Sabit Əhmədov

Canlı heykəl


Скачать книгу

alsın. Hər anasına baxdıqca onun ölümünə dözə bilməyəcəyini fikirləşirdi. Çalışıb onunla çox vaxt keçirmək istəyirdi. Həqiqətən də, onun həssas ürəyi çox tez-tez döyünürdü. Sanki bu dəqiqə köksünü yararaq çölə çıxacaqdı. Ağlamasın deyə özünü sıxaraq anasına tərəf çevrilib şəfqətli səsiylə soruşdu:

      – Ana, nəsə istəyirsənmi? Sənin üçün nə edim, ana?

      Anası oğlunun üzünə diqqətlə baxırdı. Sanki ona tərəf gələn ölümü unutmuşdu. Oğlunun gözlərində özünü itirmişdi. Analar övladlarını dünya gözü ilə seyr edərkən hər şeyi unudarlar: ağrını, dərdi, qəmi, ölümü, yaşamı – onları gözləri ilə görüb qəlbləri ilə oxşamağa mane olacaq hər şeyi.

      O, Raulun qəlbinin həssaslığını bilirdi. Buna görə də arabir ürəyində sancılar tutsa da, özünü saxlayırdı. Ağrılarını bəlli etməməyə çalışırdı. Oğlunun sözləri Səmayə ananın üzündə minnətdarlıq dolu ifadə yaratdı:

      – Yox, oğlum, çox sağ ol. Mən hər şeydən razıyam. Sadəcə bircə söz demək istəyirəm, danışığına ara verdi, – onu da qardaşın Vaqif gəlsin. Üçünüz bir yerdə olanda deyəcəyəm.

      Onun nə demək istədiyini Raul da, Rahib də təxmini başa düşmüşdü. Hər bir ananın istəyəcəyi şey idi. Onlar bir az keçmiş günləri yad etdilər. Anasının üzündə azacıq da olsa, təbəssüm görən Raulun ürəyi rahatlaşır, bir müddətlik anacığının xəstə olduğunu unuda bilirdi.

      Bir az keçmişdi ki, otağın qapısı açıldı. Vaqif otağa daxil oldu. O arıqlamışdı. Əvəllər dolu, qıp-qırmızı üzü, azacıq şişmanlığı olan adamdan əsər-əlamət qalmamışdı. Vaqifin rəngi saralmış, gözlərinin altı qaralmışdı. Dolu bədənli biri kimi yaddaşda qaldığından indi insan ona baxanda sanki incə bir çöpə bənzədirdi. İsti havada geyindiyi uzunqol koftası və şalvarı əynində çox boş dururdu. O, qışda şaxtadan qorunmaq üçün üzərinə böyük torba keçirilmiş gənc meyvə tinglərinə oxşayırdı. Vaqifin əynindəki paltarlar çəkili vaxtlarının geyimi olduğundan həmin tinglərə keçirlmiş boş torbaya oxşayırdı. Raul ayağa qalxaraq ona tərəf getdi, əl uzadıb salamlaşdıqdan sonra arxasını anasına çevirib başını ona tərəf əyərək sadəcə onun eşidəcəyi səs ilə dedi:

      – Qardaş, çox arıqlayıb-düşmüsən. Bu nə haldır belə?

      – Yox, sadəcə son vaxtlar çox işləyirəm, nəsə iştaham da kəsilib, amma yavaş-yavaş düzəlirəm.

      – Bəs həkimə gedibsənmi?

      – Hə, getmişəm. Həkim mənə müalicə yazıb. Ona görə yavaş-yavaş özümü yaxşı hiss etməyə başlamışam.

      Onun üzündəki süni təbəssüm Raulun nəzərindən qaçmamışdı. O, qardaşını yaxşı tanıyırdı. Nəsə gizlətdiyini bilirdi. Sadəcə bunun pis bir xəstəlik olma ehtimalını fikirləşib narahatçılıq hissi keçirdi. Vaqifin baxışları da xəstə qoyunun baxışları kimi mənasız, danışığı isə vərəm xəstələrinin səsi kimi xırıltılı və yorğun gəlirdi. O, arada öskürmək istəyir, amma özünü zorla tuturdu və tez-tez qollarını qaşıyaraq öz-özünə dodağının altında nəsə mızıldanırdı. Sanki sağlamlığında rahatsızlıqdan əlavə onda çox qəribə nə isə baş verirdi. Bunların heç biri Raulun diqqətindən yayınmadı. Birdən anaları Samaya arvad gözəl təbəssüm və sevincək bir səslə onlara səsləndi:

      – Ay mənim gözəl balalarım, nəhayət, üçünüzü də bir yerdə gördüm. Sizdən yalnız bir istəyim var və mənə söz verməyinizi istəyirəm.

      Üçü də anaları Samaya arvada çevrilərək diqqətlə dinləməyə başladılar.

      – Hər nə olur olsun, bir-birinizə dəstək olacağınıza, bir-birinizin sözünə səbrlə qulaq asıb məsləhətləşərək hərəkət edəcəyinizə, bir-birinizdən heç nəyi gizlətməyəcəyinizə söz verməyinizi istəyirəm. Vaqif, əsasən də, sənin qardaşlarını balaca uşaqlar kimi şıltaqlıq edib incitməyəcəyinə və dinləyəcəyinə söz verməyini istəyirəm.

      Raul və Rahib söz verib analarının əlini öpərək alınlarına qoydular. Vaqifin isə bir anlıq fikri dağılmış, boğazı düyünlənmişdi, öz-özünə beynində nə isə fikirləşirdi.

      – Görəsən, anam nəsə eşidib? Yox, yox. Eşitsə, yəqin ki, Rahibgilə deyərdi.

      Rahib səsləndi:

      – Ay qardaş, noldu, yenə niyə fikrə getdin?

      Vaqif tez özünə gələrək o da qardaşları kimi söz verib anasının əlindən öpərək alnına qoydu. Bir az anaları ilə söhbət edib həm gülüb, həm də kədərləndilər. Raul mürgüləyən anasını görüb qardaşlarına başı ilə otaqdan çıxmaları üçün işarə etdi. Onlar yavaşca barmaqları ucunda otaqdan səs salmadan çıxdılar. Bakının adamın bədənini yapış-yapış edən nəmişli isti və bəzən az qala adamın ayağını yerdən üzən küləkli havasının əksinə kənddə dağlardan gələn gözəl sərin hava var idi. Günəş dağdakı meşə ağaclarının arasından parlaya-parlaya son işıqlarını saçıb batmağa başlayırdı. Bu mənzərə adamı lap məst edirdi. Rahib otaqdan çıxan kimi qardaşlarına həvəslə astadan dedi:

      – Gəlin sizə bir qəşəng xoruzpipiyi samovar çayı dəmləyim, mürəbbə ilə bəh-bəhlə içək. Raul, sən yaman darıxmış olarsan samovar çayı üçün.

      Raul həvəslə əlavə etdi

      – Qardaş, bilirsən, nə xoş gələr? Nə vaxtdı belə təmiz havada ləzzətli çay içmək imkanım olmayıb. Sevinc onlara yaxşı çay süfrəsi hazırladı. Raulun gəlişinə zirzəmidə qış üçün tədarük etdikləri mürəbbələrdən çıxardıb masaya düzdü. Rahib quru odun gətirib ondan balaca-balaca parçalar qırdı. Yerdə odun parçalarını altına kağız qoyaraq piramida şəklində yığdı və alışdırdı. Alışan odunları maşa ilə bir-bir samovarın ocağına atdı və dizlərini yerə qoyub yaxşıca qızışması üçün altından – nəfəsliyindən üfürməyə başladı. Bu sırada Vaqif tez-tez kənara çəkilib telefonla kimləsə danışırdı. O, bəzən bilmədən səsini qaldırır, əsəbi halda telefondakı şəxsə nəsə deyirdi. Amma Raulgil onun dediklərini aydın eşidə bilmirdilər. O, sonra qayıdıb “bu iş məni yaman bezdirib” deyə-deyə gileylənirdi. Birdən samovara baxa-baxa Rahibin ağlına bir əhvalat gəldi. Bərkdən gülərək onlara tərəf çevrilib dedi:

      – Qardaş, yadına gəlir? Balaca vaxtı topa necə vurardınsa, tərslikdən hər dəfə gəlib samovara dəyərək onu aşırardı. Qaçıb atamın arxasında gizlənərdin, anam sənə acıqlanar, amma tutub acığını bizdən çıxardı.

      Raul birdən qəhqəhə ilə gülərək baş tərəfdəki küncə işarə etdi və dedi:

      – Bir dəfə də siz məndən heyif çıxmaq üçün məni tut ağacına bağlayıb sonra da əlinizi ağzınıza vura-vura başıma fırlanmağa başladınız. Gəlib vəziyyəti belə görən atam sizi tutub bu küncdə saatlarla tək ayaq üstündə saxlamışdı.

      Üçü də xəyalən uşaqlıq illərinə getmişdilər. Necə qayğısız, necə xoşbəxt idilər. Anaları xəstə deyildi, ataları həyatda idi. Ah uşaqlıq, sən necə gözəl, rəngarəng və unudulmaz xatirələrlə dolusan.

      Hələ Vaqifin balacalıqda