Дженгиз Дагджи

Onlar da insandı


Скачать книгу

Sonra gözlərini açdı, təkrar suya baxdı. Amma su axırdı, çirkinliyi isə qırışan suyla bərabər axıb getmirdi.

      Ürəyi qırıq, gözləri qəmli, içi ağrılı ayağa qalxırdı ki suyun kənar tərəfində qaralmış, köhnə bir kötüyə bir quş qondu. Qara qanadlarının ucu ağ, sinəsi qırmızı, çox cana yaxın bir quş idi. Kiçik burnu ilə əvvəl arxasını, sonra qanadlarının altını qaşıdı.

      Quşu ürkütmək istəmədiyindən Ayşə hərəkətsiz durdu, gülən gözlərilə quşu seyr etdi. Quşun təmizlənib bəzənmə zamanı idi,deyəsən, balaca burnu ilə qanadlarının altını, sonra sinəsini qaşıyırdı.

      Quş balaca başını təkrar sağa bükdü, sola bükdü və pırıl-pırıl uçaraq suda yatan budağa qondu. Quşun ağırlığı altında budaq aşdı. Ayşə üzünü quş tərəfə çevirməyə vaxt tapa bilmədən quş uçdu, cır fındıq ağaclarının yaşıl yarpaqları arasında gözdən itdi.

      Ayşə qəmli-qəmli suya baxdı. Amma daha indicə kolların budaqları arasından qırışıqlar edərək axan su indi düz axırdı. İndi Ayşənin sudakı üzü də dəyişmişdi. Ayşə gözlərinin, dodaqlarının bütün gözəlliyi ilə sakit axan suya baxaraq güldü.

      Təkrar gözlərində alovlar, yanaqlarında qızartılar, ürəyində ümidlər canlandı. Qalxdı, bayıra dırmaşdı, yüksəklərə çıxdı, yenə aşağıda Qızıldaşın, Qara dənizin gözəl panoramasını gördü. Solda çoxlu çalıların yanından kəndin arxasındakı tütün sahələrınə uzanan yola tərəf getdi. Çox fərəhli idi. Qaçmaq, bayırları, təpələri, dərələri aşmaq istəyirdi. Ayaqları Ayşəni çox uzaqlara aparmaq istəyirdi, kolların içindəsə quşlar oxuyurdu. Hamısı da Ayşəyə sanki deyirdilər: “Gözəlsən, çox gözəlsən!”

      Quşların nəğməsi, Günəşin qızıl şüaları, dəniz, kənd və həyət yüksək göyün altında elə gözəl, elə xoşdu ki, Ayşənin gənc qəlbini elə qucaqlamışdı ki, bütün bu həyəcanını tökmək, fərəhlənmək ehtiyacı ilə bir şeylər etmək istəyirdi: qaçmaq, qışqırmaq, yaxud yerə yatıb torpağı, həyatı atəşli dodaqları ilə öpmək…

      Çiyinlərinə tökülən dalğalı gur saçlarını arxaya atdı, başını qaldırdı, sahələrə uzanan yolda gedərkən gənc, dinc səsi ilə bir mahnı oxudu:

      Qaya kimi saz olar,

      Gül açarsa yaz olar.

      Mən sənə gül demərəm,

      Gülün ömrü az olar.

      Səsi yüksəlir, uzaqlara uçur, səsi yüksəldikcə sinəsi iftixarla qabarır, bütün dünyaya eşitdirmək istəyirmiş kimi daha da sürətli oxuyurdu. Ayşənin bildiyi, gördüyü dünya Qızıldaşın evləri, dağları, dənizi idi. İndi səsi dağlarda hər yerə, hər kəsə çatırdı.

      Yolun aşağısında küləkdə uçmasın deyə damları daşlarla basdırılmış ilk sahələr göründü. Sahələrin qarşısında qızlar işlərini buraxmış, Ayşəyə baxırdılar, Ayşə də qızlara eşitdirmək istəyirmiş kimi gur səsi ilə mahnını davam edirdi:

      Qaya qayaya baxar,

      Qayadan sellər axar

      Sırma bığ dayanarkən

      Saqqallıya kim baxar?

      Sahələrin yanında Ayşəni seyr edən qızlar, nəhayət, yola tərəf gəldilər. Uzaqda dayandılar, əllərini ağızlarına qaldırıb ovuclarını boru edib qışqırdılar:

      – Nə var, Ayşə qız, bığlı atlı yolunu kəsdi?

      Ayşə də dayandı, əlini ağzına qaldırıb cavab verdi:

      – Kəsdi də!

      Qızlar Ayşəyə yaxınlaşdılar. Ayşə də qızlara tərəf getdi. Hamısının da ayaqlarında çarıqlar, dizlərinə qədər çıxan qırmızı, ağ, qəhvəyi rəngli yun corablar var idi. Yolun kənarında çör-çöplə örtülü, alçaq daş divarın arxasında durdular. Sərt torpaqla məşğul olmaqdan əlləri, barmaqları quru və çatlaq idi. Günəşdə qızarmış, yanmış, toz-torpaq içində üzləri ilə torpaqdan doğmuşa bənzəyirdilər, torpağın uşaqları kimi idilər.

      Yalnız Ayşə fərqli idi onlardan. Evin bircəcik qızı idi. Qumral, parlaq saçlı Ayşə, axşamlar anası yanaqlarına, əllərinə, ağ qollarına odekolon sürtdüyü üçün gül kimi qoxulu və təzə idi. Bəlkə, dəhlizdə çiçəklərin, salxımların altında uzun zaman oturaraq bir şəhər qızı kimi qəzet oxuduğu üçün yaxşını pisdən ayıra bilirdi, pisliklərə kədərlənirdi. Kəndin torpağı, Günəşi, havası ilə bəslənmiş, böyümüş sağlam bədənində incə bir ruh inkişaf etmişdi. Tez həyəcanlanır, həyəcanı keçincə sonra oturur, dizlərini qolları ilə qucaqlayaraq səssizcə ağlayardı. Səssizlik uzandıqca özünü ölmüş, cənnətdə görürdü. Cənnət quşları ilə oynayır, dənizin, torpağın, dağların, kəndinin səadət və dincliyini könlündə hiss edirdi.

      İndi kolluğun kənarında kənd qızları, özlərinə baxaraq görəsən nələr düşünürdülər? Aralarında gözəllər də var idi, o gözəllər gül kimi təzə Ayşəni qısqanmırdılar, boynuna-buxununa, üzünün gözəlliyinə paxıllıq etmirdilər? Bəlkə! Çünki Ayşə qısqanılacaq qədər gözəl idi.

      Kolların kənarında qızlar danışırdılar:

      – Gözəl Ayşə, bütün aləm tütün qırarkən, sən Moskva xanımları kimi dağlarda gəzirsən…

      – Ondakı gözəllik məndə olsaydı da işsiz-gücsüz gəzərdim dağlarda…

      Ayşə kolların arxasından gələn səslərin səmimi olduğuna inandı, güldü:

      – Mənim kimi hamınız gözəlsiniz, qızlar!

      – Demə, qız, demə! Sənin kimi gözəl olsaydıq biz də inəyi aparardıq.

      – Gəlinqaya başında çoban Səid Əlinin Rəmzisini söhbətə tutardıq həm…

      Ayşənin üzü birdən-birə qızardı, başını sinəsinə əydi, tütün sahələrınə tərəf getdi. Qızlar arxasından gülüşərək ona baxırdılar. Gülüşmələr arasından bəzən Ayşənin qulaqlarına qırıq-qırıq kəlmələr, səslər gəlirdi, amma Ayşə bunları eşitmirdi. Çünki Rəmzi adını eşidincə ürəyində anlaşılmaz bir ağrı hiss etmişdi. Səssizcə irəliləyərkən çox geridə qalmış qızlardan biri arxasından səslədi:

      – Yeni ailənə nə vaxt köçəcəksən, ay qız?

      – Söylə bizə, söylə, Ayşə qız!

      Ayşə durdu, yavaş-yavaş qızlardan yana döndü, incimiş bir səslə cavab verdi:

      – Hələlik atamın ailəsı mənim üçün hər ailədan yaxşıdır. Yeni ailəyə köçməli olsam hamınıza xəbər verəcəm.

      – Vay, vay, necə tez incidi!

      – Zarafatda başa düşmür artıq, gördünmü, ay qız?

      – Atası çoban Səid Əlinin evini Ayşəyə layiq görmür.

      – Demə!

      – Elə eşitdim.

      – Kürəkəni Samsundan gəticəkmiş.

      – Vay, vay!

      Qızlar uzun bir qəhqəhə çəkdilər. Ayşə səssizcə dayanıb, qızlara