Xeytdən və yaxud prokurorun nümayəndəsindən başqa heç kəsə verilməməlidir. Sonra o, artıq telefon vasitəsi ilə Bilts şəhərinə zəng edib, doğrudan da orada qızı Berta və yaxud Alberta ilə yaşayan Oldenlər ailəsinin olub-olmadığını yoxlamaq istəyirdi ki, bu zaman (ona elə gəldi ki, sanki qəza və qədərin hökmü ilə) ona mane oldular: yerli ovçulardan iki kişi ilə bir oğlan uşağı, – artıq göldə baş vermiş faciədən xəbər tutmuş bir dəstə adamla bərabər, demək olar ki, bir-birini itələyərək, onun otağına doluşdular. Onlar çox böyük əhəmiyyətə malik olan bir məlumatla gəldiklərini dedilər və tez-tez bir-birilərinin sözünü kəsərək, bir-birini islah edərək nağıl etməyə başladılar ki, Roberta suda batıb boğulan günü axşam saat beşdə, onlar gölün yaxınlığında ov eləmək və göldə balıq tutmaq məqsədi ilə üçüncü mil Buxtasından (Biq Biterndən on iki mil cənuba doğru) yola çıxmışdılar. İndi ovçular hamısı bir səslə deyirdilər ki, həmin axşam təxminən saat doqquzda, Biq Bitern gölünün cənub sahilinə yaxınlaşdıqda – bəlkə də gölün cənub sahilinə üç milə qədər qaldıqda, onlar Biq Bitern mehmanxanasından üçüncü mil Buxtasına gedən cavan bir oğlana rast gəlmiş və onu turist zənn etmişdilər. O gənc çox yaxşı və şıq geyinmişdi. Buna görə heç yerli sakinlərə oxşamırdı. Onun başında həsir şlyapa, əlində isə çamadan var idi. Bu gəncin piyada getməsi, üstəlik, belə gec yola çıxması, hələ o vaxt ovçuları heyrətə salmışdı, çunki o, səhər qatara minib bir saat sonra üçüncü mil Buxtasına çata bilərdi. Bir də, axı, nə üçün o gənc, ovçulara rast gəldikdə o cür qorxmuşdu, onların dediyinə görə, həmin gənc meşədə onlara rast gələrkən, qorxub kənara sıçramış və hətta bir dəhşət içərisində qaçmaq istəmişdi. Doğrudur, aylı bir gecə olduğu üçün, onlardan biri əlindəki fənərin fitilini aşağı çəkmişdi və özləri də, hər cür meşə heyvanlarını pusmağa adət etmiş adamlar kimi çox yavaş və ehtiyatlı addımlarla gedirdilər. Lakin axı, bu yerlər tamamilə təhlükəsiz yerlərdir və buradakı adamların hamısı onlar kimi namuslu vətəndaşdırlar, buna görə də, həmin gəncin kolluqda gizlənmək istəyirmiş kimi, kənara sıçraması üçün heç bir səbəb yox idi, amma sonra, Bad Bryuninq adlı oğlan əlindəki fənərin işığını artırdıqda, yol ötən gənc, deyəsən, özünə gəlmiş, onların salamına cavab vermiş və üçüncü mil Buxtasına hələ çox qalıb-qalmadığını soruşmuşdu. Ovçular oraya yeddi mil qaldığını demişdilər, bundan sonra gənc ötüb getmişdi, onlar isə öz aralarında bu təsadüfdən danışaraq, yollarına davam etmişdilər.
İndi bu gəncin üzünün cizgiləri, Klaydı həmin gün Qan Lodj stansiyasından gətirən bələdçinin söylədiklərinə, həmçinin, Biq Bitern gölü ilə Qrass gölü sahilindəki mehmanxana sahiblərinin dediklərinə və təsvir etdiklərinə tamamilə düz gəldiyi üçün, onun, suda boğulan naməlum qızla bərabər qayığa minib gəzməyə çıxan həmin adam olduğu tamamilə aydınlaşdı.
Erl Nyukom dərhal, telefon vastəsilə üçüncü mil Buxtasındakı yeganə mehmanxana sahibindən, təsadüfən həmin sirli adamın orada qalıb-qalmadığını soruşmaq üçün öz rəisindən icazə istədi. Məlum oldu ki, orada belə bir adam qalmamışdır. Deyəsən, bu üç nəfər ovçudan başqa o adamı heç kəs heç bir yerdə görməmişdi. Elə bil o, yox olub, göyə çəkilmişdi, amma digər tərəfdən həmin gün axşam müəyyən edildi ki, haman gəncə oxşayan, əlində çamadan olan, lakin başına həsir şlyapa yox, kepka qoymuş cavan bir oğlanı meşədəki təsadüfün səhərisi günü, Şeyronda görən olub; o, üçüncü mil buxtası ilə Şeyron arasında işləyən – “Qu Quşu” adlı kiçik bir göl paroxoduna minmişdir. Bundan sonra onun izi yenə də yoxa çıxmışdı. Hələlik, Şeyronda heç kəs belə adamın ora gəldiyini və yaxud çıxıb getdiyini xatırlaya bilmirdi. Hətta kapitan belə, sonralar şəhadət verdiyi kimi, bu adamın paroxoddan nə vaxt düşdüyünü görə bilməmişdi: həmin gün paroxodda on beşə qədər sərnişin var imiş və kapitan onlardan heç birinin adını yaxşı yadında saxlaya bilməmişdi.
Bununla belə, Biq Bitern sakinlərinin hamısı yavaş-yavaş qəti bir əqidəyə gəldilər ki, o yaramaz kim olursa-olsun, ən qəddar və soyuqqanlı bir canidir! Buna görə hamı onun ələ keçməsini və həbs edilməsini səbirsizliklə arzu edirdi. Alçaq! Qatil! Dərhal həm ağızdan-ağıza, həm telefonla, həm teleqraflarla və hətta Olbenidə çıxan “Arqus” ilə “Tayms Yunion”, həmçinin Likurqda çıxan “Star” kimi yerli qəzetlərə qədər, göldə baş vermiş həyəcanlı faciənin xəbəri hər yerə yayıldı. Bu xəbəri yayanlar deyirdilər ki, çox mümkündür ki, bu faciə dəhşətli bir cinayətlə əlaqədardır.
III F Ə S İ L
Müstəntiq Xeyt öz vəzifəsini yerinə yetirdikdən sonra geri qayıdarkən, bundan sonra nə cür hərəkət edəcəyini düşünürdü. Bu ağır işdə onun atacağı yeni addım, görəcəyi yeni tədbir nədən ibarət olmalı idi? Yola düşməmişdən əvvəl o bir daha Robertaya baxdı və həqiqətən dərin bir həyəcan duyub, mütəəssir oldu: bu qiz nə qədər gənc, məsum və gözəl görünürdü. Sadə, göy rəngli paltarının ağır və yaş qırçınları onun bədəninə yapışmışdı, balaca əlləri sinəsində çaprazlaşmışdı, iyirmi dörd saatdan artıq suda qaldıqdan sonra hələ də qurumamış qızılı-şabalıd rəngli saçları, onun vaxtilə canlı və ehtiraslı bir məxluq olduğunu təlqin etməkdə idi və bütün bunlar sanki cinayətdən çox uzaq olan yumşaq bir məlahətdən xəbər verirdi.
Lakin şübhəsiz ki, çox kədərli olan bu işdə şəxsən müstəntiqə aid başqa bir cəhət də var idi. O, Bilts şəhərinə gedərək, missis Oldenə yazılmış məktubu və qızının ölümü haqqında dəhşətli xəbəri o qadına bildirməli idimi və eyni zamanda, ondan qızı ilə gəzən adamın kim olduğunu, harada yaşadığını soruşmalı idimi, yaxud əvvəlcə Bricburqa, prokuror Meysonun yanına getməli və baş verən hadisəni bütün təfsilatı ilə danışmalı idi ki, bu centlmen, yəqin ki, hörmətli olan o ailəyə bu sarsıdıcı zərbəni endirmək kimi kədərli bir vəzifəni öz üzərinə götürəydi? Hər halda bu işdə siyasi vəziyyəti nəzərə almaq lazım idi. Doğrudur, o özü müstəqil hərəkət edərək, bu işdə şöhrət qazana bilərdi, lakin partiyanın ümumi vəziyyətini nəzərə almaq lazım idi: şübhəsiz, partiya sahibinin başında qüvvətli bir adam durmalı və payızda keçiriləcək seçkilərdə bu siyahını möhkəmlətməli idi, göldə baş verən faciə isə bu məqsəd üçün parlaq imkan yaratmışdı. Deməli, ikinci variant daha aqil bir hərəkət idi: Xeytin dostu prokuror üçün – bu məsələ çox əlverişli bir fürsət idi! Xeyt bu fikirlərlə Bricburq şəhərinə gəldi və üzündə təntənəli bir ifadə ilə, prokuror Orvil Meysonun kabinetinə daxil oldu, prokuror isə müstəntiqin bu cür gəlişindən nə isə mühüm bir hadisə baş verdiyini duyaraq, dərhal özünü yığışdırıb, diqqətlə qulaq asmağa hazırlaşdı.
Meyson qısaboylu, enlikürəkli və cismən çox qüvvətli bir adam idi; lakin cavanlığında, bədbəxtlikdən burnunu bərk əzmişdi və bu, onun xoş ifadəli və hətta qəşəng üzünü xarab etmiş, simasına tutqun, demək olar ki, uğursuz bir ifadə vermişdi. Lakin Meyson heç də qaraqabaq, tutqun bir şəxsiyyət deyildi, bəlkə bundan daha artıq həssas və romantik bir adam idi. Uşaqlıqda o, ehtiyac və zəlalətin nə olduğunu hiss etmişdi, buna görə sonralar, xoşbəxt yaşadığı illərdə, həyatı yaxşı keçən adamları taleyin ərköyün övladları hesab edirdi. Kasıb bir fermerin dul qalmış arvadı olan anası, böyük çətinliklə dolanırdı. Ona görə