bunu nujeli özü qanmır? Mən ona yazdım, ancaq bu çatlax heç mənə qulaq asar? Heç cavab vermədi. Bax ermənilər beləcə bir-birinin ayağından çəkirlər.
O, məşqçinin qarasına söyə-söyə boş qəhvə fincanlarını yığıb məcməyiyə qoydu və piştaxtanın arxasına keçdi.
Süfrə başında knyazın kənddəki qohumları, məşhur Emuxvari qardaşları haqda da söhbət düşdü. Hər şey qan düşmənçiliyindən başladı. İgid cavanlar olan üç nəfər Emuxvari qardaşları yeddi il ərzində – ta öldürülənə qədər bütün Kenquriyə milisini qorxu içində saxlayırlarmış. Bu, 20-ci illərin sonu – 30-cu illərin əvvəllərində olub. Sonralar 37-ci ilin siyasi hadisələri zamanı onlar ölmüş olsalar da, yenidən yada düşdülər və bu hadisələrdə onların adı dəfələrlə ingilis casusu kimi xatırlandı.
– Onların harası ingilis casusu idi? – Sandro əmi dedi:
– Axı bu kənd knyazları heç İngiltərənin harada olduğunu bilmirdilər.
Knyaz razılıq əlaməti olaraq başını tərpətdi. Elə Emuxvari qardaşlarının əhvalatı ilə əlaqədar Sandro əmi öz hekayətini danışdı.
– Bax siz elə fikirləşirsiniz ki, – deyə o, bığını sığallayıb söhbətinə başladı, – mən özümüzküləri müdafiə edib endurları söyürəm. Ancaq bu, düz deyil. Mən Akop ağa kimi özümünkülərə görə əzab çəkirəm. Ona görə də, bax, deyirəm, eşidin: biz abxazların köhnə vaxtlar da xalqa əzab gətirən axmaqlığı çox olub, elə indi də çoxdur, ancaq bu axmaqlıq bir az başqa şəkil alıb.
Qabaqlar əsas axmaqlıq nə idi – qan intiqamı. Bəzi nəsillər buna görə bir-birini tamamilə məhv etdi. Yox, mən qan düşmənçiliyinin əleyhinə deyiləm. Ancaq lazım olan yerdə. Bunun xeyri də var. Niyə? Çünki bir adam o birinə qarşı bir qəsd quranda bilirdi ki, qəsd qurduğu adamla hər şey qurtarmır. Onun qohumları intiqam ala bilərlər. Bu, bir çox pis əməllərin qarşısını alırdı, çünki hamı bilirdi: bir adamla hər şey bitmir.
Ancaq bəzən qan intiqamı elə bir mənasız şeydən başlayırdı ki, adam deməyə də utanır. Çegemdən yuxarıda, bizim evin təxminən üç kilometrliyində Batalba ailəsi yaşayırdı, gözəl ailə idi. Bu hələ mən anadan olmamışdan əlli il qabaq olub. Bu ailə Kutol kəndindən Çiçba nəsli ilə dostluq edirdi. Hər iki ailə bir-birinin xətrini yaxın qohumlar kimi istəyirdi.
Hər il çiçbalılar öz sürülərini alp otlaqlarına aparanda yol üstündə bir neçə günlüyə dostlarının evində dayanır, yeyib-içib şənlənir, sonra yollarına davam edirdilər. Gözəl vaxtlar idi.
Bir dəfə çiçbalılar yenə də öz dostlarının evində ayaq saxladılar, ancaq bu dəfə onlar özləri ilə bir qonaq da götürmüşdülər. Qonaq qızdırma xəstəliyinə tutulmuşdu, ona görə də onu özləri ilə götürmüşdülər ki, alp çəmənliklərində müalicə edib sağaltsınlar. O vaxtlar belə edərlərmiş.
Bəli, onlar batalbalıların evində ayaq saxladılar. Ev sahibi onlara bir cöngə kəsdi və iki gün kef çəkdilər. Yola düşəndə isə ev sahibi onların ulağına iki cöngə budu yüklədi.
Bu, çiçbalıların böyüyünün xoşuna gəlmədi, o, çox sərt kişi imiş; ancaq heç nə demədi, adamları ilə bir yerdə sürüsünü dağlara tərəf çəkdi. Hə, indi deyim ağsaqqalın xoşuna gəlməyən nə idi. Bizim adətlərə görə (o vaxtlar adət-ənənəyə riayət edərdilər, indi yaddan çıxıb), əgər sən hörmətli qonağın üçün heyvan kəsib məclis qurmusansa, onun yoluna həmin heyvanın ətindən qoya bilməzsən. Yol üçün mütləq gərək təzə heyvan kəsəsən. Adət belə idi.
Batalbalılar, əlbəttə, burada səhv buraxıblar. Onlar çiçbalıları özlərinə yaxın sayıb qonaqlarının yoluna ətindən yedikləri cöngənin iki budunu qoydular. Lakin batalbalılar nəzərə almayıblar ki, çiçbalılar tək deyillər, onların yanında qonaq var, özü də, əlbəttə, o görməyə bilməzdi ki, ev sahibinin onların yoluna qoyduğu iki bud, ətindən yedikləri heyvanındır. Buna görə də çiçbalılara, xüsusilə onların böyüyünə elə gəlirdi ki, qonağın yanında biabır olublar.
Bəli, onlar yola düşdülər, yüzlərlə qoyun-keçini dağlara tərəf sürməyə başladılar. Yolda onların böyüyü bir müddət susduqdan sonra, nəhayət, dözməyib dedi:
– Sən demə, bu batalbalılar bizi heç adam yerinə qoymurlar! Süfrənin artığını bizə atdılar, elə bil dilənçipayı verirdilər. Eybi yox, peşman olarlar.
Qonaq onu sakitləşdirmək istədi, ancaq ağsaqqal yaman inciyibmiş. Hər şey də bundan başladı. Batalbalıların isə heç ağlına da gəlmirdi ki, burada bir inciklik ola bilər. O yazıqlar elə bilirdilər qonaqlarını yaxşı qarşılayıb, yaxşı da yola salıblar. Qərəz, onların heç nədən xəbərləri yox idi, çunki o vaxt abxazlar arasında xəbərçilik nə gəzirdi.
Bəli, bir müddət keçir, iki ailənin nümayəndələri yenə də bir məclisdə görüşməli olurlar. Burada da iş elə gətirir ki, Batalba ailəsindən bir cavan bağışlanılmaz səhv buraxır. Oxumağa başlayanda yaxşı səsi olanlar bir yerə yığışırlar. Elə olur ki, cavan batalbalı ilə ağsaqqal çiçbalı yanaşı düşür. Və burada cavan batalbalı oxumağa başlayır. Əlbəttə, bu, böyük səhv idi.
Cavan gərək yaşlı çiçbalıdan soruşaydı:
– Mənim oxumağım sizi narahat etməz ki? Bəlkə, bir az aralı durum?
Bu sözə qarşı ağsaqqal, yəqin ki, deyəcəkdi:
– Eybi yox, oğul, oxu. Təki bizi narahat edən mahnı olsun. Adətən, belə olur. Gənc batalbalı isə icazə-filan istəmədi, çünki o, çiçbalıları özünə doğma sayırdı, özü də bir az içmişdi və ağlına belə gətirmirdi ki, arada inciklik var.
Bəli, hər bir səhvi ayrılıqda yenə bağışlamaq olardı, lakin iki səhv bir yerdə yaşlı çiçbalını lap özündən çıxartdı.
– Sən niyə mənim qulağımın dibində oxuyursan? – deyə o qışqırdı. – Mən görürəm siz batalbalılar bizi heç adam yerinə qoymursunuz!
Bunu deyib o, xəncərini çıxartdı və gənçi yerindəcə öldürdü. Bu yerdə hay-küy qopdu, arvadların səsi aləmi götürdü. Sonra məclisi birtəhər sakitləşdirdilər. Ancaq, əlbəttə, bu sakitlik uzun sürə bilməzdi. İki gündən sonra həmin gəncin atası qocanı öldürdü.
Bəli, artıq bunun qarşısını almaq mümkün deyildi. Məgər bu, axmaqlıq deyil?
Belə hallarda ya iki kəndin hörmətli ağsaqqalları hər iki nəslin ağıllılarını bir yerə yığıb onları barışdırırlar, ya nəsillərdən biri dözməyib doğma kəndini tərk edir və uzaq kəndlərdən birinə köçür. Ya da nəsillər yerli-dibli məhv olana kimi bir-birini qırırlar.
Elə oldu ki, Batalba nəslindən dörd qardaş və bir ana qaldı. Çiçbalıların da nəslindən dörd qardaş və bir ana qaldı. Ancaq çiçbalıların sonbeşiyi hələ balaca idi – cəmi on üç yaşı var idi.
Qalanlar lap uzaq qohumlar idi. Onlar beləcə on il idi yaşayırdılar. Bir-biri ilə işləri yox idi. Bir çoxları fikirləşdilər ki, nəhayət, ağsaqqalların köməyi ilə onlar öz aralarında bir razılığa gələ bilərlər.
Onu da deyim ki, növbəti həmlə Batalba tərəfdən olmalı idi. Həmin yay Batalba qardaşlarından ən igidi və cəsuru Adamır sürünü yaylağa apardı,