Vahid Məmmədli

Şəhrizad


Скачать книгу

mən bir bolşevik olaraq dözə bilmərəm. O təcili həbs edilməli və layiqli cəzasını almalıdır.

      Fərrux püskürüb qurtardıqdan sonra eynəyini çıxarıb həmsöhbətinin gözlərinin içinə baxan Qalabəyov dilləndi:

      – Fərrux Söhbətov yoldaş! Sizin bir vətəndaş, həm də bolşevik

      olaraq sayıqlığınızı alqışlayıram.

      – Mən sizə mütəmadi bütün məlumatları verəcəm.

      – Çox sağ olun. Minnətdar olarıq. Amma bir məsələni siz bilməlisiniz.

      – O nə məsələdi elə?

      – Sizin məlumat verdiyiniz məsələ ilə bağlı bildirmək istəyirəm ki,

      bu məsələ yoldaş Bağırovun öz rəhbərliyi ilə baxılıb, araşdırılıb, istintaq olunub. Hazırda ölkənin Baş Prokurorunun müavini olan Qüdsi Hacıyev yoldaş dediyiniz hadisənin birbaşa şahididir. Bəyəm siz və ya mən yoldaş Mircəfər Bağırovdan, Qüdsi Hacıyevdən çox bilirik? Onlar bu məsələni araşdırıb nöqtəsini də qoyublar. Talıb Əmiraslan oğlu Haqverdiyev də bu məsələdə birbaşa günahkar olsaydı nə Bağırov, nə də ki, Hacıyev yoldaşlar onun azadlıqda qalmasına imkan verməzdilər. İnqilabi tribunal onu çoxdan güllələmişdi. İstintaq materiallarından görünür ki, qırmızı komandir Savelyevi güllələyən isə Məmmədrəsul Haqverdiyevdir. Tərəfimizdən axtarılır. Bax bu qəddar banditin tapılmasına köməklik etsəniz minnətdar olaram.

      Bəy nəslindən olan ziyalı Qalabəyov dediklərinə Fərruxu bir daha inandırmaq üçün təkrar söylədi: – Yoldaş Bağırov səhv qərar verə bilməz.

      Əli hər yerdən üzülmüş Fərrux yamanlığını davam etdirirdi:

      – Bəlkə Bağırov yoldaşa Qüdsi Hacıyev düzgün məlumat verməyib?

      Qalabəyov hirsləndi:

      – Özünüzü yığışdırın, Söhbətov. Siz respublikanın rəhbərləri

      haqqında necə belə sözlər işlədə bilərsiniz? Ayıb olsun. Sizi xəbərdar edirəm, kişilərin qulağına çatar, heç də sizin üçün yaxşı olmaz. Gedə bilərsiniz…

      Əli ətəyindən uzun qayıdan Fərruxun heyrətdən gözləri bərəlmişdi. O ümid edirdi ki, Talıbın güllələnməsinə nail olub Şəhrizadı tezliklə ələ keçirəcək. Amma bu o qədər də asan deyildi…

      İndi Talıbın Məmmədrəsulla əlaqəsi olduğunu ortaya qoymaq üçün çalışmalıydı…

      Öz işinin peşəkarı olan Muradxan Qalabəyov Fərrux getdikdən sonra düşündü ki, Amanbəylidə hələ çox olaylar olacaq… İndi yadına düşdü ki, Fövqəladə komissiyanın respublikanın bütün ərazisində geniş agentura şəbəkəsi qurduğu bir halda nədənsə Amanbəylidə bir nəfər də olsun agentləri yoxdur? Düzdür bu bir qədər də Sibir Qəzənfərdən qaynaqlanırdı. Türmə həyatını gözəl bilən Qəzənfər kişi öz kəndlərində agentlərin olmasının qarşısını alırdı. Hər dəfə çekistlərdən kimsə kəndə gələndə yeyib-içməklə həmin əməkdaşın başını qatıb kənddən kimisə yanlamasına imkan vermirdi.

      Muradxan əməkdaşı Cəbrayılovu yanına çağırıb göstəriş verdi: “Amanbəylidə bizimlə gizli əməkdaşlıq etməyə hazır olan şəxslər müəyyən edilməlidir”.

      Cəbrayılov, – yoldaş rəis, bir qədər əvvəl sizin yanınızda olan Fərrux Söhbətovu cəlb etsək olmaz? – dedi.

      – Cəbrayılov, Söhbətov anadan agent doğulub. Onu cəlb etməyə

      ehtiyac yoxdur. Özü, biz istəməsək də, gəlib hər şeyi deyəcək. Sən gizli əməkdaşları müəyyən elə.

      – Oldu, yoldaş rəis, – deyib Cəbrayılov getdi.

      Xırçınlıdakı hadisələrdən sonra onun və yoldaşlarının hər yerdə

      axtarıldığını Məmmədrəsul yaxşı bilirdi. Qaçaq həyatı onu da, yoldaşlarını da bezdirmişdi. İlyas bəy son zamanlar israr edirdi ki, Arazı keçib İrana qaçsınlar. Başqa yerlərə də üz tuta bilərdilər…

      Səhərin ayazı Məmmədrəsulu üşütsə də ona ana südü qədər doğma

      olan bu təmiz havanı ciyərlərinə çəkdi. “Qürbət… Qürbət… Qürbətin havası onu boğacaqdı… Bu havadan, bu meşədən, bu gözəllikdən qürbətdə vardımı? Əlbəttə var… Orda da torpaq, bu səfalı meşədən var… Amma Məmmədrəsulun damarlarından axan qan olduğu qəriblikdə kiminsə tənəsinə dözəcəkmi? Orda da Məmmədrəsul bəy olacaqmı? Amma qaçaq olsan belə, ətrafında sədaqətli dostlar, doğmalar var. Qürbət gözəl ola bilər. Amma qürbət nə vaxtsa yenidən Vətənə daha xoşbəxt qayıtmaq üçündür…”

      Gözləri doldu. Anası, atası gözləri önündə dayandılar. Sanki onlar

      xəyal deyil, canlı idilər. Anası, – igid balam, çoxdandır sənə öz əlimlə hazırladığım yorğan-döşəkdə yatmırsan. Nə yaman qocalmısan, can bala. Mən səni belə qoyub getməmişdim axı…

      Növbə atasına çatdı: – Məmmədrəsul, namusuna, qeyrətinə heyranam, oğul. Bilirəm qisasımızı almağa çalışırsan. Qürbətə getməyəcəyini bilirəm. Amma yerini dəyiş, oğul. Düşmən sənin bir addımlığındadır.

      Anasının ətrini duydu. Atasının dediyi söz bir xəbərdarlıq idi.

      Yerimizi dəyişməliyik… Amma öncə mən Şəhrizadı görməliyəm.

      Anamın ətrini yalnız ondan, əziz bacımdan ala bilərəm…

      Gecənin qaranlığında Şəhrizad və Talıb yatağında, Turqay ilə

      Ilyas isə aralarında yatmışdılar. Qapı asta-asta döyülürdü. “Tuk… Tuk… Tuk…”

      Şəhrizad gözlərini açdı. Talıb da oyandı.

      – Aman Allah, xeyirdirmi, görəsən?

      – Gecənin bu vaxtı kim ola?

      Talıb cəld yerindən qalxıb, qapıya tərəf getdi. Gələn Məmmədrəsul

      idi. Zil qara saqqalın, uzanmış saçların arxasından bir zamanlar bütün mahalda ad çıxarmış Məmmədrəsul bəyin gözləri baxırdı…

      Şəhrizad qardaşına sarıldı, göz yaşlarını saxlaya bilməyib,

      – Bəyim, atam, bu dünyada tək ümidim…, – dedi.

      Məmmədrəsul bacısını sakitləşdirdi,

      – Bax, gəldim… Səni gördüm, daha heç bir dərdim yoxdur…

      Sonra Məmmədrəsulla Talıb ilə bir-birinə sarıldılar.

      Baş vermiş qanlı hadisədən sonra hələ də özünü günahkar sayan Talıb bəy başını aşağı saldı. O hər zaman düşünürdü ki, kaş Əmiraslan bəy ona "Şəhrizadı da götür qaçın Şuşaya", deyəndə ona qulaq asmayaydı. Kaş o, son damla qanına kimi vuruşaydı, amma qayınları, həm də əmisi oğlanları olan Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn ölməyəydilər. Onlar kimi igidlərin əvəzi yox idi. İndi Məmmədrəsul da çöllərə düşməzdi…

      Məmmədrəsul yuyunub çörək yedikdən sonra dedi:

      – Son vaxtlar yaman əl-ayağa düşüblər.