Vahid Məmmədli

Şəhrizad


Скачать книгу

də… Anasının da ağlı başındadır ki, desin, ay

      bala, yaşın keçir, evlən.

      – Nə bilim, ay ana, daha dözə bilmirəm…

      – Bıy, başıma xeyir. A-a-a, sən lap ölürsənmiş ki onun üçün.

      Xoşqədəm daha heç nə demədi. Dərindən ah çəkib, mütəkkəyə

      dirsəkləndi…

      Əhmədəli Qeybəli Cəbrayılovun yanından çıxıb kəndə qayıdırdı. O, artıq məxfi əməkdaş kimi fəaliyyət göstərəcəkdi. Cəbrayılov ona demişdi ki, gözünü dörd aç… Məlumatları vaxtında çatdır. Fərrux Söhbətovdan da qorxma. Sən artıq bizim əməkdaşsan.

      Həyətə girər-girməz arvadını önündə gördü:

      – Nə olub, ay arvad?

      – Nə olacaq… Söhbətov yoldaş yuxudan durandan dünyanı dağıdır.

      Deyir məndən icazəsiz hara gedib?

      – Sən nə dedin?

      – Dedim, erkək qoyun can verirdi. Apardı Leş Əliyə vaxtında

      çatdırsın. Amma Söhbətovun hirsi soyumaq bilmədi, ay kişi. Başılovlu getdi məktəbə.

      – Qələt eləyir Söhbətov. Gedib o axmağa deyəcəm ki, daha bizdə

      qalma… Gətirib çıxarmışam ocağımın başına. Bircə gün işə getməyəndə dünyanı dağıdır?

      – A kişi, gərək icazə alaydın…

      – Nə icazə? Mən ona hara getdiyimi deyə bilməzdim. Yoldaş

      Cəbrayılov şəxsən göstəriş verib.

      – Bilmirəm, ay kişi. İndi səni işdən çıxarsa, Cəbrayılov arxanda

      duracaqmı?

      – Arvad, sən belə şeyləri bilməzsən. Get, işinlə məşğul ol.

      Söhbətov mənə heç nə edə bilməz.

      Arvadının həyəcanı bir qədər səngidi və sakit səslə dedi:

      – Təki elə olsun, ay kişi. Mən nə deyirəm.

      Əhmədəli daha evə girmədi. Məktəbə doğru yollanaraq yolboyu təkrarlayırdı: "Mənim arxamda ÇK durub. Söhbətov kimdir?"

      Hirsindən kəndir çeynəyən Söhbətov Əhmədəlini görcək bağırdı:

      – Hardaydın ə-ə-ə?

      – Müdir, erkək əldən getdi: Dedim o başdannan murdar olmamış Leş

      Əliyə çatdırım.

      – Mənə niyə demədin?

      – Müdir, sübh tezdən dedim səni qan-bağır edib yuxudan

      durğuzmayım.

      Fərruxun səsi yavaşıdı. Nə deyəcəyini bilmədi. Udqunub, – icazəsiz

      bir də getsən, səni it kimi qovaram, – dedi.

      Əhmədəli ürəyində “İt sənin dədəndir” – deyib, məktəb direktorunun

      otağını tərk etdi…

      4

      Pambıq yığımının qızğın vaxtıydı. Axşamın ala-toranına doğru qadınlar yığdıqları pambığı çuvallarda qapanın yanına daşıyırdılar. Hesabdar İsfəndiyar bir-bir yaxınlaşan qadınların çuvallarını çəkib özündə qeydiyyat aparırdı. Şəhrizadın pambığını çəkib qeydiyyat apardıqdan sonra qıza dedi:

      – Halaldır, ay Şəhrizad. Hər günün hesabatından görünür ki, ən çox

      pambığı sən yığırsan. Gündəlik normanı ödəyirsən. Halaldır, vallah. Belə getsə, inşallah əmək qabaqcılı alacaqsan.

      Şəhrizad heç nə demədən kəlağayısını düzəldib kəndə tərəf addımlayan qadınlara yaxınlaşdı.

      – Olacaq da əmək qabaqcılı. Bizim kimi burda tər töküb sonra da

      səhərə kimi evdə biş-düşlə məşğul olmur, – bunu Əhmədəlinin arvadı Gülgəz dedi.

      Şəhrizad dinmədi. Amma Nübar sinəsini qabağa verib:

      – Nə deyirsən ay tülkünün quyruğu, – dedi.

      Kənddə hamı Əhmədəliyə tülkü Əhmədəli dediyindən, Nübarın sözləri Gülgəzi cin atına mindirdi. Odur ki, Nübarın üstünə şığıdı. Hesabdar İsfəndiyar, briqadir Alı özlərini çatdırmasaydılar bir-biri ilə saçyolduya çıxan Gülgəzlə Nübarı ayırmaq mümkün olmayacaqdı.

      Aralanıb ön tərəfdə gedən Gülgəz qışqırırdı: – Mənə tülkünün quyruğu deyir… Özün nəsən sən… Bəy qızının tulası…

      Baş verən dava-dalaş hamıdan çox Şəhrizada təsir etmişdi. Axı nəyə görə insanlar ondan əl çəkmirdilər. Bir neçə gün idi ki, Qüdsinin ölümündə heç bir əli olmayan qardaşı Məmmədrəsul barədə şər-böhtan deyir, bu gün də onun min-bir əziyyət bahasına hamıdan çox pambıq yığmasına qibtə edirdilər. Bəyəm o, günahkardır ki, bəy qızıdır?

      Şəhrizad dərindən ah çəkdi. Səhərdən bəri ayaq üstündə işlədiyindən şişmiş ayaqları sözünə baxmırdı. Bir yandan da Gülgəzin Nübara “Bəy qızının tulası”, – deməsinə lap çox üzülürdü…

      Kənddə Talıb qədər ikinci savadlı yox idi. Onu məktəbə müəllim götürməsələr də, əlacsız qalıb kolxoza mühasib götürmüşdülər. Kolxoz sədri Süleyman savadsız olduğundan onun da, kolxozun da bütün yazı-pozu işlərini Talıb aparırdı.

      Hesabdar İsfəndiyar bu günün yığım qeydlərini yazdığı dəftəri gətirib Talıbın stolunun üstünə qoydu. Talıb dəftəri açıb əmək günü kitabına göstəriciləri köçürərkən gözü Şəhrizadın bu gün də hamıdan çox pambıq yığdığını göstərən rəqəmlərə sataşdı. Dünyada ən çox sevdiyi insanın, Şəhrizadın uğurlarına sevinən Talıbın dodağı qaçsa da, ürəyindən qara qanlar axdı. O cür naz-nemət içində yaşamış xanımının hər gün qızmar günəş şəfəqləri altında qul kimi işləməsi Talıbı çox üzürdü. Hər gün bir yastığa baş qoyanda arvadının vaxtilə bir cüt göyərçini xatırladan əllərinin necə kobudlaşdığını, qabardan xətt-xətt olduğunu görürdü.

      Talıb neçə dəfə istəmişdi Şəhrizada desin ki, pambığa getmə. Amma anlayırdı ki, bu, mümkün deyil. Onsuz da ağzıgöyçəklər onlara hələ də sinfi düşmən kimi baxırdılar…

      ***

      Fərrux dəliyə dönmüşdü. Əhmədəlinin son dövrlər dəyişən üzü, arvadı Gülgəzin ona əvvəlki kimi qulluq etməməyi onu cin atına mindirirdi…

      Özünə ailə, ev-eşik qurmağın vaxtı çatmışdı. Amma nə qədər ki Talıb azadlıqdadır, o Şəhrizadla bağlı arzusuna çata bilməyəcəkdi: Qüdsi Hacıyevin qətlə yetirilməsi onun önünü açsa da, Muradxan Qalabəyov hələ də öz vəzifəsinin başında idi.

      Rus dilini pis bilmirdi. Bu dildə yazıb-oxumağı bacarırdı. “Moskvaya, Mərkəzi Komitəyə, Fövqəladə komissiyaya yazacağam. Nə olar, – olar. Qocalıram… Bu bəy oğlu əlini-qolunu sallayıb kənddə at oynada bilməz. Hələ bir mühasib də qoyublar onu. Yazmalıyam. Şəhrizad günün