soruşdu. Bu sualı verərkən, deyəsən, cavabı artıq öz ağlına gəlmişdi. Çünki gözlərini ondan çəkə bilmirdi. Bu heyrətamiz idi. Az qalırdı ağlını itirsin. Yəni, bu qədər gözəlliyi birinə bəxş etmək üçün Yerin gücü çatarmı? Onu nə qədər sevməlisən ki, bu cür qüsursuz yarada biləsən? Gənc qız ona yaxınlaşmaq, əllərilə toxunmaq istəyirdi. Nə baş verdiyini hələ də tam anlamırdı. Ona isti idi. Yanaqlarının qızardığını güzgüdə görəndə fikrini cəmləyə bildi. İndi muzeyi gəzdirən bələdçi qadın üzünü ona tərəf çevirərək cavab verirdi:
–Bu qadın heykəlinə baxan kişilərin ağlı başından gedir, onlar sərsəm olurlar. Mən heykəl haqqında danışarkən ona baxmıram. Biz muzey işçiləri bu şəkildə – ona baxmadan işləməyə vərdiş etmişik. Hətta bir neçə dəfə gecələr muzeyə girməyə çalışanlar olub. Onu tapan polislərin bəziləri hələ də onun təsirindən çıxa bilməyiblər. Buna görə də heykəlin belə təsir etdiyini bilən kimi qərara alınıb ki, heykəl yalnız qadınlara sərgilənsin. Amma bəzən elə qadınlar olur ki, onlar da eyni reaksiyanı verirlər.
Bələdçinin dedikləri gənc qızı heyrətə salmışdı. Həm də ki, onda heykələ qarşı qəribə hislər, güclü maraq oyanmışdı. Gənc xanım bir daha böyük maraqla sual verdi.
–Bəs bizə bu heykəli düzəldən rəssam haqqında yazılmış kitab söz vermişdiniz, o kitabı nə vaxt əldə edə bilərik?
Normalda kitab oxumaqla elə də arası olmayan gənc qız kitabı oxumaq üçün səbrsizlənirdi. Elə həmin anda orta yaşlı başqa bir qadın otağa daxil oldu. Onun əllərində güclə daşıdığı iki çanta var idi. Çantalar kitabla dolub daşırdı, az qalırdı yerə tökülsün. O, uca səslə dedi:
–Bəli, xanımlar, kitablarınız gəldi, bir-bir sırayla gəlin götürün. Baxın haa, bu kitabı heç yerdən ala bilməzsiniz. Ancaq gəlib bu arı şamından hazırlanmış möhtəşəm heykəli görənlərə verilir.
Gənc qız irəli atıldı və sıranın önündə də dayandı hər kəs sıraya düzüldükdən sonra kitabı gətirən qadın kitabları bir-bir paylamağa başladı. Gənc qız kitabı götürərək kənara – bir küncə çəkildi. Yazar kitabın adını “Canlı keykəl” qomuşdu. Üz qapağındakı rəsmdə bu qadın heykəlinin yerinə başqa bir heykəl rəsmi qoyulmuşdu. Gənc qız düşündü: “Yəqin, hər ehtimala qarşı, şəkildən də kişiləri cəlb edər deyə, bu heykəlin şəklini kitabın üz qapağına vurmayıblar. Heykəlin ifadə etdiyi bu qadın heç vaxt həqiqi həyatda yaşamamışdı, heç təsəvvür də etmək olmurdu ki, belə bir qadın real həyatda yaşamış olsaydı, daha nələr baş verərdi. Yəqin ki, həmin şəhərin kişiləri qadını əldə etmək üçün bir-birləri ilə yarışardılar, hətta nəinki bu şəhərin kişiləri, başqa yerlərdən də o qadını bircə dəfə də olsun görmək üçün onun olduğu yerə axın edərdilər, bəlkə də, bir-birlərini öldürəcək həddə qədər çatardılar.
Hətta iradəli kişilər belə bu heykəli görəndə iradələri sınır, təslim oludlar. Sanki bu heykəldə mistik bir güc var. Onun gözəl qəhvəyi gözləri, balaca burnu, al-qırmızı dodaqları, gülümsəməsinin altında görünən inci kimi dişləri var idi. Qara və sıx, yüngülcə qıvrım saçı belinə tökülmüşdü. Ağ incə bədəninə geyindirilmiş qara, dizinə qədər olan azacıq naxışlı zərif donu var idi. Ona əl vurmağa icazə vermirdilər, amma bələdçinin dediyinə görə onun dərisinə əl vuranda əsl insan dərisinə əl vururmuş kimi hiss edirsən. Onda olan xüsusiyyətlər hər bir qadının arzusu idi. İnsan ona baxanda sanki uşaq vaxtı bizə danışılan nağıllardakı şişirdilmiş gözəllikdəki şahzadələrin belə görəndə ağlını itirdiyi prenseslərə baxırmış kimi hiss edirdi. Həqiqətən də adamı valeh edirdi. Heç yaşamamış bu qızın adı da var idi. Onun adı İnci idi. Yəni, müəllifi olan rəssam onu belə çağırırmış.
Heykəlin olduğu otaqdan çıxan kimi gənc qız muzey gəzintisini yarımçıq qoyub tez tələsik muzeyi tərk edərək dayanacağa tərəf üz tutdu. Heykəldən çox təsirlənən gənc qız evə gedib tez bu kitabın vərəqləri arasında itmək və o rəssamın bu heykəli düzəldərkən yaşadıqlarını, duyduqlarını hiss etmək istəyirdi. Onun hövsələsi çatmadı və yavaş addımlarla irərliləyə-irəliləyə kitabın ilk səhifəsini açdı. Orda belə yazılmışdı.
Mən bu kitabı yazarkən çox çətinliklər çəkdim, bu heykəli hazırlayan rəssam Raulun həyat hekayəsini insanlardan dinləmək mənim üçün çətin idi. Onların danışdıqları mənim heykəl haqqında təəssüratlarımı tamamilə dəyişdirdi. Bu heykəlin ilk başda məhəbbətlə, sevinc hisləriylə hazırlandığını, sonra necə qəm-qüssə və kədər ilə tamamlandığını biləndə mənə çox təsir etmişdi. Mən bu kitabı yaza bildiyim üçün çox sevinirəm və çox şadam ki, bunu oxuyanlar onun sadəcə bir heykəl olmadığını anlayacaqlar. Heykəlin canlılığını, ruhunu duyacaqlar.
Qızın səbri çatmadı, marşurta minən kimi kitabın ikinci səhifəsini açaraq oxudu. İkinci səhifədə Raulun necə bir insan olduğu haqqında geniş məlumat yazılmışdı. O, Azərbaycanın ucqar bir kəndində anadan olmuşdu. Onun ən böyük dəstəkçisi olan atası Etibar kişi həm müəllim idi, həm də heyvandarlıqla məşğul olan qoçaq bir adam idi. Atası öldükdən sonra qardaşlarının başına keçərək idarə etdikləri böyük fermaları var idi. Anası Samaya qoçaq, yeməklərinin gözəl dadı ilə bilinən ev xanımı idi. Rauldan böyük olan qadaşları isə böyüyənə kimi avara-avara gəzmiş, sonra isə məktəbi bitirərək atalarının yanında fermanın işlərini öyrənmişdilər. Atası Etibar kişi Raul akademiyanın birinci kursunu bitirənə yaxın ağ ciyərində yaranan xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Raulun qəlbi o qədər həssas idi ki, ən xırda bir şeyi belə günlərlə fikirləşir, başqalarının dərdini çəkirdi. Buna görə də ən böyük dəstəkçisi olan sevimli atasının vəfatı gənc oğlanı son dərəcə dərindən sarsmışdı. Etibar kişi hər zaman inanırdı ki, Raul böyük rəssam olacaq. Bunu da uşaqlardan söhbət açılan kimi hər yerdə fəxarətlə insanlara deyirdi. Raulun istedadlı olduğu hələ balacalığından hiss edilirdi. Həssaslığını, güclü duyumunu, ətrafda baş verənlərə dəruni yanaşmasını ailə üzvləri sezirdilər. Məktəbdə müəllimələri onu Pikasso deyə çağırırdılar. Bu Raulun çox xoşuna gəlirdi və daha da həvəslə işləməsinə səbəb olurdu.
Onun rənglərlə arası çox yaxşı idi. Rəngləri, onların tonlarını həssaslıqla duyur, anlayır, bir-birnə qarışdıraraq heyrətamiz çalarlar yaradırdı. Bunu Raula müəllimləri öyrətməmişdilər. Gələcəyin böyük rəssamı bu qabiliyyətlərlə doğulmuşdu. Bunlar onun fitri bacarıqları idi.
Atası onun istedadını kəşf etdikdən sonra oğlunu rayonlarındakı rəssamlıq kurslarına yazdırmışdı. Həftədə üç dəfə rəssamlıq dərsi alan Raulu atası bezmədən, aralıqsız və illərlə aparıb-gətirirdi. Yol boyu Raula öyüd-nəsihətlər verən, onun müxtəlif, palitra kimi rəngarəng düşüncələrindən süzülüb gələn suallarını həvəslə cavablayan Etibar kişinin bütün sözlərini və yorumlarını oğlan yadda saxlayırdı. Bu zəhmətkeş və dünyagörüşlü adamın oğlu olduğu üçün içindən məmnunluq duyurdu. O, necə də səbr və təmkinlə oğlunu dinləyir və hər bir şeyi onun üçün izah edirdi.
Raul rəssamlıq kursunun ən qabiliyyətli və çalışqan müdavimi idi. Zəhmətkeşlik və yaradıclıq estafeti ondaydı. O, elə tələbəlik vaxtlarında da sakit olmuşdu və ailədəki uşaqlardan ali təhsil alan bircə o idi. Raulun anadangəlmə sol ayağı gödək idi. Buna görə o dövlətdən 130 manat təqaüd alırdı. O, rəssamlıq akademiyasında ali təhsil hüququ qazananda atası çox sevinmiş, Bakıda bir ev alıb oğluna hədiyyə etmişdi. Təhsil illərində aldığı pensiya, hər ay qardaşlarının yolladığı 250 manat pul və bir də kafedə yarımgün işləyərək qazandığı 200 manat ilə dolanmışdı. Bu illər ərzində qardaşları fermada işlərini çox böyütmüşdülər. Raulun rəssamlıqla yanaşı heykəltaraşlığa da çox marağı var idi. Xüsusilə də, arı şamından hazırlanan heykəllərə. Gənc rəssam bu sənət sahəsi ilə də dərindən maraqlanır, onu hərtərəfli öyrənirdi. O, qalan bütün boş vaxtlarını akademiyada heykəltaraşlıq dərslərinə girərək keçirir və heykəllər düzəldirdi. Demək olar, bu sahədə artıq ustalaşmışdı. Akademiyanı bitirəndə Raul ona yaxın olan tələbə yoldaşı İlham ilə birləkdə bir sərgi təşkil etmişdi. Bu sayədə müəllimlərin dəstəyi ilə bir neçə rəsm əsəri sataraq yaxşı pul qazanmışdı. Həmin sərgi zamanı müəllimələrinin dəvəti ilə sərgiyə gəlmiş bir neçə incəsənətsevər ziyalılarla tanış olmuşdular.