də onların əlindən uçdunuz, hə?
– Yalnız düşüncələrimdə, mister Terl, yalnız düşüncələrimdə. Nəhayət, gerçəkdən buna cəsarət edə bilməyim üçün mənə altmış il lazım gəldi. Bütün bu müddət ərzində fleyta və skripkalarla dostluq elədim, çünki onlar göylərdəki çayları xatırladır, bilirsiniz də, lap elə yerdəki çaylar kimi. Mən Hendel göllərindən başlamış ta Ştrausun şəffaf körfəzlərinədək buz kimi sularda çimirdim. Yalnız doyunca səyahət edəndən sonra bu yerlərə gəlib çıxdım.
– İllərlə alışdığınız yerləri tərk eləməyə necə ürək etdiniz? – mister Smit soruşdu.
– Ötən həftə birdən-birə ətrafıma nəzər saldım və özlüyümdə söylədim: “Elə hey tamam tənha uçursan. Qrin Sitidə bir nəfər də olsun sənin necə yüksəklərə uça bilməyinlə maraqlanmır”. Elə həmişə tutuquşu kimi təkrarlanan eyni ifadələr: “Blanş, çox sağ ol”, “Klubdakı konsertinizə görə təşəkkürlər, miss Hilqud”. Lakin onlardan heç biri həqiqətdə musiqiyə qulaq asa bilmirdi. Hələ lap əvvəllər Nyu-York və Çikaqonu xəyal etməyə çalışanda hamı iltifatla çiynimdən şappıldadır və gülə-gülə təsdiqləyirdi: “İri bataqlıqda balaca qurbağa olmaqdansa, balaca bataqlıqda iri qurbağa olmaq qat-qat yaxşıdır”. Mən də qalmaqda davam edirdim, bu cür məsləhət verənlərsə oraları tərk edir, dünyalarını dəyişir, ya da eyni zamanda hər iki hadisəni birdən yaşayırdılar. Çoxlarısa, sadəcə, kar idilər. Bir həftə əvvəl ağlımı başıma yığıb özümə söylədim: “Bəsdir! Nə vaxtdan belə düşünürsən ki, qurbağalar qanadlanıb uça bilər?”
– Deməli, yolunuzu qərbdən salmağa qərar verdiniz? – mister Terl soruşdu.
– Bəlkə də. Haradasa akkompaniatorluq1 edərəm, ya da açıq havadaca konsert verən orkestrlərdən birində çalaram. Yalnız mən gerçəkdən musiqiyə qulaq asa bilən kəslər üçün çalmalıyam…
Onlar qadına boğanaq alaqaranlıqda diqqət kəsilmişdilər. Qadınsa susmağa üstünlük verdi, qoy indi söylədiklərinin axmaq, ya məzəli olması üzərində baş sındırsınlar. O, ehmalca stulun söykənəcəyinə dayaqlandı. Yuxarıda kimsə öskürdü. Miss Hilqud səsə diqqət yetirdi və ayağa qalxdı.
Mister Fermli gözlərini açmağa cəhd edən kimi qarşısında qadının üzünü gördü. O, kişiyə doğru əyilib əlindəki sinini çarpayının yanına qoydu.
– Elə indicə aşağıda nə barədə danışırdınız?
– Sonra gəlib sizə də deyərəm, – qadın cavab verdi, – hələliksə yemək yeyin. Salat çox dadlıdır.
Qadın otaqdan çıxmaq üçün geri çevrildi. Elə həmin an kişi tələsik soruşdu:
– Siz bizi tərk eləməyəcəksiniz ki?
Qadın bürküdən alnı qan-tər içində olan kişiyə baxmaq üçün kandarda ayaq saxladı. Kişi də onun gözləri və dodaqlarını güclə ayırırdı. Qadın azacıq dayanıb sonra aşağı düşdü.
– Yəqin, sualımı eşitmədi, – mister Fermli öz-özünə dedi. Bununla belə, qadının onu eşitdiyinə əmin idi.
Miss Hilqud qonaq otağından keçib əlini dəri yeşiyə toxundurdu.
– Mən şam yeməyinə görə pul verməliyəm.
– Yox-yox, mehmanxana sahibi sizi qonaq edir, – mister Terl etiraz elədi.
– Əsla, mən ödəməliyəm, – qadın tələsik yeşiyin ağzını açdı. Köhnə, qızılı əşya tutqun işıq saçdı.
Kişilərin ürəkləri döyündü. Onlar sual dolu baxışlarını formaca ürəyi xatırladan sirli əşyanın yanında dayanmış qadına dikdilər. Əşya qadından hündür idi, onun şar kimi dairəvi, şəffaf ayaqaltısı varıydı, üzərindəsə uzunsov gözlü yunan ilahələrinin çöhrəsini xatırladan hündür qadın fiquru – mehriban baxışlı miss Hilqud da onların gözünə belə görünürdü.
Kişilər həyəcanla bir-birinə baxdılar, sanki indi nə baş verəcəyini duydular. Onlar stullarından sıçrayıb tərdən islanmış dəsmalla üzlərini silə-silə yumşaq divanın bir küncündə oturdular.
Miss Hilqud stulu özünə tərəf çəkib oturdu və qızılı arfanı ehmalca yana yatırdaraq çiyninə dirədi. Barmaqları simlərə toxundu.
Mister Terl qaynar havanı ciyərlərinə çəkib dinləməyə hazırlaşdı. Səhradan ruzigar əsdi və şüşəbənddəki yelləncək-kürsülər nohurdakı boş qayıqlar kimi yırğalandı. Yuxarıdan mister Fermlinin narazı səsi eşidildi:
– Orda nə baş verir?
Elə həmin an miss Hilqudun barmaqları arfanın simlərini dolaşmağa başladı. Onlar səyahətlərinə haradansa yuxarıdan, demək olar ki, qadının çiyni tərəfdən başlayıb düz yunan ilahəsinin sakitlik əxz edən sifətinədək gəldi, amma elə o dəqiqə geri qayıtdı, sonra bir anlıq donub-qaldı və musiqi sədası boğanaq qonaq otağından ta mehmanxananın bütün boş qaranlıq otaqlarınadək yayıldı.
Mister Fermli bundan belə otağından nəsə çığırmaq istəsəydi də, artıq onu eşidən olmayacaqdı. Mister Terl və mister Smit daha yerlərində otura bilmirdilər və sanki eyni anda əmr alıblarmış kimi ikisi də yerlərindən sıçradı. Onlar hələ ki dəli kimi çırpınan ürək döyüntülərindən və fısıltılı nəfəslərindən savayı bir şey eşitmədilər. Heyrətdən gözləri bərələ və ağızları açıq qalmış kişilər eyni zamanda iki qadına – kor ilahəyə, yəni arfaya və yorğun, mehriban gözlərini yumub, balaca, nazik əllərini irəli uzadıb otur- muş kövrək, yaşlı miss Hilquda tamaşa edirdilər.
“O, balaca qızcığaza oxşayır, – mister Terl və mister Smit düşüncələrə daldılar, – əllərini pəncərəyə, nəyinsə görüşünə uzadan qızcığaza!.. Bəs nəyə?! Əlbəttə ki yağışa!”
Leysanın səsi uzaq boş səkilərdə və navalçalarda yavaşıyırdı.
Yuxarıda mister Fermli könülsüz ayağa qalxdı, sanki kimsə onu zorla yataqdan qaldırırdı.
Miss Hilqud isə ifasına davam edirdi. Dinləyicilərdən heç biri qadının nə çaldığının fərqinə varmırdı, onlar sanki bu musiqini öz uzun həyatlarında dəfələrlə eşitmişdilər, sadəcə, nə adını, nə də sözlərini bilirdilər. Qadın çalır və əllərinin hər bir hərəkəti damı döyəcləyən iri yağış damcıları ilə müşayiət olunurdu. Yağış açıq pəncərələrdən içəri sərinlik gətirir, artırmanın istidən qupquru qurumuş lövhələrini yuyur, qızmar damı döyəcləyir, onu acgözlüklə canına çəkən qumu isladır, pas atmış maşının üzərinə, bomboş tövləyə və həyətdəki ölü kaktuslara çilənirdi. Beləcə, o, pəncərələri yudu, tozu yatırdı, suyu çəkilmiş yağış çəlləklərini ağzınacan doldurdu və açıq qapılardan xışıldayan muncuqlu pərdə asdı. Əgər qapıdan içəri girmək fikrinə düşsəydiniz, bu pərdəni əllə aralamaq olardı. Lakin mister Terl və mister Smit üçün ən arzuediləni onun həyatverici sərin toxunuşu idi. Yağışın xoş ağırlığı onları yenidən oturmağa məcbur elədi. Üzlərinə düşən yağış damcıları dərilərini azacıq sancır, çimdikləyir, qıdıqlayırdı. İlk istədikləri şey dodaqlarını