Vahid Məmmədli

Şəhrizad


Скачать книгу

camaatına Qüdsi Hacıyevin ölüm xəbərini dedikdən sonra bütün kənd pıçıldaşırdı ki, Qüdsini Məmmədrəsul öldürüb.

      İndi keçmiş xanımını eyvanda görən Nübar adəti üzrə özünü yığışdırdı. Amma daha Şəhrizada xanım deyə müraciət etmirdi.

      Şəhrizad bunu hiss etsə də, heç üzə vurmadı.

      – Sən elə mənim bacımsan, – deyib, o özü Nübarı bu əziyyətdən

      qurtardı.

      – Salam, ay bacı.

      – Salam, Nübar.

      – İndi gəlirəm. Sözüm var.

      Həyətə çıxan Şəhrizad Nübarın sözlü adama oxşadığını duymuşdu.

      – Nə deyəcəkdin, buyur.

      Nübar duruxdu. Bir qədər özünü toparlayıb kənddə dolaşan dedi-qodunu Şəhrizada çatdırdı. Qəhər Şəhrizadın bağrını deşirdi. İstədi ki, Nübara desin ki, "mənim qardaşım öldürə bilməzdi Qüdsini. Qüdsi öldürülən gecə qardaşım mənim yanımda, evdə idi". Amma Nübara bu sözləri deyə bilmədi. Qardaşının onlara gəlişini heç kim bilməməli idi.

      Qüdsinin ölümündə qardaşının əli olmadığına tam əmin idi Şəhrizad:

      – Yalandır, mənim qardaşım Qüdsini öldürə bilməzdi…

      Həyət qapısından içəri girən İsmayıl ortada ayaq üstə dayanıb söhbət

      edən Şəhrizad və Nübarı görüb hər şeyi anladı. O artıq bilirdi ki, söhbət nədən gedir… İnsanlar artıq öz sözlərini demişdilər. Qüdsini öldürənin Məmmədrəsul Haqverdiyev olduğuna hər kəs özünü inandırmışdı…

      Həyatını verməyə hazır olduğu Şəhrizadın qardaşı haqqında deyilən bu sözlər onun xanımının da, bəyi Talıbın da üzərinə kölgə salırdı.

      Özünü bu ailənin bir parçası hiss edən İsmayıl son vaxtlar az qalırdı

      ki, hər şeyi atıb Məmmədrəsula qoşulsun.

      İnsanın taleyi, ömrünün uzunluğu öz əlində deyil. Amma insana

      ayrılmış müddət ərzində neçə günü mənalı yaşaması onun öz əlindədir…

      Çətin və acılı günlərin şirin sonluğunu dadmaq yalnız mənalı ömür sürmək üçün yaşayanlara qismət olur. Çünki çoxları nə vaxtsa yaşayacaqları günə çatmaq üçün günləri, ayları sayaraq "heyhat, ömür keçdi", dedikləri anda, bir başqası növbəti anını yaşamağına davam edir. Beləcə də həmin mənalı anlar toplanaraq sonda "mən yaşadım", dedizdirir insana…

      – Salam, ay İsmayıl. Hələ bir bəri dur, – bunu Şəhrizadın hələ də

      yanında durub, guya ürək-dirək verən, amma əslində yarasının qaysağını qoparan Nübar dedi.

      Onsuz da dilxor olan İsmayıl onların beş-altı addımlığında dayanıb, – Nübar xala, eşidirəm, buyur, – dedi.

      Nübar yenə də Şəhrizada xitabən, – ay bacı, – deyib, sözünə davam etdi: – Bu gədə nə düşünür mən bilmirəm. Ədə, anan yazıqdır. Bir halal

      süd əmmiş al, gətir evə, o arvada dayaq olsun.

      İsmayıl bilirdi Nübar nəyə eyham vurur.

      – Ay bacı, sən denən ona, nə vaxtacan subay gəzəcək?

      Şəhrizad İsmayılı çox istəyirdi. Ona qardaş gözüylə baxırdı. Bayaqdan bəri Məmmədrəsul söhbətinə görə dilxor olan Şəhrizad sanki öz doğma qardaşını evləndirəcəyi qədər sevindi:

      – İsmayıl, düz deyir də. Mahalın hansı qızını istəsən, sənə uça-uça

      gələr…

      – Yox, bir az sən də…, – deyə Nübar etirazını bildirdi.

      Şəhrizad söhbətin nədən getdiyini bilməsə də, İsmayıl hər şeyi gözəl anlayırdı. İsmayıl Nübarın qızı Xoşqədəmin onu sevdiyini bir-iki ay idi ki, anlamışdı.

      Nədənsə əvvəllər o, evdə olmayanda xəstə anasına bir stəkan su belə verməyən Nübar da, Xoşqədəm də xeyli dəyişmişdilər.

      İndi hər dəfə evə qayıdanda Xoşqədəmi anası Nəsibənin yanında görürdü. Xoşqədəm Nəsibəyə qulluq edir, vaxtlı-vaxtında yeməyini, çayını verirdi. Xoşqədəm sanki deyirdi ki, İsmayıl, məni al, özünə arvad elə. Mən sənin anana elə baxacam ki, vicdanın yol verməyəcək məni boşayasan…

      Bu fikirlərlə beynini arıtlayan İsmayılın yadına Şəhrizadın bir qədər əvvəl dediyi sözlər düşdü:

      – Mahalda hansı qızı istəsən, sənə uça-uça gələr…

      İsmayıl acıqla ürəyində dedi: "Nübarın qızı Xoşqədəm də, Əhmədəlinin məni dəlicəsinə sevən qızı Ayna da gözəllikdə səndən heç də geri qalmırlar. Amma mən bədbəxt nə edim ki, mən yalnız səni sevirəm, Şəhrizad, çox heyf ki, mən bunu sənə heç bir vaxt deyə bilməyəcəm…"

      İsmayıl nümayişkaranə şəkildə geri çevrilib yaxındakı daxmalarına

      girdi. Xoşqədəm anası Nəsibənin yastığını rahlayırdı. İçəri girən İsmayıla

      tərəf çevrilib barmağını dodaqlarına tərəf apardı:

      – Sss… – Sonra İsmayıla tərəf bir-iki addım atıb yavaş səslə, – yatır, – dedi.

      İsmayıl:

      – Sağ ol, Xoşqədəm, sən gedə bilərsən, – dedi.

      – Ac olarsan, yaxşı buğlama bişirmişəm, çəkim, ye.

      – Yox, sağ ol, əziyyət çəkmə, ac deyiləm.

      – Onda çay iç.

      – Yox, köhnə çinarın altındakı bulaqdan su içdim…

      Xoşqədəm İsmayılın qarşısında dayanıb başını aşağı saldı. Yanaqları

      qıpqırmızı idi. Sanki deyirdi ki, məni sev, İsmayıl. Nədən mənə diqqət vermir, mən tərəfə baxmırsan. Qızın duruşu İsmayıldan cavab gözləyirdi.

      İsmayılsa sandığın üstündə əyləşib yatmış anasına tərəf baxırdı.

      – Yaxşı, mən gedim. Evdəyəm. Acsan xəbər ver, gəlim çayını, suyunu verim.

      – Yaxşı… – İsmayıl könülsüz cavab verdi…

      Bu yerlərin qız-gəlinləri öz sevgilərini oğlanlara, kişilərə heç vaxt

      sözlə deməzdilər. Onların hərəkəti, baxışları hər şeyi deyirdi.

      Bu gün sahədə işləyəndə də eyni briqadada olan Aynanın

      ona tez-tez su gətirməsi, bütün iş boyu tarlada İsmayıldan gözlərini çəkməməyi, Əhmədəli qızının İsmayıla əməlli-başlı sevgi etirafı idi. İsmayılın yaşı ötürdü. Bu yaşa qədər kiminsə evlənməməyi bu kənddə söz-söhbət, sual doğururdu. Sağlam, igid oğlan olan İsmayılın evlənməməyinə yalnız bir ad verirdilər ki, yəqin özündən çox razıdır. O, gözəllər-gözəli axtarır.

      Xoşqədəm də, Ayna da ərgən qızlar idi. Gözəllikdən,