sükut içində bu qəribəlikləri həm qorxuyla, həm də qeyri-adi duyğuyla müşahidə edirdilər. Bir az da belə qalsaydılar, bəlkə də diri-diri yanardılar. Birdən düz yanlarında ruh titrədən qəribə fəryad eşitdilər. Bir anda yenidən özlərinə gəldilər, çox böyük çətinliklə hərəkət edən pilləkənlərə tərəf qaçıb təngənəfəs aşağı düşdülər. Sağa-sola diqqət etmədən enərkən bir neçə dəfə müvazinətlərini itirib az qala çarxların üzərinə düşəcəkdilər. Amma bir-birlərindən yapışıb özlərini içəri atmışdılar, tezcənə aradan çıxmışdılar.
Pilləkənlərin son on mərtəbəsini, az qala yıxıla-yıxıla, çətinliklə enərkən əllərindəki köhnə qoşa lüləni də itirmişdilər. Ani olaraq qapalı su anbarının idarəetmə kabinetinə hücum etmişdilər. İşin tərsliyindən dəmir qapı sanki mıxlanmış şəkildə dururdu, yerindən hec cür tərpənmirdi… Elə düşünürdülər ki, arxada mutantlar gəlir. Bu qorxuyla, oradan uzaqlaşıb şimaldakı növbətçi hissədə keşik çəkənlərin yanına qaçdılar.
Böyük qapını açıq buraxmaqla axmaqlıq etdiklərini yaxşı bilirdilər; beləliklə, bu qorxunc varlıqları metroya, insanlara gedən yola sərbəst şəkildə daxil olmaqları üçün qapını onların üzlərinə açmış oldular. Buna görə də ağızlarını möhkəm saxlamaq, harda olduqları haqqında böyüklərə bir kəlmə danışmamaq barədə söz verdilər. Burdakı keşik çəkənlərəsə yan tunellərdən birində siçanları qovmaq istəyərkən silahlarını itirdiklərini, sonra da qorxduqları üçün geri qayıtdıqlarını dedilər.
Artyom o zaman ögey atasından yumşaq yerinə qayış zərbələri də almışdı. Amma afərin Artyoma, dözmüşdü… Sanki əsirlərə verilən işgəncələr kimi, digər dostları da vaideynləri tərəfindən böyük cəzaya məruz qalmışdılar. Lakin hərbi sirri kimsəyə verməyən kəşfiyyatçılar kimi, Artyom və dostları da gördükləri, rastlaşdıqları hadisələr barəsində heç kimə kəlmə də demədilər.
Bu haqda danışmasalar da xəyalən geriyə qayıdıb, bir anlıq bu hadisəni düşünəndə çox narahat olurdu; görəsən, o qəhrəmanlıq hekayəsinin – xüsusilə, açdıqları su bəndinin kənar növbətçi hissələrinə son illərdə hücumlarını artıran qorxunc varlıqlarla əlaqəsi ola bi-lərdimi?
Artyom yolda gedərkən qarşılaşdığı insanlarla salamlaşmaq, ən yeni xəbərləri öyrənmək, bir tanışının əlini sıxaraq, sevgilisini öpərək, atalığı barədə soruşan böyüklərlə danışaraq orda-burda fasilə verdikdən sonra öz çadırına gəlib çatdı. Heç kim yoxdu. Saşanı gözləmədən yatıb dincəlməyə qərar verdi. Səkkiz saat növbə tutmaq asan iş deyildi. Çəkmələrini çıxarıb pencəyini yanına qoydu, üzünü yastıqda gizlətdi. Çox keçmədən yuxuya getdi.
Çadırın kənarı yuxarı çəkildi və üzü aydın sezilməyən, iri cüssəli siluet içəriyə daxil oldu. Keçəl bir adam lampanın qırmızı işığında göründü.
– Gördünmü, yenə qarşılaşdıq. Ögey atan burda deyil. Zərəri yoxdur. Necə olur-olsun, sonda onu ələ keçirdəcəyik. Bizdən qaçmaq mümkün deyil. O zamana qədərsə, sən mənimlə gəlməlisən. Səninlə danışacağım bəzi şeylər var. Həmçinin, “Botaniçeskiy Sad”dakı bəndlə bağlı…
Artyom donub qaldı, səsindən özünü Hanter kimi tanıdan adam olduğunu anlamışdı. Adam sakitcə yanına yaxınlaşdı, işıq da sanki qəribə əks olunurdu, üzü görünmürdü… Artyom kömək çağırmaq istədi, yekə bir əl ağzını tutdu. Meyit əli kimi soyuqdu. Sonunda böyük cəhddən sonra cib fənərini götürüb yandırdı bu adamın kim olduğunu görə bildi. Rastlaşdığı mənzərə bir anlıq nəfəsini kəsdi. İnsan sifəti əvəzinə qabağında göz bəbəkləri olmayan, tünd iri gözlərə sahib ağzı axıra qədər açıq, qapqara sifət dayanmışdı. Artyom artıq düşünmədən işığa hücum etdi. Adamyeyən çadırın içərisindən qaçaraq Artyomun arxasınca nərildədi:
– Olduğun yerdə dayan! Heç yerə gedə bilməzsən!
Artyom arxasına baxmadan qaçdı. Ardından çəkmələrin çıxardığı səslər gəlirdi, amma sürətli deyil, sakit, məsafəli şəkildə onu izləyən təqibçi Artyomu gec-tez ələ keçirəcəyinə əmin olduğu üçün tələsmirdi. Çiyinlərindən silkələyib kömək istəyəcəkdi ki, adam arxası üstə yerə yıxıldı. Artyom onun çoxdan öldüyünü düşündü; nəyə görəsə qırov bağlamışdı… Sonra bu donmuş adamın atalığı olduğunu gördü, Saşa idi…
– Ey Artyom, bu qədər yatdın, bəsdir. Dur artıq! Yeddi saatdır, uzandığın yerdə gərnəşirsən. Tənbəlin biri tənbəl! Dur görüm, qonağımız var!
Saşanın səsiydi.
Artyom cəld qalxıb həyəcanlı baxışlarla atalığının gözlərinə baxdı. Bir dəqiqəyə qədər baxdıqdan sonra soruşdu:
– Saşa əmi… Sən… Sənə bir şey olmayıb?
– Gördüyün kimi, heç nə olmayıb! – Saşa cavab verdi, – Dur, gəl! Bu qədər vaxtdır nə gözləyirsən? Səni bir dostumla tanış edəcəm.
Çöldən tanış səs eşidildi. Az əvvəl gördüyü qorxulu yuxu ağlına gələn Artyomun alnını soyuq tər basdı.
– Hə, deyəsən, siz artıq tanışsız, – Saşa təəccüblə gülümsədi, – Ay səni, diribaş oğlan!
Qonaq güc-bəlayla çadıra daxil oldu. Artyom çox qəribə vəziyyətdəydi. Qarşısındakı Hanterdi. Bir az bundan əvvəl gördüyü qorxulu yuxunu gözlərinin qabağına gətirdi. Çadıra daxil olan qorxunc varlıq, onu sıxan, arxasınca gələn, sonra da yerə yıxılan cəsəd.
– Bəli! Biz artıq tanışıq, – Artyom böyük çətinliklə qabağa gələrək könülsüz şəkildə əlini ona uzatdı.
Adamın əli isti və quruydu. Artyom gördüyünün sadəcə yuxu olduğunu anlamışdı, qarşısındakı pis adam deyildi. Səkkiz saat tuneldə keşik çəkdiyi zaman həm yuxusu, həm düşündükləri, həm də baş verənlər ona mənfi təsir göstərmişdi.
– Artyom, çay üçün bir az su qaynat, – Saşa qonağına sarı dönərək göz qırpdı, – Bizim çaydan heç dadmısan? Çox təsirli bitkidir!
Hanter başını tərpətdi.
– Bilirəm, çox yaxşı çaydır. “Kantemirovskaya”da da çay hazırlayırlar. Bulanıq sudan elə də fərqlənmir. Sizinkiylə heç müqayisə edilməz.
Artyom su gətirməyə, sonra da çaydanı qaynatmaq üçün ortaq istifadə edilən ocağa tərəf getdi. Yolda “Kantemirovskaya”nın metronun o biri tərəfində olduğu ağlına gəldi. Tanrı bilir, oraya nə qədər vaxta getmək olardı. Vuruşmaq, manevr etmək və ya əlaqə yaratmaq istədikdə, sadəcə keçid üçün bir çox xətt, üst keçid və stansiya varıydı. İndi biri də gəlib, laqeydcəsinə “Orada onlar da nəsə edirlər” deyirdi. Bəli, bir az qorxulu olsa da, şübhəsiz, maraqlı tipdi. Üstəlik, dəmir kimi pəncələri vardı. Qaldı ki, Artyom da elə zəif deyildi, gücünü müqayisə etməkçün qarşısındakıyla əl sıxmaq fürsətindən sevə-sevə istifadə edirdi.
Su qaynayan kimi, çaydanı götürüb çadıra geri qayıtdı. Hanter paltosunu çıxarmışdı, əynində çoxcibli əsgər şalvarı, səliqəylə şalvara salınmış, güclü boynu, əzələli bədənini sıx əhatə edən qara, uzunyaxalı sviter