Vahid Məmmədli

Şəhrizad


Скачать книгу

Qəzənfər Nəsibəni evə aparmalarına göstəriş verdi.

      Talıbgil hələ qayıtmamışdılar… Nəsibəni daxmasında yatağa uzatmışdılar. Şəhrizad, Nübar, Xoşqədəm onun yanında idilər. Şəhrizad bu zavallı qadının halına acıyır, bugünkü hadisənin hələ bazarda olan İsmayıla evə qayıtdıqda necə təsir edəcəyini düşünürdü.

      Tamamilə əldən düşən Nəsibə isə ayağa qalxa bilməsə də, buna cəld edirdi. Şəhrizad və Nübar onu güclə qaldırdılar. Handan-hana Nəsibə sakitləşib gözlərini yumdu.

      Xoşqədəm Nəsibə arvadın yanında qaldı. Şəhrizad da arabir Nəsibə arvada baş çəkirdi. Axşama yaxın Talıb, İsmayıl və Hümbət bazardan geri döndülər. Aldıqları şişəklər sağlam görünürdü. Yaxşı da qiymətə almışdılar. Yol boyu xeyli deyib-gülmüşdülər…

      İsmayılı gülməyə məcbur edən o idi ki, qoyun satanlara yaxınlaşdıqda Talıb uzaqdan hansı qoyunun şişək, hansının erkək olduğunu deyirdi. Hümbət isə ağızlarını açıb dişlərinə, digər yerlərinə baxmamış bunu deyə bilmirdi. İsmayıl da Hümbətə üzünü tutub, – ayə, ay Hümbət, sən gözünü açandan qoyunların içində böyümüsən, çobanlıq etmisən, amma hələ də hansı quzunun erkək, hansının da şişək olduğunu bilmirsən. Amma bəy oğlu Talıb bəy bunu uzaqdan baxmaqla edir. İndi sən mənə de görüm, sən çobansan, yoxsa çobanlığın da əldəqayırmadır?…

      Hər üçü İsmayılın bu sözlərinə xeyli gülmüşdü, Hümbət də özünü sındırmayıb, – Talıb qağam hər şeyi, adamları da uzaqdan tanıyır, – demişdi.

      Belə görünürdü ki, hər üçünün kefi kökdür. Amma həyətə daxil olduqda Şəhrizad və Nübarın İsmayılgilin qapısı ağzında, əli qoynunda dayandıqlarını gördülər.

      Daxmalarını hər dəfə tərk edəndə xəstə anasına nə isə ola biləcəyindən daim narahat olan İsmayılın ürəyi sürətlə döyünürdü. İrəli qaçıb, – anama bir şey olub? – deyə Şəhrizad və Nübardan xəbər aldı.

      Şəhrizad İsmayılın çox həyəcanlandığını görüb, – İsmayıl, narahat olma, anan sağ-salamatdır, keç içəri özün görəcəksən, – dedi.

      İsmayıl içəri keçdi. Anası gözlərini yumub yataqda dinməz-söyləməz uzanmışdı. Xoşqədəm onun yanında dizlərini qucaqlayıb xəyala dalmışdı.

      İsmayıl dizlərini yerə atıb, – Ana, ay ana, – deyə səsləndi.

      Xoşqədəm:

      – İşin yoxdur, qoy yatsın, – dedi.

      – Bu nə vaxtın yatmağıdır? O heç yatırdı ki, nə oldu birdən-birə…

      – İsmayıl, sakit ol, qoy sənə bir çay gətirim, iç rahatlan. Anan yorulub

      yatır.

      Çay gətirdikdən sonra İsmayıla dedi:

      – Daha onu tək qoymaq olmaz. Sibir Qəzənfər görməsəydi indi onu

      itirmişdik. Səhər yeməyini verib keçdim ki, bir az gözümün acısını alım. Yenicə gözümə yuxu getmişdi ki, gördüm yaman səs-küy gəlir həyətdən. Qaçdım həyətə. Gördüm əyin-baş, saçları – hamısı su içində onu gətiriblər. Sən demə, mən öz daxmamıza keçən kimi qaçıb Tərtərə tərəf, özünü atıb çaya. Allah eləməmiş, Sibir Qəzənfərlə Süleyman ora gec gəlsəydilər, nə olacaqdı… Allah bilir…

      Xoşqədəmin dedikləri İsmayılı sarsıtdı:

      – Daha onu tək qoymaram. Xoşqədəm, sən də çox əziyyət çəkirsən.

      Get dincəl. Daha anamın yanından heç yana getməyəcəm.

      Xoşqədəm getməyə tələsmirdi:

      – Nə əziyyəti var. Mənim üçün xoşdur. Ölənəcən ona xidmət

      edəcəm.

      – Bu, mümkün deyil. Özünə bu qədər zülm eləmə. Get. Mən

      burdayam…

      Xoşqədəm israr etməsinin yersiz olduğunu görüb ayağa qalxdı. Bu vaxt Nəsibə arvadın əli onun qolundan yapışdı. Xoşqədəm diksinib, – burax, ay Nəsibə xala, şükür, ayıldın, – desə də Nəsibə onun qolunu buraxmadı.

      Xoşqədəm var gücü ilə dartınıb çırpındı… Ancaq Nəsibə onun qolunu buraxmırdı ki, buraxmırdı. İsmayıl məcbur qalıb, – Xoşqədəm, qolun ağrıyacaq, otur, görək nə olur. Şükür, anam ayıldı, – dedi.

      Anası gözlərini açmışdı. Xoşqədəmin biləyindən dəmir kimi yapışan qadın bu biləyi buraxmırdı. İsmayıl anasını qucaqladı: – Sənə qurban olum ay ana, niyə belə edirdin? Özünü çaya atıb məni tək-tənha qoyub hara gedirdin? Mən yanındayam. Daha səni tək qoymaram. Burax Xoşqədəmin qolunu, qoy gedib bir az dincəlsin o da…

      Birdən Nəsibə arvad dikəldi. Divara zillənən gözlərindən bir cüt yaş onun yanaqlarına süzüldü:

      – Daha heç yerə gedən deyil Xoşqədəm. O mənim gəlinimdir. Eşidirsən, o getsə, özümü öldürəcəm, – dedi.

      Anasının ağlı başına gəlmişdi. Daha o, havalı Nəsibə deyildi. Bu İsmayılı sevindirsə də, bir qədər öncə anasının Xoşqədəm haqqında dediyi sözlər dünyanı onun başına uçururdu… Anasına başqa söz desəydi, qadının yenidən əsəbiləşib havalanmasından ehtiyat edən İsmayıl daha dinmədi.

      Bu günün yorğunluğu, anası ilə bağlı gərginlik onu əldən salmışdı. Üstündə oturduğu nazik döşəkcəyə uzanıb dərin yuxuya getdi.

      …İsmayıl bəy paltarında idi… Hər tərəf al-əlvan bəzədilmiş, ətraf yamyaşıl, gül çiçək idi. Gəlinlik paltarında olan Şəhrizad duvağını üzünə salmışdı. O, qızı atın tərkinə alıb Kürün sahilindəki göy çəmənliyə çapdı. Sanki bu çəmənlik onların gərdəni, evliliyin ilk gecəsinin məskəni idi… İsmayıl Şəhrizadın gözlərindən aləmə saçdığı işıqdan sanki gözləri qamaşacaqdı deyə, Şəhrizadın duvağını qaldırmamış gözlərini yumub, duvağı qaldırdı. Onların dodaqları bir-birinə toxundu. Biri o birini öpüşlərə qərq edirdi. Bir-birindən doymaq bilmirdilər. Soyundular… Şəhrizad onun idi. Dəlicəsinə sevdiyi Şəhrizad. Daha onun gözlərinə baxmaqdan qorxmurdu… İsmayıl gözlərini açdı. Dünyanın ən xoşbəxti idi. Sinəsi üstündə uzanmış sevgilisinə baxdı… Aman Allahım, bu ki Xoşqədəmdir. Nə baş verir, mən neylədim… Yuxusu ilə indi baş verənlərdən nəyin gerçək, nəyinsə sadəcə yuxu olduğunu anlaya bilməyən İsmayıl yerindən dik atıldı…

      Anası yerində yox idi. Cəld əynini geyinib həyətə qaçdı. Həyət qapısının ağzında anası onu görüb, – Sənə qurban olum, ay bala, qızı qaçırt dayıngilə. Bizim toy etməyə halımız yoxdur. Mən Nəsibəni başa salaram, – dedi.

      Əlacsız qalan İsmayıl Xoşqədəmin dalınca daxmaya doğru getdi…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «Литрес».

      Прочитайте