Акрам Айлисли

Daş yuxular. Rekviyem romanı


Скачать книгу

suyun dibində. Çünki mən ora çatanda ermənini öldürüb sərmişdilər hovuzun ortasına.70–80 yaşlı qoca kişiydi. Gözləri açıq idi, doktor, altdan-yuxarı adamın üzünə baxırdı. Görən deyərdi, bu adam heç ölməyib, sağdı. Onun necə öldürülməyini mən özüm görmədim, doktor. Əvvəldən orda olanlar deyirdi ki, ermənini əvvəlcə götürüb atıblar hovuza, buz kimi soyuq suyun içinə. O da – o qoca erməni soyuq suda dura bilmirmiş axı. İstəyirmiş ki, birtəhər çıxsın hovuzdan. O gədələr də düzülüb hovuzun qırağına, təpiyi təpik dalınca erməninin kəlləsinə döşəyirmişlər. Bunun da – bu Saday Sadıqlı Allah köməyi olmuşun bəlası həmişə başının üstündədi. Yoxsa buna nə düşmüşdü ki, günün o vədəsində gedib o müsibətin üstünə çıxaydı… Dözməyib də, dözməyib, doktor!.. Sənətkardı, humanist adamdı. Ürəyi dözməyib, özün verib qabağa. O yeraz gədələr də nə bilsin ki, kimdi bu adam. Ermənistannan dünən gəlmiş adamlardı. “Erməni” deyib düşüblər üstünə. Mən ora çatanda ermənini öldürüb meyidin hovuza sərmişdilər. Bunu da öldürəcəkdilər, doktor. Mən ora bircə dəyqə gec çatsaydım, bunu da o qoca erməninin yanına göndərəcəkdilər. Allah rəhm elədi, sağ qaldı. Sizə qurban olum, doktor, bu dahi insanın həyatı indi sizin əlinizdədi.

      Həkim əməliyyata başlamağa tələsirdi. Ancaq bundan ötrü elə bil nəsə çatışmırdı, nəsə azlıq eləyirdi. Bir də, artistin dedikləri həkimi bir qədər sarsıtmışdı deyəsən. Cərrah stolunun üstündə ağır beyin silkələnməsindən huşsuz uzanmış bu Hamletin, Otellonun və Kefli İskəndərin bir qoca, günahsız insanı ölümdən qurtarmğa cəhd göstərməyində həkim qeyri-adi heç nə görmürdü. Həkimə görə, adını insan qoyan hər kəs belə yerdə yalnız bu cür hərəkət etməliydi. Ancaq bu şəhərin adamları sanki sözü bir yerə qoyub, məhz bu “insanlıq” deyilən şeydən indi hamılıqla uzaq olmağa çalışırdılar. İnsan olub insan sifətində qalmaq bu şəhərin adamlarına elə bil daha sərf eləmirdi. İnsanların bir qismi sifətini gizlətmişdi, bir qismi sifətini dəyişmişdi, bir qismi sifətini itirmişdi. İnsanların bir qismində isə bu insanlıq sifəti, görünür, heç əvvəldən də olmamışdı.

      Cəmi 10–15 gün bundan qabaq doktor Fərzani xəstəxanaya, Allah bilir ki, hansı yolla çatdırılmış 14–15 yaşlı bir erməni qızının üzərində elə bu otaqdaca ağır cərrahiyyə əməliyyatı aparmışdı.

      Metroda – insanın gur yerində 5-10 müsəlman arvadı birdən üstünə cumub, yüz adamın gözü qabağında qıza divan tutmuşdu. Əllərinin on barmağının onunu da qırmışdılar. Saçını yolmuşdular. Əyninin paltarını cırmışdılar. Üz-gözündə salamat yer qoymamışdılar. Və lap bir neçə gün bundan əvvəl gözünün biri dağa, o biri arana baxan çəpgöz, bədheybət bir şair özbaşına xəstəxanaya dürtülüb, kardioloji şöbənin 40 illik həkimini, erməni olduğuna görə, kabinetindən çıxarıb döyə-döyə küçəyə qovmuşdu. Bu hadisədən sonra xəstəxanada nə həkim, nə qeyri-həkim bir nəfər də erməni qalmamışdı. Kimisi gedib evində gizlənmişdi, kimisi Bakıdan həmişəlik köçüb getmişdi…

      – Aydındı, Nümayiş müəllim! Fars deyər: məsələ məlum əst. – Şəfqət bacılarının ayrıca stolun üstündə səliqə ilə yan-yana düzdüyü cürbəcür cərrahiyyə alətlərinin əvvəlki düzülüşünü tələsmədən dəyişə-dəyişə, xeyli susandan sonra, həkim içinin bədbin ovqatı ilə uyuşmayan gümrah səslə dedi.

      Nüvariş Qarabağlı adının təhrif edilməyindən incimədi. (30 ildən çox Moskvada yaşayanın buna haqqı vardı.) Ancaq o bu təhrifə təcili düzəliş verməyin vacib olduğunu da yaddan çıxarmadı:

      – Nüvariş Qarabağlı kimdi ki, doktor, – dedi. – Adi aktyordu. O gədələr bunun yerinə kaş məni bu günə salaydılar. Yüz Nüvariş Qarabağlı bir Saday Sadıqlının heç çeçələ barmağına da dəyməz.

      – Bu da qarabağlıdı? – Xəstənin nəbzini bir də yoxlaya-yoxlaya həkim yavaşca soruşdu.

      – Heç mən də qarabağlı deyiləm, doktor. Əslimiz Kürdəmirdəndi. Özüm Xırdalanda doğulmuşam. “Qarabağlı”nı özümə təxəllüs götürmüşəm… Bunun kəndi Naxçıvandadı. Ordubad rayonunda bir kənd var – Əylis kəndi. Çox da qədim kənddi, doktor, özüm gedib görməsəm də, bilirəm ki, o Əylisdə bir vaxt ermənilər də çox olub. Onların 7–8 kilsəsi orda, deyirlər, indi də durur. O ermənilər, görünür, çox sakit, çox yaxşı adam olublar. Bu Saday Sadıqlı da elə adamdı ki, doktor, dünya dağıla, yaxşıya pis deməz. Bu adam indiyəcən yüz dəfə dilinin bəlasına düşüb, ancaq xasiyyəti həmişə yerindədi. Bir-iki aydan sonra 50 yaşı olacaq, hələ də 10 yaşlı uşaqdı elə bil. Ürəyində nə var, dilinin ucundadı. Belə bir xatalı vaxtda da, doktor, dilini dinc qoymaq istəmir. Deyir: pis bizik, erməni yaxşıdır. Qorxmur. Teatrda, çayxanada – hər yerdə deyir bunu.

      Doktor Fərzani gözlərini gen-gen açıb bu dəfə xəstənin üzünə xüsusi maraqla baxdı.

      Sanki onu lap indicə və ilk dəfə görürdü. Qadınlar ağız-ağıza verib bir müddət xısın-xısın pıçıldaşdılar. Sonra doktor Fərzani ərklə Nüvariş Qarabağlının qoluna girdi və onu qapıya sarı apara-apara: – Gəl görüm, cavan oğlan, – dedi, – day burda sənnik bir iş qalmadı. Çıx, otur koridorda, dincəl özün üçün. İstəyirsən get evə, yüz qram vur bədənə, yıxıl yat, kef elə. Sonra gəlmək istəsən, gələrsən. Bu, sənin üçün kor bağırsaq kəsmək deyil, kapitalnı remontdu, 3–4 saat çəkəcək. Dostun yaşayacaq, qorxma. Mən bunnan bir Otello düzəldim ki, Dezdemonanın sevindiyindən ürəyi keçsin.

      Və həkim artisti koridora ötürüb qapıları örtdü.

      Cərrahiyyə otağının ikitaylı qapısı örtüləndən sonra Nüvariş Qarabağlı elə bil birdən-birə dünyadan büsbütün təcrid olundu.

      Uzun, alaqaranlıq koridorda bir qəribə, ürəksıxan qəbiristanlıq ab-havası vardı. İşıq yanmırdı. Adam gözə dəymirdi. Dəhlizin o biri başındakı iri, laybalay pəncərələr də eşiyin işığını içəriyə buraxmırdı: pəncərələri ya möhkəm toz basmışdı, ya da hava, hələ axşam düşməmiş qaralmışdı.

      Koridorun bircə yerində – şüşəbənd tikilidən bir qədər aralıdakı qapının ağzında bir yekə skamya gözə dəyirdi. Dəhlizdə ondan savayı oturmağa yer yox idi. Və yavaş-yavaş o skamyaya sarı gedən Nüvariş Qarabağlının başı hərlənirdi, ürəyi bulanırdı. Bayaqdan siqaret çəkmək istəyirdi, ancaq əlini uzadıb siqaret qutusnu cibindən çıxarmağa da ərdəmi gəlmirdi, gücü çatmırdı.

      Skamyaya yaxınlaşanda qapının bir tərəfində alt-alta divara vurulmuş iki yazılı lövhə diqqətini cəlb elədi. Üstdəki lövhədə iri, qara hərflərlə: “ОТДЕЛ ТРАВМАТОЛОГИ И ХИРУРГИИ”, altdakı lövhədə nisbətən kiçik hərflərlə “Зав. отдел ФАРЗАНИ Фарид Гасанович” sözləri yazılmışdı və doktor Fərzaninin kabinetinin qapısı açıq idi.

      Oturub dincəlməyə əşhədi-ehtiyacı olsa da, Nüvariş Qarabağlı həkimin kabineti ağzındakı o skamyada oturmaqdan vaz keçdi. Ona elə gəldi ki, əgər otursa, bir də heç vaxt ayağa dura bilməyəcək. Açıq qapının arasından qorxa-qorxa kabinetin içərisinə baxdı: bir stol, bir-iki köhnə stul, divan, seyf, soyuducu, xırdaca köhnə televizor, elektrik çaydanı,