Джек Лондон

Hekayələr


Скачать книгу

elə pərtlik yarandı ki, bu, Pentfildin ürəyindən oldu. Meybl çox həyəcanlanmışdı. Vəziyyəti belə görən Dora dilləndi:

      – Bura bax, Lorens, nə olub?

      Korri onun cavabını gözləməyib qolundan tutub kənara çəkdi. Gözləri ilə Laşkaya işarə edərək pıçıltı ilə soruşdu:

      – Dostum, bu nə məsələdir?

      Pentfild istehza ilə cavab verdi:

      – Sənin nə borcuna?

      Lakin Korri əl çəkmədi:

      – Bu skvo11 cənin kirşəndə nə edir? Qızlara nə deyim, məni əməllicə işə saldın. Əminəm ki, tutarlı izahatın var. Axı o kimdir, kimin skvosudur?

      Nəhayət, həlledici zərbəni endirməyin vaxtı çatmışdı. Pentfild ona edilən bədxahlığın əvəzini çıxırdı. Zahirən sakit olsa da, elə bil ürəyindən tikan çıxarırdı.

      – Bu mənim skvomdur. İcazənizlə təqdim edim: arvadım – missis Pentfild.

      Korrinin nəfəsi təngidi. Meyblin üz-gözündən narazılıq yağırdı, ağzını açıb danışa bilmirdi. Lorens heç nə olmayıbmış kimi qadınlara yaxınlaşdı. Doraya müraciət etdi:

      – Səyahətiniz necə keçdi? Yollarda çox donmadınız ki?

      Sonra Meyblə tərəf dönüb soruşdu:

      – Missis Hatçinson necədir?

      Dora Lorensin çiyinlərindən tutub hiddətlə silkələdi:

      – Səfehin biri səfeh! Deməli, qəzetdə oxuduqlarına görə özünü belə aparırsan?

      Pentfild mızıldandı:

      – Başa düşmədim, nə demək istəyirsən?

      Dora həyəcanla davam etdi:

      – Axı növbəti nömrədə düzəliş vermişdilər. Ağlımıza da gəlməzdi ki, qəzetin əvvəlki nömrəsi əlinə düşər. O biri qəzetlər də həmin qəzetdən xəbəri götürüb yanlışlıqla çap etmişdi.

      – Necə?.. – Pentfildin sarsıntıdan ürəyi sancdı. Özünü uçurumun kənarında hiss elədi.

      Dora isə dil boğaza qoymurdu:

      – Meybllə mənim Klondayka gedəcəyimiz məlum olanda “Həftəlik” qəzetindən bildirdilər ki, bizim Mirdon avenyuda yerimiz görünəcəkdir.

      – Onda, deməli…

      – Bəli, missis Hatçinson mənəm. Biz Korri ilə evlənmişik, sən isə elə bilmisən ki, Meybl dostuna ərə gedib…

      Pentfild ağır-ağır dilləndi:

      – Hər şey aydındır. Müxbir adları çaşbaş salıb…

      O susdu. Meyblə baxdı. Qız gözünü ona zilləyib nə deyəcəyini gözləyirdi. Korri ayaqqabısının burnu ilə yeri eşir, Dora isə altdan-altdan nartada sakitcə oturmuş Laşkaya baxırdı. Lorens dönüb itlər qoşulmuş nartaya – ümidsiz gələcəyinə baxdı, özünü və yanındakı axsaq Laşkanı gördü. Sonra təəssüflə Meyblin gözlərinin içinə baxaraq dedi:

      – Bağışla, belə bir xəbərin yanlış olduğu mənim ağlıma da gəlməzdi. Elə bildim Korriyə ərə getmisən. Mən də evləndim, nartadakı missis Pentfilddir…

      Meybl özünü itirdiyindən bir söz deyə bilməyib bacısına tərəf döndü. Sanki çətin səfərin ağırlığı birdən üstünə çökmüşdü. Dora ondan yapışdı. Korri isə hələ də gözlərini yerdən ayıra bilmirdi. Pentfild bir daha dostuna, qadınlara nəzər salıb nartaya tərəf getdi. Laşkaya üzünü tutub:

      – Getmək lazımdır, Pitin uşağı bizi bütün günü gözləyə bilməz, – dedi.

      Uzun qırmanc havada vıyıldadı, itlər kirşənin yan qayışlarını dartıb irəli cumdular. Pentfild gedə-gedə qışqırdı:

      – Korri, qulaq as! Sən köhnə daxmada yaşaya bilərsən. İndi ora boşdur. Mən təpənin başında özümə təzəsini tikdirmişəm.

Tərcümə edəni: Rəna Şıxəmirova

      LİT-LİTİN ƏRƏ GETMƏSİ

      Con Foks viskinin, demək olar ki, bütün ilboyu bərk olduğu, donduğu, ona görə də ondan press-papye12 kimi istifadə etmək mümkün olan yerə gəlib çıxanda uşaqlıqdan həyata açıq gözlə baxmayan başqa macəra axtaranlardan fərqli olaraq idealların, illüziyaların əsiri olub qalmadı. Uzaq Qərbdə anadan olub böyüyən Con Foksun ağlı iti olmasa da, o, sağlamdüşüncəli, işgüzar, qoçaq adam idi, hər şeyə açıq gözlə baxırdı. Bu da onun Kanadada yeni sahədə müvəffəqiyyət qazanmasını təmin edirdi. O, Hudzon körfəzi şirkətinin adi xidmətçisi kimi bələdçilərlə birlikdə avar çəkir, hər cür işdən yapışırdı, odur ki irəli tez çəkildi. “Mələklər” istehkamındakı ticarətə başçılıq etməyə başladı.

      Con Foks hər şeyə adi gözlə baxırdı, ona görə də yerli tayfadan olan bir qızı aldı; bu ər-arvadlıq sözün əsl mənasında uğurlu oldu. Çünki o, başqa, iradcıl kişilərdən deyildi; belələri işləyə bilmir, axırdan-axıra öz həyatlarını cəhənnəm əzabına döndərirdilər. O, taleyindən çox razı idi, şirkətə canla-başla qulluq edirdi, bir neçə müddətdən sonra sayılan işçilərdən biri oldu. Arvadı öləndə qadının tayfası onun cəsədini götürüb yerli qayda-qanunla ağac başında dəmir yeşikdə basdırdı.

      Arvadı Foks üçün iki oğlan doğmuşdu. Şirkət onun vəzifəsini artıranda o da oğulları ilə uzaqlara, Şimal-Qərbin ucu-bucağı görünməyən ərazisinə – Günah Qayasına yollandı. Orda onu dəri alveri kimi mühüm sahədə yeni vəzifə gözləyirdi. O, burda bir neçə ay tənha qaldı və yeknəsəq həyatdan darıxdı. Açıq-aydın nifrətlə bir o qədər də gözəlliyi olmayan hindu qızlarına baxır, daim ana nəvazişi və qayğısı görməyən oğlanlarının dərdini çəkirdi. Birdən o, Lit-Liti gördü.

      – Lit-Lit… Sizə necə deyim, Lit-Litdir də… – qızı təsvir eləmək üçün baş keşikçi Aleksandr Mak Linə bundan artıq söz tapıb deyə bilmədi.

      Mak Lin sözün əsl mənasında şotland idi, onun, Con Foks demişkən, ağzından süd iyi gəlirdi, ona görə də hindu qadınları almaq fikrini heç yaxına belə qoymurdu. İşlər müdiri öz ölməz ruhunu məhv etmək fikrinə düşsəydi, Mak Lin narazı qalmazdı, çünki Mak Lin qorxurdu ki, özü Lit-Litin gözəlliyi qarşısında davam gətirməyib ruhunu məhv edər.

      Şotlandın sərt qəlbi Lit-Litin qəlbə od salan baxışları qarşısında az qala əriyəcəkdi. Lit-Lit mütənasib bədənli, çevik qız idi, üzünün ifadəsi olmayan, ağır tərpənən, süst, başqa hindu qadınlara heç bənzəmirdi. Uşaqlıqdan bir yerdə otura bilmədiyinə, kəpənək kimi ora-bura uçub qonduğuna görə, adama uyuşan, şən, qayğısız, kəlməbaşı qəhqəhə çəkib güldüyünə, ora-bura qaçdığına, atılıb-düşdüyünə görə ona Lit-Lit deyirdilər.

      Lit-Lit yerli tayfanın şöhrətli başçısı Snitşeynin və metis qadının qızı idi. Con Foks bir dəfə yayda sözarası evlənməkdən danışmaqdan ötrü ona baş çəkdi. Onlar tayfa başçısı ilə ağcaqanadları qovlamaq üçün viqvamın