Джек Лондон

Hekayələr


Скачать книгу

evlənib, yox a?

      – Bəli, bu səhər “Frisko” qəzetindən oxumuşam.

      Pentfild halını pozmayaraq səbirlə soruşdu:

      – Qız kimdir, görəsən? – Arxayın idi ki, onu masqaraya qoyurlar, hər an qəhqəhə səsi eşidə bilər.

      İnvud cibindən çıxardığı qəzetə göz gəzdirə-gəzdirə dedi:

      – Qızın adı yadımda qalmır, ancaq deyəsən, Meybldir… Aha, tapdım: Meybl Holms, məhkəmə hakimi Holmsun qızı…

      Ürəyi yerindən oynayan Lorens dərhal özünü ələ alıb düşündü ki, görəsən, Şimalda bu ad birinə məlumdur, ya yox. Hisslərini büruzə vermədən onlara qulaq asanların üzlərini sakitcə müşahidə elədi. Yox, qulaq müsafirlərinin üzündəki adicə maraq idi. O, üzünü Nikə çevirib laqeyd səslə dedi:

      – Bax, bu beş yüz dollardan mərc gəlirəm ki, qəzetdə belə bir şey yoxdur.

      İnvud anlaşılmaz şəkildə gülümsünüb dedi:

      – Yox, əzizim, sizin pulunuz mənə gərək deyil.

      Pentfild istehza ilə:

      – Mən elə də bilirdim, zarafatı boşla! – deyib stola sarı çevrilərək daha iki karta pul qoydu.

      İnvud qızardı, sanki özünə inanmayaraq qısa məqaləni diqqətlə bir də oxudu. Sonra Pentfildə sarı sərt dönüb həyəcanla dedi:

      – Qulaq asın. Mən bu işi belə qoya bilmərəm.

      Pentfild kobudcasına soruşdu:

      – Nəyi?

      – Sizin sözünüzdən belə çıxır ki, mən yalan danışıram?

      – Yox, sadəcə, mənə elə gəlir ki, sizin zarafatınız tutub.

      – Axı mən sizə deyirəm ki, bu doğrudur.

      – Mənsə beş yüz dollardan mərc gəlirəm ki, qəzetdə belə bir şey yoxdur, – deyib içində qızıl səpintisi olan ağır kisəni stolun üstünə atdı.

      – Sizin pulunuz mənə gərək deyil, madam ki israr edirsiniz, alın, özünüz baxın, – deyə İnvud qəzeti Lorensə uzatdı.

      Lorens oxuduqlarına inana bilmirdi. O, başlığa göz gəzdirdi: “Şimaldan cavan Loxinvar9 çapa-çapa gəlirdi”. Məqalədə Meybllə Korrinin adları yanaşı idi. Qəzetin birinci səhi- fəsinə baxdı, San-Fransiskoda nəşr olunmuşdu.

      O, yüngülcə gülümsəyib dedi:

      – Pullar sizindir. Bir halda ki mənim şərikim kefə başladı, qabağında çətin duruş gətirmək olar.

      Sonra qəzeti əlinə alıb yenidən kəlmə-kəlmə oxudu. Şəkk-şübhə ola bilməzdi. Korri Hatçinson, həqiqətən də, Meyblə Holmsla evlənmişdi. Məqalədə Korri haqqında “Bonanzanın krallarından biri, Lorens Pentfildin şəriki (San-Fransisko cəmiyyətində hələ unudulmamışdı), onunla birlik- də Klondaykın bir çox sərvətlərinin yiyəsi” deyilirdi. Məlumat verilirdi ki, mister və missis Hatçinsonlar toydan sonra bir müddət Detroytda qalacaq, sonra isə bal aylarını Klondayka səyahətdə keçirəcəklər.

      Pentfild ayağa qalxdı və tərəzidə çəkildıkdən sonra beş yüz dollar məbləğində qızıl səpintisi boşaldılmış kisəsini götürdü:

      – İndicə qayıdıram, yerimi saxlayın.

      Küçəyə çıxıb başqa bir qəzet aldı, bu qəzet də məlumatı təsdiqləyirdi. Artıq şübhəsi qalmadı: dostu və nişanlısı evlənmişdilər. O, kluba qayıdıb oyuna davam etdi. Təklif etdi ki, kim nə qədər istəyir pul qoysun. Nik kart paylayana başı ilə işarə edib güldü:

      – Şirkətin anbarlarına baş çəkmək istəyirdim, amma gedəsi olmadım. Hə, bacarığınızı göstərin görək!

      Lorens ikisaatlıq qızğın oyundan sonra qırx min pul uddu. Kart paylayan siqaretini yandırıb elan etdi ki, bankda pul qurtarıb. Pentfild Nik İnvudun əlini sıxıb bildirdi ki, bu onun sonuncu oyunu idi.

      Heç kəsin ağlına belə gəlmədi ki, ona necə ağır bir zərbə vurulub. O, zahirən bunu göstərmirdi. Həmişəki kimi bütün həftə işi-gücü ilə məşğul oldu. Ancaq şənbə günü toy mərasimini təsvir edən “Portlend” qəzeti gözünə dəydi. Mədəndəki işlərə nəzarəti dostlarından birinə tapşırıb itləri qoşdu, Yukon çayı boyunca yuxarı yollandı. O, Şor Sulara tərəf yol aldı, sonra Ağ çaya döndü. Beş gündən sonra yerli hinduların düşərgəsinə çatdı. Axşam onun şərəfinə verilən qonaqlıqda başçının böyründə oturmuşdu. Ertəsi günü o, itləri geri, Yukona tərəf qovanda artıq tək deyildi. Gənc hindu qızı axşam onun itlərini yedirdi, gecələmək üçün yer hazırlamaqda ona kömək etdi. Uşaqlıqda qızın ayağını ayı əzmişdi, buna görə də o, axsayırdı. Adı Laşka idi. Əvvəlcə naməlum ölkədən gəlmiş, ona bir kəlmə söz belə demədən, bir dəfə nəzər salmadan alıb yad yerlərə aparan ağ adamdan qorxmuşdu. Sonra isə ondan təhlükə gəlmədiyini görüb isinişməyə başladı.

      Şimalda yaşayan ağ adamların çoxunun aldığı hindu qızlardan fərqli olaraq Laşkanın bəxti gətirdi. Dousonda onları birləşdirən bütpərəst kəbinindən sonra kilsədə də nikah kəsildi. Hər şey Laşkaya yuxu kimi görünürdü. Əri onu Bonanzaya aparıb təpənin başındakı yeni komada yerləşdirdi.

      Pentfildin hindu qızı alıb onunla bir dam altında yaşaması heç kimdə təəccüb doğurmadı. Ancaq onun kilsədə nikah kəsdirməsi sensasiya yaratdı. Bunu anlamaq istəməsələr də, onunla bir işləri də olmadı. Yerli mühit bir işdən zərər görməyincə çək-çevir yaratmırdı. Ağ qadınlar sahibəsi olduqları evlərə Lorensi yenə də qonaq çağırırdılar. Kişilərin bir çoxu onun zövqünü bəyənməsə də, hər halda, onu məzəmmət edə bilməzdilər.

      San-Fransiskodan daha məktub gəlmirdi. İçində poçt olan altı narta10 Böyük Qızılbalıq yaxınlığında qəzaya uğramışdı. Bundan başqa, Pentfild bilirdi ki, yeni evlənənlər artıq Klondaykda olmalıdırlar. Onların toy səyahəti sona çatırdı. Halbuki o özü bitmək bilməyən iki il ərzində belə səyahətin arzusu ilə yaşamışdı. Bu fikirlərdən dodaqları acı-acı büzülürdü, ancaq hisslərini gizlədir, Laşkaya qarşı daha mehriban olurdu.

      Mart qurtardı, aprelin axırına az qalmışdı ki, bir dəfə səhər tezdən Laşka koması çaydan bir neçə mil aşağıda olan Pitin yanına getmək üçün ondan icazə istədi. Əsli Stüart çayı sahilindən olan Pitin arvadı ona xəbər göndərmişdi ki, uşağı xəstələnib. Təbiətən əsl ana olan Laşkaya elə gəlirdi ki, bütün uşaq xəstəliklərindən yaxşı baş çıxarır və tale özünə övlad bəxş edənə qədər başqalarının uşaqlarına qulluq etməyə hazırdı.

      Pentfild itləri nartaya qoşdu. Arvadını nartaya mindirib Bonanza çayının mənsəbi ilə aşağı yollandı. Havadan bahar ətri gəlirdi. Yer hələ də qarla örtülü olsa da, şaxta əvvəlki kimi kəsmirdi. Qışın gücü zəifləmişdi, çayların, nohurların şırıltısı eşidilirdi. Bəzi yerlərdə buz əridiyindən yolları su basmışdı, dövrə vurub keçməli olurdular. İki nartanın keçə bilməyəcəyi yerdə Lorens yaxınlaşan zınqırov səsləri eşidib itləri saxladı. Çayın aşağısı tərəfdən ağır yükləri çəkən yorğun itlər qoşulmuş narta göründü. İtləri qovan kişinin görkəmi