Qarabağlı gözlərinin qaralmağından narahat deyildi. Buna öyrəncəliydi.
İndi onu hər şeydən çox narahat edən bu əhvalatı Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdırmaq idi.
Nüvariş Saday Sadıqlının evinə gedib-gələn adam idi. Onun arvadının iş yerini də tanıyırdı. İndi Azadə xanım, yəqin ki, hələ işdəydi. Ancaq bu saat burdan durub Azadə xanımın iş yerinə getmək Nüvariş Qarabağlıya həddən ziyadə çətin gəlirdi.
Bu xəbəri Sadayın arvadına hansı şəkildə çatdıracağı barədə düşünməyə o hələ vaxt tapmamışdı. Ən yaxşısı, elə buradaca oturub əməliyyatın qurtarmağını axıracan gözləmək idi. Əməliyyat qurtarandan, Sadayın yaraları sarınandan, huşu yerinə gələndən sonra gedib bu xəbəri Azadə xanıma çatdırmaq Nüvariş Qarabağlı üçün hər halda xeyli asan olacaqdı.
İndiyəcən 3 dəfə evlənsə də, indi bu şəhərdə onun yolunu gözləyən kimsə yox idi.
O, hələ 19–20 yaşlarında, ailə qurmağa ilk dəfə cəhd göstərmişdi: sevdiyi qızı nişansız, toysuz, cehizsiz maşına mindirib, Xırdalandakı ata evinə aparmışdı. Toy-nişan bir yana dursun, ər evinə cehizsiz gəlməyini Nüvarişin anası gəlininə heç cür bağışlaya bilməmişdi. Qayınanasının ayyarımlıq dil və dırnaq savaşından sonra qız bir gün pal-paltarını yığışdırıb, üsulluca həmişəlik çıxıb getmişdi.
Yenə də gəncliyində – hələ teatrda yalnız epizodik rollar oynadığı vaxtlarda – teatrın köhnə işçilərindən birinin “mənzil şəraitini yaxşılaşdırıb” onun Montindəki yarızirzəmi, rütubətli mənzilini Nüvarişə vermişdilər və özünün ikinci arvadı ilə Nüvariş o mənzildə cəmi 9 ay yaşamışdı: arvadı böyrək xərçəngindən dünyasını dəyişmişdi. Nüvariş Qarabağlının üçüncü arvadı Cülyetta teatrın adlı-sanlı artistlərindən birinin 36 yaşlı qarımış qızıydı. 4–5 il uşağı olmadı. Sonra bir oğlan uşağı doğdu və körpənin hələ heç 3 aylığı da tamam olmamış, bir gecə uşağa süd verdiyi yerdə dərin yuxuya gedən Cülyetta o yuxudan ayılanda öz döşlərinincə arasında körpənin boğulub-göyərmiş meyidini gördü. Uşağı əmizdirə-əmizdirə o təhər yuxuya getməyini Cülyetta özünə bağışlaya bilmədi. Ölən uşaq öləndən sonra da kirimədi, ağlayıb süd istədi. Özünü o uşağa mümkün qədər tez yetirmək üçün ana əlindən gələni elədi: yemədi, içmədi, yatmadı. Cülyetta uşağın ölümündən sonra heç 10 gün də yaşamadı. Arıqlayıb çöpə döndü, şam kimi əriyib yoxa çıxdı.
İndi 10 ilə yaxındı ki, Nüvarişin şəhərin mərkəzində ikiotaqlı mənzili vardı.
Bu ilin fevral ayının ortasınacan bu mənzildə Nüvariş Qarabağlı, tək də olsa, çox rahat və indiki yaşayışı ilə müqayisədə, bəlkə də, həddən ziyadə xoşbəxt və firavan gün-güzəran keçirmişdi. Və sən dünyanın işinə bax ki, indi Nüvariş Qarabağlı öz sevimli mənzilinə çox vaxt gecədən-gecəyə və yalnız əlacsızlıqdan gedirdi. Daha öz evində onun bir saat da dincliyi, rahatlığı yox idi. Səbəbi də buydu ki, Baksovetdə çox kiçik, ancaq çox pullu bir vəzifədə işləyən yekəpər, qarnıyoğun heyvərənin birisi – Nüşavirin divar qonşusu, onunla eyni gündə və eyni binanın axırıncı – 10-cu mərtəbəsində mənzil alan, teatrın qocaman və stajlı qarderobçusu Qreta Sarkisovna Minasovanın evini zəbt eləyib, orada əməlli-başlı fahişəxana açmışdı. İndi orda gecə-gündüz çalhaçal, vurhavur idi. Təcrübəli qocaman fahişələrin və bu sənətə hələ təzəcə yiyələnən təcrübəsiz gənc qızların seksdən qabaqkı heyvani qəhqəhə və qışqırtısı və onların seks vaxtı (ya orqazmın özündən, ya da onun imitasiyasından aldıqları) həqiqi və yaxud qondarma həzzin ağlı başdan eləyən çılğın ifadəsi nə zamandan bəriydi ki, artisti nə gündüz yaşamağa, nə gecə yatmağa qoyurdu.
Baksovetdə işləyən o yekəpər, deyilənə görə, Şuşanın imkanlı adamlarından biriydi. Bakıya təzəlikcə gəlmişdi və gələn kimi də Baksovetdə işə düzəlib, Nüvarişin yaşadığı binanın 10–15 addımlığındakı kooperativ binada özünə dördotaqlı mənzil almışdı. Bu adamın bədən quruluşu, az qala, kvadratşəkilliydi. Kürəyinin heyrətamiz enliliyi heç bir standarta uyğun gəlmirdi. Zilqara, çal saçları, qalın qapqara qaşları, enli, qalın bığı və timsah gözünə bənzəyən – məzmunsuz və ifadəsiz domba gözləri vardı. Nüvariş Qarabağlı üçün bu adamın hətta ad-familiyası da onun allahsız və imansız olmağından xəbər verirdi: ŞAHQACAR ƏRMƏĞANOV! Başın batsın, ay bu heyvana ad qoyan!
Bir səhər – hələ sübhün gözü təzəcə açılanda həyətə haray-həşir düşdü:
Eşidin, ay camaat, bir erməni arvadı özünü balkondan atıb. Qreta Sarkisovnanın bapbalaca bədəni bir yekə qan gölməçəsinin içində hələ can verməkdə ikən şəhərin hər yerinə xəbər yayıldı ki, özünü balkondan atan erməni, üstəlik, belə bir məktub da yazıb qoyub: “ERMƏNİLƏRİN SUMQAYITDA TÖRƏTDİYİ CİNAYƏTƏ GÖRƏ ÖZÜMƏ NİFRƏT EDİRƏM. MİLLƏTİMƏ NİFRƏT ETDİYİMƏ GÖRƏ DAHA BU DÜNYADA YAŞAMAQ İSTƏMİRƏM. QARABAĞ AZƏRBAYCANINDIR. YAŞASIN AZƏRBAYCAN”…
Bu “intiharın” yekəpər şuşalı tərəfindən törədildiyinə Nüvarişin nə o vaxt şübhəsi olmuşdu, nə də indi bir zərrə şübhəsi vardı. Qreta Minasovanı o balkondan o yekəpər Şahqacar Ərməğanovun, bəlkə də, şəxsən özü atmışdı. Bu saat kim kiməydi. Allahın var, gündə yüz ermənini götür, balkondan at aşağı. Lap elə müsəlmanın özünü də. Əgər adamın dadına çatacaq bir kimsəsi yoxdusa, indi onu yox eməyə nə vardı ki… Və əvvəllər yalnız nifrət elədiyi Baksovet işçisindən indi artist gün-gündən daha çox qorxmağa başlamışdı. Silist yox, məhkəmə yox, əgər bir gün Şahqacar adlı o allahsız şuşalı Nüvarişin özünü də balkondan atıb, adını intihar qoysaydı, bu cinayətin üstünü kim açacaqdı, o qansız, allahsız şuşalının əsil bandit olduğunu kim sübuta yetirəcəkdi…
Tapança, yalnız tapança!
Keçirdiyi dəhşətli stressin soyuq, boz sarsıntısı hələ canından çıxmamış, artistin emosional, valığında nifrət və qəzəb qığılcımları sürətlə artmaqda, alışmaqdaydı… Axı o, sahə milsənerinə gündə neçə dəfə demək olardı ki, adam ol, vicdanın olsun, yığışdır bu fahişəxananı, yoxsa bu gün-sabah bu şəhər başdan-ayağa fahişəxanaya dönəcək. Bu məsələyə görə artist dönə-dönə milis rəisinin qəbulunda olmuşdu, raykoma, Mərkəzi Komitəyə, hətta o Baksovetin özünə də neçə dəfə teleqram vurmuşdu, məktub göndərmişdi və axırda bu qərara gəlmişdi ki, daha bu ölkədə ya hökumət yoxdur, ya da vəzifə başında oturanlarn hamısı onun erməni qonşusunun evini zəbt eləyib fahişəxanaya döndərmiş o allahsız, dinsiz-imansız Şahqacar Ərməğanovla əlbirdir. Teatrın köhnə işçisi Qreta Minasovanın evində son aylar nələr baş verdiyini Nüvariş Qarabağlı teatrda hamıya danışmışdı. O, təkcə Saday Sadıqlıya bu barədə bir söz deməmişdi. Belə şeyi ona deməyin heç mənası da yox idi: bu adam həmişə öz aləmindəydi, onun fikri-xəyalı daima göylərdə gəzirdi. Bir də dahiliyinə qəlbən inandığı və şəxsiyyətinə ürəkdən pərəstiş elədiyi belə bir adamı bu cür murdar məsələyə qarışdırmaq, Nüvariş Qarabağlıya görə, heç insafdan da deyildi.
Şahqacar