Vahid Məmmədli

Şəhrizad


Скачать книгу

istəyir…

      – Yox, yoldaş Bağırov. Qırmızı komandiri vuran da, gülləbaranı

      başlayan da Əmiraslan bəyin kiçik oğlu Məmmədrəsul idi. Hansı ki, qaçıb. Harda olduğu da bəlli deyil…

      Bağırov razılaşmaq məcburiyyətində qaldı:

      – Oldu, yoldaş Hacıyev. Hər halda Qarabağ revkomuna və fövqəladə

      komissiyasına tapşırıq verəcəyik ki, quldur Məmmədrəsul Haqverdiyevi tapıb məhv etsinlər…

      2

      Ziya bəy ölüm yatağında idi. Arvadı Hurinisə onun yanında göz yaşlarına hakim ola bilmirdi. Var-dövlətinin əlindən çıxması Ziya bəyə o qədər təsir etmirdi. Onu ölüm yatağına salan qardaşı Əmiraslanın və oğullarının qətlə yetirilməsi idi. Neçə vaxtdan bəri Hurinisə xanım Talıb və Şəhrizadı da götürüb Arazın o tayına keçmələrini israr etsə də, ata-oğul bu barədə eşitmək belə istəmirdilər:

      – Bu gözəl yurdu, babalarımızın qəbirlərini atıb hara gedə bilərik? Ondansa başımıza bir güllə çaxmaq daha şərəflidir.

      Talıb bəy həm də onu deyirdi ki, – Ana, qürbət bizi qəbul edər… Amma süddənyanıq quzular kimi gözümüz daim bu tərəfdə qalar, könlümüz də od tutar… Quruluş dəyişib, var-dövlətimiz gedib, amma bəyliyimiz gedə bilməz, ana…

      Oğlu Talıba görə qorxu keçirən Hürinisə xanım hər gün, hər an düşünürdü ki, gözünün ağı-qarası olan ciyərparasını gəlib aparacaqlar. Qırmızı komandirin ölümünü Talıb bəyə bu hökumət bağışlamayacaq. Geci-tezi vardı…

      Ziya bəy oğlunu və gəlinini yanında görmək istədi. Şəhrizad baş vermiş olaylardan sonra neçə gün idi ki, iştahadan da kəsilmiş, üzüntüsü səngimək bilmirdi. O bir an öncə Amanbəyliyə qayıtmaq istəyirdi. Ata-anasının, qardaşlarının qəbrini ziyarət etməklə təskinlik tapa bilərdi. İndi əmisi Ziyanı da ölüm yatağında görməsi onun son ümidini də alt-üst edirdi. Dünyalar gözəlinin xoşbəxt və qayğısız günləri başa çatmışdı. Bir daha üzü güləcəyinə inanmırdı Şəhrizad… Yeganə sağ qalmış qardaşı Məmmədrəsul üçün dua edirdi. Məmmədrəsulun isə nə öldüsü, nə də qaldısı bəlli idi…

      …Ziya bəyin yasının üçüncü günü Talıb qərar verdi. Şəhrizadın gündən-günə əriyən vücuduna sadəcə baxıb üzülməklə sevgilisinə yardım edə bilmirdi. Nəyin bahasına olursa-olsun Amanbəyliyə qayıtmalıydılar. Ata yurdu Şəhrizadın yaralarını bəlkə də bir qədər ovudardı…

      ***

      Atlılar Soltanbud meşəsinin ən qalın yerində dayandılar. Öndə gedən Məmmədrəsul bəy atını durdurub başlarını bir-birinə söykəmiş beş çinar gördü. Bu çinarların budaqları qol-boyun olub bir-birinə sarılmışdı. Yarpaqlar yuxarıda cərgələnib birləşərək çətirlənmiş, bu çətirin altında sərin kölgəlik yaratmışdı.

      Atını ağacların ortasına sürdü. Yolçular da atdan enib çətirin altında özlərinə yer elədilər. Məmmədrəsul bəy başını qaldırıb ağacları süzdü. Aman Allah, bu beş çinar neçə gün əvvəl qətlə yetirilən qardaşları idi. Ağaca çevrilib baş-başa verərək, kiçik qardaşları Məmmədrəsulu günəşin qızmar şəfəqlərindən qorumağa çalışırdılar. Yanındakılar görməsin deyə içində ağlayan Məmmədrəsul əllərini başının altında cütləyib yuxarı, yamyaşıl yarpaqlara baxdı…

      Yeni hökumətdən narazı olan daha dörd bəy oğlu da ona qoşulmuşdu. Hər zaman qu quşu tükündən olan döşəklərdə yatan bəylər qərar vermişdilər, ətraflarına daha çox insan toplayıb bolşevik hökuməti ilə mübarizə aparacaqdılar. Onların qaçaq həyatı başlamışdı. Bu dəstənin başında duran Məmmədrəsul bəyin fikri qəti idi. "Bacımızı Qüdsiyə vermədik deyə bizdən qisas aldı. Atamın, qardaşlarımın ölümünə o bais oldu. Nədən o bolşevikləri birbaşa bizim kəndimizə gətirdi… Qüdsini öldürüb qisasını almayınca mənim məskənim bu meşələr olacaq…"

      Fərrux Kürün qarşı sahilindən, “quru” bəylərin nəslindən idi… Fərruxu bu kəndə məktəb qurmağa göndərmişdilər. Realnı məktəbdə oxuduğu vaxtlardan bolşeviklərə qoşulan Fərrux əslində Bakıdan bu kəndə göndərilməsindən narazı idi. Amanbəyli adındakı “bəy” kəlməsini də özünə qarşı yönəlmiş söyüş kimi hiss edirdi.

      Bəy sinfinə nifrət edirdi Fərrux. O, uşaqlıqdan bəri təmiz və yaraşıqlı bəy çuxasına, bəy balalarının qızıl kəmərlərindəki xəncərləri həyatının kabusu sanmış, gözəl, incə belli bəy qızlarına əl çatmaz xülya kimi baxmışdı. Gədədən bəy olmaz məsəli indi bolşeviklərin qorxusundan gizli söylənilirdi. Amma lap əvvəldən bu zərbi məsəli eşidəndə ona elə gəlirdi ki, “gədə” sözü birbaşa onun ünvanına söylənilir…

      Bu nifrət onda hələ körpə vaxtlarından yaranmışdı…

      Atasının hər səhər təmiz bəy paltarında Kürün sahilinə gəldiyini, burda əynindəki paltarları çıxarıb qamışın başına bağlayaraq Kürü keçdiyini görmüşdü… O biri sahildə köhnə paltar geyinən atası Amanbəylinin pambıq sahələrində muzdurluq edirdi. Günəmuzd qazandığı pula fayton tutub bəy paltarlarını geyinərək öz kəndlərinə qayıdırdı ki, desinlər bu kişi bəydi…

      Onu və digər övladlarını ac-yalavac böyüdən atası öz kəndlərində muzdurluq etsəydi, bundan yaxşı dolanardılar…

      Varlı-hallı, torpaq sahibi olan bəylərin birindən o birinə söz aparıb-gətirməklə baş girləyən atasının burnundan fırt eləyib düşməyi qədər ona bənzəyən Fərrux buna görə də daxilən özünə nifrət edirdi…

      Atası uğursuzluğu ilə barışa bilmədiyindən anasını gecə-gündüz döyüb incidir, hirsini onlardan çıxan anaları da Fərruxu və digər qardaşlarını hər addımbaşı şillələyib çırpır, bu evin uşaqları nəvaziş nədir bilmirdilər…

      Artıq Amanbəyliyə qayıtmış Talıb və Şəhrizad güzəranları üçün gecə-gündüz çalışırdılar. Sovet hökuməti onların bütün var-dövlətini əllərindən alsa da münbit Qarabağ torpağı, bir də hər ikisinin işgüzarlığı onların güzəranını günü-gündən artırır, bir-birini hələ də dəlicəsinə sevirdilər. Bir yaşında olan oğulları Turqaydan sonra, digər oğulları İlyas dünyaya gəlmişdi.

      Mehtər oğlu İsmayıl, nökərləri Umud, onun arvadı Xeyransa, çobanları Hümbət də yanlarında idi. Onlara hər işdə yardımçı olurdular…

      İsmayılın evlənmək yaşı çoxdan ötsə də, bu barədə heç düşünmürdü. Şəhrizad kimisi bir daha olmayacaqdı… Ürəyində bəy qızına qarşı nə qədər məhəbbəti olsa da, Şəhrizadın üzünə baxmazdı. Şəhrizad onun üçün naməhrəm idi…

      Xanımının varlığı, onun xoşbəxtliyi mehtər İsmayıl üçün yetərli idi.

      Qanlı xatirələr yaddan çıxmasa da, yeni üsul-idarəyə uyğunlaşan kənd Şəhrizad və Talıbı, onlar da kəndi qoruyurdular.

      Fərrux Şəhrizadı ilk dəfə görəndə dünya başına fırlandı. Qərib, qonaq olduğuna görə Talıb Fərruxu həyətlərinə gətirib yemək vermişdi. Onun qarşısına yemək düzən Şəhrizadı Fərrux mələk