sualdır, Duqlas, – və o, şəkli taqqıldatdı. – Qida orqanizmə düşəndən sonra parçalanır, həzm olunur və…
Qulaq asır və mister Cordanın mənə neyləmək istədiyini anlayırdım. Qısa həyatımın illəri sanki yumşaq süxurlarda iz buraxan qədim bitkilər və heyvanlar idi. Mister Cordansa bu izi pozmağa, hamarlamağa çalışırdı. Onsuz da sonda hər şey silinməlidir, inandığım, düşündüyüm hər şey… Anam bədənimi qidayla dəyişir, mister Cordan da eyni şeyi sözlərlə edir.
Mən qulaq asmamaq üçün kağızın üzərində çəkməyə başladım. Burnumun altında mızıldandım, yeni, öz dilimi uydurmağa çalışdım. Günün sonunacan daha başqa bir söz eşitmədim. Hücuma qarşı dura bildim, zəhərin qarşısını almağı bacardım.
Yalnız məktəbdən sonra missis Singerin dükanının önündən keçərkən özümə iri bir konfet aldım. Nəfsimi saxlaya bilmədim. Onu yeyib qurtarandan sonra isə kağızında yazdım: “Bu, həyatımda yediyim sonuncu konfetdir. Hətta şənbə seansında ekranda Tom Miks və Tonini görəndə də daha konfet yeyən deyiləm”.
Taxçalardakı şirniyyat yığınına tamaşa elədim – üst-üstə qalaqlanmış ot tayasına bənzəyirdi. Üzərində mavi rəngdə “ŞOKOLAD” sözü yazılmış narıncı rəngli, sarı və bənövşəyi kağızlar tığ vururdu. Konfeti öz içimdə duyurdum, hüceyrələrimin necə böyüdüyünü hiss edirdim. Missis Singer hər gün yüzlərcə konfet satır. Deməli, o da başqalarıyla əlbirdir. Olmaya, o bu konfetlərin uşaqlara necə təsir elədiyini bilmir? Niyə belə edir? Bəlkə, onların cavanlıqlarına paxıllıq edir? Onların tezliklə qocalmasını istəyir? Onu öldürməyə hazır idim!
– Neyləyirsən? – mən kağızın üzərində yazarkən arxadan yaxınlaşan Bill Arno soruşdu.
Klarissa Mellin də onun yanındaydı. O öz mavi gözlərini mənə zilləmiş və elə bil ağzına su almışdı. Tez kağızı gizlətdim.
– Heç nə, – dedim.
Üçlükdə yolumuza davam elədik. Ətrafda uşaqlar qaçdı-tutdu, gizlənpaç oynayır, top əvəzinə konserv bankası çiləyirdilər. Mən Billə tərəf çevrilib dedim.
– Bir, bəlkə, iki ildən sonra artıq bu oyunlardan məhrum olacağıq.
Bill qəhqəhə çəkib söylədi:
– Yox bir! Görəsən, bizə kim qadağa qoyacaq ki?!
– Onlar, – cavab verdim.
– “Onlar” deyəndə kim? – Bill soruşdu.
– Fərq eləməz, – cavab verdim. – Bax görərsən.
– O-o-o, – Bill uzatdı. – Deyəsən, başın xarab olub!
– Heç nə anlamırsan! – çığırdım. – Biz oynayır, atılıb-düşürük, onlarsa heç sezmədiyimiz halda elə edirlər ki, sonda başqa cür düşünək, başqa cür hərəkət edək. Nəhayət, budur, gözəl günlərin birində oynamağın daşını atır və özün də bütün vaxtını müxtəlif şeylər üzərində baş sındırmağa və təlaşlanmağa sərf edirsən!
Üzüm alışıb-yanırdı, yumruqlarımı sıxmışdım. Hirs təpəmə vurmuşdu. Bill geri çevrilib qəhqəhə içində uzaqlaşdı. Kimsə “Anni, hər şey bitib, hər şey bitib” oxuya-oxuya əlindəki topu qonşu evin damından o tərəfə atdı.
Bütün günü səhər yeməyi yemədən və nahar etmədən veyillənmək olar; bəs şam yeməyi? Kirimişcə masa arxasına keçəndə qarnım quruldayırdı. Aşağı, dizlərimə baxır və əsməcənin qarşısını almaq üçün onları əllərimlə bir-birinə sıxırdım. Görək kim daha güclüdür!
Atam düşdüyüm vəziyyətə sanki anlayış göstərməyə çalışdı.
– Məcbur eləmə, qoy masa arxasından dursun, – yemədiyimi görüb anama söylədi. Üstəlik, ona göz də vurdu. – Sonra yeyər.
Bütün axşamı başqa uşaqlarla birgə şəhərimizin isti küçələrində, birmərtəbəli kərpic evlərin həyətində keçirdim; artıq hava qaralırdı, bizsə gurultu salan konserv bankalarını çiləyir və ağaclara dırmaşırdıq.
Axşam saat onda mətbəxə keçəndə inad etməyin mənasız olduğunu anladım. Soyuducunun qapısına aşağıdakı qeyd yapışdırılmışdı: “Ürəyin istədiyi qədər ye. Atan”.
Soyuducunu açan kimi içəridəki buzlu hava və qırov basmış yeməyin qoxusu məni vurdu. Qızardılmış toyuq əti “gəl-gəl” deyirdi. Bir tərəfdə kərəviz, digər tərəfdə cəfərinin arasından boylanan çiyələk.
İndi neçə əlimin olduğuna belə vara bilmirdim. Deyəsən, onlar lap çox idi. Lap elə məbədlərdə sitayiş olunan hind allahları sayağı. Birində pomidor var, o biri bananı qamarlayıb. Üçüncüsü – çiyələyi! Dördüncü, beşinci, altıncıda – zeytun, turp, pendir tikəsi!..
Yarım saatdan sonra dizləri üztə unitazın qarşısında çökmüşdüm. Ağzımı açıb əlimdəki qaşığı müqavimət göstərən dilimə, boğazıma basırdım – dərinə, daha dərinə…
…Yataqda uzananda az əvvəl acgözlüklə yediyim yeməkdən yaxa qurtardığıma sevinirdim və arabir qusuntumun acı dadı ağzıma gələndə diksinirdim. Əsməcə içində, boşalmış, yenidən aclıq keçirən birisi təki uzanmışdım, amma bu dəfə yemək üçün həddən artıq zəif idim…
Ertəsi gün də çox əzginiydim, bənizim solmuşdu; bu halım anamın diqqətindən yayınmadı.
– Əgər bazar ertəsi yaxşı olmasan, – o söylədi, – həkimə gedərsən.
Şənbə günü idi. Bu gün ürəyin istəyən qədər çığıra bilərdin və müəllimlərin gümüşü zınqırovları səni susmağa məcbur eləməyəcəkdi; bu gün “Elita” kinoteatrındakı uzun zalın qaranlığında, işıqlı ekranda ağ-qara nəhəng fiqurlar hərəkət edirdi; bu gün uşaqlar böyüyən varlıqlar deyil, sadəcə, uşaqlardı.
Küçədə ins-cins gözə dəymirdi. Əvvəllər səhərlər başqa uşaqlar kimi dəmir yolu boyunca addımladığım halda, – qızmar günəş uzandıqca uzanan bu paralel metal zolaqları yalın ayağı yandıra biləcək qədər isidirdi, – indi karıxmış halda hara gedəcəyimi belə bilmirdim. Beləcə, günorta saat üçdə yarğana gəlib çatanda orda artıq heç kəs yox idi: bütün oğlanlar və qızlar kinoteatrda oturub limonlu nabat sümürürdülər.
Yarğan mənə hələ heç vaxt bu qədər əzəli, köhnə, yaşıl və yalqız gəlməmişdi – əcaib hislər keçirdim. Axı onu heç vaxt belə sakit görməmişdim. Ağaclardan üzüm gövdələri sallanmışdı, çayın suyu xırda daşların üzərindən axıb gedirdi, lap yuxarıda, ağaclardasa quşlar cəh-cəh vururdular.
Kolların arxasında daldalanaraq, ara-sıra dayanaraq və sonra yenidən yoluma davam edərək yalnız məktəblilərə tanış olan cığırla aşağı düşürdüm. Körpüyə yaxınlaşanda qarşı tərəfdən Klarissa Mellinin mənə tərəf gəldiyini gördüm. O, evə qayıdırdı və qoltuğunda bir neçə balaca bağlama vardı. Utana-utana salamlaşdıq.
– Burda neyləyirsən? – qız soruşdu.
– Elə-belə gəzirəm, – cavab verdim.
– Tək?
– Aha.