deyirlərmiş, şəhərdə adamyeyənlər peyda olubmuş”. Əli şallaqlı kişi şahı diqqətlə süzdü və birdən elə şaqqanaq çəkdi ki, zirzəminin divarları cingildədi, tavana səs düşüb gumbur-gumbur gumbuldadı. Elə bil yer-göy gülməyə başladı. Birdən iri əllər onun boynundan yapışdı, dartıb göyə qaldırdı və yumaq kimi fırladıb içəri atdı. Şah ağzı üstə torpağa düşüb xeyli sürüşdü və başını qaldıranda gördü ki, iri, ucu-bucağı görünməyən böyük, işıqlı bir zirzəmidədir. Divar boyu xanalar, mahud toxuyan dəzgahlar düzülüb, çarxların taqqıltısından, kirkilərin şaqqıltısından qulaq tutulur. Bir yanda yun əyirir, bir yanda iri küplərdə ip boyayır, bir yanda da sapları iri tağalaqlara dolayırlar. Kimi mahud toxuyur, kimi gəbə kəsir, kimi də parça toplarını daşıyıb tay vururdu. Əlində çalğı döşəmə süpürən, gəbələri, xalçaları daşıyıb qat-qat yığanlar, ip aparıb ip gətirənlər bir-birinə qarışmışdı. Burada kişi də vardı, qadın da. Qız da vardı, gəlin də, hətta qarı da. Qarılar divar boyu oturub cəhrələrdə yun əyirirdilər. Şah gözlərinə inanmadı. Elə bildi ki, nağıllarda söylənən sehrli, tilsimli yeraltı bir dünyaya düşüb. Cinlərin, şeytanların arasındadır, əlində qamçı şaqqıldadan divlərin, adamyeyənlərin əlinə keçib.
Onu təpiklə vurub ayağa qaldırdılar. Qulağından tutub zirzəmini gəzdirdilər, hər şeyi, hər yeri göstərdilər və başa saldılar ki, buraya gələn geri qayıtmır. Ölənəcən, sümükləri çürüyənəcən burada işləyir. Şahın nəfəsi darıxdı, öz-özünü danladı, gözünün qabağında, lap burnunun ucunda, sarayla üzbəüz karvansaranın zirzəmisində nələr baş verdiyindən xəbərsiz olduğuna təəccüb etdi, hirsləndi və istədi ki, qışqırıb “mən şaham” desin, cəllad çağırıb bunların boynunu vurdursun, amma dilini dişləyib dayandı. Düşündü ki: “Ey dili-qafil, sən nə eləyirsən? Sirrini açsan, sənin böyük tikəni qulağın boyda eləməzlərmi?” Dinmədi. Səsini içinə salıb susdu.
Onun əlinə çalğı verdilər. Döşəmə süpürdü. Mahud toplarını daşıdı, gəbələri xanadan kəsənlərə kömək elədi. Boyanmış ipləri belinə yüklədilər. İşlədi, gecəli-gündüzlü, nəfəs dərmədən. Günlərin, həftələrin necə gəlib keçdiyindən xəbəri olmadı, ayları bir-birinə qarışdırdı. Ölkələrə hökm edən şah yeraltı zirzəmidə qarışqa kimi işləyənlərin birinə çevrildi. Özü də ən xeyirsizinə. Şah başa düşdü ki, bu yeraltı dünyanın sahibləri müftə yerə ətək-ətək pul götürürlər. Oğurladıqları adamları qul kimi işlədir, onların toxuduqları gəbələri, xalıları, zililəri, mahudları bazarlara çıxardır, gəmilərə doldurub diyarlar aşır, uzaq-uzaq yerlərdə baha qiymətə satırlar.
Bir gün zirzəmiyə qəribə bir xəbər yayıldı. Şah yoxa çıxıb. Bütün qoşun ayağa qalxıb. Şahın arvadı hər yerə çapar yollayıb, ölkənin altını üstünə çeviriblər, amma şahı “gördüm” deyən yoxdur, elə bil zirzəmidəkilərin beli sındı. Şah gördü ki, qızlar, gəlinlər için-için ağlayırlar, kişilər tez-tez köks ötürüb ah çəkirlər. Elə bil onların gözünün işığı sönürdü. Şah başa düşdü ki, zirzəmidəkilər ümidlərini ona bağlayıblarmış.
O gecə yata bilmədi. Saman döşənmiş yerdə o üz-bu üzə çevrildi, çıxış yolu axtardı, gözünü qaranlıq zirzəminin tavanına zillədi, fikrində dağı arana, aranı da dağa köçürdü, dəfələrlə ötən günlərə gedib-qayıtdı…
Onda lap cavan idi, yenicə taxta çıxmışdı. Sarayda oturmaqdan çox dağda-daşda gəzməyi, at çapmağı, yay-ox atmağı, çəmənlikdə, çöllərdə ceyran-cüyür ovlamağı sevirdi. Bir gün ovdan sonra başının dəstəsi ilə bulaq üstünə enəndə suya gələn qızları hürkütmüşdülər. Qızlar qanad çalıb pırıltı ilə uçan göyərçinlər kimi ətrafa səpələnib kolluqda yox olmuşdular. Ancaq onlardan birini şahın qırğı gözləri almışdı. Qız isə “müjgan oxunu atıb” getmişdi. Evə qayıdandan sonra şah durub dincələ bilməmiş, səhərisi gün at belinə qalxmış, başının dəstəsi ilə həmin bulağın üstünə gəlmişdi. Yenə qızları hürkütmüşdülər. Amma şah bu dəfə ovunu aydınca görmüş, nağıllarda deyildiyi kimi, qıza bir könüldən min könülə aşiq olmuşdu. Şahın dünyagörmüş vəziri məsələni başa düşmüş və əl altından öyrənmişdi ki, qızın atası öz tükü üstündə dolanan kasıb bir kişidir. Vəzir xeyli dinməmişdi. Gözləmişdi ki, bəlkə, ötəri hissdir, şahın yadından çıxıb gedəcək. Amma hökmdarın saralıb-solduğunu, günlərlə qapını bağlayıb içəridə oturduğunu görəndə özü məsələni açmalı olmuşdu.
– Qibleyi-aləm, istəyirsən, çapar göndərim, qızı elə bu gün hərəmxanaya gətirsinlər.
Şah yarasına toxunulmuş adam kimi dik atıldı. Vəzir gördü ki, onun burun pərələri genişləndi, qan üzünə vurdu, sifəti qıpqırmızı oldu.
– Yox, vəzir, mən onunla evlənmək istəyirəm. Hazırlaşın, elçi gedin.
– Şahım, məni kimin qapısına göndərirsən, o, sənin tayındırmı?
– Bilirəm, vəzir, hamısını başa düşürəm, amma getməlisiniz.
Şahın anası, bütün yaxın qohumları, saray əyanları işə qarışdılar, onu başa salmağa çalışdılar ki: “Bizi rüsvayi-cahan eləmə, ağlını başına yığ, sən hara, kəndçi qızı hara”. Amma şah inadından dönmədi. Axırda əlacları kəsilib qıza elçi getdilər, bir az keçmiş suları süzülə-süzülə əliboş qayıtdılar. Qız razılıq verməmişdi.
Saray bir-birinə dəydi. Amma şah inadından dönmədi. Vəziri çağırıb:
– Qız qapısı, şah qapısı, – dedi, – bir də getməliyik. Bu dəfə elçiliyə özüm də gedəcəyəm.
Vəzir nə qədər əlləşdisə, onu sözündən döndərə bilmədi. Şah təğyir-libas oldu, elçilərə qarışdı və yola düşdülər.
Bu dəfə qızın atası elçilərə heç nə demədi, boynunu büküb dayandı. Qızın özünü çağırdılar. Utana-utana içəri girdi. Onun əynində nimdaş paltar vardı, ayağı yalın idi. Kələğayını gözünün üstünə çəkib atasının yanında başıaşağı dayandı.
– Qızım, kişilər səndən ötrü gəliblər, özün onlara cavab ver.
Vəzir ortaya çökən sükutun çox sürdüyünü görüb dilləndi:
– Allah-taala öz-özünə qapı açıb, bala, şah özü sənə aşiq olub, istəyir ki, sən onun halalca, kəbinli arvadı olasan.
Qız xeyli dinmədi. Ayağı ilə yeri sığalladı və birdən başını qaldırıb düz vəzirin üzünə baxdı:
– Sənəti nədir?
Hamı təəccüblə bir-birinin üzünə baxdı. Qızın sözündən heç kəs heç nə başa düşmədi. Yenə vəzir cavab verdi:
– Şahlıq.
– Şahlıq sənət deyil.
– Qızım, nə danışdığını bilirsənmi? Şaha nə sənət? Bütün dünya onun qabağında diz çökür, ağlını başına yığ.
– Bilirəm, amma mən əlində sənəti olmayan adama ərə getməyəcəyəm. Gedin, şahınıza deyin, qoy bir sənət öyrənsin. Bəlkə, ondan sonra razı oldum.
Dinməz-söyləməz