da olsa, unutdurdu.
Ərinin ölümü qrafinyaya çox pis təsir etdi. O, saraydan çıxıb ikiotaqlı mənzilə köçdü. Qrafinya bir neçə ay ehtiyac içində, ancaq qürurla yaşadı. Bircə dəfə də olsun, fransızlara və onların tərəfdarlarına, o cümlədən mərhum əri qraf Petraneraya nifrət edən qardaşına kömək üçün ağız açmadı.
Markiz del Donqo nə qədər xəsis olsa da, düşmənlərinin bacısının yoxsulluğuna sevinməsinə yol verə bilməzdi. Belə çıxır ki, onun nəslindən olan bir qadın təqaüd hesabına yaşayacaqdı? Nə böyük təhqir!
Bu düşüncələr içərisində markiz bacısına uzun-uzadı bir məktub yazdı. Məktubda israrla bildirdi ki, malikanədə onun üçün ayrılmış böyük, dəbdəbəli otaq və del Donqo soyadına layiq məbləğdə pul yolunu gözləyir. Cina çox düşünüb-daşındıqdan sonra bu təklifi qəbul etdi. Qadın Qriante malikanəsinə özü ilə bərabər sevinc və şənlik gətirdi.
1814–1815-ci illərin qış ayları belə keçdi. Bu müddətdə qrafinya iki dəfə bir neçə günlüyə Milana getmişdi. O, La Skalada[11] nümayiş etdirilən gözəl baletləri qaçırmamağa çalışırdı. Markiz isə arvadının onu müşayiət etməsinə icazə verirdi. Hər iki səfər yaddaqalan olmuşdu: xanımlar köhnə dostları ilə nahar edir, şənliklərə qatılırdılar.
1815-ci il martın 7-də növbəti Milan səfərindən qayıdan xanımlar sahilboyu çinarlı xiyabanda gəzişirdilər. Bu zaman sahilə doğru bir qayıq yan aldı. Çox keçmədi ki, qayıqdan bəndin üstünə tullanan nökər xəbər verdi: «Napoleon elə indicə Juan buxtasına[12] çıxıb».
Bütün Avropa bu hadisədən heyrətə düşmüşdü, di gəl, markiz del Donqonun eşitdiyi xəbərdən heç tükü də tərpənmədi. O, dərhal öz padşahına məktub yazıb bildirdi ki, Napoleona qarşı mübarizədə əlindən gələni etməyə, hətta var-dövlətindən keçməyə hazırdır.
Martın 8-i səhər saat 6-da qrafinyaya Fabrisionun gəlişini xəbər verdilər. Otağa daxil olan gənc dedi:
– Mən imperatora qoşulmaq istəyirəm. Bunun üçün İsveçrədən keçib-gedəcəyəm.
Qrafinya həyəcandan ağladı. Sonra yatağından qalxıb dolabda gizlətdiyi pul kisəsini çıxarıb:
– Götür, – deyə Fabrisioya uzatdı. – Allah xətrinə, özünü qoru. Napoleonun uğur qazanacağına ümid bəsləmək mənasız işdir. Getməyinə razı olmaqla dünyada ən qiymətli varlığımı imperatora qurban verirəm.
Fabrisionun gözləri doldu. Bibisini qucaqlayıb ağladı. Axırda isə ondan xahiş etdi ki, gedişindən anasını da xəbərdar etsin.
Oğlunun gözlənilməz qərarını öyrənən markiza xeyli göz yaşı tökdü. Fabrisionu qərarından döndərməyi bacarmayan qadın sonda olub-qalan pullarının hamısını ona bağışladı. Birdən yadına düşdü ki, əri dəyəri on min frank olan səkkiz brilyantı Milan zərgərlərinə yondurması üçün ona verib. Markiza həmin brilyantları oğlunun yol paltarının astarına tikdi.
Fabrisio anası və bibisi ilə vidalaşıb yola düşdü. Arxasınca atasının atlılar göndərəcəyindən elə qorxurdu ki, yolboyu bir dəqiqə də dayanmadı və qısa müddətdə Parisə çatdı. İmperator da artıq şəhərdə idi. Fabrisionun müsibəti də elə bundan sonra başladı. O, Parisə gələndə ümid edirdi ki, Napoleonla görüşə biləcək. Ancaq onu imperatorun yaxınına belə buraxmadılar. Əvəzində yenicə tanış olduğu yoldaşları bir neçə günün içində bütün pullarının dalına keçdilər. Yaxşı ki anasının ona verdiyi brilyantlardan heç kəsin xəbəri yox idi.
Fabrisio brilyantların puluna iki at aldı, at alverçisinin yanında mehtər olmuş istefadakı əsgəri isə özünə qulluqçu götürdü. O, başına gələnlərdən pərt halda orduya yollandı. Fabrisionun imperator ordusu haqda heç bir məlumatı yox idi. Bircə onu bilirdi ki, əsgərlər Maubeuke[13] yaxınlığında toplanırlar.
Ən yaxın batalyonlardan birinə yetişən kimi əsgərlər bu sütül burjuanı[14] dövrəyə aldılar. Bir saat sonra alayın katibi düşərgənin yaxınlığından keçirdi. Əsgərlər onu saxlayıb mülki geyimli, fransızca pis danışan bir nəfərin gəldiyini xəbər verdilər. Katib Fabrisionu xeyli sorğu-suala tutdu. Oğlan Napoleona böyük ehtiram bəslədiyini, hətta ona pərəstiş etdiyini dedi. Lakin fransız dilində çətinliklə danışdığından bu dedikləri katibdə şübhə doğurdu. O, dərhal iki əsgər çağırdı: biri nökərin boynundan yapışdı, digəri atların cilovunu dartdı. Katib Fabrisionu jandarm zabitinin yanına gətirdi. Jandarm zabiti zavallı oğlandan sənədini tələb etdi. Gənc sənədini göstərdi. Sənəddə onun barometr alveri edən tacir olduğu yazılırdı.
– Axmaq! – zabit sənədlərə baxa-baxa dedi. – Heç bicliyin yoxmuş ki… Sənin kimi ana uşağını bura göndərirlərsə, deməli, bizi sarsaq sayırlar.
Fabrisio, əslində, tacir olmadığını, bu sənədləri də Parisə gəlib çıxmaq üçün düzüb-qoşduğunu sübut etmək üçün çox çalışdı. Amma nə illah elədi, heç bir xeyri olmadı. Zabit onu konvoy müşayiəti ilə qonşu B. şəhərciyindəki həbsxanaya göndərdi. Bu miskin həbsxanada Fabrisio otuz üç gün keçirdi.
İyun günlərinin birində Fabrisio uzaqdan top gülləsinin səsini eşitdi. «Nəhayət, başlandı!» – gəncin ürəyi həyəcanla döyündü. O bura düşəndən bir neçə gün sonra təsadüfən həbsxana nəzarətçisinin arvadı ilə tanış olmuşdu. Top gülləsinin eşidildiyi günün axşamı həmin xanım yanına gəldi.
Fabrisio ona yalvararaq dedi:
– Burdan çıxmağıma kömək edin. Borclu qalmayacağıma söz verirəm.
– Mənə yüz frank versən, qaçmağını təşkil edərəm.
Fabrisio dərhal razılaşdı. Ertəsi gün obaşdan nəzarətçi arvadı yenidən Fabrisionun yanına gəldi və dedi:
– Əzizim, belə cəncəl işlərə bulaşmaq üçün çox gəncsən. Sözümü dinlə, daşı ətəyindən tök. Müharibəyə getmək heç də ağıllı fikir deyil.
– Niyə axı? – Fabrisio inad etdi. – Məgər vətəni qorumaq cinayətdir?
– Boş şeydir! Həyatını mən qurtardım, yoxsa səni güllələyəcəkdilər. Bir halda ki fikrin qətidir, özün bilərsən. Amma bax ha, ağzından bir kəlmə də qaçırma, yoxsa sənə görə biz də işimizi itirərik. Bir də əsilzadə olduğun halda tacir cildinə girdiyini orada-burada danışma. Sənə srağagün ölmüş qusarın formasını verəcəyəm. Haradan gəldiyini soruşsalar, de ki, xəstəydin, kəndlilərdən birinin evində yatırdın. İnanmasalar, öz alayına yetişməyə çalışdığını söylə. Hə, bir də unutma ki, səni yenidən həbs edə bilərlər, çünki fransızca yaxşı danışa bilmirsən.
Məşəqqət dolu otuz üç gündən sonra Fabrisio həbs olunmasının səbəbini özü üçün aydınlaşdırdı: sən demə, onu casus hesab edirmişlər!
Nəzarətçinin arvadına verdiyi yüz frank sayəsində elə həmin gün gənc qusar qılıncını qoltuğuna vurub bu kiçik şəhərcikdən çıxdı. Yolda yorğa atla gedən bir kəndli ilə rastlaşdı, onu əl-qol işarələri ilə başa salıb yabını pulla aldı.
Fabrisio