nə vaxtdır
İxtiyar var əlində.
Daş yağdıra fələklər,
Leysan tökə buludlar,
Sönməz yenə bu ocaq.
Yıxsa, bizi nə vaxtsa,
Ayrılıqlar yıxacaq.
… Hər şey ayrılıqdan başladı.
Ayrılıqdan başladı
Olum da, ölüm də, doğum da.
Elə bu ayrılıqdan başladı.
Mənim şeir adlı yolçuluğum da.
Bu yolda büdrəsəm, çağırsam–
Eşidərsinizmi?
Ağlasam – duyarsınızmı,
Ürəyimi görə bilərsinizmi…
Gözyaşlarımın parıltısında?!
MƏMLƏKƏT ÜSTÜNƏ AĞI
Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd.
Ürəyimdən içimə
Qanı axan məmləkət.
Çox yenələr yenildi,
Növbə yenə sənindi.
Can verirsən min ildi,
Min ildi can məmləkət.
Bilinməz toyu, yası,
Yazı deyil yazısı
Şəhidindən qazisi
Əvəz çıxan məmləkət.
Sığındıq ona-buna,
Biz utana-utana.
Uzaqdan tabutuna
Durub baxan məmləkət.
Mələklər tutsun yasın,
Baxsın, Tanrı ağlasın
Gözlərinin qarasın
Yada sıxan məmləkət.
Bil çəkəmməz bu dağı,
Hirayla Tanrıdağı.
Ətəyindən aşağı
Qalıb yaxan məmləkət.
Dev sevdası başımda,
Hazırdı başdaşım da
Ürəkdən bu yaşımda
Məni yıxan məmləkət.
Qoy aglasın bu yer,göy,
Gey, matəm libası gey.
Yendirdilər səni bəy,
Əfəndi, xan, məmləkət.
Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd.
Ürəyimdən içimə
Qanı axan məmləkət.
ÖLDÜRÜN, MƏNİ ÖLDÜRÜN
Əldə yüz bəhanə var,
Öldürün məni, öldürün!
Məni öldürməyə nə var?
Öldürün məni, öldürün!
Çərxi-fələk, tərsinə dön,
Sirli Tanrı dərsinə dön.
Mən çıxmışam bəndəlikdən,
Öldürün məni, öldürün!
Tanrıya qul bir şamanam,
Sizə verilmiş amanam.
Yalnızlığım… atam, anam…
Öldürün məni, öldürün!
Məhəmmədəm, gör hökmümü,
Daş altdayam Musa kimi,
Çarmıxdayam İsa kimi…
Öldürün məni, öldürün!
Mən məndə “məni” yıxmışam,
Ruham, bədəndən çıxmışam.
Mən qəbrim üstündə bir şam…
Öldürün məni, öldürün!
Ruhtək gəzirdim göydə mən,
Deyin, nə tapdım yerdə mən?
Öldürdüm dərdi dərddə mən,
Öldürün məni, öldürün!
Tanrı bilir, qulsunuz siz,
Tövbə pıçıldar diliniz.
Razıyam, yetsə əliniz,
Öldürün məni, öldürün!
Tanrıdan gələn bir səsəm,
Gəldim rüzgarlartək əsəm.
Öləcəksiz mən ölməsəm,
Öldürün məni, öldürün!
1990
QƏRİBƏ ADAM
Dostum, müəllimim Əbülfəz Elçibəyə
Bu qəribə adamdı –
Oxşarı yox heç kimə;
Əli, saçı, gözləri,
Dil açıb danışanda –
Dilində çiçək açan
Dəli-dəli sözləri –
Nə qəribə adamdı
Nə qəribə adamdı –
Deyirəm, yer fırlanır.
Pıçıldayır astadan:
–Yurd yerində binəmiz
Yox olub çadır-çadır.
Yəqin mənim gözyaşım
Axıb yeri fırladır.
Nə qəribə adamdı,–
Deyirəm, külək əsir,
Yaxın dur bu ocağa,
Gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
–Bu əsən külək deyil,
Yurd boyunca dolaşan
Xətainin ruhudu.
Bu adam nə qəribə,
Nə qəribə adamdı.
Nə qəribə adamdı;
Dərdinə bax, ay Allah, –
Niyə, niyə babası
Astiyaq min il əvvəl
Vaxtında öldürməyib
Xəyanətkar Harpağı?..
Dərdinə bax, ay Allah, –
Hansı uzaq dağdasa
Susuzluqdan saralıb
Cır armudun yarpağı…
Nə qəribə adamdı –
Dərdinə bax, ay Allah!
Nə qəribə adamdı –
Dedim: – Sənin bəd günün.
Dedi: –