Исмаил Шихлы

Məni itirməyin


Скачать книгу

istəyirəm, sizə xeyir verim.

      – Mənə nə xeyir verə bilərsən, kişi?

      – Verərəm, başına dönüm, sənətkar adamam.

      – Nəçisən?

      – Keçəçi.

      – Keçəni kim alacaq, a kişi?

      – Alarlar, ağa, nə çox tərəkəmə.

      Başçı xeyli fikrə getdi, qəlyanını horuldatdı, sonra əlini yellədi:

      – Yaxşı, qoy sən deyən olsun.

      Elə o gün şaha yun verdilər, köməkçi ayırdılar. Şah iki cür yun seçdi: biri dümağ pilə kimi, o biri qapqara şəvə kimi. Onları yudu, təmizlədi, bir həftə gecə-gündüz əlləşdi, axırda haşiyəli, naxışlı, ortası qara güllü, ətrafı işləməli, tamaşasına durulası bir keçə saldı.

      – Şahlara layiq keçədir. Bunu bazarda yox, lap şahın qapısında da göydə götürərlər. Bir çanaq qızıl da istəsəniz, verərlər.

      Onun dedikləri ağıllarına batdı. Naxışlı keçəni birbaş sarayın qabağına apardılar.

      Şahın arvadı Əminə xatun eyvanda dayanıb axtarışa göndərdiyi çaparların yolunu gözləyirdi. Neçə ay idi ki, gözünə yuxu getmir, gecələr paltarlı mürgüləyir, işıqlaşan kimi eyvana çıxıb ürəyi səksəkəli, qulağı səsdə eyvanda gəzinirdi. Birdən onun gözü çiynində keçə sarayın qabağında hərlənən kişiyə sataşdı. Ürəyinə nəsə damdı və qulluqçunu göndərdi. Özü də tab gətirə bilmədi. Qulluqçunun dalınca qırx pilləkəni birnəfəsə düşdü. Qulluqçu ilə bərabər özünü keçənin üstünə saldı:

      – Neçəyə deyirsən bu keçəni, a kişi?

      – Bir çanaq qızıla, xanım.

      Qulluqçu içini çəkdi. Xanım barmağını dişləyib, özünü toxtatdı.

      – Bir çanaq qızıla da keçəmi olar, a kişi?

      – Niyə olmur, xanım, bax gör necə keçədir?

      Kişi keçəni açıb naxışları göstərdi.

      Əminə xatun diqqətlə keçəyə baxdı, onun haşiyələrini əli ilə sığalladı, naxışlara qarışdırılmış yazıları gördü və başa düşdü ki, keçəni əri salıb və buraya da göndərib. Keçədəki naxışlarda karvansaranın altındakı zirzəminin yolları, döngələri, keçidləri, giriş və çıxışları aydınca göstərilmişdi.

      Şahın arvadı qamətini düzəldib kişinin üzünə baxdı:

      – Düz deyirsən, əmi, bir çanaq qızıla dəyəsi keçədir.

      Ertəsi günü şahın qoşunu vəzir-vəkil başda olmaqla karvansaranı arakəsməyə aldılar, zirzəmidəki qulları buraxdılar və adamyeyənləri boynunda kündə, ayaqlarında qandal, qollarında zəncir şəhərin meydanlarından gəzdirdilər və camaata car çəkdilər ki, bir həftədən sonra dar ağacından asacaqlar.

      Şah zindandan evinə qayıdanda arvadı onun qabağına yeridi, önündə diz çökmək istədi. Amma şah qoymadı, qolundan tutub qaldırdı.

      – Sən yox, mən sənin qabağında diz çökməliyəm.

      – Niyə, şahım?

      – Çünki sən vaxtında mənə sənət öyrətməsəydin, ömürlük zindanda çürüyəcəkdim. Keçəçi Abbas olmasaydı, Şah Abbası heç kəs zindandan qurtara bilməzdi.

      Bəs zınqırovu kim asacaq?

      Neçə gün idi ki, Boz dağın ətəyində, düzənliyin ortasındakı tənha çinarın kölgəsində, böyük müşavirə gedirdi. Buraya dünyanın hər yerindən sürü-sürü siçan toplanmışdı. Onlar öz yığıncaqlarına siçovulları, kəsəyənləri, sünbülqıranları da dəvət etmişdilər… Lakin bunlar öz nümayəndələrini göndərmişdilər ki, elə-belə sakitcə danışılanlara qulaq assınlar. Hətta taxıl zəmilərində, kövşənlik və çöllərdə yaşayan siçanlar da belə bir toplantıya gəlməkdən boyun qaçırmışdılar. Demişdilər ki, bizə dəyib-toxunan yoxdur, orada nə işimiz var, durduğumuz yerdə başımızı niyə qalmaqala salırıq. Toplaşanlar əsasən ev siçanları idi. Onların dərdi böyük idi: kimisi gözünün ağı-qarası yeganə oğlunu itirmiş, kimisinin boy-buxununa valeh olduğu nər kimi ərini əlindən almışdılar, kimisi də bir sürü balası ilə qalmışdı tək. Burada atadan, anadan yetim qalan körpələr də vardı. Hamısının ürəyi yaralı idi, hamının dərdi böyük idi. Sir-sifətlərindən hiss olunurdu ki, bu saatın özündə də vahimə içindədirlər, bir yerə toplaşıb özlərinə ürək-dirək versələr də, tir-tir əsirlər.

      Yığıncağı cantıraq, tükləri cod, uzun bığlı, başı bəlalar çəkmiş yaşlı bir siçan açdı. O, əvvəlcə belini donqarlandırdı, qəzəbindən tükləri pırpızlanıb gözlərinə qan sağıldı. Hamı gördü ki, ağsaqqal əvvəlcə ehtiyatla ətrafı imsilədi. Onun burun pərələri oynadı, bığları tərpəndi, gözləri sağa-sola döndü və arxayınlaşdıqdan sonra boğazını arıtlayıb, sözə başladı:

      – Mənim əzizlərim, ulu əcdadlarımızın yazıq törəmələri, hamınıza məlumdur ki, başımızın üstünü təhlükə almışdır. Əgər belə getsə, yaxın gələcəkdə kökümüz tamam kəsilə bilər. Gözümüz baxa-baxa kişilərimizi, arvadlarımızı parçalayırlar, gül balalarımızı bircə şapalaqla yığıb boğurlar. Qoymurlar ki, nəfəs alaq. Aclıq vadar eləyib yuvamızdan aralanan kimi üstümüzü alırlar. Artıq buna dözmək olmaz, bıçaq sümüyə dayanıb. Buraya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düşmənə qarşı əlbir olub tədbir tökməkdir.

      Siçan sinəsini boşaldıb danışığına ara verdi. Əyləşənləri süzdü və gördü ki, hamının yaralı yerinə toxunub, hamının ürəyindən xəbər verib. Onu din-ləyənlərin qəzəbdən gözləri qızıb. Bu saat ölümə də göndərsən, gedərlər. Sevindi. Həmcinslərinin qeyrət damarına toxuna bildiyinə, onları kişiləşdirdiyinə görə qürurlandı.

      Yığışanların arasından birisi dazıya-dazıya qabağa çıxdı, gəlib düz başçının yanında dayandı. Əvvəlcə əlini dik-dik dərisinə çəkdi, tükü tökülmüş belini, qarnını qaşıdı, elə bil nə günə düşdüyünü camaata göstərirdi, sonra dal ayaqları üstünə qalxıb burnunu, bığını oynatdı.

      – Mən anayam, – deyə sözə başladı. Amma bala üzünə həsrət qalmışam. Onları doğuram, nə zillətlə böyüdürəm, boya-başa çatdıranda əlimdən alırlar. Bu pişiklər sinəmizə dağ çəkir, ahımız-ünümüz göyə qalxır, amma nə səsimizi eşidən var, nə köməyimizə çatan. İkicə gün bundan qabaq sonbeşiyimi günə çıxarmışdım. Yazıq tifil işıq üzü gördüyünə elə sevinirdi ki, bilmirdi, nə etsin. Gah başıma dolanır, gah böyrümə qısılır, gah da məndən xeyli aralanıb dal ayaqları üstünə qalxır və sinəsini günə verib isinirdi. Elə göyçək, elə qəşəng idi ki, belə yaraşıqlı balam olduğuna heç özüm də inana bilmirdim. Gözüm çıxsın, deyəsən, balamı gözə gətirdim.

      Siçan səsini kəsib hıçqırdı. Onun çiyinləri qalxıb-endi. Əlləri ilə üzünü tutsa da, hönkürtüsünü saxlaya bilmədi. Sədr də qəhərləndi və gözünü gəzdirəndə