, çünki burada fərdi iş qüvvələri lap əvvəldən ailənin məcmu iş qüvvəsinin ancaq orqanları kimi fəaliyyət göstərir.

      Nəhayət, müxtəliflik xatirinə, ümumi istehsal vasitələri ilə işləyən və planauyğun surətdə [zelbstbewusst] öz fərdi iş qüvvələrini bir ictimai iş qüvvəsi kimi sərf edən sərbəst insanlar ittifaqını təsəvvürə gətirək. Robinzon əməyinin bütün tərifləri burada təkrar olunur, lakin fərdi miqyasda deyil, ictimai miqyasda təkrar olunur. Robinzon əməyinin bütün məhsulları ancaq onun şəxsi məhsulu idi və, deməli, onun özü üçün bilavasitə istehlak şeyləri idi. Sərbəst insanlar ittifaqının bütün əmək məhsulu ictimai məhsuldur. Bu məhsulun bir hissəsi yenidən istehsal vasitələri xidməti görür. Həmin hissə ictimai məhsul olaraq qalır. Lakin digər hissə ittifaq üzvləri tərəfindən yaşayış vasitələri kimi istehlak olunur. Buna görə də həmin hissə onların arasında bolüşdürülməlidir. Bu bölüşdürmənin üsulu ictimai istehsal orqanizminin öz xarakterinə və istehalçıların tarixi inkişaf pilləsinə uyğun olaraq dəyişiləcəkdir. Yalnız əmtəə istehsalı ilə müqayisə üçün fərz edək ki, yaşayış vasitələrində hər bir istehsalçının payı onun iş vaxtı ilə müəyyən edilir. Bu şəraitdə iş vaxtı iki cür rol oynayardı. Onun ictimai-planauyğun surətdə bölüşdürülməsi müxtəlif əmək funksiyaları ilə müxtəlif tələbat arasında lazımi nisbət yaradır. Digər tərəfdən, iş vaxtı eyni zamanda məcmu əməkdə və, deməli, bütün məhsulun fərdi surətdə istehlak edilən hissəsində istehsalçıların fərdi iştirakı üçün bir ölçüdür. Burada insanların öz əməyinə və öz əmək məhsullarına olan ictimai münasibətləri həm istehsalda, həm də bölgüdə son dərəcə aydındır.

      Əmtəə istehsalçıları cəmiyyətinin ümumi ictimai istehsal münasibəti ondan ibarətdir ki, burada istehsalçılar öz əmək məhsullarına əmtəə kimi, deməli, dəyər kimi yanaşırlar və bu şey formasında onların xüsusi işləri bir-birinə bərabər insan əməyi nisbətində olur; belə bir cəmiyyət üçün ən münasib din forması abstrakt insanı təqdis edən xristianlıqdır, xüsusən onun protestantlıq, deizm və i. a. kimi burjua növləridir. Qədim Asiya, antik və i. a. istehsal üsulları şəraitində məhsulun əmtəəyə çevrilməsi və, deməli, insanların əmtəə istehsalçısı kimi varlığı tabe rol oynayır, lakin icma yaşayış tərzinin dağılması daha çox dərinləşdikcə, bu rol daha əhəmiyyətli olur. Əsil tacir xalqlar Epikur allahları kimi ancaq qədim dünyanın aləmlərarası fəzalarında və ya polyak cəmiyyətinin məsamələrindəki yəhudilər kimi yaşayırlar. Bu qədim ictimai istehsal orqanizmləri burjua ictimai istehsal orqanizminə nisbətən müqayisə edilməyəcək dərəcədə sadə və aydındır, lakin bunlar ya başqa adamlarla hələ təbii-qəbilə əlaqələri göbəyindən ayrılmamış olan fərdi insanın yetkin olmamasına, ya da bilavasitə ağalıq və tabelik münasibətlərinə əsaslanır. Bunları yaşadan şərt əməyin məhsuldar qüvvələrinin aşağı inkişaf pilləsində olmasından və müvafiq surətdə insanlar arasındakı münasibətlərin həyatın maddi istehsal prosesi çərçivəsi ilə məhdud olmasından, deməli, onların bir-birinə və təbiətə olan bütün münasibətlərinin məhdudluğundan ibarətdir. Bu gerçək məhdudluq təbiəti ilahiləşdirən qədim dinlərdə və xalq etiqadlarında ideal surətdə əks olunur. Gerçək aləmin dini inikası ümumiyyətlə ancaq o zaman aradan qalxa bilər ki, insanların gündəlik əməli həyat münasibətləri onların bir-biri ilə və təbiətlə aydın və ağla uyğun əlaqələrində ifadə olunsun. İctimai həyat prosesinin, yəni maddi istehsal prosesinin quruluşu öz üzərindəki mistik dumanlı pərdəni ancaq o zaman atacaqdır ki, bu quruluş insanların sərbəst ictimai ittifaqının məhsulu olsun və onların şüurlu planauyğun nəzarəti altında olsun. Lakin bundan ötrü cəmiyyətin müəyyən maddi əsası və ya bir sıra müəyyən maddi həyat şəraiti lazımdır ki, bu da uzun sürən və əzablı bir inkişaf prosesinin təbii surətdə yetişən məhsuludur.

      – Doğrudur siyasi iqtisad dəyəri və dəyər kəmiyyətini – kifayət qədər olmasa da – təhlil etmiş34 və bu formalarda gizlənən məzmunu aşkar çıxarmışdır! Lakin siyasi iqtisad bircə dəfə də belə bir sual verməmişdir ki, nəyə görə bu (məzmun belə bir forma alır, başqa sözlə desək – nəyə görə əmək dəyərdə ifadə olunur, əməyin ölçüsü olmaq etibarı ilə onun sərf olunduğu müddət isə əmək məhsulunun dəyər kəmiyyətində35? İnsanın istehsal prosesi üzərində deyil, istehsal prosesinin insanlar üzərində hakim olduğu bir ictimai formasiyaya mənsub olmaq damğası daşıyan formullar siyasi iqtisadın burjua düşüncəsinə özlüyündə aydın olan bir şey kimi, məhsuldar əmək qədər təbii və zəruri bir şey kimi görünür. Buna görə də kilsə xadimləri xristianlıqdan əvvəlki dinlərə necə xor baxırlarsa, siyasi iqtisad da burjua ictimai istehsal orqanizmindən əvvəlki ictimai istehsal orqanizmi formalarına təqribən eləcə xor baxır36.

      Mübadilə dəyərinin yaradılması prosesində təbiətin rolu haqqında bəzi iqtisadçıların darıxdırıcı və mənasız mübahisəsi də göstərir ki, əmtəə aləminə xas olan fetişizm, yaxud əməyin ictimai təriflərinin şey şəklində görünməsi bu iqtisadçıları nə dərəcədə çaşdırır. Mübadilə dəyəri şeyin istehsalına sərf olunmuş əməyi ifadə etmək üçün ancaq müəyyən bir ictimai üsul olduğuna