Vahid Çəmənli

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər


Скачать книгу

sevmək üçün gəldİm dünyaya

      Səni sevmək üçün gəldim dünyaya,

      Şirinli, şoranlı dadını sevdim.

      Meylimi salmadım Günəşə, Aya,

      Sinəndən püskürən odunu sevdim.

      Gəzdim dağlarında, gəzdim düzündə,

      Min bir hikmət tapdım elin sözündə…

      Ulduzlu gecəndə, al gündüzündə,

      Həzin layla deyən qadını sevdim.

      Vahidəm, köksümə sığsa da cahan,

      Sənsiz dar gələrdi yer, göy, asiman…

      Sənə anam dedim, Can Azərbaycan,

      Canıma can qatan adını sevdim.

13.12.2019

      Ömür kİtabımı vərəqləyirəm

      Ömür kitabımı vərəqləyirəm,

      Hələ ən dəyərli əsərim durur.

      Sanıram, hissimi zəncirləyiblər,

      Başımda nə qədər dərd-sərim durur.

      Gəzirəm, o solan gülü gəzirəm,

      Dərdimi anlayan Dəli ğəzirəm.

      Qaçqın, köçkün düşən eli gəzirəm,

      Önümdə məndən də betərim durur.

      Günahı nə idi Ulu millətin?

      Hər yerindən duran çeynəyir ətin.

      Vahid, kimlər çəkir kimin qeyrətin?

      Ortada sahibsiz bir Pərim durur.

07.02.2020

      Adını özünə gerİ verİrəm

      Adını özünə geri verirəm,

      Bir zaman izinsiz qəsb eləmişdim.

      Çöldə çiçəyini, bağda gülünü,

      Öpüb, sevə-sevə vəsf eləmişdim.

      Mən elə bilirdim sənin zərrənəm,

      Gərək, əhatəndə dönəm, hərlənəm.

      Mən hardan biləydim ögey törənəm,

      Hardan doğmalığı kəşf eləmişdim?

      Atdın tufanlara məni bir vədə,

      Sahibsiz yurdumu taladı gədə…

      Adımı, soyumu qoydun kölgədə,

      Amma yola verib, əfv eləmişdim.

      Ay Vahid, tükətmə quru nəfəsi,

      Kimlərin sağ ikən batacaq səsi?..

      Adam hesab edib çox filankəsi,

      Allahım, nə qədər səhv eləmişdim?

08.10.2019

      Yağı əlİndədİ Vətən torpağı

      Kaş bir də təzədən qoynuna dönəm,

      Dolanam yurdumda ağa, bəy kimi.

      Ömrümün nəğməli anına dönəm,

      Çağlayam tar kimi,

      Yanam ney kimi.

      Çıxmır xəyalımdan çeşməli dağı,

      Çiçəkli çəməni,

      Meyvəli bağı…

      Süzüb piyaləyə gözümün yağın,

      Çəkirəm başıma şirin mey kimi.

      Vahidəm,…

      İllərin könül dustağı,

      Qəm deşir sinəmi bu xəzan çağı.

      Yağı əlindədi Vətən torpağı,

      Dayanıb baxıram hələ key kimi.

16.10.2019

      Ay Vətən oğlu

      Başın nələr çəkdi, ay Vətən oğlu?

      Gah şahlar, gah bəylər döydülər səni.

      Birləşə bilmədin qardaşlarınla,

      Təkləyib, birbəbir əydilər səni.

      Zülmə əyilmədin, asi dedilər,

      Bir tikə çörək də bəsi dedilər…

      Dünyanın ən böyük tərsi dedilər,

      «Tatar», «barbar» deyib söydülər səni.

      Saldı pəncəsinə səni ağ ayı,

      Böldü iki yerə dənizi, çayı…

      Çəkib öz qabına ən dadlı payı,

      Şoran umuduna qoydular səni.

      Sənə demədilər türk oğlu türksən,

      İgidlikdə təksən,

      Mərdlikdə təksən…

      Dedilər, gözünün yaşını tök sən,

      Zavallı müsəlman saydılar səni.

      Qədim Qobustanda daşdadır adın,

      Tarix kitabında başqadır adın.

      Babəkin… Nəsimin…

      Başdadır adın,

      Doğradılar səni,

      Soydular səni…

      Vətənin, torpağın dardadı hələ,

      Mahnıdan kar aşmaz!

      silah al ələ…

      Azad yurd bəxş elə gələn nəsilə,

      Düşmənin «kürənlər», «hay» dılar sənin!

23.10.2019

      Kaİnatın nİzamı

      Bir dövrəni Haqq özü əvvəl böldü dörd yerə,

      Hər dörddə üç-üç olur, bəllidi bu bəşərə.

      Hər üç olan birini yenə bölüb dörd yerə…

      Çoxdan açılıb bu sirr, bilinir nə fəzl var!

      Dörd parçanın cəm adı el içində fəsildi,

      Yaz, yay, payız, qış… adı haqqdan belə kəsildi.

      Bu haqq-hesab, bu ölçü ibrətdi hər nəsilə,

      Hər günündə, anında Hakimi Əl-Ədl var!

      Haqq sevir, haqq bəxş edir bizə verdiyi payı,

      Ya qız olsun ya oğlan, yox bənzəri, yox tayı…

      Dolandı Ay, Gün yenə çatdı Məhərrəm ayı,

      Bu ayda qəm kədər var, ölüm, itim, qətl var!

      Ruha cəza verilməz, Ruh Təala özüdür,

      Cismə bəxşiş verilən öz adı, öz izidir.

      Günah bəşərə məxsus, yuyanı da gözüdür,

      Hər damla göz yaşında min etiraf, əcr var.

      Doqquz Səyyarə süzər Günəşin dövrəsində,

      Həyat adlı gövhər var təkcə Yer kürrəsində.

      Yol alar