çəkiləcək və biz Nabın üzərək keçdiyi yolu ayaqla gedə biləcəyik. Bəlkə də, mister Smiti o biri sahildə tapa bildik, – deyə Penkrof cavab verdi.
Dənizçi gözləməkdə səhv etmirdi. Üç saatdan sonra körfəzin suyu xeyli çəkildi. Səhər saat ona yaxın Spilet, Penkrof və Herbert qarşı sahilə çıxdılar.
Gedeon Spilet dənizçi ilə elə buradaca görüşəcəyini deyib sıldırım qayaya dırmaşdı və Nabın getdiyi istiqamətdə gözdən itdi.
Herbert onunla getmək istəsə də, Penkrof:
– Sən qal, oğlum, – dedi. – Biz gecələmək üçün sığınacaq və yeməyə bir şey tapmalıyıq. Hərə müəyyən işlə məşğul olmalıdır.
Onlar sahilə əhatə edən böyük qranit divarın dibi ilə getməyə başladılar. Qranit divarda heç bir oyuq yox idi. Yüksəkdə xeyli quş uçurdu, lakin tüfəngləri olmadığı üçün onları ovlaya bilməzdilər. Herbert az sonra ikiqapaqlı balıqqulağı tapıb Penkrofu çağırdı. Herbert onların yeməli olduğunu dedi. Bu oğlan təbiətşünaslıq elmini çox yaxşı bildiyi üçün onun dostlarına yenə də köməyi dəyəcəkdi. Onlar doyunca yedikdən sonra yoldaşlarına da vermək üçün ciblərini balıqqulaqları ilə doldurdular.
Onlar daha iki yüz addım getdikdən sonra bir qaya yarığı tapdılar. İki qaya arasında balaca bir çay axırdı. Səyyahlar sudan dadıb içməli olduğunu aydınlaşdırdılar və qayaların arasında sığınacaq axtarmağa başladılar. Onlar çayın mənsəbinin yanında iri daşların qalaq-qalaq yığıldığını və sanki mağara əmələ gətirdiyini gördülər. Bura formaca buxarıya bənzəyirdi. Onlar buranın qumlu dəhlizinə daxil oldular. İçəriyə kifayət qədər işıq düşsə də, külək vıyıldayırdı. Penkrof dəhlizin dəliklərini daşlarla bağlamaq qərarına gəldi.
– Bu da bizim evimiz! – o dedi. – İndi odun axtarmağa gedək.
Herbertlə Penkrof buxarıdan çıxaraq üzüyuxarı getdilər. Bir az sonra gözəl bir meşəyə çatdılar. Buradan xeyli odun yığdılar. Onları çayla aparmaq üçün fırtınanın yıxdığı bir neçə ağacı quru sarmaşıqla yan-yana bağlamaqla düzəltdikləri salın üstünə yığdılar. Sonra onlar qranit divara çıxıb onun təpəsindən qəzanın baş verdiyi yerə – Sayres Smitin yoxa çıxdığı həmin yerə baxdılar. Suyun üzərində qəzadan heç bir əlamət qalmamışdı.
Geri qayıdarkən onlar çöl göyərçinlərinin yuvalarını gördülər və onların yumurtalarını toplayıb cib dəsmalının arasına yığdılar.
Penkrof quru sarmaşıqlardan ip düzəldərək ucunu salın arxa tərəfinə bağladı və onu suya itələdi. Penkrof salı iplə saxlayır, Herbert isə onu uzun bir ağacla axının ortasına itələyirdi.
Odunla yüklənmiş sal çayla üzüaşağı üzürdü.
Təxminən iki saatdan sonra Penkrofla Herbert buxarının yanına çatdılar. Salı boşaltdıqdan sonra Penkrof buxarının dəliklərini qapadı və oranı üç-dörd otağa böldü. Yaxşı yer tapana qədər burada qalmaq olardı. İndi yalnız ocaq qalayıb yemək hazırlamaq qalırdı. Səyyahlar enli yastı daşlardan ocaq yeri hazırladılar. Dənizçi ocağa bir neçə quru budaq atdı və ciblərini eşələdi. Lakin kibrit qutusunu tapmadı. O, çaşqınlıq içində Herbertə dedi:
– İşə bax, kibrit qutusunu itirmişəm. Səndə kibrit, ya da çaxmaq daşı yoxdur?
– Xeyr, Penkrof. Yəqin ki, Nabın, Smitin, ya da Gedeon Spiletin kibriti olar.
– İnanmıram. Nab və mister Smit papiros çəkmirlər. Spilet isə, yəqin ki, öz qeyd dəftərlərini saxlayıb, amma kibrit qutusunu şarda olan vaxt atıb.
Nab və jurnalist qayıdana qədər çiy yumurta və balıqqulağı ilə kifayətlənməkdən başqa çarə yox idi. Axşam saat altıya yaxın Herbert Gedeon Spiletlə Nabı gördü.
Onlar tək qayıdırdılar. Taqətdən düşmüş jurnalist dinməz-söyləməz qaya parçasının üstündə oturdu. Nab hələ də ağlayırdı. Herbert onlara balıqqulağı verdi. Nab yeməkdən imtina etdi. Spilet isə balıqqulağıları acgözlüklə yeyib qumun üzərinə uzandı.
– Biz sığınacaq tapmışıq, orada dincələ bilərsiniz. Gedək, – Herbert ona yaxınlaşıb dedi.
O, Herbertin ardınca buxarıya gedəndə Penkrof onu saxlayıb:
– Sizdə kibrit varmı, mister Spilet? – deyə soruşdu.
Jurnalist ciblərini axtarsa da, heç nə tapmadı.
Qəzaya uğrayanlar bir-birinə qəmli-qəmli baxıb susurdular. Sükutu birinci olaraq Herbert pozdu:
– Mister Spilet, ciblərinizi bir də axtarın. Bizə yalnız bircə dənə kibrit lazımdır.
Jurnalist yenə bütün ciblərini axtardı və birdən jiletinin astarı altına düşmüş bir kibrit çöpü tapdı.
– Bir kibrit çöpü! – deyə Penkrof sevincindən qışqırdı. – Bu bizim üçün bir araba kibritə bərabərdir.
O, kibritin quru olduğuna əmin olduqdan sonra:
– Bir parça kağız lazımdır, – dedi.
Gedeon Spilet qeyd dəftərindən bir vərəq cırdı.
Penkrof vərəqi boru şəklində bükərək odunların altına yığılmış yosun və quru yarpaq yığınının arasına saldı. Sonra üzü kələ-kötür bir daş götürüb kibriti ona çəkdi. Kibrit yanmadı. O, kibriti Herbertə verdi:
– Yox, bacarmıram… Əllərim titrəyir.
Çox həyəcanlı olsa da, Herbert tonqalı yandıra bildi. Penkrof axşam yeməyi hazırlamağa başladı. Yumurtalar bir neçə dəqiqəyə bişdi və qəzaya uğrayanlar yeni yurdlarında ilk dəfə şam etdilər. Yeməkdən sonra Herbert uzanıb yatdı, jurnalist günün hadisələrini öz qeyd dəftərinə yazmağa başladı, lakin çox yorğun olduğundan o da tezliklə yatdı. Dənizçi bütün gecəni tonqala odun atmaqla, Nab isə sahildə gəzib ağasını çağırmaqla keçirdi.
Martın 25-i belə keçdi.
Dördüncü fəsil
Qəzaya uğrayanların əyinlərindəki paltardan başqa heç bir şeyləri yox idi.
Sayres Smit yanlarında olsaydı, onun ağlı və biliyi yoldaşlarının köməyinə çatardı. Lakin qəzaya uğrayanlar indi yalnız özlərinə güvənə bilərdilər. Buxarı müvəqqəti sığınacaq üçün kifayət qədər münasib idi. Ocaq qalaya bilmişdilər. Yaxınlıqdan şirin sulu çay da axırdı. Ona görə də burada bir neçə gün qalıb adanı araşdırmaq qərarına gəldilər.
Bu plan hamıdan çox Nabın xoşuna gəldi. O, ağasının öldüyünə inanmadığı üçün qəzanın baş verdiyi yeri tərk etmək istəmirdi.
26 martda səhər yeməyindən sonra Herbertlə Penkrof ova yollandılar. Penkrof meşədə iki budaq sındırıb dəyənək düzəltdi. Herbert bu dəyənəklərin ucunu qaya daşlarına sürtüb itilədi. Nə qədər axtarsalar da, yeməli meyvəsi olan ağac tapa bilmədilər. Birdən qarşı-larından bir dəstə xırda quş uçdu.
– Bunları yemək olar? – Penkrof oğlandan soruşdu.
– Bu quşların əti çox dadlı olur, – Herbert dedi.
Onlar ağaca oğrun-oğrun yaxınlaşdılar. Ağacın aşağı budaqları quşla dolu idi. Dəyənəklər işə salındı. Bir yığın quş qırılıb