Энид Блайтон

Dəfinələr adasının sirri


Скачать книгу

götürməyə necə məcbur etmək olar. O, birdən gülümsəyərək dedi: – Qulaq as, sənin bizimlə paylaşa biləcək çox şeyin var. Sən özündə olanları bizimlə bölüşərsən, biz də səninlə… Məsələn, dondurmamızı. Razısan?

      – Məndə sizinlə bölüşə biləcəyim nə var ki? – Corcina təəccüblə soruşdu. O, ailənin tək övladı olduğundan əşyalarını kiminləsə bölüşməyə alışmamışdı.

      – Məsələn, sənin itin var, – Culian bunu deyib Timotini tumarlamağa başladı. – Bizim onunla oynamağımıza icazə verərsən. Üstəlik, öz adan da var! Bəlkə, nə vaxtsa bizi ora apararsan. Hələ mən suyun altındakı batmış gəmini demirəm. Əgər icazə versən, biz onu görmək istərdik. Əlbəttə, dondurma və şirniyyat bütün bunlarla müqayisədə heç nədir, lakin elə məsələ də bundadır. Kimin nəyi varsa, onu da bölüşür.

      Corcina oğlanın gözlərinin içinə baxdı, Culian da ona baxıb gülümsədi. Timoti də Culiana baxırdı. İt başa düşmüşdü ki, oğlan Corcinaya nəsə ləzzətli bir şey vermək istəyir. Odur ki sevinclə Culiana tərəf hoppandı.

      – Görürsən, Timmi də istəyir ki, buna razılıq verəsən, – oğlan gülərək dedi. – Onun daha üç dostu olsa, pisdir məgər?

      – Yaxşı, – nəhayət, Corcina razılaşdı və Culianın əlindən şokoladlı dondurmanı aldı. – Çox sağ ol, Culian. Mən də özümdə olanları sizinlə bölüşəcəyəm. Ancaq bir şərtlə! Evdə Timoti barədə heç kimə bir kəlmə də deməyin!

      – Əlbəttə, demərik, – Culian onu arxayın elədi. – Hə, necə dondurmadır?

      – Çox ləzzətlidir. Ömrümdə belə dadlı dondurma yeməmişdim. Bu yay bir dəfə də olsun, dilimə dondurma dəyməyib.

      Timoti də dilini çıxarıb dondurma payını gözləyirdi. Corcina öz dondurmasından bir parça qoparıb ona verdi. Sonra uşaqlara baxıb gülümsədi.

      – Siz mənim xoşuma gəlirsiniz, – qız dedi. – Bura gəldiyinizə görə çox şadam. Günortadan sonra qayığı götürüb adaya tərəf üzərik. Bəlkə, batmış gəmini də gördük. Razısınız?

      – Əlbəttə! – uşaqların üçü də bir ağızdan dilləndi. Hətta Timoti də sanki nədən söhbət getdiyini başa düşərək quyruğunu yellətdi.

      Qeyri-adi səyahət

      Sonra uşaqlar birlikdə dənizdə çimməyə yollandılar. Corcina çox sürətlə üzürdü. Oğlanlar qızın onlardan daha yaxşı üzdüyünü dərhal başa düşdülər. O, nəfəsini uzun müddət tutaraq suyun altı ilə üzməyi də bacarırdı.

      – Qiyamət üzürsən, – Culian dedi. – Təəssüf ki, Enn suyun üstündə yaxşı qala bilmir. Enn, ayaqlarını bir az da sıx, yoxsa sən heç vaxt bizim kimi uzağa üzə bilməyəcəksən.

      Dənizdə çiməndən sonra uşaqlar bərk acmışdılar. Evdə onları ət, salat, gavalı piroqu və pendirdən ibarət dadlı nahar yeməyi gözləyirdi. Uşaqlar ovurdlarını şişirdərək iştaha ilə yeyirdilər. Onlar Kventin əminin süfrə arxasında olmadığını görəndə möhkəm sevinmişdilər.

      – Nahardan sonra nə etmək fikrindəsiniz? – Fanni xala soruşdu.

      – Corc bizi qayıqla adanın o biri tərəfinə, batmış gəminin olduğu yerə aparacaq, – Enn cavab verdi.

      Fanni xala bunu eşidib çox təəccübləndi.

      – Sizi ora Corc aparacaq?! Corc, bu, doğrudur? Axı sən əvvəl ora heç kimi aparmırdın? Mən özüm səndən bunu dəfələrlə xahiş eləmişəm.

      Corcina səssizcə gavalı piroqunu yeməklə məşğul idi. Bütün nahar boyunca onun ağzından bir kəlmə də çıxmamışdı.

      – Bilirsən, Corc, mən çox sevinirəm ki, sən atanın məsləhətinə əməl etməyə çalışırsan, – anası dedi.

      Corcina bu dəfə də dillənmədi və başını yelləməklə kifayətləndi.

      – Mən bunu atam tapşırdığına görə eləmirəm, – nəhayət, qız yeməyini bitirdikdən sonra dilləndi. – Ona görə eləyirəm ki, bunu özüm istəyirəm. Yoxsa heç İngiltərə kraliçasını da ora aparmazdım.

      Anası güldü.

      – Olsun, bu, yaxşı xəbərdir, deməli, əmin uşaqları sənin xoşuna gəlib. Ümid eləyirəm ki, sən də onların xoşuna gəlmisən.

      – Əlbəttə, xoşumuza gəlib, – Enn tez-tələsik dilləndi. O, qəribə xasiyyətli əmisi qızını müdafiə eləməyə can atırdı. – Corc da xoşumuza gəlib, hələ, üstəlik, Tim…

      Qız ağzını doldurmuşdu ki, Timotini də çox bəyəndiklərini desin, ancaq həmin vaxt kimsə masanın altından ayağına bir təpik ilişdirdi. Enn ağrıdan qışqırdı, qızın gözləri də dolmuşdu. Corcina isə qəzəblə ona baxırdı.

      – Corc! Niyə Enni vurursan? – anası qızın üstünə təpindi. – Bu dəqiqə masadan qalx! Sənin bu tərbiyəsizliyinə göz yuma bilmərəm!

      Corcina bir kəlmə də dillənmədən ayağa qalxıb bağa getdi. Uşaqlar çox məyus olmuşdular. Enn hamıdan çox kədərlənmişdi. O necə bu qədər axmaq ola bilərdi axı?! Məgər bilmirdi ki, Fanni xalanın yanında Timoti barədə heç nə deməməlidir?!

      – Xahiş edirəm, icazə verin, Corc bura qayıtsın, – Enn qızın anasına yalvarmağa başladı. – O məni vurmaq istəmirdi, bu, təsadüfən baş verdi.

      Ancaq Fanni xala Corcinaya bərk qəzəblənmişdi.

      – Yeməyinizi yeyin! – o dedi.

      Sonra qızının qarasınca deyinməyə başladı:

      – İndi bütün gün mısmırığını sallayacaq! Ay Allah, necə çətin uşaqdır!

      Uşaqlar isə Corcinanın mısmırığını sallamasından yox, onları batmış gəminin yanına aparmayacağından narahat idilər.

      Beləliklə, nahar sükut içində başa çatdı. Birazdan Fanni xala çayını təzələmək üçün Kventin əminin iş otağına yollandı. O, otaqdan çıxan kimi Enn Corcinanın boşqabından yarımçıq qalmış buterbrodu götürüb bağa tərəf qaçdı.

      Corcina bağdakı iri ağaclardan birinin kölgəsində uzanmışdı. Enn qıza yaxınlaşdı.

      – Bağışla məni, Corc, az qala ağzımdan qaçıracaqdım, – o dedi. – Bax, buterbrodunu gətirmişəm. Bir də heç vaxt Fanni xalanın yanında Timotinin adını çəkməyəcəyəm, söz verirəm!

      Corcina dikəlib oturdu:

      – Mən belə fikirləşirəm ki, bu gün səni batmış gəminin yanına aparmayım. Çünki sən lap çağasan!

      Ennin qanı qaraldı, o hər şeydən çox elə bundan qorxurdu.

      – Yaxşı, – qız dilləndi. – Məni aparmaya bilərsən, Corc, amma qardaşlarımı özünlə götür. Axı onlar sənə heç nə eləməyiblər. Yeri gəlmişkən, bilirsən ayağıma necə möhkəm təpik ilişdirdin? Bax, yeri də göyərib.

      Corcina əvvəl qızın göyərmiş ayağına, sonra da üzünə baxıb dilləndi:

      – De görüm, qardaşlarını özümlə aparıb səni götürməsəm, çox pis olarsan?

      – Əlbəttə,