Джек Лондон

Hekayələr


Скачать книгу

sürüşüb dərələrə düşmüş, tikə-tikə olmuşdular. Bəziləri isə soyuqdan uçurumlarda can vermiş, dolu kisələrin ağırlığına tab gətirməyib bataqlıqda, lehməli sularda boğulub ölmüşdülər. Mən adamların bu dilsiz-ağızsız heyvanlara necə əziyyət verdiklərinin, onları ölənədək işlətdiklərinin şahidi olmuşam. Bəzən də can verən atları taleyin hökmünə buraxıb tərk edirdilər. Amma yəhərlərini və nallarını çıxarmağı unutmurdular. Elə bil bu qarlı aşırım insanların ürəyini də dondurmuşdu.

      Belə bir günlərdə mən böyük bir ürək sahibinə rast gəldim. Yaxşı və vicdanlı adam idi. Elə bil lap peyğəmbər övladıydı. Dincəlmək vaxtı gələndə o, atların yükünü boşaldır, bu zaman heyvanlar rahat nəfəs alırdılar. At yeminə xeyli pul xərcləyən bu adam heyvanların yük daşımaqdan sürtülüb yara olmuş bellərini yorğanla örtərdi. Amma o biri sahibkarların atlarının bellərinə baxanda adamı dəhşət bürüyürdü. Yəhərlərin altındakı dərin yaralar irin bağlamışdı. Bu sahibkarlar atları dırnaqlarından qan gələnə qədər qovurdular. Mənim dostum isə son dollarını belə nalların mismarlarına verərdi. Biz onunla bir qabdan xörək yeyir, çörəyimizi yarı bölürdük. Bu qanlı yolda həmin adamla elə qan qardaşı olmuşduq. Azğın, Tanrını unutmuş sahibkarlardan fərqli olaraq mənim dostum sonsuz əzab dənizinə baxır, gözlərindən acı yaşlar axıdırdı. Dağ aşırımlarında yazıq atlar şahə qalxaraq imdad istəyirdilər. Uçuruma yuvarlanan atlar yaralı halda pişik kimi divara dırmaşmağa çalışır, müvəffəq ola bilmirdilər. Sahibləri isə yaralı atları ölümün pəncəsinə buraxırdılar. Bizim isə atlarımızdan biri yıxılsaydı, dostum dərhal karvanı saxlayıb ata yardım edir, ona qayğı və nəvaziş göstərirdi.

      Bir dəfə qarlı aşırımı keçəndən sonra əlliyə qədər atı yorub öldürmüş bir sahibkar təzə atlar almaq istəyirdi. Bizə atlara görə beş min təklif etdi. Biz bir ona, bir də dönüb atlarımıza baxdıq. Atlarımız poni cinsindən idi. Cibimizdə siçanlar oynaşırdı, pula ehtiyacımız vardı. Amma yadımıza dağ yamaclarındakı əziyyətlər, qarlı uçurumlar düşdü. Dostum bir kəlmə də demədən atlarını ayırdı. Sonra mənə baxdı, biz bir-birimizi danışmadan anladıq. Mən onun, o da mənim atlarımı güllələdi. Dostumun sarsıntıdan az qala ürəyi partlayacaqdı. Güllə səsləri və atların dəhşətli hayqırtısı həmin sahibkarı özündən çıxarmışdı. Bizə ağzına gələni dedi.

      İndi bildin ki, qarlı aşırımda rast gəldiyim və dostlaşdığım adam…

      – Bildim, Con Randolf!… – deyə La Perl onun sözünü tamamlayarkən dodaqları səyridi.

      Uri başını tərpədib dedi:

      – Şadam ki, başa düşdün.

      La Perl çarəsiz və qüssəli halda:

      – Mən hazır, – deyə bildirdi. – Keçək əsas məsələyə, amma cəld ol.

      Uri ayağa qalxıb:

      – Ömrüm boyu Allaha inanmışam, – dedi. – Bilirəm ki, ilahi ədalət var. Yəqin ki, yuxarıdan bizə baxır və taleyimizi həll etmək istəyir. Əminəm ki, o gözəgörünməz qüvvə mənim sağ əlimin məhz onun hökmünü yerinə yetirməsini istəyir. Allaha o qədər inanıram ki, hətta səninlə bərabər şərtlərlə atışmağa razıyam. Qoy Allah özü son hökmünü versin!

      Bu sözlərdən sonra La Perlin sevincdən ürəyi şiddətlə döyündü. O, Urinin itaət etdiyi gözəgörünməz qüvvəyə yox, şansa inanırdı. Bu, həmin şans idi ki, həmin gecə sahilboyu qar təpəcikləri arasında qaçanda da onun yanında olmuşdu.

      – Axı bizim bir tapançamız var, – deyə La Perl etiraz etdi.

      – Növbə ilə atarıq, – Uri tapançanı çıxarıb yoxladı. – Kimin birinci atacağını qoy kart həll etsin.

      La Perlin bədəni istiləndi. Ürəyində kart oyununu götür-qoy elədi. Kartları cibindən çıxardı. Düşünürdü ki, bu dəfə bəxt onun üzünə güləcək. Cəld kartlardan birini çıxardı ki, siftə paylayan adamı müəyyənləşdirsin. Bəxti gətirdi, sevincdən uçundu. Tez kartları qarışdırıb payladı. Oynamağa başladılar. Urinin əlində kozır yox idi. Amma La Perlin iki tuzu, iki kozırı19 vardı. Bəxt bu dəfə onun yanında idi. Beləliklə, onlar əlli addım ölçüb məsafəni müəyyənləşdirdilər.

      Uri dedi:

      – İşdir, məni öldürsən, itləri də, sursatı da götür. Cibimdə onlara aid rəsmi mülki kağızlar da var.

      Uri çiyinlərini düzəldib dik dayandı və rəqibinin üzünə baxdı. La Perl arxasını şüaları okeanın suyunda əks olunan günəşə çevirdi. Gözlərini qıyıb nişan aldı. Tələsmirdi, yaz yelinin ani vıyıltısında silahı aşağı saldı. Birdən dizi üstə çökərək tapançanı iki əli ilə bərk-bərk tutub atəş açdı. Uri bir addım atıb əllərini havada yellədi. Səndələyib qarın üstünə yıxıldı. Güllə ürəyindən dəyməmişdi, yoxsa elə yerindəcə ölərdi. Amma Uri var gücünü toplayıb ayağa qalxdı. Tapançanı istədi. La Perlin könlündən ikinci dəfə atəş açmaq keçdi. Amma o dəqiqə də bu fikri beynindən çıxartdı. Düşünürdü ki, onsuz da bəxt onun tərəfindədi. Ona görə də hiylə və fırıldaq gəlmədən bu oyunu vicdanla oynamaq istəyirdi. Uri ağır yaralı idi. Çətin ki hədəfi düz nişan alsın. Bəlkə, heç tapançanı əlində tutmağa gücü çatmayacaqdı?!

      La Perl kinayə ilə güldü, tapançanı yaralıya uzadıb dedi:

      – Nə oldu, bəs deyirdin Allah var? Hanı o, hardadı sənin ədalətli Allahın?

      – O hələ son sözünü deməyib. Onun son sözünü eşitməyə hazırlaş…

      La Perl laqeyd halda Uri ilə üzbəüz dayandı. Uri sərxoş adamlar kimi yırğalanırdı. Tapança ona çox ağır gəlirdi. Qorxurdu ki, onu əlində saxlaya bilməsin. Uri bütün gücünü toplayıb tapançanı gözünə tərəf qaldırdı. Rəqibinin düz ürəyini nişan alıb tətiyi çəkdi. La Perl bir an hərəkətsiz qaldı, gözləri önündə San-Fransisko haqqındakı arzuları canlanıb söndü. Günəş işığına qərq olmuş bəyaz qar gözlərində yavaş-yavaş qaraldı. O bu dəfə pıçıltı ilə bəxtinə qarğış yağdırdı. Son dəfə belə kobud səhv buraxdığı bu amansız oyunu lənətlədi.

Tərcümə edəni: Kamran Nəzirli

      İNSANI ÖLDÜRMƏK

      İçərini ölgün gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst dolanır, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı; axşamtərəfi kitabı harasa qoymuşdu. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, açıq-qırmızı rəngli ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı. O, çox məlahətli, incə hərəkətli, zərif bir qadındı. Al dodaqlı yumru sifətində mavi gözləri xəfif parıltı saçırdı; gözlər gah bakirə qız sadəlövhlüyü ilə geniş açılır, gah da qəddar, soyuq, amiranə, inadkar qadın əzmiylə xumarlanırdı.

      Qonaq otağının işığını keçirib başqa otağa üz tutdu. Hardansa onun qulağına zəif səs gəldi. Qapının yanında dayandı. Yüngül bir xışıltıydı, ya nəydi, sanki kimsə yeriyirdi.