evinə qayıdan gənc qız avtobusdan düşərək Bakının səsli-küylü küçələrindən qaçıb tez evə çatmaq istəyirdi. Kitabın ilk səhifələri artıq onda dərin maraq oyatmışdı. Muzeydəki xanım bələdçi sərgidə heykəlin müəllifinin film kimi həyat yaşadığını, onun həyatını oxuduqdan sonra orada yazılanlara inanmaqda çətinlik çəkdiyini demişdi.
BIRINCI HISSƏ
Günəş hələ çıxmamışdı. Amma üfüqün arxasındakı qızılı saçlarının parıltısı sabahın sakit və əsrarəngiz hüzurlu dəqiqələrində səmanı aydınlatmağa başlayırdı. Həzin əsən küləyin fısıltısı, yarpaqların xışıltısı və quşların çılğın cəh-cəhi ilə iç-içə keçərək ortaya Allahın bəstələdiyi gözəl bir bir təbiət simfoniyası çıxarırdı.
Raul bir telefon zənginə diksinərək yuxudan oyandı. Zəng edən onun böyük qardaşı Rahib idi. O, təlaşlı bir səslə dedi:
– Alo, qardaş, necəsən, oyanmısan?
– Bəli, buyur, qardaş, nə olub? Xeyirmi? Səsin yaman qəribə gəlir.
– Anamız yaxşı deyil, həkim əlindən gələni etdiyini dedi. Onu xəstəxanada saxlamağın bir mənası yox idi, evə gətirdik. Bizdədir. Anamız səni arzulayır.
Anası Raulun yanından bir ay olar getmişdi. Onu Bakıda həkimlərə aparmışdı, həkimlər isə sadəcə müalicə yazaraq evə yola salırdılar. Onun ürəyi xəstə idi. Raul nahar etmədən üzntü içində bir-iki paltarını çantaya sıxışdırıb axsaq addımları ila tez dəhlizə gedərək oradan qazı, işığı ümumi xətdən bağlayıb ayaqqabısını geyinərək evdən çıxdı. Raul Bakıda tək yaşamağına baxmayaraq o, ailəsinə çox bağlı idi. Maşının arxa qapısını açıb çantanı maşına ataraq sükan arxasına əyləşdi və maşını işə saldı. Motorun qızmağını gözləmədən cəld tərpənib kəndə tərəf yola qoyulmuşdu.
Yoldaykən xəyallara dalır, anası gözünün qabağına gəlirdi. O, hər dəfə evə girəndə anasının yaşlılıqdan qırış-qırış olmuş əllərini öpər, onu qucaqlayıb bərk-bərk bağrına elə basardı ki, sanki saatlarla yox, illərdir anasına həsrət qalıbmışcasına. Anası isə ona hər zaman deyərdi:
– Mənim gözəl oğlum, hər zaman bilin ki, bir ana kimi üçünüzdəndə razı olmuşam. Mən ölsəm, bunu heç vaxt unutmayın.
Raul bunları düşündükcə əlləri titrəyir, sanki ürəyinə dağ çəkirdilər. Bəzən elə sükan arxasındaca o, göz yaşlarına hakim ola bilmirdi. Həqiqətən də anasına çox bağlı olduğu hər halından bəlli idi. O, rayona çataçatda fikirli halda bilməyərək yolda qayda pozuntusuna yol vermişdi. Arxasıyca gələn yol polisi ona avtomobili dayandırmağı üçün işarə ediri, amma o bunu görməyərək yoluna bir qədər davam etmişdi. Çox keçmədi ki, o, polisin işarəsini görərək yolun kənarında maşını saxladı. Yol polisi əməkdaşı ona tərəf yaxınlaşarkən düşüncələrindən ayrıla bilməyən Raul pəncərəni aşağı endirməyi unutmuşdu. Polis məmuru cavan, hündürboy, ağbəniz, oğlan idi. O əlinin arxası ilə aynanı tıqqıldadaraq Raula pəncərəni açması üçün işarə etdi. Birdən özünə gələn Raul şüşəni aşağı endirərək dedi:
– Üzrlü sayın, mən bir az fikrə getmişdim.
Bu polis əməkdaşının üzü Raula çox tanış gəlmişdi. Polis isə Raulu çox yaxşı tanımışdı, onlar eyni kəndli idilər. Raulu tanıyan polis həyəcanlı səs ilə dedi:
– Salam, mən heç təsəvvür edə bilməzdim sizinlə qarşılaşacağam. Mən sizi tanıyıram. Siz bizim kəndimizin fəxrisiniz. Bizim atalarımız vaxtı ilə dost olublar. Siz Etibar müəllimin oğlusunuz, düzdürmü? Mən sizi illərdir buralarda görmürəm. Bir-iki dəfə televiziyada görmüşəm.
Raul bu sözləri normalda eşitsə, özü ilə fəxr edər, fərəhlənərdi. Amma o, anasını düşünürdü. İçində fəxarət hissi yarana bilmirdi, bunun üçün gərəkli ovqat, əhvali-ruhiyyəsi yox idi. Buna baxmayaraq düşüncələrindən ayrılıb nəzakət göstərməyə çalışan gənc məmura qısıq bir səslə təşşəkkür etdi. Polis onun çox fikirli olduğunu görüb dedi:
– Kənd balacadır, hər şey çox tez yayılır. Mən sizin ananızın ağrıdığını eşitmişəm. Yəqin, elə siz də buna görə gəlmisiniz. Həm də ki, buna görə belə fikirlisiniz. İcazə versəydiniz maşını mən idarə edib sizi evinizə qədər ötürərdim.
Raul buna heç etiraz etmədən qəbul etdi. Sükan arxasından enərək yan oturacağa keçdi. Polis onun fikrini bir az dağıtmaqdan ötrü söhbət açdı və dedi:
– Bakıda nə var nə yox? Şəhərdən bura gələn qonaqlar elə hey deyirlər əlacımız olsa, buralarda qalardıq.
Görünür, sükanın təsirindəndir: istər taksi şofiri olsun, istər yol polisi əməkdaşı, ya da başqa bir sıravi mülki şəxs, sükanın arxasına keçib yola çıxdıqda darıxır. O vəzifənin icraçısı mütləq söhbət etməlidir. Həmən söhbətə başlayır, dəxli oldu-olmadı.
Raul söhbət etmək üçün heç uyğun ab-havada deyildi, amma nəzakətsizlik olmasın deyə fikrini cəmləyib ona cavab verdi.
– Əşi, danışırlar da. Yayda gəlib bir-iki həftə istirahət edirlər, elə bilirlər burada yaşayanlar ilin 365 günü istirahətdədilər.
Polis qəhqəhə ilə güldükdən sonra dedi:
– Qardaş yaman dedin haa. Elə biri mən, Bakıya gedənə qədər elə bilirdim orada hamı kefdədir. Hər gün qızlarla gəzirlər, dənizə gedirlər. Onlar da elə bilir biz burda bütün günü yeyib-içirik, işimiz, dərd-sərimiz yoxdur, elə yalnız istirahətlə məşğuluq.
Polisin dedikləri Raulun üzündə bir az təbəssüm yaratmışdı.
O, uzaqdan darvazalarını görüb həyəcanlandı və yaxınlaşdıqca kədəri daha da artırdı. Darvazanın qabağına çatdıqda ikisi də avtomobildən endilər, Raul polislə əl verib sağollaşaraq dedi:
– Çox sağ olun, sizə əziyyət verdim. Könül istəyərdi ki, xoş gündə rastlaşaq, amma demək ki, qismət belə imiş
– Yox, narahat olmayın. Təki siz hər zaman gəlin buralara, biz sizə qulluq edək. Xoşdur, –deyərək polis oradan uzaqlaşdı. Raulun sadəlövhlüyü onun çox xoşuna gəlmişdi.
Raul avtomobilindən çantasını götürərək darvazalarının ağzına gəldi, qapının bir az aralı olduğunu görüb qapını açaraq içəri girdi.
Onların atadanqalma kürsülü evləri o qədər də böyük deyildi. Atasının onlar balaca olanda bağçalarında əkdiyi cürbəcür ağaclar həyətə xüsusi gözəllik verirdi. Qapıdan içəri girən kimi ilk olaraq böyük qardaşı Rahibi gördü. Rahib enli kürəyi, sərt üzü, çıxıntılı çənəsi olan biri idi. Onun əynində cızıqlı kostyum vardı. Otuz üç yaşlı böyük qardaş hələ subay idi. Anası ona hər dəfə evlənməyi üçün qızlar göstərir, amma Rahib isə “heç birini bəyənmirəm” bəhanəsi ilə evlənməkdən boyun qaçırırdı. O, bir stulda əyləşmişdi. Damağında siqaret var idi.
Qapını açarkən səslənən cırıltı səsini eşidib diqqətlə həmin tərəfə baxdı. Onlardan təkcə ortancıl qardaşı Vaqif bir il idi ki, sevgilisi Sevinclə evlənmişdi. Vaqifin yoldaşı pilləkəndən enərək