kimi baxırdılar. Dili açılmış adamlar danışmağa başladılar. Sanki hər kəs özündə mütləq nəsə demək zərurəti hiss edirdi:
– Ambulans hansı cəhənnəmdə qaldı? Niyə gəlib çıxmır?
– O gün bizim arvad koronavirusa yoluxanda zəng vurdum, düz bir sutka sonra gəldilər. Allahları yoxdur onların.
– Əşşi, nə veclərinə?!
– Ambulans gələnə kimi yaşamaz bu bədbəxt…
– Hə… Zarafat deyil, yeddinci mərtəbədən düşüb.
– Bunu elektrik çarpıb, yoxsa məftillərə toxunub sonra da kolların üstünə düşdüyü üçün az əzilmiş olardı.
– Kəlbətin gətirən olmadı? Burada boş-boş danışmaqdansa, bir işə yarayaydınız, – polis kapitanı kobud səslə bağırdı.
– Oğlan getdi, indi gətirər, – kimsə ona cavab verdi.
Eyvaz yaralıya ilkin tibbi yardım göstərməyə çalışan müstəntiqlə polis kapitanının başı üstündə sual işarəsi kimi görünüş alıb titrəyirdi. Ölmək üzrə olan həyat yoldaşına canı yanırdı, həbs olunacağı üçün qorxu keçirirdi, yoxsa yanvar gecəsinin soyuğundan titrəyirdi, anlamaq çətin idi.
Müstəntiq birdən yerində dikəlib təəssüflə başını buladı:
– Vəssalam, daha heç nə lazım deyil buna…
Kapitan da ayağa qalxdı. Üzünü dərin kədər bürümüş gənc müstəntiqlə müqayisədə onun laqeyd bir görkəmi vardı:
– Hər halda biz həyata qaytarmaq üçün əlimizdən gələni elədik, – dedi və meyitdən aralandı.
– Yəni deyirsiniz, keçindi? – Babakişi bunu elə təəccüblə soruşdu ki, sanki yeddinci mərtəbədən atılmış, üstəlik elektrik vurmuş adamın ölmək ehtimalı yox imiş.
Müstəntiq ona qəribə nəzərlərlə baxıb:
– Bəli, keçindi, Allah rəhmət eləsin! – dedi.
– Öldü? – sanki nə baş verdiyini yalnız indi anlayan Eyvaz titrək səslə dillənib meyitə bir az da yaxınlaşdı. Dizləri üstə yerə çöküb ağlamağa başladı. Səxavət onun hıçqırıqlar içində dediyi qırıq-qırıq kəlmələri güclə eşidib anlaya bilirdi:
– Sənə nə oldu, Əsmər? Kim elədi bunu? Bəs mən indi nə edəcəm? Elmirin, İncinin üzlərinə necə baxacam? Onlara necə deyəcəm ki, ananız daha yoxdur?..
Müstəntiq Nəsibli astadan polis kapitanına:
– Mənzilə qalxıb ilkin baxış keçirməliyik, – dedi.
Başı ilə razılığını bildirən Əliyev yerə çöməlmiş Eyvazı çiynindən yapışaraq ayağa qaldırdı:
– İndi burada zırıldamağın bir xeyri yoxdur. Gecdir artıq! Düş qabağımıza, mənzilinizə baxacağıq.
Eyvaz mütilik göstərib onlarla blokun qapısına doğru getdi. Kapitan Əliyev leytenanta tapşırdı ki, meyitin yanında qalıb tibbi ekspertizaya göndərmək üçün ambulansı gözləsin. Müstəntiq, kapitan və çavuş Eyvazla birlikdə binaya daxil olub gözdən itdilər.
Onlar binaya girən kimi ortaboylu, arıq leytenant meyitə yaxınlaşdı. Ona bir dəqiqə laqeydcəsinə nəzər salıb,ağzını geniş açaraq əsnədi. Sonra saatına baxıb başını buladı. Yəqin, düşünürdü ki, bu iş bitsəydi, evə gedib isti yatağında yatardı.
Blokdan əynində cins şalvar və dəri gödəkcə olan gənc, gözəl bir qadın çıxıb çəkingən addımlarla buraya toplaşmış adamlara yaxınlaşanda Səxavət onun Cəmalə olduğunu tanıdı. Hadisə baş vermiş bu binanın ikinci mərtəbəsində 31 nömrəli mənzildə narkoman ərindən boşanandan sonra tək yaşayırdı. Məhəllədə hər kəsin tanıdığı sakinlərdən biri də bu xanım idi. Həm gözəlliyinə görə, həm də tanınmış həkim Ələkbərlinin qızı olduğuna görə. Məhəllə sakinləri ilə elə də çox salam-kəlamı yox idi. Deyilənə görə, hansısa şirkətdə çalışırdı və səhərlər geyinib-geçinib işə gedir, bir də axşamüstü qayıdırdı. Hə, bir də deyirdilər ki, qardaşı polis mayorudur, rayonun hansısa polis bölməsində rəis müavini işləyir.
Cəmalə əvvəlcə ətrafına boylanıb adamların üzlərinə göz gəzdirdi. Sanki kimisə axtarırdı. Sonra meyitə doğru bir neçə addım atıb dayandı. Başını kədər və təəssüflə bulayıb polis leytenantına xitabən astadan, kədərli səslə dilləndi:
– Ölüb?
Leytenant, yaşı otuzdan az görünən cazibədar xanımın qarşısında özünü yığışdırdı:
– Bəli, xanım, az əvvəl keçindi.
– Necə olub bu? İntihar edib? Səbəbi bilinir?
– Xeyr, intihar deyil, qəsdən adam öldürmədir, pəncərədən zorla atıblar.
– Elə şey olar? – Cəmalə inamsızlıqla çiyinlərini çəkdi.
Leytenant gülümsədi:
– Olar, gözəl xanım, niyə olmur? Həyatda hər şey ola bilər.
– Hansı alçaq edib bunu? – Cəmalə meyitə baxa bilməyib üzünü çevirdi.
– Hələ dəqiq bilinmir, ancaq ərindən şübhələnirik. Hadisə zamanı mənzildə olduğunu özü boynuna aldı, – leytenant dedi və istehza ilə gülüb əlavə etdi, – Guya kimsə mənzilinə girib arvadını pəncərədən atanda bu cənab yataq otağında yatıbmış.
– Hm-m… Açığı, sizin şübhəniz mənə inandırıcı gəlmədi. Kişi öz arvadını gecə vaxtı pəncərədən niyə atsın ki? Həm də belə yataq geyimində, yarıçılpaq…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.