Seymur Baycan

Mənim mübarizəm - 8


Скачать книгу

oldum. Sizi tanıyıram, yazılarınızı oxuyuram, düzdür bəzi fikirlərinizlə razı olmasam da, ümümilikdə pis yazmırsınız.

      – Sağ olun, təşəkkür edirəm.

      – Mən tələbəyəm, burada oxuyuram, Türkiyədən gəlmişəm, teatrla maraqlanıram.

      – …

      – Tamaşa xoşunuza gəlir? Necə tamaşadır?

      – Çox mənasız tamaşadı, ümümiyyətlə “Yuğ” çox mənasız teatrdı.

      – Bəs onda bura niyə gəlmisiniz ?

      – Mən “Yuğ”un tamaşalarına gülmək üçün gəlirəm. İntellektual blefin adamı necə gülünc vəziyyətə saldığını “Yuğ”un aktyorları çox gözəl göstərirlər… Azərbaycanda daha maraqlı teatrlar var.

      Dialoqun bu yerində Türkiyədən Bakıya oxumağa gəlmiş və teatrla ciddi maraqlanan gənc, bizim köhnə yazıçılar demişkən, bir az duruxdu. Elə bildi ki, ondan hansısa yaxşı teatrı gizlədiblər, ya da hardasa yaxşı bir teatr fəaliyyət göstərməkdədir və bunun o teatrdan xəbəri yoxdur. Soruşdu:

      – Bəs siz hansı teatrı bəyənirsiniz?

      – Azdramanı. Azdrama teatr sənətinin olimpinə qalxıb. Bütün dünyanın teatr mütəxəsisləri yığışıb azdramanın tamaşalarının janrını müəyyən etməlidirlər. Oranın səhnəsində elə hadisələr baş verir ki, tamaşanın janrın hec cürə müəyyən etmək olmur.

      Və bundan sonra azdramanın səhnəsində şəxsən gördüyüm bir hadisəni Türkiyəli tələbəyə danışmağa başladım. Deməli, bir dəfə Azdramaya tamaşaya baxmağa getmişdim. Getmişdim deyəndə bir dövlət tədbirində iştirak edirdim. Tədbir bitən kimi bizi avtobuslara doldurub Azdramaya tamaşaya baxmağa apardılar. Orada Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşası oynanılırdı. Həmin tamaşa haqqında “Özümüzü tikən iynə” adlı yazı yazmışdım. Tamaşada belə baxanda sanki hər şey qaydasında gedirdi. Lakin Azdrama yenə də qəfildən teatral hoqqa çıxartmağı bacardı. Bunu etməsəydi azdrama əsla azdrama olmazdı. Hansısa türk xaqanı ilə hansısa çin xaqanı qılınclaşdığı vaxt səhnəyə pişik çıxdı. Sonralar öyrəndim ki, bu pişik aktrisa Məleykə Əsədovanın pişiyi imiş. Necə olubsa pişik gözdən yayınıb, qrim, butafor, əlbisə, arxiv otaqlarını (həmçinin ədəbi hissə müdirinin otağını), bufeti zadı gəzib, axırda gəlib səhnəyə çıxıb. Türk xaqanı ilə çin xaqanı nərə çəkərək bir-birlərinin üstünə qılıncla hücum çəkdikləri zaman pişik də qorxusundan səhnədə o başa, bu başa qaçırdı. Pişik nə baş verdiyini başa düşmürdü. Türk xaqanı və çin xaqanı əvvəlcə səhnəyə çıxan pişiyə fikir verməməyə çalışdılar. Az sonra gördülər ki, pişik səhnədə olduğu halda onlar ürəkləri istəyən formada qılınclaşa bilməyəcəklər. Nəticədə türk xaqanı və çin xaqanı birləşərək qılınclarının ucu ilə pişiyi səhnədən qovdular. Zalda alqış qopdu. Çünki, tamaşaçıların 99 faizi bu səhnənin tamaşanın tərkib hissəsi olduğunu güman edirdi və türk xaqanı ilə çin xaqanının birləşərək pişiyi səhnədən qovmaları onların çox xoşuna gəlmişdi. Bütün müqəddəslərə and olsun, burda heç nəyi uydurmuram. Nəinki uydurmuram, hətta əhvalatın həqiqilik dərəcəsini xeyli aşağı salmalı oldum. Bilirəm, inanmaq çətindir, amma doğrudan da belə əhvalat olub. Bu əhvalatı danışanda Türkiyəli tələbə elə bildi ki, zarafat edirəm, onu dolayıram. Ona qəribə gəlirdi: axı necə azdramanın bayağı tamaşalarını “Yuğ”un intellektual tamaşalarından üstün tutmaq olar? Ona dedim ki, sən sağ, mən salamat, bəlkə iyirmi ildən, otuz ildən sonra nə dediyimi, bayağılığın intellektual pafosdan daha maraqlı, daha cəlbedici olduğunu başa düşərsən. Sonra “Yuğ”un mənasız tamaşasının davamına baxmaq üçün zala daxil olduq…

* * *

      Son illərdə oxuduğum ən təmiz, ən xalis mətn Şervurd Andersonun hekayələrindən ibarət “Vaynzburq Ohayo” kitabı olub. Andersonun hekayələri sadəcə dəhşətli hekayələr idi. Bilmirəm Anderson o səviyyəyə necə, hansı yollarla çatıb. Andersonun “Vaynzburq Ohayo” kitabındakı hekayələr məncə xalis, təmiz mətnin, ədəbiyyatın son həddidir. Düşünürəm ki, əgər intellektual pafos Andersona azacıq mane olsaydı, heç bir halda elə dəhşətli, elə yüksək səviyyəli hekayələr yaza, elə təmiz, xalis, arındırılmış mətnlər yarada bilməzdi .

      Yazının əvvəlində insan təbiətinin təmiz, xalis, artıq-urtuqsuz, “susuz” mətn yaratmaq istiqamətində necə vacib şərt olduğundan söz açmışdıq. Kamyu, Sartr, Borxes, Kortasar, Markes, Coys və bu qəbildən olan digər yazıçılar Andersonun hekayələri kimi təmiz, xalis mətn yarada bilməzdilər. İntellektual pafos, təbiətləri buna imkan verməzdi.

      Şervud Andersonun “Vaynzburq Ohayo” kitabındakı hekayələrin qarşısına ümumən götürəndə dünya ədəbiyyatından uzağı qırx hekayə çıxarmaq olar. Qırx birinci hekayəni axtarıb tapmaqda xeyli çətinlik çəkərik. Ədəbiyyat xiridarlarına Şervurd Andersonun hekayələrindən ibarət “Vaynzburq Ohayo” kitabını oxumağı şiddətlə tövsiyyə edirəm.

      “DUMANLI TƏBRİZ” HAQQINDA – 1

      … Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

      – İmperatorun özüdür, vəliəhdidir, iki gözüdür. Bu məlikəsidir, bu qızlarıdır, bu da əmisdir. Çox da ucuzdur, biri bir tüməndir, doqquz qran eləmişik. Xəbərin olsun ay təbrizli, gəl tamaşasına! Bu imperatorun vəzirləridir, bu imperatorun generallarıdır… Bu qubarnatorlar, bu naçalnik, bu da pristavlarıdır. Bu da qaradovoylarıdır. Ucuz elədik, qaradovoyun biri bir qran! Yubanma, kasıb, səkkizcə dənə qaradovoyumuz qalıbdı.

      Mən iki gün əvvəl bu dükanın qabağından keçəndə o, gələnlərə başqa şəkillər təqdim edib oxuyurdu:

      – Bu Soltan Məhəmməd Xamisdir. Bu qardaşlarıdır, bu əmiləridir, bu toplarıdır, bu da gəmilərdir…

Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərindən

      Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərini oxudum və böyük həcmli bu əsəri oxumağıma bir qram da peşman olmadım. Əvvala, son vaxtlar obrazlarla, hadisələrlə bol, süjetli, strukturu sadə, həcmi böyük əsərlər oxumaq, uzun müddət əsərin içində qalmaq, orda yaşamaq daha çox xoşuma gəlir.

      İkincisi, “Dumanlı Təbriz” sovet dövründə yazılmasına və sovet dövründə nəşr olunmasına baxmayaraq (sonluqu, iki-üç səhnəni çıxmaq şərti ilə) bir çox cəhətləri nəzərə alsaq (xüsusən İranı tanımaq cəhətdən) əsla aktuallığını itirməyibdir, zaman adlı imtahandan üzüağ çıxıbdır. Hətta desəm ki, əsər günümüzdə daha da aktuallıq qazanıbdır, heç bir mübağiləyə yol vermərəm. “Dumanlı Təbriz”i oxuduqda, əsərdə qələmə alınan ictimai-siyasi hadisələrlə, günümüzdə baş verən bir çox ictimai-siyasi hadisələr arasında asanlıqla paralellər apara bilərik.

      Ümumilikdə götürəndə zaman adlı amansız imtahandan üzüağ çıxmaq bir əsər üçün balaca göstərici sayılmamalıdır.