Allah, qaqaşım bizə qonaqlıq vermək istəyir, – Lamiyə bunu gülərək deyib üzünü qızlara tutdu: – Hə, nə deyirsiniz, gedək?
– Əla olar, mən acımışam, – birinci Əfsanə razılıq verdi.
Əsmər rəfiqəsinin qardaşı da olsa, yad bir oğlanla kafeyə getmək fikrində deyildi. Qönçə ilə evə gedib özlərinə makarondanfilandan hazırlamaları ona daha ağıllı görünürdü. Lakin bu an Qönçə həvəslə:
– Hə, gedək, – dedi.
Dönüb rəfiqəsinə narazılıqla baxdı:
– Yox, burada vaxt itirməkdənsə, evə gedək, mən nahardan sonra dərs hazırlamalıyam.
– Nahar hazırlamağa sərf edəcəyin vaxtı burada sərf et, nə fərqi var ki? – Qönçə ortaya məntiqli bəhanə atdı.
Vəziyyəti belə görən Lamiyə Əsmərə nəsə deməyə imkan verməyib qolundan dartdı:
– Çox danışmayın, gəlin gedək, yoxsa qaqaşım inciyər!
Əsmər çarəsiz qalıb rəfiqələrinə qoşuldu. Universitetin həyətindən küçəyə çıxanda Fərihə Lamiyəyə pıçıldadı:
– Lamoş, vallah, sevə-sevə gələrdim sizinlə, ancaq yaxşı bilirsən ki, Bəndər qısqancın biridir, sonra görüb eləyər, ya kimsə görüb xəbər verər, yaxşı düşməz. Siz gedin, nuş olsun, mən evə gedəcəm.
Lamiyə təəssüflə çiynini çəkdi:
– Yaxşı, nə deyirəm, özün bil…
Fərihə onlardan ayrılıb yaxınlıqdakı avtobus dayanacağına doğru gedəndə onun arxasınca baxan Əsmər düşündü ki, qız indidən öz ixtiyarını başqasının əlinə verib. Bəli, bundan sonra onun həyatının necə keçəcəyini yalnız Bəndər müəyyən edəcəkdi. Bura getmək olar, ora yox, bunu geymək olar, onu yox, bununla görüşmək olar, onunla yox. Həmin an Fərihəyə yazığı gəldi…
Masanın arxasında əyləşib lahmacun yeyirdilər. Eyvazın sağında bacısı, solunda Əfsanə oturmuşdu. Qönçə ilə Əsmər isə oğlanla üzbəüz idilər. Qönçənin də, Əfsanənin də kefləri kök idi. Deyib-gülürdülər. İlk dəqiqələrdə bir qədər sıxılan Eyvaz da artıq açılışmışdı, onlarla sərbəstcə danışır, hətta bəzən şux zarafatlar edirdi.
Əsmərə tərəf isə heç baxmırdı. Sanki masanın arxasında belə bir adam yox idi. Əsmər yaman narahat idi, ürəyindən keçirirdi ki, bu yemək tez bitsin və hər kəs çıxıb öz evinə getsin. Bura gəlməyə razılıq verdiyi üçün Qönçəyə də acığı tutmuşdu. Təkcə ona görə yox ki, Eyvaz onu dindirib-danışdırmır, hamının nəzərindən kənarda qalıb, həm də ona görə ki xarakterinin əksinə olaraq yad bir oğlanla eyni masa arxasında oturmuşdu.
Eyvaz gülümsəyərək bacısına müraciətlə:
– Yaman gözəl rəfiqələrin varmış, Lamiyə, – dedi, – Bəs bunları niyə indiyə kimi mənimlə tanış etməmisən?
– Axır ki, tanış etdim də, – Lamiyə də gülümsədi.
– İndi? Universiteti bitirənə yaxın?
– Guya əvvəl tanış etsəydim, nə olacaqdı ki? – qız sağ qaşını yuxarıya doğru dartdı. – Bura bax ha, bunlar sənin tanıdığın gözəlçələrdən deyil, ağıllı qızlardır.
– Məgər mən dedim ki, ağılsızdırlar?
“Sənin tanıdığın gözəlçələrdən…” Lamiyə, yəqin, özü də bilmədən qardaşının indiyə kimi çox qızlarla tanış olduğunu dilinə gətirmişdi. Bunu düşünəndə Əsmər kinayə ilə üzünü turşutdu.
Kafedən çıxıb səkidə bir qədər addımlayandan sonra ilk olaraq Əsmərlə Qönçə digərlərindən ayrılmalı oldu. Avtobusa minmək üçün küçənin o biri tərəfinə keçməli idilər. Ayrılanda Eyvaz birinci Qönçənin əlini sıxdı:
– Səninlə tanış olmağıma çox şadam, Qönçə, inşallah yenə görüşərik.
– Mən də çox şad oldum, – Qönçə nazlandı. – Lahmacuna görə də təşəkkürlər!
– O nə sözdür, nuş olsun!
Bunu deyən Eyvaz Əsmərə əl uzatmağa imkan tapmamış Əsmər dodaqucu, “Sağ olun” – deyərək uzaqlaşdı və yalnız küçəni keçəndən sonra Qönçə arxadan güclə ona yetişə bildi:
– Ay qız, yavaş yeri də, hara qaçırsan?
Əsmər onu məzəmmətli baxışlarla süzüb başını buladı:
– Sən qalıb bir az da söhbət edə bilərdin.
Qönçənin üzü bəxtəvərcəsinə gülürdü. Nəsə deyəcəkdi ki, avtobus gəldi və sözünü kəsib Əsmərin arxasınca salona qalxmalı oldu…
Üçüncü fəsil
QORXUNC HADİSƏNİN TƏK ŞAHİDİ
– Bu nə işdir axı, ay bala? – Babakişi hələ cavab almadığı sualını təkrarladı.
Eyvaz ona sarı dönüb başını kədərlə buladı:
– Mən… Bilmirəm… Heç nə bilmirəm…
– Bəs evdə deyildin?
– Evdə idim… Yatmışdım. Səs-küyə oyandım, gördüm evdə yoxdur… Pəncərədən baxıb adamları gördüm…
– Atangil evdədirlər?
– Yox… Bacımgilə getmişdik, onlar orada qaldılar, mən qayıtdım. Yerimə girib yatdım… Haradan ağlıma gələ bilərdi ki, bu zalım qızı intihar edəcək?
Hadisə yerinə yığışanların əksəriyyəti onu inamsız, hətta istehzalı baxışlarla süzürdülər. Bəziləri isə Səxavətə baxırdı. Amma Səxavət daha danışmaq fikrində deyildi.
Əvvəl bir polis avtomobili, onun ardınca ağ rəngli “Opel” həyətə daxil olub düz blokun qapısı önündə dayandı. Polis avtomobilindən kapitan, leytenant və çavuş rütbəli üç polis, “Opel”dən tünd mixəyi kostyumlu gənc kişi enərək buraya toplanmış adamlara yaxınlaşdılar. Səxavət qulağına gələn pıçıltılardan bildi ki, mülki geyimli gənc kişi prokurorluğun müstəntiqi Rasim Nəsibli, kapitan isə polis bölməsindən təhqiqatçı Elçin Əliyevdir.
Müstəntiq yerdə uzanmış qadına yaxınlaşıb əlinin arxası ilə boynuna toxunaraq:
– Nəbzi vurur, hələ ölməyib, – deyə asta səslə dilləndi və sonra üzünü məhəllə sakinlərinə tutaraq soruşdu: – Ambulans çağırmısınız?
– Bəli, çağrılıb, – kimsə dedi, – siz gəlib çıxdınız, amma onlardan hələ səs-səmir yoxdur.
– Hm-m… – Nəsibli başını bulayaraq cib telefonu ilə təcili yardıma zəng vurdu və əlaqə yaranan kimi səsini qaldırdı: – Sizə məlumat veriblər ki, Namiq Vəliyev 12 ünvanında yaralı var, harda yatıb qalmısınız? – Azacıq dinləyib daha acıqlı səslə əlavə etdi: – Vicdanınız olsun, burada insan ölür axı!?
Telefonu cibinə qoyandan sonra üzünü adamlara tutaraq:
– Qadının ailəsindən kim var burada? – deyə sual