belə bir rahatlıqda danışa bilərlər… Üçümüzün arasındakı fərqə bax. Elə bil abim Kornelin nəvəsidir, mən isə Molyerin. Sən… Sən də… Oooo! Böyük babanı axtarmaq üçün Sofokla qədər gedib çıxmaq olar… Sən Səmimdən daha faciəli bir məxluqsan, bilirsənmi? Heç olmasa, onun bəzi zəif, həssas anları olur ki, içindəki faciə barıtı partlayaraq gözlərini yaşarda bilir. O ki qaldı sənin keçirdiyin narahatlıq hissinə, o vaxt da sənə söylədim: bizim qardaşımız aşiqdir… Amma bu, sənin gərnəşən pişik balası kimi əlini havaya qaldırıb uzun-uzadı monoloq söyləməyin üçün yetərli deyil. Bilirəm… Bilirəm… Sənin üçün maraqlı məsələ onun kimə aşıq olmasıdır…
– Dünən gecə, az qala, ağlımı itirəcəkdim.
Bəsim başını geri atdı:
– Buyur da! Sənin ən çox təkrar etdiyin söz elə budur: ağlımı itirəcəkdim! Ağlımı itirməsəm, ağlımı itirməkdən… Və sair və ilaxır…
– Vallah, ağlımı itirəcəkdim! Mən bu evin havasında bir ağırlıq duyuram, Bəsim. İnan mənə ki, duyuram…
– Təbii ki… Əcaib-qəraib yuxular da görürsən…
– Hə, görürəm… Dünən gecə pərdə görmüşəm… Özü də qapqara bir pərdə… Sıxıntı deməkdir.
– Mən də bu evin içindəyəm. Mən də burada yaşayıram… Özü də sizin kimi hər quşu bayquş hesab edən kabus xəstələrinin arasında… Amma gördüyün kimi, kefimi qətiyyən pozmuram.
– Aman Allah, sən adamı lap dəli edərsən… Səninlə heç bir…
Başını çevirib arxaya baxdı… Ayaq səsləri eşidilirdi. Yüngül bir öskürək də gəldi… Səlmin idi.
Məfharət ayağa qalxdı və baxışları ilə Bəsimə işarə vurduqdan sonra qızı ilə üz-üzə gəlməmək üçün bağçaya baxan aynəbəndin pilləkənlərinə doğru getdi. Səlminin üzü solğun idi.
– Sabahın xeyir, dayı.
– Bonjur, Səlmin. Gəl əyləş…
Qız başını qaldırmadan düz önünə baxırdı. Bəsim içində yaşıl zeytun olan qabı ona doğru itələdi.
– İnandırım ki səni, insanı bundan başqa evə bağlaya biləcək heç bir ləzzət yoxdur… Bircəciyini ağzına at və mənə cavab ver: bu dünyada hər şeyi rahat-rahat danışa biləcəyin yeganə adam mənəm, ya yox? Mənə hər şeyi danışa bilərsən, elə deyilmi? Səlmin… Di tez ol… De görüm, səni belə saralıb-solduran nədir? Nə baş verir?
Səlmin çəngəlini zeytuna batırdı, lakin sonra da çəngəllə birlikdə kənara qoydu. Qızılı rəngli qıvırcıq və uzun kipriklərinin haşiyələdiyi yaşıl gözlərində o dəqiqə nəzəri çəkən kəskin bir məna ilə cavab verdi:
– Məsələ təxmin etdiyiniz kimidir.
– Nə təxmin etdiyimizi hardan bilirsən?
Səlmin baxçaya doğru işarə etdi:
– Anamın çıxıb getməsindən hər şey bəlli olur, onsuz da. Onun olanları başa düşdüyünü artıq iki gündür ki, bilirəm.
Bəsim güldü:
– Aydındır. O zaman problem yoxdur. Bircə o qalır ki… Həmin bəxtəvər adamın adını söyləyəsən… Kim olduğunu deyə bilərsənmi?
– Deyə bilmərəm, dayı, bağışla… Deyə bilmərəm…
Bəsim ayağa qalxdı və başını buladı:
– O zaman sən məndən bu problemi on dörd dəqiqə ərzində həll edəcək və bir il sonra səni hansısa bir məclisdə görərkən: “Necəsiniz, Səlmin xanım?” – deyərkən səsindəki eyhamla keçmişi xatırlatmaqdan çəkinəcək dost bir həkimin ünvanını soruşacaqsan… Haqlıyammı?
– Səhvin var, dayı, soruşmayacağam…
Sonra da səsini bir az da qısıb əlavə etdi:
– Uşağı doğacağam.
Bəsim qızın fincanına çay süzərək yenə də başını buladı:
– Əla! Deməli, o bəxtəvər adamla evlənmək fikrin var… Və bu da onun son bəxtəvərliyi olacaq.
– Xeyir, evlənməyəcəyəm də…
– Hə… Soyu məlum olmayan və qanunsuz doğulan saysız-hesabsız vətən övladının sırasına birini də sən əlavə edəcəksən, eləmi? Problem deyil… Dəqiq, ya qeyri-dəqiq, məncə, buna haqqın var. Amma məsələ ondadır ki, bunu anana söyləyə bilmərik.
Səlmin çiyinlərini çəkdi:
– Məncə də, bu mənim haqqımdır… Anam ən böyük şansımın qabağını kəsdi, mane oldu mənə… Bundan sonra onun heç bir işimə, heç bir qərarıma qarışmasına imkan verməyəcəyəm.
– Gəlir, diqqətli ol!
– Buyursun, gəlsin! Ondan qorxum yoxdur…
Məfharət içəri keçdi, onlara yaxınlaşdı. Ayı pəncəsi kimi irəli uzatdığı əli ilə əsəbi-əsəbi yapışdığı stulu taqqıldada-taqqıldada özünə tərəf çəkdi. Üzü hələ də qan sağılmış kimi qıpqırmızı idi və şişkin görünürdü. Kök, amma zərif yanaqları sallanırdı. Səlmininkindən daha tünd yaşıl, hərəkətli, kipriksiz və kölgəzis gözlərinin heç nəyi bəyənməyən narahat baxışları ilə qızının üzünə baxdı və dərindən köks ötürdü.
Səlmin yenə də gözlərini qarşısında məchul bir nöqtəyə dikib kipriklərini qırpmadan baxırdı.
Məfharətin qərarsız baxışları qızı tərəfdə hərlənib Bəsimin üzündə dayandı. Qardaşı yenə də qaşının birini yuxarı qaldırmışdı, başını yüngülcə bulayır və gülümsəməyə çalışırdı. Gözucu bacısına nəzər salaraq asta səslə:
– Etiraf edirik, – dedi.
Məfharət süfrədə onunla üzbəüz oturmuş qızına tərəf əyildi və daha çox “səssiz” sözü ilə ifadə edilə biləcək səslə bağırdı:
– Kimdəndir?
Səlmin heç yerindən qımıldanmadı da. Onun əvəzinə dayısı cavab verdi:
– Bacıcan, icazə ver… Sən mənimlə danışacaqsan, bir az səbr et…
Məfharət ağır vücuduna yaraşmayan çevikliklə dərhal ayağa qalxmaq istədiyi üçün stulu aşırdı. Sonra müvazinətini saxlaya bilməyib arxaya doğru səndələdi. Az qala, yıxılacaqdı. Bəsim onu tutmaq üçün tez ayağa qalxdı.
Qadın üzünü qızına tərəf tutaraq bağırırdı:
– Kimdəndir? Söylə! Söylə deyirəm sənə! Kimdəndir?
Səlmin isə heç qımıldanmırdı da. Üzü və göz qaparları hərəkətsiz idi. Lakin dodaqlarının kənarlarında qarnının içindəkindən daha betər şəkildə anasını özündən çıxara biləcək bir təbəssüm gəzişirdi.
Məfharət tir-tir əsirdi. Bəsim əvvəlcə onun əlindən yapışmaq istədi. Lakin bu təmasın partlayış ilə nəticələnə biləcəyindən ehtiyat edərək Səlminə tərəf getdi, onun qolundan tutaraq ayağa qaldırdı və