eşidəndə sifətinin uzandığını görüb tələsik əlavə etdi: – Qorxma. Sən qaçıb gələn kimi yekəpər və sadəlövh ərin ah-ufla viqvamıma qaçıb gələcək, sonrası isə səndən asılıdır; var gücünlə şikayətlənərsən ki, ondan xoşun gəlmir, ürəyindən deyil, işlər müdirinin arvadı olmaq sənin düşündüyündən çətin imiş, qoy ərin yazıq, kasıb, qoca atana əlavə yorğanlar, tənbəki və başqa mallar versin. Belə ki, möhkəm yadında saxla, gecə çay sahilində qarğa kimi qarıldayacağam.
Lit-Lit başını tərpətdi, bilirdi ki, atanın sözünə qulaq asmamaq olmaz, bir də o, qızından nə tələb edirdi ki, deyirdi Foksdan bir müddət ayrılsın, Lit-Lit onun yanına qayıdanda əvvəlkindən xoşbəxt olacaqdır. Qız qonaqlara qarışdı, gecəyarıdan keçəndə Foks xüsusilə yaşlı hindu qadınlar dəridən-qabıqdan çıxıb zarafatlaşanda və hay-küy salanda Lit-Liti çağırıb qalaçaya apardı.
Lit-Lit faktoriyada ən nüfuzlu adamın arvadı olmağın nə qədər sərfəli olduğunu tez başa düşdü, belə güzəran yatsaydı, yuxusuna da girməzdi. İndi o, odun, su daşımırdı, deyingən tayfa qocalarına qulluq eləmirdi. İlk dəfə idi ki, səhər yeməyi hazır olunca yataqda uzanıb nazlana bilərdi. Yataq da ki nə yataq: təmiz, yumşaq, rahat; o, ömründə belə yorğan-döşəkdə yatmamışdı. Bəs yeməyinə nə deyirsiniz! Yediyi ağ çörək, peçenye, buğda unundan kökə idi. Gündə üç dəfə, hər gün, özü də ki ürəyin istədiyi qədər. Belə bolluğa adam alışa bilmir. Bundan başqa, Foks xeyirxah da olurdu. Bir arvadı ölmüşdü, evi idarə etməyi yaxşı bacarırdı, arvadın cilovunu da hərdənbir, özü də ciddi şəkildə çəkə bilirdi.
O, toyun ertəsi günü süfrə arxasında oturanda dedi:
– Lit-Lit burda xanımdır. Nə dedi, o da olmalıdır, başa düşdünüz?
Mak Lin və Mak Teyviş başa düşdülər. Onlar bunu da bilirdilər ki, işlər müdirinin əli ağırdır.
Lit-Lit vəziyyətindən sui-istifadə eləməyə tələsmirdi. O, ərinə qulluq etdiyi kimi, onun böyüyən oğlanlarının nazını çəkdi, yorulmadan onların qeydinə qaldı, bununla bərabər, əri onu müəyyən dərəcədə sərbəst buraxdığı kimi, o da onları sərbəst buraxırdı. Oğlanlar təzə analarını hamıya, hər gördüklərinə tərifləyirdilər. Mak Linlə Mak Teyviş də dil boğaza qoymurdular, Foks da ailə həyatının gözəlliklərindən, cavan arvadının məziyyətlərindən, özünün razılığından o qədər danışdı ki, bütün bunlar Günah Qayasının sakinləri və ətrafında yaşayanların dilində dolaşmağa başladı.
Gələcək saysız-hesabsız, qurtarmaq bilməyən qazancların eşqinə düşən, gecələr yuxusu ərşə çəkilən Snitşeyn qərara aldı ki, hərəkətə gəlmək vaxtı çatıb. Toyun onuncu gecəsi Lit-Liti qarğa qarıltısı yuxudan elədi. Qız başa düşdü ki, Snitşeyn onu sahildə gözləyir. Xoşbəxt həyata başı qarışdığından o, atası ilə şərtləşdiklərini unutmuşdu, indi onun canına uşaqlıqda olduğu kimi qorxu düşmüşdü. Lit-Lit tir-tir əsərək yorğan-döşəkdə xeyli uzanıb qaldı, getmək də istəmirdi, qalmağa da qorxurdu. Axırdan-axıra Foksun mehribanlığı, həm də dəmir kimi əzələləri, dördkünc çənəsi ona cürət verdi. Atasının sözünü qulaqardına vurdu, Foks da bu gecə nə kimi qələbə əldə etdiyindən xəbər tutmadı.
Səhəri Lit-Lit qorxu içində yatağından qalxdı, evdə yır-yığış edəndə atasının bu dəqiqə gəlib çıxacağını fikrinə gətirəndə diksinirdi. Vaxt ötüb-keçdi, qız get-gedə sakitləşdi. Foks Mak Lini, Mak Teyvişi diqqətsizlik üstündə ucadan danlayırdı, onun səsi qıza cəsarət verdi. Lit-Lit bütün günü çalışdı ki, ərinin yanında olsun, onun iri anbarda nəhəng mal bağlamalarını qu tükündən hazırlanmış balışlar kimi çətinlik çəkmədən qaldırıb ordan-bura atdığını görəndə tamamilə bu qərara gəldi ki, atasına qulaq asmasın. Bundan başqa, o, ilk dəfə idi ki, anbarı görürdü – Günah Qayası bir neçə xırda faktoriyanın bazası idi.
Lit-Liti bura yığılmış saysız-hesabsız var-dövlət mat qoydu. O bu var-dövlətə tamaşa edir, atasının miskin viqvamı gözləri önünə gəlirdi. Onun bütün tərəddüdləri yoxa çıxdı. Öz qərarını yoxlamaq üçün oğulluğundan soruşdu:
– Atan yaxşı adamdır?
Oğlan cavab verdi ki, yer üzündə ondan yaxşısı yoxdur.
Bu gecə də qarğa təzədən qarıldadı. Ertəsi gecə onun qarıltısı lap ucadan, aravermədən eşidildi. Foks yuxudan oyandı, yorğan-döşəyində narahat-narahat çevrilib söydü:
– Lənətə gəlmiş qarğaya bax!
Lit-Liti gülmək tutdu, ehmalca üzünü yastığa yapışdırdı.
Snitşeyn səhər tezdən günəş doğanda kabus kimi faktoriyaya gəlib çıxdı, onu Vanidani ilə birlikdə mətbəxə səhər yeməyinə çağırdılar. Qoca isə yeməyi qadınla bölüşməkdən qətiyyətlə boyun qaçırdı, bir azdan qızğın alver gedən dükanda kürəkəninin başının üstünü kəsdirdi. Dedi ki, qızı tayı-bərabəri olmayan bir incidir. Deməli, ona yenə tənbəki, yorğanlar, üstəlik, ən vacibi – tüfənglər düşür… Onu, sadəcə, aldadıblar. Lit-Litə görə az şey veriblər. İndi o gəlib ki, insafla işi yoluna qoysun. Ancaq Con Foksun nə artıq adyalları, nə də insafı var idi.
Snitşeyn xəbər verdi ki, üç yerə ayrılan yolun ağzında missionerə rast gəldi, o dedi ki, Allah-taala belə nikahları təqdir eləmir, atanın borcu qızını qaytarıb evinə aparmaqdır.
Snitşeyn sözünü axıra çatdırdı.
– Mən indi əsl xristianam, istəyim budur ki, qızım Lit-Litin göylərdə yeri olsun.
İşlər müdirinin qayınatasına cavabı qısa, aydın oldu: onu cəhənnəmə yollamadı, ona bu yolda ilk addımlarını atmaqda kömək edərək boynunun dalından tutub çölə atdı, qapını çəkdi.
Snitşeyn evin ətrafında dövrə vurub mətbəxdən qonaq otağına keçdi, orda Lit-Litin üstünə düşdü.
O, qızına qəzəbli bir nəzər salıb sözünə başladı:
– Mən səni çağıranda, görünür, yuxun bərk imiş.
– Yox, mən yatmamışdım, hər şeyi eşidirdim. – Qızın ürəyi bərk döyünürdü, qorxudan sıxılırdı, buna baxmayaraq qətiyyətlə sözünə davam etdi: – Keçən gecə də yatmamışdım, çağırdığını eşidirdim, ondan qabaqkı gecə də.
Böyük səadətinin əlindən alınacağından qorxan Lit-Lit qadınların hüquq və mövqelərindən ilhamla nitq söylədi. Bu, altmış üçüncü paraleldən şimalda “yeni qadının” ilk çıxışı idi. Ancaq Lit-Lit nahaq yerə canfəşanlıq edirdi: Snitşeyn hələ də orta əsrlər cəhalətindən ayılmamışdı.
Qız nəfəsini dərmək üçün sözünü kəsəndə isə o, təhdidlə dedi:
– Bu gün mən yenə qarğa kimi qarıldayacağam.
Bu vaxt Con Foks içəri girib qayınatasına eşik qapısını göstərdi.
Bu gecə qarğa həmişəkindən inadla qarıldadı. Oyaq yatan Lit-Lit qarıltını eşidib gülümsünürdü. Con Foks narahat-narahat qurcalanırdı. Sonra o, yuxudan ayılıb daha çox qurcalandı. Mızıldandı, fısıldadı, alçaqdan o ki var söyüş söydü. Nəhayət, yatağından qalxdı, əlhavasına qonaq otağına keçdi, başısoyuq