yandırmaq mümkün olmuşdu.
Dənizçi ilə Nab ocaqda qaban ətini qızartdılar. Buxarının sakinləri axşam yeməyindən sonra yuxuya getdilər.
29 martda onlar adanı tədqiq etmək üçün buxarını tərk edib saat doqquza yaxın meşənin qərb kənarına çatdılar. Dağ onların qarşısında idi. Onun ətəyindəki çıxıntılar yuxarı çıxmaq üçün təbii bir yol təşkil edirdi. Smitlə yoldaşları birinci çıxıntıya çıxmağa başladılar. Çıxıntı yavaş-yavaş ucalıb dağın birinci mərtəbəsinə çatırdı.
Tədqiqatçılar birinci mərtəbənin meydançasına çatanda hava qaralırdı. Penkrofla Nab qayanın arasında ocaq qaladılar. Onlar gecələmək üçün yer hazırlayan vaxt Herbertlə mühəndis ətrafı öyrənməyə getdilər.
İyirmi dəqiqə getdikdən sonra Smitlə Herbertin qarşısına bir divar çıxdı. Onu keçmək mümkün deyildi. Smit geri qayıtmaq istəyəndə birdən qayada geniş bir çat gördü. Mühəndislə Herbert bu çat içi ilə yavaş-yavaş yuxarı qalxmağa başladılar. Onlar axşam saat səkkizdə dağın ən yüksək nöqtəsinə çatdılar. Sayres Smit təzə Ayın işığında üfüqü gözdən keçirib:
– Bura adadır, – dedi.
Yeddinci fəsil
Ertəsi gün mühəndis adanı bir daha gözdən keçirmək üçün dağın başına çıxmağı təklif edərək dedi:
– Bəlkə də, bütün ömrümüzü burada keçirməli olacağıq. Adanın qitədən nə dərəcədə uzaq olduğunu öyrənməliyik.
Səyyahlar saat səkkizə yaxın dağın başına çatdılar. Spilet mühəndisin xahişi ilə adanın konturlarını öz qeyd dəftərinə çəkdi. Adanın cənubu qalın meşə ilə örtülmüşdü, şimal hissə daşlıq və qumluq idi, dağ və şərq sahili arasında isə ağaclarla əhatə olunmuş bir göl vardı.
İndi adada yaşayış olub-olmadığını müəyyən etmək lazım idi. Onlar adanı bu hündürlükdən gözdən keçirdikdə burada nə insan, nə də yaşayış əlaməti gördülər.
Smitlə yoldaşları adanın sahəsini təyin edib sahil xəttinin uzunluğunu hesabladılar, meşə, çay, düzənlik və yaylaqların yerini xəritəyə köçürdülər. Adanın tədqiqatı bitdi.
Dağdan enməmiş Smit yoldaşlarına dedi:
– Dostlar, təsadüf bizi bu torpaq parçasına atıb. Biz, bəlkə də, burada uzun zaman yaşamalı olacağıq.
– Gəlin qəzaya uğradığımızı deyil, adaya məskunlaşmağa gəldiyimizi düşünək, – deyə Penkrof təklif etdi.
– Mənə elə gəlir ki, bu adaya, dağlara, çaylara, meşələrə ad qoymaq lazımdır, – deyə Smit gülümsəyərək dedi.
– İndi yaşadığımız yeri “Buxarı” adlandıraq. Qalan yerlərə isə öz adlarımızı verək, – dənizçi təklif etdi.
– Mən vətəni xatırladan adları daha üstün tutardım, – Gedeon Spilet dilləndi.
– Sizinlə razıyam, – mühəndis dedi. – Böyük körfəzi “İttifaq limanı”, ondan cənubda yerləşən körfəzi “Vaşinqton limanı”, bu dağı “Franklin dağı”, gölü “Qrant gölü” adlandıraq. Bu adlar bizə Amerikanı xatırladacaq.
Smitin təklifini hamı bəyəndi. Jurnalist bu adları xəritədə qeyd etdi. Daha sonra Buxarının yanındakı çaya “Razılıq çayı”, şarın onları atdığı adacığa “Qurtuluş adası”, Buxarının yanındakı yaylağa “Uzaq görünüşlü yaylaq” adı verdilər. Ada isə Smitin təklifi ilə “Linkoln adası” adlandırıldı.
Onların ağlına da gəlməzdi ki, Abraham Linkoln3 cəmi altmış gündən sonra Vaşinqtonda qətlə yetiriləcək.
Səkkizinci fəsil
Tədqiqatçılar gecələdikləri yerə enəndə Spiletlə Smit saatlarını yoxlamaq qərarına gəldilər. Smit günəşin yüksəkliyinə baxıb əqrəbləri saat doqquza çəkdi.
Mühəndis Qrant gölünə yaxından baxmaq istədiyin-dən yoldaşlarına Buxarıya başqa yolla qayıtmağı təklif etdi. O, yolboyu susaraq gah mineral parçası, gah ağac budağı yığmaq üçün tez-tez yoldan kənara çıxırdı.
Birdən öndə gedən Herbert irəlidə tüstü çıxdığını xəbər verdi.
Mühəndis yoldaşlarına yerlərindən tərpənməməyi işarə edib qayaların arasında yox oldu. Birdən onun yoldaşlarını çağıran səsi eşidildi. Smit yoldaşlarına tüstünün əmələ gəlməsinə orada olan kükürdün səbəb olduğunu dedi.
Yolçular yola davam edib meşəyə çatdılar. Buradan şirin sulu çay axırdı. Gölün yanında yaşayış üçün Buxarıdan daha münasib bir yer tapılsaydı, çox yaxşı olardı.
Birdən meşənin içindən kəskin və yüksək bir xor səsi gəldi. Nab ilə Herbert səsin gəldiyi yerə qaçdılar. Bu, dağ qırqovullarının səsi idi. Bir neçə dəyənək zərbəsi ilə bu quşlardan ovlamaq mümkün oldu.
Yolçular yollarına davam edib gölün qərb sahilinə çatdılar. Sahilində su quşları yuva salmış gölün suyu şəffaf və şirin idi. Göldə bol balıq olduğu hiss olunurdu.
– Burada məskən sala bilərik, – Smit dedi.
Artıq saat beş idi. Yolçular ac olduqları üçün Buxarıya qayıtdılar. Nahardan sonra Sayres Smit yoldaşlarını çağırıb yoldan topladığı mədən nümunələrini göstərdi:
– Bu, dəmir külçəsidir, bu, gil, bu, əhəng, bu isə daş kömürdür. Gələcəkdə biz bunlardan istifadə edə bilərik.
Yoldaşları Smitdən nə edəcəklərini soruşduqda o, ocaqxana tikməyin vacib olduğunu dedi.
– Ocaqxana nəyimizə lazımdır? – Penkrof soruşdu.
– Gil qablar düzəltmək üçün.
– Bəs ocaqxananı nədən tikəcəyik?
– Kərpicdən.
– Bəs kərpici haradan götürək?
– Gildən. Gil yatağında emalatxana quracağıq. Biz orada işləyəcəyik. Nab isə ovla məşğul olacaq.
– Silah olmadan necə ov edəcək? – jurnalist soruşdu.
– Heç olmasa, bir bıçağımız olsaydı, ondan ox-kaman düzəldərdim! – deyə Penkrof ah çəkdi.
Mühəndis Topun xaltasını çıxarıb sındırdı və Penkrofa müraciətlə dedi:
– Bu da iki bıçaq.
Sonra o, yoldaşlarına Qrant gölünün qərb sahilinə – gili tapdığı yerə getməyi təklif etdi.
Yolda səyyahlar “Bərəkət” ağacı adlanan və davamlı lifləri olan bir bitki tapdılar. Penkrof bu ağacın budaqlarından gözəl bir yay və oxlar düzəltdi.
Onlar Smitin dediyi yerə çatdıqda oranın torpağının, doğrudan da, kərpic üçün istifadə olunan gildən ibarət olduğunu gördülər. Onlar o saat işə başladılar: gili isladır, onu ayaqları və əlləri ilə yoğurub bərabər parçalara bölürdülər.
Jurnalistlə Herbert yay çəkməyi tezliklə öyrəndilər. Odur ki fəhlələrin ov quşu ehtiyatları bol, yeməkləri dadlı və