Фазиль Искандер

Hekayələr


Скачать книгу

ki, Pata Pataraya bir nömrəli rəqqasdır, əslində isə mən ondan yaxşı rəqs edirdim… hə, sözümün canı var. Bu Pristliyə o vaxt bizdə çox gözəl bir gecə təşkil etdilər. Ona ən yaxşı sanatorini, ən uzunömürlü sakinimizi, ən varlı kolxozçumuzu göstərdilər. Məlum məsələdir ki, məni də onunla tanış etdilər. Mən məclisdə masabəyilik edirdim. Özüm də onunla yanaşı oturmuşdum, daha doğrusu, bizim aramızda tərcüməçi qız oturmuşdu. Nə isə söhbətimiz tutdu. Onda mən ona dedim ki, İngiltərədə olmuşam, orada yaxşı otlaqlar görmüşəm, ancaq qoyun gözümə dəyməyib və məsləhət gördüm ki, ingilis fermerləri qoyun saxlasınlar.

      – Bəs o nə dedi? – mən soruşdum.

      – O da dedi ki, yaxşı, mən onlara çatdıraram. Hə, bir də gör nə deyir. Fermerlərə, deyir, mən qoyun məsələsini çatdıraram. İntəhası, bizim parlamentdə onsuz da çoxlu qoyun var. Belə çıxdı ki, öz hökumətini pisləyir. Hə, onda mən başa düşdüm ki, nəyə görə onu bizdə belə yaxşı qarşılayırlar. İndi mən səndən soruşuram: sən başqa bir ölkəyə gedəndə, yuxarını demirəm, bizim obkom haqqında deyə bilərsənmi ki, orda keçilər oturur. Onu da nəzərə al ki, keçi qoyundan ağıllıdır ha.

      – Yox, – dedim, – deyə bilmərəm.

      – Hə, görürsən?

      Knyaz gülümsədi, Kamal isə qəhqəhə ilə güldü. Xaçik sıçrayıb diz çökərək bu mənzərəni fotoaparatla çəkdi.

      Biz adama bir qədəh içdik. Akop ağa təzə qəhvə gətirdi. O, fincanları sinidən götürüb onu yuxarı qaldıranda sini, qalxan kimi günəşi əks etdirdi. Akop ağa masa arxasında əyləşib sinini dizi üstünə qoydu. Hərdən o, dırnağı ilə sinini taqqıldadır və onun cingiltisinə qulaq asırdı.

      Kamal, adətən, vaxtını başqa eyş-işrət yerlərində keçirirdi, ona görə də Akop ağanı pis tanıyırdı. Mən istəyirdim ki, o, Akop ağanın Tiqranakert haqqında klassik novellasını eşitsin.

      – Akop ağa, – dedim, – mən ha fikirləşirəm, görəsən, niyə İkinci Tiqran o boyda Tiqranakert şəhərini tikdikdən sonra onu əldən verib ki, rum barbarları da şəhəri yandırıb qarət ediblər? Yəni doğrudan o öz şəhərini müdafiə edə bilməzdi?

      Mən danışdıqca Akop ağa kədərli-kədərli başını bulayır, sanki demək istəyirdi ki, azacıq ağıl olan beyində belə bir sual doğmaya bilməz.

      – Of, Tiqranakert, – Akop ağa dərindən ah çəkdi. – Külün göyə sovruldu… Bu, Şarkin ən gözəl şəhəri idi. Orda fantanlar var idi ağac boyda. Ağaclar var idi, hər budağında bir İran quşu otururdu, adı da tovuz quşu. Orda küçələrdə marallar gəzirdi, adam görəndə gözlərini aşağı salırdılar, bax belə, lap erməni qızları kimi. Hara getdi bütün bunlar? Külü göyə sovruldu.

      Bəlkə də, Tiqranakert Romadan da, Babildən də gözəl idi, ancaq hardan bilək, o vaxt foto yox idi. Bu bizim eradan əvvəl altmış doqquzuncu ildə olub. Əgər bizim bu Xaçik o vaxt yaşasaydı, yəqin ki, ya işsiz idi, ya da hambal.

      Eh, məsələ Xaçikdə deyil e, ara, söhbət İkinci Tiqrandan gedir. Ha, o vaxt ki o romalı g…feran Lukull Tiqranakerti mühasirəyə aldı, Tiqran bütün koşununu yığıb şahardan çıxdı. Ara, Tiqrancan, axı niyə?!

      Bu, böyük çarın böyük səhvi idi. Tiqranakertin möhkəm divarları vardı. Tiqranakertin gözəl suyu vardı, elə soyuq su idi, heç kim bir stəkanı birnəfəsə içə bilməzdi. Tiqranakertin zapas arzakı vardı, üç il üç ay bəs idi. Hara getdi? Külü göyə sovruldu.

      Tiqrancan, sən bu böyük şahari qoruya bilərdin, ancaq gərək əvvəlcə o g…feran qreklari qovaydın, çünki onlar satqın çıxdılar. Ara, qreklarin nəyinə lazımdı ermanilər. Onlar şeytan kimi gecə qapıları açdılar, rum soldatları da girib hər yeri odladılar, şəhərin külü göyə sovruldu.

      Ha, onlar şahari muhasirəyə alanda Tiqran nə edirdi, bilirsən? Adam ayıb çəkir deməyə. O, şahara bir dəstə öz adamını göndərdi. Ancaq ordan nə çıxartdı? Ermani xalkını? Yox! Ermani arvadlarını və uşaqlarını? Ara, Yox e! Öz hərəmini çıxartdı, öz qəhpələrini, çıxartdığı bax bu oldu. Belə şey ayıbdı böyük çar üçün.

      Of, Tiqran, sən niyə Tiqranakerti tikdin, əgər tikmişdin, niyə qoyurdun rum g…feranları onu yandıra?! Hər şey külə sovruldu!

      Akop ağa bizə Tiqranakertin məhvi tarixini danışan zaman bir müştəri qəhvə istəmək üçün ona yaxınlaşdı, ancaq Xaçik əlinin hərəkəti ilə onu dayandırdı. Müştəri təəccüb içində qulaqlarını şəkləyərək Akop ağanın arxasında donub-qaldı.

      Akop ağa söhbətini qurtarıb gözünü uzaqlara zillədi. Yəqin ki, onun gözləri qarşısında ağac kimi böyük fəvvarələri olan, küçələrində qız kimi utancaq marallar gəzişən, Troya atının qarnında gizlənibmiş kimi səsini çıxarmayan yunanlarla dolu Tiqranakert canlanırdı.

      – İndi sözünü de! – Xaçik müştəriyə müraciət etdi.

      – İki fincan qəhvə olar? – deyə ünvana düz müraciət etdiyinə əmin olmayan müştəri cəsarətsiz soruşdu.

      – Olar, – deyə Akop ağa ayağa qalxıb fincanları siniyə yığmağa başladı. – İndi hər şey olar.

      Biz bir qədər Akop ağanın qəribəliklərindən danışıb yenidən Sandro əminin Həzrət haqqında hekayətinə qayıtdıq. Həzrətin o vaxt qaçmamasının səbəbinə gələndə Kamal Sandro əmi ilə razılaşmadı.

      – Mənə elə gəlir ki, – deyə o, qəhvədən bir qurtum içib qara gözlərini Sandro əmiyə zillədi, – sənin Həzrətin iyirmi il ərzində öz tövləsinə o qədər öyrəşmişdi, açıq havadan qorxurdu, ancaq bu o demək deyil ki, o, Adamırdan intiqam almaq istəmirdi. Ümumiyyətlə, qorxu çox qəribə hisdir, onu izah etmək mümkün deyil. Yadımdadır, 44-cü ildə bizim aerodrom Şərqi Prussiyada yerləşmişdi. Bir dəfə mən dostum Alyoşa Starostinlə qəsəbədən kənara gəzməyə çıxdıq. Biz onunla müharibənin ilk günündən dostluq edirdik. O, əla təyyarəçi, özü də gözəl yoldaş idi. Dostluğumuz da kitabdan başladı. Biz alayda ən çox oxuyan təyyarəçilər idik. Düzdür, içməklə də aramız yaxşı idi, qızlara da biganə deyildik. Ancaq nədənsə məhz kitaba olan məhəbbət bizi yaxınlaşdırdı. Həmin yaz isə biz Yeseninə aludə olmuşduq. İkimizdə də onun şeirləri ilə dolu dəftərçələr var idi.

      Hə, əla da hava var idi, biz gəzə-gəzə alman xutorlarının içindən keçirdik. Evlər gözəl, amma ins-cins yox idi, hamı qaçmışdı. Biz xutorlardan birində ikimərtəbəli bir evin yanında ayaq saxladıq: onun yanında qırmızı salxımlı quşarmudu bitirdi.

      Hə, elə bil indi də gözlərimin qabağındadır. Alyoşanın rus qəlbi dözmədi, quşarmudunu əyib iki budağını qırdı və ağacı buraxdı. Bir budağı mənə uzatdı. Biz beləcə yanaşı dayanıb hərə öz budağındakı quşarmudundan dərib yeyirdik. Fikirləşirdik ki, buradakı evlərin hamısı ərbab evləridir, bəs görəsən, bunların muzdurları harada yaşayırmış.

      Elə bu vaxt evin qapısı açıldı və ordan bir qoca kişi çıxıb bizi çağırdı:

      – Russ, gəl, russ, evə!

      Bizi xəbərdar etmişdilər ki, partizanlara görə gözdə-qulaqda olaq, ancaq biz alman partizanlarının varlığına inanmırdıq. İnanmırdıq ki, hər bir ağacın nişanlı qız kimi bəzədildiyi bu ölkədə partizan