əməllicə sərxoş eləmişdi, odur ki indi ətrafda nə baş verdiyinin fərqində deyildi. Yuxusu gəlir və yəhərdə ağır-ağır yırğalanırdı. Qəfildən vaxmistr qusarlara tərəf çevrilib qışqırdı:
– Köpək uşaqları, görmürsünüz?.. İmperator!
Fabrisio dərhal özünə gəldi və irəli boylandı. Amma o, generallardan və mühafizə dəstəsindən savayı heç nə görmədi. «Mənə imperatoru görmək qismət olmadı. Hamısı da bu zəhrimara qalmış şərabın ucbatından».
Bundan sonra gənc tamamilə ayıldı. Bir qədər sonra mühafizə dəstəsi su basmış yola endi.
– Ötüb-keçən, həqiqətən, imperator idi? – Fabrisio yanındakı atlıdan soruşdu.
– Hə, o idi. Necə oldu ki, siz onu görmədiniz? – qusar mehribanlıqla cavab verdi.
Həmin an Fabrisio çapıb imperatorun mühafizə dəstəsinə yetişmək istədi. «Axı mən Fransaya məhz bunun üçün gəlmişəm». Amma dərhal da fikrindən daşındı. Səbəbi isə yeni dostlarının onunla mehriban davranması idi.
Kələ-kötür yol bitəndə oğlan marşal Neyin harasa yoxa çıxdığının fərqinə vardı. Öndə onun əvəzinə qorxunc baxışları olan başqa bir general gedirdi. Bu, general qraf d’A-nın özü idi. Həmin qraf d’A ki, 1796-cı ilin 15 mayında leytenant Rober idi.
Mühafizə dəstəsi hündür yamacların arasıyla təpəyə qalxdı və şumlanmış sahə ilə getməyə başladı. Fabrisio arxada boğuq səs eşitdi. Dönüb baxanda dörd qusarın atı ilə birlikdə yıxıldığını gördü. Generalın da atı çevrilib yıxılmışdı, amma özü ayağa qalxa bilmişdi. Vaxmistr Fabrisioya yaxınlaşıb dedi:
– Bax bu hələ çapa bilər.
Elə bu vaxt əsgərlərin ayaqlarından tutduqlarını hiss etdi. Əsgərlər onun qoltuğunun altından yapışıb yuxarı qaldırdılar. Fabrisio sürüşüb torpağın üstünə düşdü.
Adyutant[20] atın cilovundan yapışdı, general vaxmistrin köməyi ilə Fabrisionun atının belinə qalxdı və sürətlə çapdı. Oğlan hirslə ayağa qalxdı və «Ladri! Ladri!» («Oğrular! Oğrular!») deyə qışqıraraq onların dalınca qaçdı. Tezliklə mühafizə dəstəsi və qraf d’A söyüd cərgələrinin arxasında gözdən itdi.
5
Qəzəbindən dəliyə dönmüş Fabrisio söyüdlüyə qədər yüyürdü. Nəhayət, dəstəyə yetişmək ümidini tamamilə itirdi. Dostlarının satqınlığı ona atını itirməsindən çox təsir etmişdi. Aclıqdan və yorğunluqdan ayaq üstə güclə dururdu. Bir xəndəyin yanında yerə yıxılıb qaldı. Sonra ayağa qalxıb səmti müəyyənləşdirməyə çalışdı. Bu vaxt xəndəyin digər tərəfində piyada alayı gördü. Əsgərlər çəmənliyə doğru gəlirdilər. «Yaxşı ki burada yatıb qalmamışam, yoxsa məni əsir götürərdilər», – düşündü. Amma tezliklə əsgərlərin mundirlərini görüb sakitləşdi. Bu, fransız alayı idi. Fabrisio əsgərlərə çatıb dedi:
– Mənə puluyla bir tikə çörək verə bilərsiniz?
– Bu bizi, deyəsən, çörəksatan hesab edir.
Əsgərlərdən birinin bu kinayəli cavabı və onun doğurduğu gülüş səsləri Fabrisionu tamam çaşdırdı. Otun üstünə oturdu, daha doğrusu, yıxıldı və rəngi ağardı. Onu ələ salan əsgər gəlib yanında dayandı və qabağına bir tikə çörək tulladı. Fabrisionun tikəni yerdən götürmədiyini görən əsgər bu dəfə çörəkdən bir parça qoparıb onun ağzına soxdu. Oğlan gözlərini açdı və ağzındakını səssizcə yedi. Bir kəlmə deməyə taqəti qalmamışdı.
Fransız alayı yoluna davam etdi. Fabrisio isə yatıb dincini almaq üçün xəlvət bir yer axtarmağa başladı. Bu vaxt ona tanış olan arabanı, atı və markitant qadını gördü. Qadın Fabrisionun yanına qaçdı, halını görüb qorxdu.
– Dostum, nə olub, yaralanmısan? Bəs sənin atın hanı?
Fabrisio başına gələnləri qadına nəql etdi. Qadın onun qoltuğuna girib arabaya minməsinə kömək etdi. Əldən düşmüş Fabrisio yumaq kimi bükülüb dərin yuxuya getdi. Bir də araba dayananda yuxudan oyandı. Gün çoxdan batmışdı.
Fabrisio havanın belə tez qaralmasına təəccübləndi. Əsgərlər dağınıq halda ora-bura qaçışırdılar. Bu nizamsızlıq onu təəccübləndirdi.
– Nə olub? – dönüb markitant qadından soruşdu.
– Boş şeydir. Prussiya polkunun əsgərləri bizimkiləri darmadağın ediblər. Qalx görüm, arabanın yan qayışlarını bərkitməyə kömək et.
On addım irəlidə güllə səsləri eşidildi. Dincini alıb özünə gələn Fabrisio düşündü: «Əslində, mən hələ döyüşməmişəm. Bütün gün ancaq mühafizə dəstəsi ilə generalların ardınca getmişəm».
– Mən döyüşməliyəm, – bunu isə uca səslə qadına dedi.
– Narahat olma! Ürəyin istəyən qədər döyüşəcəksən.
Sonra o, yanlarından sürətlə ötən onbaşını səslədi:
– Bu cavan qusarı özünlə götür, – qadın dedi. – Düzdür, burjuadır, amma cəsur oğlandır.
Onbaşı bir söz demədi, səssizcə keçib-getdi. Səkkiz – on əsgər də qaça-qaça onun dalınca düşdülər. Fabrisio da əsgərlərə qoşuldu. Onbaşı onları düz qocaman bir palıd ağacının yanına gətirib dedi:
– Məni diqqətlə dinləyin, uşaqlar! Əmr verilmədən atəş açmayın. Unutmayın ki, cəmi üç patronunuz var.
«Burada nə baş verir?» – Fabrisio öz-özünə düşündü. Ancaq bu sualına ağlabatan cavab tapa bilmədi. Nəhayət, onbaşı ilə təklikdə qalanda dedi:
– Silahım yoxdur.
– Əvvəla, sus! İkincisi, get prussiyalıların öldürdüyü bədbəxt əsgərlərdən birini tap. Onun silahını və patrondaşını aç götür. Yaralılara dəymə. O adamınkını götür ki, öldüyünə əminsən. Sonra cəld geri qayıt, yoxsa elə öz yoldaşlarının gülləsinə tuş gələrsən.
Fabrisio qaça-qaça getdi, çox keçmədən isə silah və patrondaşla geri döndü.
– Silahını doldur və bu ağacın arxasına keç. Amma unutma: əmr olmadan atəş aça bilməzsən. Bu qılıncı da tulla. Ayağına dolaşar, yıxılarsan. Lənətə gələsiniz! Bizə verdikləri əsgərə bax!
Bunu deyib o, Fabrisionun qılıncını açdı və fırladıb uzağa tulladı.
– Ay yazıq, sən heç ömründə silah görmüsən?
– Mən ovçuyam.
– Aman Allah! – onbaşı köks ötürdü. – Əmrim olmadan atəş açma!
Fabrisio sevinc içində idi. «Nəhayət ki, əsl döyüşdəyəm, çox keçməz, düşmən də öldürərəm», – deyə fikirləşdi.
O, diqqətlə ətrafa baxdı. Bu vaxt lap yaxınlığında güllə səsi eşitdi. Lakin atəş açmaq əmri almadığına görə əvvəlcə gözlədi. Sonra tüfəngin ağzını çevirib diqqətlə nişan aldı və tətiyi çəkdi. Çapar atı ilə birlikdə yıxıldı. Özünü sanki ovda hiss edən Fabrisio