çünki nə isə zəhləsini tökür, amma çox tezliklə heç nəyin darıxdırmamasından ötrü qışqırmağı öyrənir. O tək qoyularaq ağlayır, ancaq anasının addım səslərini eşidərək, sakitləşir, yemək istəyir – ağlayır, amma yemlənməyə hazırlığı görərək, ağlamağı dayandırır.
O, malik olduğu biliklər (onlar necə də azdır!) və sərəncamında olan vasitələr (onlar necə də əhəmiyyətsizdir!) həcmində fəaliyyət göstərir. O, ayrı-ayrı hadisələri ümumiləşdirərək və bir-birinin ardınca gələn iki faktı səbəb və nəticə (post hoc, propter hoc) kimi əlaqələndirərək, səhvlər buraxır.
Papışlarına ünvanladığı maraq və simpatiyanın mənbəyi yerimək bacarığını papışlarına bağlamasında deyilmi? Elə ona görə də paltosu da onu möcüzələr dünyasına – gəzintiyə aparan, nağıldakı xalça olur.
Belə ehtimallar irəli sürməyə haqqım var. Əgər ədəbiyyat tarixçisinin Şekspir Hamleti yaradarkən nə demək istədiyini axırına kimi fikirləşməyə haqqı varsa, pedaqoq da, başqaları olmayınca, lap səhv də olsa, hansısa praktiki nəticələr verən ehtimallar irəli sürmək hüququna malik olur.
Beləliklə, otaq bürküdür. Yeni doğulmuş körpənin dodaqları qurumuş, ağız suyu qatı və azdır, o, şıltaqlıq edir.
Süd yemdir, amma əgər içmək istəyirsə, ona su vermək gərəkdir. Ancaq o, “içmək istəmir”, başını bulayır, qaşığı əldən vurub salır. Həqiqətən, içmək istəyir, yalnız, hələ bacarmır. Həsrəti çəkilən içkini dodaqlarında hiss edərək, başını bulayır, məməni axtarır. Sol əlimlə başını özümə cəlb edir, qaşığı yuxarı dodağa dayayıram. O içmir, suyu əmir, acgözlüklə əmir. Beş qaşıq içdi və sakitcə yuxulayır. İçkini qaşıqla verərkən, iki dəfə yöndəmsiz olacağam, o boğulacaq, xoş olmayan hissiyyat keçirəcək. Bax, onda, həqiqətən, qaşıqdan içmək istəməyəcək.
İkinci nümunə.
Körpə şıltaqlaşır, narazı olur, döşdə olarkən, bələnmə zamanı, vannada, yatağını dəyişəndə sakitləşir. Səpki qaşıntısı bu uşağa əzab verir. Mənə səpkinin olmadığını deyirlər. Mütləq olacaq. İki ay sonra o, meydana çıxır.
Üçüncü nümunə.
Yeni doğulmuş körpə özündə olmayanda əllərini əmir, hər cür xoşagəlməz hissiyyatları, o cümlədən, səbrsiz gözlənti əsəbililiyini səmərəli, ona yaxşı tanış olan əmmə ilə aradan qaldırmaq həsrətindədir. Ac olanda, ya da içmək istəyəndə, qədərindən artıq yemlənəndə, ağzında xoşagəlməz dad hiss eləyəndə, ağrı duyanda, qızdıranda, bədəni, yaxud diş əti qaşınanda yumruğunu əmir.
Həkimin dişlərin tez çıxacağını vəd etməsi, körpənin isə çənə, yaxud diş ətlərində xoşagəlməz duyğular hiss etməsi, dişlərin də bir neçə həftə ərzində görünməməsi hardan meydana çıxıb?
Bəlkə çıxan diş hələ sümükdə olarkən xırda sinir çıxıntılarını qıcıqlandırır?
Buynuzu çıxana kimi dananın analoji iztirab çəkdiyini əlavə edirəm.
Sxem belədir: əmmə instikti – ağrıdan qurtulmaq üçün əmmə, həzz, yaxud qüsur kimi əmmə.
31
Təkrar edirəm: Körpənin psixi həyatının əsas leytmotivi, məzmunu naməlum stixiyalarının, xeyir və şərinin ona doğru üzdüyü ətraf aləmin sirrini əldə etməyə canatmadır.
O, əldə etmək istəməklə, dərk etməyə can atır.
Təkrar edirəm: yaxşı əhval-ruhiyyəsi onun obyektiv tədqiqatlarını yüngülləşdirir, orqanizminin dərinliklərindən gələn bütün xoş olmayan hissiyyat, birinci növbədə ağrı, şüurun aydınlığını dumanlandırır. Buna əmin olmaqdan ötrü ona sağlam, nasaz və xəstə vaxtlarında nəzər salmaq lazımdır.
Yeni doğulmuş körpə ağrı keçirərək, yalnız qışqırmır, qışqırığı eşidir də, onu udlağında hiss edir, yumulmuş kipriklər arasından aydın olmayan tərəddüdlü cizgilərlə duyur. Bütün bunlar güclü və düşməncəsinədir, dəhşətli və anlaşılmazdır. O bu anları lazımi kimi yadda saxlamalı, onlardan qorxmalıdır və hələ özünü tanımayaraq, onları təsadüfi obrazlarla əlaqələndirir. Burada, ehtimal, yeni doğulmuş körpənin bir çox izaholunmaz simpatiyaları, antipatiyaları, qorxuları və qəribəlikləri kök salıb.
Yeni doğulmuş körpə intellektinin inkişafının tədqiqi ağlasığmaz dərəcədə çətin işdir, çünki o vaxtaşırı dərk edir və unudur, bu inkişafda sakitlik və reqress (geriləmə – tərc.) nailiyyətlərinin bir çox dövrləri vardır. Ehtimal, bunda onun əhval-ruhiyyəsinin dayanıqsızlığı vacib, bəlkə, hətta, müəyyənedici rol oynayır.
Körpə əllərini öyrənir. Onları irəli uzadır, sağa və sola aparır, gözlərindən uzaqlaşdırıb, yaxınlaşdırır, barmaqlarını aralayır, yumruqlarını sıxır, onlarla danışır və cavab gözləyir, sağ əlilə solu tutur, əlini uzadır, oyuncağı götürür və əlinin qəribə şəkildə dəyişmiş cizgilərinə baxır, oyuncağı bir əlindən o birinə keçirir, dodaqları ilə öyrənir, dərhal ağzından çıxarır və asta-asta, diqqətlə yenə baxır. Oyuncağı tullayır, odeyalın düyməsini dartır, onun müqavimətinin səbəbinə baş aparır. O əylənmir, lənət şeyrana, gözlərinizi geniş açın və onda iradi səyi qeydə alarsınız – o anlamaq istəyir. O, laboratoriyadakı, hələlik ağlına batmayan, fövqəladə dərəcədə vacib məsələyə diqqət verən alimdir.
Uşaq öz münasibətini qışqırıqla qəbul etdirir. Sonradan bunu sifətinin mimikası və əllərlə, nəhayət, nitqlə etməyə başlayır.
32. SƏHƏR OBAŞDAN, SAAT BEŞ
O oyanıb, gülümsəyir, qığıldayır, əllərini gəzdirir, oturur, qalxır. Ana isə hələ yatmaq istəyir.
İki istəyin, iki tələbatın, iki toqquşan eqoizmin münaqişəsi – bir prosesin üçüncü mərhələsi: ana iztirab çəkir, körpə isə həyata daxil olur, ana doğuşdan sonra dincəlməlidir – uşaq yemək istəyir, ana yatmaq istəyir – körpə oyaqlığa susayıb. Belə dəqiqələr hələ çox-çox olacaq. Bu, əyləncə deyil, işdir, hisslərini özünə etiraf etməyə mərdliyin olsun və onu ödənişli dayənin əllərinə verərək, hətta həkim bacarmayacağını sənə desə də, “istəmirəm”i özünə etiraf et, axı həkim həmişə sənə sərfəli və rahat olanı deyəcək.
Belə də ola bilər: ana öz yuxusunu uşağına verir, amma əvəzində ödəmə tələb edir – əzizləyir, öpür, isti, çəhrayı, ipək kimi xırda bədəni özünə sıxır. Nəzərə al: bu, ananın ürəyinin deyil, bədəninin məhəbbətilə gizlədilmiş və maskalandırılmış həyəcanlı hissiyyatlılığın şübhəli aktıdır. Əgər körpə həvəslə qucaqlaşacaqsa, yüzlərlə öpüşdən qızararaq, sevincdən parıldayan gözlərlə sənə sıxılacaqsa, bil: sənin erotizmin onda əks-səda tapıb.
Onda nə etməli, öpüşlərdən imtinamı edilməli? Öpüşü şüurlu dozalarda əhəmiyyətli tərbiyə faktoru kimi etiraf edərək, bunu tələb edə bilmərəm. Öpüş ağrını sakitləşdirir, kəskin sözləri, xatırlatmaları yumşaldır, peşimançılıq oyadır, səyi mükafatlandırır, o, sevginin rəmzidir və belə təsir edir. Bununla